3 sinif təhsillə “qələbə silahı” ixtira edən konstruktor – Şpaginə təltifləri Stalin şəxsən təqdim edib
PPŞ-41 ( pistolet-pulemyot Şpagina) adlanan bu silah II dünya müharibəsi zamanı ən çox istifadə olunan və məşhurluq qazanan silahlardan biri olub. Məhz buna görə də PPŞ “qələbə silahı” adlandırılıb. Müharibə illərində PPŞ SSRİ-nin 9 şəhərində, o cümlədən Bakıda da istehsal olunub. Təxmini statistikaya görə, bu silahdan 7 milyona ədəd buraxılıb.
1940-cı ildə konstruktor Georgi Şpaginin yeni ixtirası İosif Stalinə təqdim ediləndə o, silahla bağlı konstruktora iki sual verib: avtomatın maya dəyəri və etibarlılığı haqqında. Şpagin bu sualları cavablandıraraq bildirib ki, PPŞ-in maya dəyəri mövcud olan PPD-dən (pistolet-pulemyot Deqtyarova) 48 faiz ucuz başa gəlir və etibarlılığı ondan yüksəkdir. Konstruktor deyib ki, çöl şəraitində istifadə olunan silahların əsas problemlərindən biri korroziyaya uğramasıdır və bunun qarşısının alınması üçün silahın paslanma ehtimalı olan hissələrində xrom örtüyündən istifadə olunub. Cavablar Stalini qane edib.
Beləliklə, PPŞ 1941-ci ildə sovet ordusunun cəbbəxanasına qəbul edilib.
PPŞ Şpaginə böyük şöhrət qazandırıb. Müharibə illərində döyüş bölgələrində xidmət edən komandirlərdən, zabitlərdən, sıravi döyüşçülərdən konstruktora saysız-hesabsız təşəkkür məktubları ünvanlanıb.
Şpaginin silah konstruktoru olmasının maraqlı tarixçəsi var. 1897-ci ildə Vladimir vilayətinin Klyuşnikovo kəndində anadan olan Şpagin cəmi üç sinif oxuyub. Ailənin ağır maddi durumuna görə o, 12 yaşından işləməyə məcbur olub. Dərzi sexinə işə düzəldikdən bir neçə ay sonra o, şəhadət barmağını tikiş maşınında zədələyib. Bu zədə nəticəsində Şpaginin sağ əlinin şəhadət barmağı açılıb-qatlanmayıb.
Hərbi xidmət yaşına çatanda barmağındakı zədəni nəzərə almayaraq Şpagini xidmətə göndəriblər. Ancaq az sonra onun silahdan istifadə edə bilməməsi (atəş sağ əlin şəhadət barmağıyla açılır) hərbi hissə rəhbərliyi tərəfindən aşkar olunub və Şpagini hərbi hissədən silah emalatxanasına işləməyə göndəriblər. Bu emalatxana onun gələcək karyerasında böyük rol oynayıb.
Şpagin təsadüfən düşdüyü bu sahəyə böyük maraq göstərib. Bir müddət keçdikdən sonra o, Vladimir qarnizonunda çox da böyük olmayan hərbi zavoda işə düzəlib. Daha sonra isə SSRİ-nin ilk silah zavodlarından biri olan Kirov silah-pulemyot zavodunda onu işə qəbul ediblər.
Zaman-zaman Şpaginin səmərələşdirici təklifləri zavod rəhbərliyi tərəfindən qəbul olunub, ona zavodda usta və sex rəisi vəzifələri verilib.
1930-cu illərin əvvəllərindən Şpagin ölkə miqyasında silah konstruktoru kimi tanınıb. 1940-cı ildə o, Kirov vilayətinin Vyatski Polyanı şəhərindəki hərbi zavoda konstruktor bürosunun direktoru təyin edilib. PPŞ-in ixtirası da məhz bu zavodda baş tutub. Bu ixtiraya görə o, Stalin mükafatına və “Lenin” ordeninə layiq görülüb. 1945-ci ildə, müharibədən sonra isə Sosialist Əməyi Qəhrəmanı adını müşayiət edən “Qızıl ulduz” medalını ona şəxsən Stalin özü təqdim edib. Mərasimdə Stalin Şpaginin ixtirası olan PPŞ-i “qələbə silahı” adlandırıb.
1949-cu ildə Stalinin 70 illik yubileyinə Şpagin də dəvət alıb. O, yubilyara PPŞ hədiyyə edib.
PPŞ müharibədən sonrakı illərdə də populyarlığını saxlayıb. Bu silah Varşava müqaviləsi ölkələrinin, o cümlədən Çin, Kuba, Anqola, Nikaraqua və s. ölkələrin ordularının arsenalına qəbul edilib.
Müharibədən sonrakı illərdə sovet döyüşçülərinin şərəfinə qaldırılan əksər abidələrdə PPŞ də öz əksini tapıb. Həmçinin bu silahın şərəfinə onun ilk istehsal olunduğu şəhərdə, Vyatski Polyanıda abidə qoyulub.
Müharibə haqqında çəkilmiş bir çox filmlərdə rejissorlar daha çox PPŞ avtomatını qabarıq şəkildə tamaşaçılara təqdim ediblər. Müasir kompüter oyunlarında da PPŞ silahı maraqlı müharibə atributu kimi istifadə olunur.
PPŞ-in ixtiraçısı olan Şpagin milyonların həyatına son qoyan bu silah haqqında danışmağı çox da sevməyib. Təvazökar konstruktor hər şeyin təsadüf nəticəsində baş verdiyini bildirib:
“Mənim üçün də çox təəccüblüdür ki, orduya yararsız olan bir şəxs ordunun ən çox işlətdiyi bir silahı kəşf edib. Bu sırf təsadüfi hadisədir…”
Ömrünün son illərində Şpaginin səhhətində ciddi problemlər yaranıb. O, mədə xərçəngindən əziyyət çəkib. Konstruktorun müalicəsi Mərkəzi Komitə rəhbərliyinin diqqətində saxlanılıb, bütün lazımi tədbilər görülüb. Amma həkimlər Şpaginin həyatını xilas edə bilməyiblər.
Georgi Şpagin 1952-ci ildə, 54 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu, Musavat.com
Комментарии закрыты.