“Saxta diplomlular efiri “gəlin-gəlin”, “evcik-evcik” oyununa çevirib” — “Onlara 1937-ci ilin cəzaları verilsin!“

Son vaxtlar yerli telekanalları tənqid edənlərin sayı artmaqda davam edir. Bir neçə gün öncə müğənni Nadir Qafarzadə də yerli telekanalların əvvəlki nüfuzunu itirdiyini və onları izləmədiyini deməsi ilə müzakirələri qızışdırıb.

Mövzu ilə bağlı yazıçı-publisist, teleaparıcı Həmid Herisçi bunu efirlərdə qeyri-peşəkarların olması ilə əlaqələndirib:

“Şəxsən mən demək olar ki, bütün yerli telekanallarda çalışmışam. “Space”də, “Xəzər”də, rəhmətlik “ANS” də işləmişəm. Hər yerdə özüməməxsus nüfuzum, reytinqim olub. Elə telekompaniya yoxdur ki, onlarla çalışmayım.

Qalan kanallara uzun ömür arzulayıram, gedənlərə Allah rəhmət eləsin. İndi AzTV-də baxımlı verilişlərdən birini aparıram, reytinqim də yüksəkdir.

Bu, peşəkarlıqla bağlı məsələdir. Hazırda telekanalları, xüsusilə də özəl kanalları həvəskarlar basıb”.

H. Herisçi qeyri-peşəkar televiziya işçilərinə qarşı sərt cəzalar tətbiq edilməsini istəyib:

“Mənə elə gəlir ki, 1937-ci il repsessiyasını bu dəfə həvəskarlara qarşı təkrarlamalıyıq. Həvəskarlar hər yerdən çıxarılmalıdır. Onların çoxu saxta diplomla işləyir. Onların diplomlarını yoxlasanız, görəcəksiniz ki, saxtadır, onlar heç dərsə getməyiblər.

Telekanallar bu gün qızlar üçün gözəllik güzgüsünə çevrilib. Sanki uşaqlıqda oynadıqları”gəlin-gəlin”, “evcik-evcik” oyunundadırlar. Cizgi filmində bir obraz var, qız əlində kirşanla güzgü önündə oturur, televiziya bu gün belə bir güzgüyə çevrilib. Bu cür adamlara qarşı ən ağır represiyanı etmək lazımdır. Təklif edirəm ki, bu cür adamlar üçün əlahiddə bir qanun edək və onlara həbs cəzası verək. Bunları etməsək, həmin həvəskarlar bütün televiziyaları, radionu məhvə sürükləyəcəklər.

Mən 37-ci il cəzası səviyyəsində cəzaların tətbiq olunmasını istəyirəm, 37-də peşəkarlara bu cəza verilmişdi, bu dəfəki repressiyanın qurbanı qeyri-peşəkarlar olsun. Bizdə sənət yavaş-yavaş həvəskarların oylağına çevrilir. Bu çox qorxuludur.  Bu prosesin qarşısını ancaq cəza tədbirləri ilə almaq  mümkündür, başqa cür olmaz”. Yenisabah.az

Комментарии закрыты.