Tiflisdə siyasi böhran: Nələr ola bilər?

Gürcüstanda hakim partiyanın qələbəsi ilə nəticələnən seçkilərdən sonra siyasi böhran yaranıb: Prezident Salome Zurabişvili seçki nəticələrini tanımadığını elan etdi, 4 müxalifət koalisiyası — “Dəyişiklik üçün Koalisiya” (11,2 faiz), “Birlik – Milli Hərəkat” (9,8 faiz), “Güclü Gürcüstan” (9 faiz) və “Qaxariya – Gürcüstan naminə” (8,2 faiz) parlamentin işində iştirak etməyəcəklərini bəyan ediblər.

Yaranmış siyasi böhran fonunda açıq qalan suallar var:

— Müxalifət parlamentin legitimlik qazanmasının qarşını ala bilərmi?

Parlamentdə konstitusiya çoxluğuna (113 mandat) ümid edən Gürcü Arzusu 89 mandat əldə edib (ilkin məlumata görə). Bu, seçkiöncəsi vədlərin – kilsəyə xüsusi statusun verilməsi, LGBT təbliğatının qadağan edilməsi və s. – yerinə yetirilməsini çətinləşdirsə də, parlamentin bu seçkinin nəticələrinə uyğun fəaliyyətini təmin edir. Gürcüstan Konstitusiyasına görə, 150 yerlik parlamentdə deputatların 50+1 faizinin (76 deputat) iştirakı qanunverici orqanın işə başlamasına və hökumətin formalaşdırılmasına imkan verir. Bu baxımdan, müxalifət mandatdan imtina etsə belə, parlamentin legitimliyini poza bilməyəcək.

Burada əsas məqamlardan biri də deputat səlahiyyətlərinin vaxtından əvvəl xitam verilməsinin çətinliyidir. Bu məsələ parlamentdə müzakirəyə çıxarılmalı və qərar qəbul edilməlidir. 2020-ci il seçkilərindən sonra müxalifətdən olan 51 deputatın mandatdan imtina etməklə bağlı müraciəti qəbul olunmamışdı, indi də eyni ssenarinin təkrarlanması mümkündür.

— Prezident parlamentin fəaliyyətinin qarşısını ala bilərmi?

Konstitusiyaya görə, Gürcüstan parlamentinin ilk iclası seçkinin nəticələrinin elan edilməsindən sonra 10 gün ərzində keçirilməlidir və ilk sessiyanı prezident təyin edir. Zurabişvilinin nəticəni tanımaması bu məsələdə çətinlik yarada bilər, lakin Gürcü Arzusu legitimlik üçün lazım olan 76 deputatın olduğunu əsas gətirərək, prezidentin “vetosu”nu qıracaq. Konstitusiyada ilk iclasın prezident tərəfindən təyin olunması qeydi ilə yanaşı, 10 gün ərzində keçirilməsi də yer alır və hökumət ikinci məqamı əsas götürə, parlament sədrinin qərarı ilə ilk iclası keçirə bilər. Baş nazir İrakli Kobaxidze artıq bu haqda açıqlama verib.

Gürcü Arzusunun siyasi gedişi necə ola bilər?

Hakim partiya artıq parlamentin fəaliyyətə başlayacağını, müxalifətin imtinasının heç nəyi dəyişdirməyəcəyini rəsmi şəkildə bildirib. Hərçənd, hadisələrin gedişində müxalifət partiyalarının biri, yaxud bir neçəsi ilə razılaşmaq istiqamətində addımların atılacağı da gözləniləndir. Mümkün konsensusun Gürcüstan Naminə Partiyası ilə baş tutması ehtimalı var. Partiya sədri Georqi Qaxariya Gürcü Arzusu hökumətində baş nazir olub, hazırda mövqelər arasında kəskin ziddiyyətlər olsa da, keçmiş bağlılıq anlaşmaq perspektivlərini tam sıradan çıxarmır.

Bütün bunların fonunda seçkinin nəticələrini hüquqi baxımdan ləğv etmək imkanı olmayan müxalifətin aksiyalarla nəsə etməkdən başqa yolu qalmır. Hərçənd, bunun nə qədər effektiv olacağı sual altındadır.

Birincisi, hakim partiyanın əlində inzibati resurslar və 50 faizdən artıq elektorat var;

İkincisi, uzun müddətdir aksiya ssenarisini tətbiq edən müxalifətin gücünün hakimiyyəti dəyişdirməyə yetərli olacağı ehtimalı azdır;

Üçüncüsü, müxalifəti dəstəkləyən Qərbin prosesə müdaxiləsi ritorik müstəvidən irəli getmir və mövqelərini tamamilə itirməmək, ən azı 50 faizə yaxın elektorata xitab edən müxalif güc üzərindən təsir imanlarını saxlamaq naminə praktiki müdaxiləni təxirə sala bilər.

Asif Nərimanlı

Комментарии закрыты.