“AKADEMİYANI BAĞLASALAR DAHA DÜZGÜN OLAR” – “Ramiz Mehdiyev akademiyaya gələndən AMEA-da sovet idarəetmə formasıdır”
Əli Abbasov: “Ramiz Mehdiyev islahat apara bilirsə, buyurub aparsın…Son 2 ildə bir dəfə də Fəlsəfə İnstitutunda görünməyib”
Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasına(AMEA) rəhbərlik etdiyi son iki ildə bu qurumla bağlı qalmaqallar bir-birini əvəzləyir. Gah maliyyə yeyintiləri ortaya çıxır, gah institutlara iki rəhbər — icraçı direktor və baş direktor təyin edilir, gah işdən kənarlaşdırılan şəxslər qurumun rəhbərliyini məhkəməyə verir və s.
AMEA-da növbəti qalmaqal Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürovla bağlı olub. AMEA prezidenti R.Mehdiyevin yanvarın 19-da Rəyasət Heyətinin iclasında həm Tarix İnstitutu, həm də professor Kərim Şükürov haqqında tənqidi fikirlər səsləndirməsi sonuncunun istefa verməsi ilə nəticələnib. Amma mətbuatda və cəmiyyətdəki təzyiqlər Ramiz Mehdiyevi geri çəkilməyə və Kərim Şükürovun istefasını qəbul etməməyə vadar edib.
“AzPolitika.info” AMEA-da baş verənləri ömrünün son 40 ilini bu elm ocağında keçirən professor Əli Abbasovla müzakirə edib:
— Əli müəllim, akademiyanın idarəçiliyi ilə bağlı növbəti qalmaqal yaranıb və çoxları buna görə Ramiz Mehdiyevi ciddi tənqid edir. 40 il bu elm ocağında işləyən biri kimi baş verənləri necə qiymətləndirirsiniz?
— Tarix İnstitutunun direktoru ilə bağlı məsələni nəzərdə tutursunuzsa, bu, gözlənilən vəziyyət idi. Akademiyada köklü dəyişiklik lazımdır, aydındır ki, indiki sistem işləmir. Akademiyada mexanizm və struktur köklü surətdə dəyişilməli, maaş məsələsi həll olunmalıdır. Elm adamları normal maaş almırlar və bu səbəbdən də yeni kadrlar AMEA-ya gəlmək istəmir.
Problem həm də ondadır ki, illərdir AMEA işçiləri əsərlərini ya öz hesablarına çıxarırlar, ya da bu əsərlər arxivdə yatır. Bilinmir ki, bunun nə xeyri var. Bir tərəfdən dövlət maaş verir, digər tərəfdən bu əsərləri arxiv kimi saxlayırlar. Məncə, struktur dəyişikliyi olarsa, maaş hansısa işə görə müəyyən edilərsə, bu zaman normal sistem yarana bilər.
Akademiya zamanında yarım-dövlət idi. Təsəvvür edin ki, akademiyanın nəzdində torpaqlar, binalar, nəqliyyat vasitələri və s. vardı. Əslində o zamanlar bu imkanlar hesabına akademiyada əla işlək mexanizm qurmaq, yeni institutlar, məktəblər, aspirantura yaratmaq mümkün olardı. Potensial böyükdür, orada minlərlə insan işləyir.
Deməyim odur ki, böyük işlər görmək olar, amma heç bir iş görülmür. Mənim qənaətimcə, akademiyaya yaxşı menecer lazımdır. Hansı ki, bu qurumun imkanlarını araşdırıb nəticədə plan tuta və akademiya işçiləri arasında müzakirə edərək onu ortaya çıxara, habelə dövlətdən də dəstək ala bilərdi. Beləcə, islahatlar başlayardı. Ancaq indi bununla kim məşğul olur? Təbii ki, heç kim.
— Ancaq Ramiz Mehdiyev AMEA-ya gələndən sonra elan edildi ki, burada köklü islahatlara başlanılıb…
— Əgər belədirsə, ortada nə var? Ortada hansı köklü dəyişikliklər baş verib, təzə nələr edilib, nə əvvəlki kimi qalıb? Şəxsən mən bunu görmürəm. Mehdiyev iki ilə yaxındır akademiyaya gəlib. Uzağa getmək lazım deyil, akademiyanın büdcəsinə baxsanız, kifayət edəcək.
— 2022-ci ildə elmi xərclər üçün 200 milyon manatdan çox vəsait ayrılıb. Üstəlik məlumat yayılmışdı ki, akademiyada dövlət büdcəsindən sui-istifadə halları da var..
— Bəli, belə məumatlar gedir. Amma nəzərə alın ki, bunu bütövlükdə akademiya yox, konkret adamlar “yeyə” bilər. Buyurub onları üzə çıxarmaq lazımdır. Kim edib, niyə edib? Bu məsələ aydınlaşdırıla, hər kəs də nəyin necə baş verdiyini görə bilər. Mən bildiyim qədər vaxtı ilə binalar tikilib. AMEA-da işləyən insanların bu evlərə növbəsi var idi. Bəs, həmin evləri ala bildilərmi? Məndə belə məlumat yoxdur.
— AMEA-nın Tarix İnstitutunun direktoru Kərim Şükürovun istefasını elan etməsindən sonra cəmiyyətin bir hissəsi Mehdiyevi sərt tənqid etməyə başladı. Sizcə, nə baş verir?
— Kərim Şükürov işləyən adamdır. Sözsüz ki, onun imkanları nədir, nə edə bilər məsələsinə baxmaq lazımdır. Ümumiyyətlə, AMEA rəhbərliyinin maaşlarına baxın və bir də işçilərin əmək haqlarına diqqət edin. Necə ola bilər ki, şöbə müdiri, professor, elmlər doktoru 600 manat maaş alsın. Özləri də başa düşürlər ki, bu maaşa heç nə etmək olmaz. AMEA prezidentinə demirəm ki, dur maaşları qaldırmaq haqqında düşün. Amma heç olmasa kim iş görürsə, onun maaşını qaldırmaq lazımdır. Ən azından maraq yaratmaq naminə.
Kərim Şükürovun sözündən belə anlaşılır ki, onları işləməyə qoymurlar. Məncə, bunu hər bir direktor deyə bilər. Çünki pul vermirsən, ilin sonunda da tələb edirsən ki, kitablar, məqalələr, əsərlər çıxsın. Haradan çıxsın, hansı pulla çıxsın? Hələ demirəm ki, onun əmək haqqı heç bir ay yaşamağa bəs etmir. Biz kitab çıxaranda işçilərlə toplaşıb kimin nə imkanı varsa, pul qoyuruq. Amma bu da kitab çapına bəs etmir. Hər il bizdə kitab çıxır. İndi biz belə qərara gəlmişik ki, bundan sonra kitabları internetdə PDF variantında çıxaraq. Çünki bir normal kitab azı 1200-1500 manata başa gəlir. İnstituta pul vermədən, ondan necə nələrisə tələb etmək olar? Məncə bu, tamamilə əsassız və ağlasığmaz tələbdir.
— Bir qrup insan AMEA-nın tamamilə ləğv edilməsini, digər qrup isə onu saxlamaqla ciddi islahatların aparılmasını təklif edirlər. AMEA-nın əməkdaşları bu haqda nə düşünürlər?
— Bu mövzuda müzakirələr illərdir gedir. Bəzi ölkələrdə AMEA-nı Təhsil Nazirliyi ilə birləşdiriblər. Müəyyən dövlətlərdə isə bu qurum ləğv olunub. Problem ondadır ki, akademiya əlində olan imkanlardan istifadə etmirsə, onu elə bağlasalar daha düzgün olar. Amma heç nə etmirlər. Quru sözlərdən başqa akademiyada islahatların aparıldığına dair nəsə eşitmisinizmi?
— Ramiz Mehdiyev AMEA-ya gəldikdən sonra elan etdi ki, islahatlara başlayıb…
— İslahat odur ki, adam mənim proqramım budur, bu dəyişiklikləri və islahatları təklif edirəm deyir. Yəni ortaya konkret proqram qoyur. Belə bir şeyi mən görməmişəm. Ona görə də akademiyanın bağlanması lazım olduğunu deyirlər. Akademiyanı elə etmək olar ki, dövlətin deyil, özünün pulundan istifadə edərək özünü inkişaf etdirsin.
— Demək istəyirsiniz ki, yaş, düşüncə və təfəkkür baxımından Ramiz Mehdiyev bu işi aparacaq adam deyil?
— Əgər apara bilirsə, buyurub aparsın. Hər halda bütün imkanlar onun əlindədir. Etsin, lazımdırsa bizi də dəvət edib fikrimizi öyrənsin, görsün alimlər nə təklif edir… Təsəvvür edin ki, AMEA-da bir qutu yoxdur ki, insanlar öz təkliflərini yazıb ora atsın və bu təkliflərdən də rəhbərliyin məlumatı olsun.
— Yəni ki, AMEA əməkdaşlarının, alimlərin nə fikirləşdiyindən Ramiz Mehdiyevin xəbəri yoxdur?
— Sözsüz. Əks halda niyə belə qalmaqallar yaranır? Bir var işləyən institutlar, bir də var işləməyən prezident. Real vəziyyət belədir. AMEA rəhbəri, onun müavinləri hərəsi bir elm sahəsinə baxır. Onlar institutlara gəlib iclaslara qatılırmı? Heç olmasa gəlib öz istiqamətləri üzrə iclaslarda iştirak etsinlər. Belə hallar yoxdur axı. Ramiz Mehdiyev filosofdur, iki ilə yaxındır AMEA prezidentidir. Bir dəfə də olsa Fəlsəfə İnstitutuna gəlibmi, işçilərlə danışıbmı? Yox.
— Niyə gəlmir?
— Bunu artıq onun özündən soruşmaq lazımdır. Onu deyə bilərəm ki, Eldar Salayevin vaxtında AMEA rəhbərləri institularda iclaslara qatılırdılar. Belə ənənə var idi.
Mən heç vaxt görməmişəm ki, Fəlsəfə İnstitutuna kimsə gəlsin və iclaslarda iştirak etsin. Əlbəttə, mən konfransları nəzərdə tutmuram.
— Deməli, Mehdiyev alimlərlə işləmir…
— Əgər kimsə istefasını elane edirsə, başqası çıxıb nəsə danışırsa, deməi nəsə düzgün deyil də. Biz kiməsə irad tutmuruq. Deyirik ki, AMEA-nın öz iş və inkişaf planları olmalıdır. Plan yoxdursa iş də olmayacaq. Məlumat üçün sizə deyim ki, belə planlar çoxdur. İnsanlarla əlaqədə olsunlar, onların mövqeyi ilə tanış olsunlar. Bu zaman görəcəklər ki, aşağılarda gözəl fikirlər, ideyalar var. Məncə, ciddi düşünmək vacibdir. Mən ümumiyyətlə anlaya bilmirəm, necə ola bilər ki, AMEA-ya rəhbər təyin edilən şəxsin proqramı olmasın. Orada prezident olmaq iddiasında olan şəxs proqramla çıxış etməlidir. Axı AMEA partiya, zavod və ya fabrik deyil. Burada müstəqil, fikirləşən elm adamları işləyir. Ramiz Mehdiyev akademiyaya gələndən AMEA-da sovet idarəetmə formasıdır. Orada işləyənlər sanki maaş deyil, pensiya alırlar. Şəxsən mən bunu istəmirəm.
— Ramiz Mehdiyev AMEA-ya prezident gəldikdən sonra onu görmüsünüzmü?
-Yox. Bu adam instituta gəlmir. AMEA-da 10 minlərlə insan işləyir.
— Deyirsiniz ki, AMEA-ya Ramiz Mehdiyev yox, menecer lazımdır ki, böhranlı vəziyyətdən çıxmaq mümkün olsun?
— AMEA-nın prezidenti olmalıdır. Amma bu elm ocağının işini dəyişdirmək üçün menecer lazımdır. Bunlar eyni insan ola bilməz. Mümkündür ki, cavan biri gələr və onun proqramı olar. Bir daha deyirəm ki, proqramı olmayan, akademiyanı inkişaf etdirmək istəməyən niyə gəlib bu postu tutmalıdır?
Rasim Əliyev
Комментарии закрыты.