«BELƏ ÇIXIR Kİ, AŞIQ ƏLƏSGƏR ATASINDAN BÖYÜK OLUB»: Alim faktları açıqladı — VİDEO
“Sənədlər əsasında mən sübut etmişəm ki, Aşıq Ələsgər 1852-ci ildə doğulub. Onun bütün ailəsinin tarixi var. Əgər ailə üzvlərinin doğum və vəfat tarixini bir kənara qoyub, yalnız Aşıq Ələsgəri ortadan götürüb 1821-ci ilə aparsaq, ustad aşıq öz atasından üç yaş böyük olar. Bu da çox absurd bir şeydir”.
İctimaimedia.az xəbər verir ki, bu barədə Medianews.az-a müsahibəsində Azərbaycan Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tədqiqatçı-alim Nazir Əhmədli bildirib.
O qeyd edib ki, Aşıq Ələsgərin 1852-ci ildə doğulduğu dövlət sənədləri əsasında yazılmış tarixi faktdır, ideya deyil:
“Mənim çap etdiyim bu şəcərələrin, kitabların hər biri kameral təsvirlərə əsaslanır. Kameral təsvirləri isə o dövrdəki dövlət məmurları, məsələn qəza rəisi təsdiq edirdi. Qəza rəisi indiki daxili işlər naziri statusuna yaxın vəzifə daşıyırdı. Həmin şəxs qəzadakı ən ali şəxs sayılırdı. Bir sözlə, bu dövlət idarəsinin, məmurlarının tərtib etdikləri sənədlərdir. Başqalarının əsaslandığı rəvayətlər, salnamələr və söz-söhbətlər deyil. Aşıq Ələsgərin 1821-ci ildə doğulduğunu iddia edənlər sənəd tərtib edib, ortaya sübut qoymalıdırlar ki, bəli, Nazir Əhmədlinin bizə təqdim etdiyi məlumat, sənəd düzgün deyil. Çünki iddiaçı onlardır. Mən həqiqəti yazmışam və sənədlərə əsaslanmışam. Sənədin orijinalı məndə var, istənilən vaxt yaya bilərəm. Hətta bu, bir kameral təsvirə yox, bir neçə kameral təsvirə əsaslanır. 1859, 1873-cü il kameral təsvirlərində Aşıq Ələsgərin adı var. 1859-cu ildə 7 yaşında göstərilib və 1873-cü ildə də 21 yaşında göstərilib. Bu da onun 1852-ci ildə doğulduğunu sübut edir”.
Tədqiqatçı-alim deyib ki, Aşıq Ələsgərin 1821-ci ildə doğulduğunu iddia edənlər indiyə qədər ortaya heç bir sənəd qoymayıblar:
“Hətta bunu ilk dəfə 1946-cı ildə namizədlik dissertasiyasında yazan folklorşünas Əhliman Axundov da bu rəqəmi kimdən alıb, nəyə əsaslanıb, niyə 1821-ci ildə doğulduğunu yazıb, bu barədə heç bir yerdə qeyd etməyib. Mən sizə başqa bir fakt deyə bilərəm. 1938-ci ilin martında keçirilən Azərbaycan Aşıqlarının İkinci Qurultayında əsas məruzəçi kimi çıxış edən folklorşünas Hümbət Əlizadə məruzəsində deyir ki, mən Aşıq Ələsgərin oğlanları ilə görüşmüşəm. Onlar atalarının doğum tarixini bilmirlər. Aşıq Ələsgərin vəfatından cəmi 12 il sonra keçirilən qurultayda, Mircəfər Bağırovun hüzurunda oğlanlarının üçünün də yaşadığı zamanda onlar atalarının doğum tarixini bilməyiblər. Bu hadisənin üstündən xeyli keçəndən sonra Əhliman Axundovun yazdığı və İslam Ələsgərovun bərk-bərk tutduğu rəqəmi sübut etmək lazımdır ki, bu da həqiqətə uyğun deyil. Mənim yazdıqlarım isə ancaq dövlət sənədlərinə əsaslanır”.
Комментарии закрыты.