Xalq yazıçısı adından çox nökər olmağına sevinən Mirzə İbrahimovun doğum günüdür — MARAQLI FAKTLAR
Ədəbi-publisistik, elmi-nəzəri yaradıcılığı, eləcə də ictimai-siyasi fəaliyyəti ilə tariximizdə xüsusi yeri olan görkəmli ədib Mirzə İbrahimov XX əsrin 30-cu illərindən başlayaraq ömrünün sonunadək Azərbaycanın mədəni və ideoloji siyasi həyatında silinməz izlər qoyub. O da Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Hacı Zeynalabdin Tağıyev kimi millət və Vətən fədaisi idi.
Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhərinin yaxınlığında olan Eyvaq kəndində doğulub. 1918-ci ildə atası və qardaşı ilə Bakıya gəlib. Bir ildən sonra atasını itirən 9 yaşlı Mirzə Balaxanı və Zabrat kəndlərində muzdurluq edərək öz zəhməti hesabına dolanmağa başlayıb. 1926-1930-cu illərdə Balaxanıdakı fabrik-zavod məktəbində oxumaqla yanaşı, həm də bir parça çörək qazanmaq üçün işləyib. Həmin vaxtlarda qəlbində ədəbiyyata maraq hiss edən yeniyetmə oğlan Zabratda fəhlə ədəbiyyat dərnəyinə gedib.
Mirzə İbrahimovun “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunub. İlk şeirinin mətbuatda dərc olunması onu fərəhləndirib, elə həmin vaxtdan da ədəbi-bədii yaradıcılıqla böyük ilhamla məşğul olub. Hələ gənclik illərindən keçmiş sovetlər birliyində olan şəhərlərə səfərlərində zəhmətkeş insanların həyatı, ictimai fəaliyyəti, mənəvi aləmi ilə yaxından tanış olub, yazdığı əsərlərində onların obrazını yaratmağa, həyat gerçəkliklərini təsvir etməyə çalışıb. M.İbrahimov müxtəlif janrlarda (oçerk, publisistika, nəsr, dramaturgiya, ədəbi tənqid) əsərlər ərsəyə gətirib, eyni zamanda, ədəbi tənqidlə də ciddi məşğul olub.
M.İbrahimov 1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqrad (indiki Sankt-Peterburq) Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alır və görkəmli Azərbaycan yazıçısı C.Məmmədquluzadənin həyat və fəaliyyətini tədqiq edərək namizədlik dissertasiyasını müdafiə edir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunarkən onun ilk seçilən 15 həqiqi üzvündən biri də 34 yaşlı Mirzə İbrahimov olub və bundan sonra elmi fəaliyyətini də bədii yaradıcılığı ilə birlikdə davam etdirib. Təsadüfi deyil ki, yazıçı elm, təhsil, mədəniyyət sahələrində də mühüm vəzifələrdə çalışıb, bununla da təhsilin, mədəniyyətin inkişafına öz töhfəsini verib.
1941-ci ildə o, Cənubi Azərbaycanda “Vətən yolunda” qəzetində məsul redaktor vəzifəsində işləyib. 1942-ci ildə isə Uzaq Şərqdə Xabarovsk, Vladivostok hərbi dairələrində 416-cı diviziyanın döyüşçüləri ilə görüşüb, özünün alovlu çıxışları ilə onlarda ruh yüksəkliyi yaratmağa çalışıb. Bu dövrdən başlayaraq yazıçı əsasən Cənubi Azərbaycan mövzusunda bir çox hekayələr – “Qorxulu səs”, “Sənət aşiqləri”, “Zəhra”, “Yol ayrıcında”, “Mələk”, “On iki dekabr”, “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, eləcə də “Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı” povestlərini, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” romanlarını yazır. Bundan sonra bir-birinin ardınca səhnə əsərlərini – “Kəndçi qızı”, “Yaxşı adam” komediyalarını, yazıçı- dramaturq Nəriman Nərimanovun mübarizələr içində keçən həyatından bəhs edən “Közərən ocaqlar” dram əsərini də ictimaiyyətə təqdim edir.
M.İbrahimov U.Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz”, A.N.Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”, A.P.Çexovun “Üç bacı”, A.Satramovun “Kişilərə inanmayın”, Molyerin “Don Juan” pyeslərini Azərbaycan dilinə tərcümə edib.
Görkəmli yazıçı “Həyat və ədəbiyyat”, “Gələcək gün” “Böyük dayaq”, “Pərvanə” və digər kitabları ilə ədəbiyyatımızı bir-birindən maraqlı əsərlərlə zənginləşdirib.
M.İbrahimov hekayə, povest və romanlarla yanaşı, səhnə əsərlərini də qələmə alıb, “Həyat”, “Madrid”, “Məhəbbət”, “Kəndçi qızı”, “Yaxşı adam”, “Közərən ocaqlar” pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirib.
Mirzə İbrahimovun bu günədək aktuallığını itirməyən əsərləri müxtəlif dillərə tərcümə olunaraq keçmiş Sovet İttifaqının hüdudlarından kənarda da oxunub, əsərləri əsasında bədii və sənədli filmlər çəkilib. O, həm də görkəmli ictimai xadim idi. Ən böyük amalı xalqına xidmət etmək olan M.İbrahimov çoxşaxəli fəaliyyəti dövründə ana dilimizin saflığı uğrunda dönmədən mübarizə aparıb.
Dövrünün milli ruhlu şəxsiyyəti olan ədibin əsərlərində doğulduğu torpağa, el-obaya, klassik ədəbi irsimizə, folklor qaynaqlarımıza, bütövlükdə Azərbaycan mədəniyyətinə dərin məhəbbət, soy-kökünə, milli adət-ənənələrimizə sıx bağlılıq var.
***
Mirzə İbrahimov 3 yaşı olanda anası dünyasını dəyişib. Bu hadisədən sonra atası onu və böyük qardaşını götürüb Bakıya yollanır. Burda da faciə baş verir. Neft buruqlarındakı fontanda atasını itirir. Mirzə harasa üzüqoylu düşüb əlacsızlıqdan ağlayır. Onda gələcək yazıçının vur-tut 7 yaşı vardı.
***
Faciə zənciri bitmək bilmir. Qardaşı ilə iş üçün yola çıxan Mirzə yenə sarsıntı yaşayır. Zabrata çatanda Mirzənin qardaşı vəfat edir. O, həm aclığa, həm də yolun yorğunluğuna dözə bilmir.
Mirzə İbrahimov bir bəyin yanında nökər olub. Bəyin qoyunlarını otarırmış… Bəyin bir oğlu, üç qızı varmış. Mirzə onların həyətindəki balaca əl evində, betonun üstündə ac-susuz yatırmış. Bəyin balaca qızı öz yeməyindən bir parça çörək, bir az da pendir gətirib ona verirmiş.
***
Aradan uzun illər keçir. Mirzə İbrahimov Nazirlər Sovetində sədr müavini işləyirmiş. Bir gün katibə deyir ki, yanına çadralı bir xanım gəlib, qucağında da uşaq. Mirzə İbrahimov qadını qəbul eləyir və gözlərinə inana bilmir; bu, bir vaxt ona pendir-çörək verən bəyin balaca qızıymış! Qız dərdini danışır, məlum olur ki, sovet hökuməti qurulanda atası ölkədən gedib, bacılarının hərəsi bir diyara düşüb, qardaşı da içkiyə qurşanıb məhv olub. Mirzə İbrahimov ona əlindən gəldiyi qədər yardım edir. Bu hadisə ən ağır illərdə, 40-cı illərdə olur. Qadın Mirzə İbrahimova heç bir ünvan vermir, yenə gələcəm deyir, amma bir daha heç vaxt gəlmir.
***
Özü danışırmış ki, balaca və zəif olduğum üçün heç kim məni nökər də götürmürdü. Zabratdakı bəy razılaşanda o qədər sevinibmiş ki, Xalq yazıçısı adını alanda da, ən yüksək vəzifələrə təyin olunanda da bu qədər sevinməmişdi…
O, Azərbaycan SSR Ali Sovetinin sədri olanda 20 avqust 1956-cı ildə «Azərbaycan SSRİ-nin dövlət dili haqqında Azərbaycan SSRİ-nin Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanun»un qəbul olunmasına nail olub. Burda məqsəd Azərbaycanda rəsmi dövlət sənədlərinin rus yox Azərbaycan dilinə yazılması, dövlət idarələrində doğma dildə danışılması məsələsi qaldırılırdı. Bu qanunun qəbulundan sonra Moskva ona düşmən kəsilir. O, həm vəzifəsini, həm deputat mandatını itirir.
***
Nazim Hikmət Bakıya gələndə tələbələrdən biri soruşur:
— Ustad, əgər bir adam başqa dildə təhsil alırsa, evdə, işdə bu dildə danışırsa, bir sözlə, düşünəndə başqa dildə düşünürsə, onu azərbaycanlı hesab etmək olarmı?
Nazim Hikmət deyir:
— Çətindir.
Görüşdə iştirak edən Mirzə İbrahimovun isə reaksiyası daha kəskin olur:
— Belələri dönükdür, əclafdır!
Sonralar Mirzə İbrahimov bu məsələyə görə vəzifəsindən uzaqlaşdırılır, amma ittihamlar qarşısında Nazim Hikməti müdafiə edir, onu satmır.
Mərkəzi Komitədə iclas vaxtı Mir Cəfər Bağırov deyir ki, Üzeyir Hacıbəyov da, Səməd Vurğun da xalq düşmənidir. Bu zaman Mirzə İbrahimov etiraz edir:
— Üzeyir Hacıbəyov necə vətən xainidir ki, “Koroğlu” operasını yazıb, Səməd Vurğun necə xalq düşmənidir ki, “Vaqif” dramını yazıb.
Bağırov əsəbləşir:
— Əyləş, sən də onların tayısan!
***
Dəfn günü Mirzə İbrahimovu məzara qoyanda bir qadının səsi gəlir: “Umer naş papa!” Mirzə İbrahimovun qızı maraqlanıb ki, bu kimdir. Qadın deyib ki, mən uşaq evində böyümüşəm, 50-ci illərdə Mirzə müəllim Ali Sovetin sədri olanda hər ay bizə pul, ərzaq malları göndərərdi. Biz onu “ata” deyə çağırardıq.
Mirzə İbrahimov evdə deyirmiş ki, yazılarımın qonorarı bizə bəs edir, maaşımı yetim uşaqlar üçün uşaq evlərinə köçürürəm.
Mirzə İbrahimov ilk azərbaycanlı pianoçu qadınla (Sara Pirimova – red) evlənmişdi. Qadın uzun müddət razılıq vermirmiş. Elçiliyi Səməd Vurğun edib. Deyib, bəsdir də, ay Sara bacı, yazıçını bu qədər incitmə. Sara xanımın barmağına nişan üzüyünü Nigar Rəfibəyli taxıb. Onlar Rəsul Rza ailəsi ilə də yaxın olublar.
***
Bu xatirəni yazıçının qızı Sevda İbrahimova danışır:
“Anamı çox sevirdi. Rəhmətə gedəndən sonra bağdakı yatağını yığışdırmağa qoymadı. Hər gedəndə o çarpayının üstünə qızılgüllər səpərdi”.
Mirzə İbrahimovu həbs etmək üçün ona iki dəfə iş açılıbmış. Bir dəfə cənublu olduğu, cənubdakı fəaliyyətinə görə, bir dəfə də “Böyük demokrat” əsərini yazdığına görə.
***
Ömrünün sonlarında əlindən “Qurani-Kərim” düşməzmiş…
Mirzə İbrahimov 1993-cü il dekabrın 17-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Комментарии закрыты.