“Bəy, araq içmisən, pulunu ver də” – Məşhur kababçının tarixçəsi

“O olmasın, bu olsun” filmində Həsən bəy zirzəmidəki yeməkxanadan çıxanda yerin sahibi onun arxasınca düşür. Deyir ki: “Bəy, araq içmisən, pulunu ver də… Olmadı axı…”

Yəqin həmin səhnəni xatırlayırsınız. Filmdə yeməkxana gürcü adı daşıyır. Yuxarıda rusca “Gürcü xaşı”, aşağıda isə “Çırtıxaşvili” yazılıb. Gerçəkdə isə həmin yeməkxana İçərişəhərdə Məmmədəlinin kababxanası kimi tanınıb.

Bizimyol.info xəbər verir ki, Məmmədəli Vahabov 1912-ci ildə Bakının qədim hissəsində doğulub. Gənc yaşlarından kababçı kimi populyarlaşıb. İçərişəhərdə zirzəmidəki yeməkxanası ötən əsrin 50-ci, 60-cı illərində dillər əzbəri olub. Bura Üzeyir Hacıbəyli, Əlağa Vahid, Vaqif Mustafazadə, Niyazi kimi məşhur adamlar gələrmiş. Məmmədəli Vahabovun nəvələri danışır ki, onun Əlağa Vahidə çox ürəyi yanırmış. Şair həmişə maddi sıxıntı çəkərmiş. Buna görə də yeməkxana sahibi işçilərə Vahiddən heç vaxt pul almamağı tapşırıbmış.

Məmmədəli Vahabov respublika rəhbəri Mircəfər Bağırovla uzun illər dostluq edib. Deyilənə görə, onu Gürcüstana işləməyə dəvət ediblər. Mircəfər Bağırov razılıq verməyib deyə, təklifdən boyun qaçırıb.

Kababçı hamı ilə dil tapmağa çalışarmış. Kababxanaya hətta Bakı qoçuları da gələrmiş. İçərişəhərin yaşlı sakinləri xatırlayır ki, Məmmədəli hər gün qonşulara kabab göndərirmiş. Deyirmiş ki, “halallıq olsun, adamları iy tutar”. Məmmədəli Vahabov insanların yaddaşında həm də İçərişəhərə “Şollar” suyu çəkdirmiş şəxs kimi qalıb. Buna qədər əksəriyyət quyu suyundan istifadə edirmiş.

Məşhir kababçının nəvəsi Cavanşir Vahabov dövlət başçısı İlham Əliyevin sinif yoldaşı olub. Babasının adını daşıyan qardaşı Məmmədəli Vahabov İtaliyada yaşayır. Cavanşir Vahabov İlham Əliyev haqqında “Məktəbdən zirvəyə” kitabını yazıb.

Məmmədəli Vahabov 1964-cü ildə vəfat edib. Ölümündən sonra kababxananı həyat yoldaşı Zeynəbxanım Bağırova işlədib. Cavanşir Vahabov xatırlayır ki, yuxarı siniflərdən birində bütün sinif yoldaşları kimi İlham Əliyevi də həmin yerə ad gününə dəvət edib: “Anası Zərifə xanım çox sadə qadın idi. Bütün valideynlərlə mehriban davranardı. İlk evləri “Gənclik”dəydi, getmişdim onlara. Heydər Əliyev bizi görəndə mütləq hal-əhval tutardı. İlham Əliyev hələ məktəb dövründə xarici dilləri yaxşı bilirdi”.

Kababxana fəaliyyətini 70-ci illərin sonlarında dayandırıb. Bina qəzalı sayılıb, sakinlər köçürülüb. Bundan sonra Məmmədəlinin məşhur kababxanası da tarixin yaddaşına qovuşub. İndi burada “Meridian” mehmanxanası gözə dəyir. Otel pandemiya dövründə, demək olar, işləməyib. “Meridian”ın keçmiş nazir Ziya Məmmədovla iş adamı Hafiz Məmmədova məxsus olduğu deyilir. Bizimyol.info

Комментарии закрыты.