Dünyanın ən zəngin 10 adamı pandemiyada ümumi sərvətini iki dəfə artırıb
“Oxfam” beynəlxalq yardım təşkilatının dərc etdiyi hesabatda dünyanın ən zəngin 10 adamının ümumi sərvətinin COVID-19 epidemiyası zamanı iki dəfə artdığı ortaya çıxıb.
“Bərabərsizlik öldürür” adlı hesabatda yoxsulluq həddində yaşayan insanların sayının artdığı da göstərilib.
Hesabatda dünyanın ən zəngin 10 şəxsi — İlon Mask, Ceff Bezos, Bernard Arnault, Bill Qeyts, Larri Ellison, Larri Peyc, Sergey Brin, Mark Zukerberq, Stiv Ballmer və Varren Baffetin ümumi sərvəti epidemiya dövründə iki dəfə artaraq 1,5 trilyon dolları keçib.
Bundan əlavə, dünyada hər 4 saniyədə 1 nəfərin aclıq, səhiyyə xidmətlərinə çıxış imkanlarının məhdudluğu, iqlim dəyişikliyinin yaratdığı humanitar böhranlar və zorakılıq səbəbindən öldüyü bildirilir.
Epidemiyanın qlobal bərabərsizliyi daha da ciddiləşdirdiyi bildirilən hesabatda qeyd edilir ki, inkişaf etməmiş ölkələrdəki yoxsul insanların koronavirusdan ölmə ehtimalı təxminən 4 dəfə çoxdur.
Digər tərəfdən, bu dövrdə işləyən qadınların sayının 2019-cu illə müqayisədə 13 milyon nəfər azaldığı, 20 milyondan çox qızın isə məktəbə qayıtmamaq riski ilə üzləşdiyi məlum olub.
Mənbə: BBC
Комментарии закрыты.