Toy-büsatlı KƏLBƏCƏR

…1992-ci ilin şaxtalı, qarlı bir qış günündə qara zurna ilə baş-başa verən nağaranın ahəngdar səsi kəndi başına götürmüş, bəy evinin əlləri xınalı qadınları, qızları qırmızı qotazlı, qərənfillərlə bəzədilmiş xonçalar başlarının üzərində qız evinin həyətində xeyli süzmüşdülər… 
Uşaqlar, yaşlılar, kişilər, qadınlar, demək olar ki, kəndin bütün əhalisi o gün toy həyətinə yığışmışdı. 
Hər kəsin üz-gözündə sevinc, hər kəsin ruhunda şadlıq əhvalı… 
Çox keçmədən «Vağzalı» çalınmış, bəylə gəlin evin eyvanında görünmüş, səbəbkarların başına pul yağdırılmış, konfet səpilmişdi…
Sonra toy coşqusu bəy evində təntənə ilə davam etmişdi… 
Beləcə, Kəlbəcərin Sınıqkilsə kəndində (indi Hacıkənd) daha bir toy-büsat qurulmuş, daha bir xoşbəxt ailənin təməl günündə ellikcə şənlənilmişdi…

Ən nisgilli, ən qiymətsiz xəzinə

Amma o gün həmin toyda iştirak edən insanların heç birinin ağlına gəlməmişdi ki, ilk dəfədir ki, videoçəkilişi aparılan və lentin yaddaşına köçürülən bu toyun görüntüləri sonradan kəndimizlə, onun insanları ilə bağlı xatirələrimizi yaşadan ən nisgilli və ən qiymətsiz xəzinə olacaq… 
Həmin gün Ələs kişinin qızı ilə İsmayıl kişinin oğlunun toyu idi. Bu toyu digərlərindən fərqləndirən və heyrətimizə səbəb olan məqam isə tanımadığımız bir nəfərin çiyni üzərində tutduğu qəribə alətlə hündür yerə çıxıb onun girdə şüşəli ucunu  növbə ilə oynayanlara, kənd sakinlərinə tuşlaması idi. Yadımdadır ki, həmin vaxt toy qalmışdı bir kənarda, biz uşaqlar, ancaq video çəkənlə, video aparatının (adlarını sonradan öyrənmişdim) tamaşasına durmuşduq. 
Bu toyun üzərindən çox az keçdikdən sonra isə Kəlbəcərdən, Sınıqkilsədən didərgin düşmüşdük və qəribədir ki, torpağımızdan ayrı qaldığımız 27 illik zaman dilimində o toyun videokasetinə heç baxmaq istəməmişdik… 
Bilə-bilə ki, Kəlbəcərdə qalan xoş günlərimizi də, həmin gün o toyda iştirak edən və sonradan itirdiyimiz doğmalarımızı da məhz o çəkilişdəki görüntülər sayəsində yenidən görə, Kəlbəcərdə tapa biləcəyik…
Çünki buna ürəyimizin tab gətirə biləcəyinə gümanımız yox idi…
Çünki bu xoşbəxt günlərə bir daha qayıda bilməyəcəyimizin qorxusu var idi qəlbimizdə… 
Bir də düz 27 ildən sonra, 2020-ci ilin elə yenə də şaxtalı, qarlı günlərində həmin toy kasetinə baxdıq, qəlbimizdə illərdir asılıb qalan buz həsrətini əridə bildik… Aradan çox illər keçib və artıq bozarmış, solğun hala düşən o toy kasetində gördüyümüz oynayan, gülən insanlarımızın əksəriyyəti aramızda yoxdur, Kəlbəcər qübarı ilə dünyadan köçüblər… 
Hər dəfə kadrlarda həmin doğma üzləri gördükcə qəhərdən göz yaşlarımız selə dönür, amma istənilən halda ürəyimizdə bir təskinlik də yaşanır ki, artıq Kəlbəcərin, Sınıqkilsənin toy-büsatlı, çal-çağırlı günləri geri dönüb, illərin o üzündə olduğu kimi…

Dağlarda toy

…Elə ki alxaslı elinin uca dağların döşündə saldığı, zümzüməli çayın ortadan böldüyü güneyli-quzeyli Sınıqkilsə kəndinin iki gənci bir-birinə könül verdi, dərhal böyüklər şadlıqla qollarını çırmalayıb toy hazırlıqlarına başlayardılar.  
Əvvəlcə kəndin beş-altı ağsaqqalı və oğlanın anası yollanardı qız evinə və gəliş məqsədlərini söyləyərdi. Böyüklərindən qızın «hə»sini alandan sonra gedənlərdən bir nəfər qayıdıb oğlan evindən bir qızıl üzük, bir qırmızı yaylıq, bir dənə də ətli-canlı qoyun gətirərdi. Qız evində heyvan kəsilər, qızın barmağına üzük taxılar, başına yaylıq salınar və geri dönülərdi. 
Aradan bir müddət keçdikdən, nişan qoyulduqdan sonra al-əlvan bəzəkli xurcunlu, qırmızı lentlərlə bəzənmiş kəhər atı səyirdərək Sınıqkilsə kəndini ev-ev dolaşan cavan, qıvraq bir atlı şux səslə camaatı toya dəvət edər, hər kəsi yeni ailə quracaq iki gəncin xoşbəxtlik sevincini bölüşməyə çağırardı. 
Beləcə, Sınıqkilsə kəndində uzun və zəhmətlə keçən yaz-yay aylarından sonra, bar-bərəkətli, əl-ayaq yığışan payız və qış fəslinin toy-düyünlü günləri başlayardı. 
Demək olar ki, bütün kənd əhli ellikcə toy adamına çevrilər, həm qız, həm də oğlan evində olan toyda yaxından iştirak edər, əlindən gələn köməyi əsirgəməz, doyunca oynayar, şənlənərdi. 
Sınıqkilsə kəndində doğulub boya-başa çatan, orada ailə həyatı quran, oğul-qız, nəvə sahibi olan Zəminə Quliyeva ötən xoş günləri xatırlayaraq deyir ki, Kəlbəcərdə toylar, əsasən, payız aylarında olardı. Camaat qış azuqəsini tamamlayardı, mənsilini tutardı, odununu, otunu yığıb hazırlayandan sonra arxayın toyunu edərdi ki, toya baş qarışar, bostanı, bağ-bağatı qar basar: 
— Kəlbəcərdə qıza yaxşı cehiz hazırlanıb verilirdi. Ailədə altı qız idik, nənəm (ana) əvvəlcədən hər qızın adına xalça, kilim toxumuş, yorğan-döşək hazırlayıb qoymuşdu. Cehiz olaraq mebel, qab-qacaq, mal-qoyun da verirdilər. 
Toylarımız düz dörd gün, dörd gecə sürər, hər günün də öz adəti, öz təmtərağı olaradı. Toylara cümə axşamı «paltarbiçdi»i ilə başlanılırdı… 
«Paltarbiçdi»də gəlinə qızıl, geyim, gəlinlik paltarı, qızın yaxınlarına, qocalara, uşaqlara paltar, yaylıq, don, kişilərə köynək və sair xələt gətirilirdi. 
Cümə günü axşam kənd camaatı oğlan evinə yığılır, yeyib-içir, aşıq çaldırıb oynayırdı.  Şənbə günü isə səhər tezdən qız evində qazanlar asılırdı, qaralı aş, şorba, dolma bişirilirdi. Adətən, bizdə toyda bu xörəklər verilirdi. Saat 12-də oğlan evi gəlir, toy mağarında yeyib-içir, axşamı isə qıza xınayaxdı edilir, kəndin bütün gənc qızları əllərinə xına qoyurdu. Sonra gecə saat 2-yə, 3-ə qədər aşıq çalır, hamı oynayırdı. 
Toyun sonuncu günü — bazar günündə isə oğlan evində toy çalınırdı. Günorta gəlini bəzəyib bəy evinə gətirirdilər. Bizdə adət idi,  gəlini üzüaçıq gətirməzdilər, gəlinlik paltarı geyinəndən sonra başına  örpək taxır, onun da üstündən qırmızı kəlağayı atırdılar. Bu, gəlinin paklığına, onu kənar gözün görməməsinə görə idi. 
Evin bir tərəfində ipəkdən tikilən gərdək asılırdı və gəlin rəfiqələri ilə onun arxasında otururdu. 
O zaman gəlini təsadüfən mağara (toy çadırı) aparardılar. Bir dəfə oynadardılar, qohum-əqrəba şabaş atardı, sonra qayıdıb gərdəkdə oturardı. 
Günorta yemək-içmək olur, sonra axşama qədər çalıb-oynayırdılar, gecə isə bəy tərifi olurdu və gec saatlara qədər toy davam edirdi. 

Şaxtalı günlərin isti xatirələri 

Sınıqkilsənin 65 yaşlı sakini Yamən Bağırova söyləyir ki, ağlı kəsəndən kəndlərində keçirilən bütün toylar yadındadır, amma eyni gündə iki qardaşına çalınan toy, o gün necə sevinməsi, oynaması heç zaman xatirindən silinmir. Həmçinin də Kəlbəcərdə qarlı günlərdə qar kimi bəyaz paltarlı gəlinlərin bəzəkli atlarla bəy evinə gətirilməsi gözlərinin önündən getməyən maraqlı toy mənzərələrindəndir. 
— Yadımdadır, bir dəfə qış vaxtıydı, rəhmətlik Müslüm ilə Məryəmin toyu idi, qar yağdı, getdik yığıldıq kəndin klubuna. Gec saatlarda toy qurtardı və bayıra çıxanda gördük ki, yeri yarım metrdən çox qar basıb, ancaq yol açaraq evlərimizə dağılışa bildik…  
Kəndimizdə ta qədimdən maraqlı toy adətləri var idi. Toya hazırlaşmaq üçün əvvəlcə ev yiyəsi iki-üç nəfər ağsaqqalla birgə gedirdi qız evinə danışığa. O vaxtı qız evi oğlan evindən bir maşın odun (yanacaq üçün), bir inək, iki qoyun, iki kisə un, bir kisə düyü, bir kisə qənd, çay, şokolad, yağ, ümumiyyətlə, soğandan başqa hər şey istəyirdi. 
Cümə axşamı günü qızın «paltarbiçdi»si edilirdi. Dərzi ağ zərli parçadan gəlin üçün uzun paltar tikirdi. «Paltarbiçdi» günü səhər-səhər həm də «çörəkbişdi» olurdu. Kəndin iki-üç qadını yığışıb sacda yuxa, çörək bişirirdi. Toya gələnlər mütləq çörək bişirən qadınlara xələt verirdi… 
Cümə günü isə oğlan evi qız evinin istədiyi ərzağı hazırlayıb aparırdı. Həmin günün axşamından aşıq da oğlan evinə gətirilirdi. 
Şənbə günü oğlan evi çalğı ilə qız evinə gəlirdi. Burada toy  edilirdi, gecə isə hamı kəndin klubuna yığışırdı «toy axşamı»na… Bir tərəfdən də oğlan evi sabah üçün öz ehtiyatını görürdü, adətən, xörəkləri hazırlamaq üçün iki inək kəsilirdi.
Bazar günü durna qatarı kimi sıralanmış avtomobillər qırmızı lentlərlə bəzənir, gəlin maşınının da qabağına gəlincik bağlanırdı və səhər-səhər qız evinə doğru yola çıxılırdı. Oğlan evi gələndə qız evindən qardaş, yaxud əmi yolu kəsirdi, buna «torpaqbasdı» deyirdik, xələt alırdı. Gəlinin otağının qapısında da oğlan evinin qarşısı kəsilir, xələt alınırdı. Qız evində «qazanaçdı» zamanı da oğlanın atası xörəyi bişirənlərə pul verirdi. 
Gəlini evdən çıxaran zaman ya qızın, ya oğlanın qardaşı qırmızı lenti üç dəfə gəlinin başından gətirib ayağından keçirir, sonda belinə bağlayırdı. Gəlinin qardaşı və qaynı hər əlinə pul qoyub dəsmalla bağlayırdı. Bu dəsmalı gəlinin əlindən bəy açmalı idi. 

Ürəkləri həzin nota kökləyən o musiqi çalınanda…

Sonra hər kəsin ürəyini həzin nota kökləyən «Vağzalı» çalınır, gəlin ata evi ilə vidalaşaraq yola düşür, qız anasının, bacısının qüssəqarışıq göz yaşları onun arxasınca su çiləyirdi. 
Əgər qız evindən oğlan evinə məsafə azdırsa, aşıqlar piyada gedə-gedə çalır, cavanlar da yol boyu oynaya-oynaya qız evindən «oğurladıqları» qab-qacağı sındırır, şər-xətanı uzaqlaşdırırdılar. Adətə görə, qız evindən «oğurlanan» toyuq-cücə, eləcə də samovar, döşəkcə kimi əşyalar gəlinə verilirdi.
Yamən xala deyir ki, oğlan evində gəlini əlində içi dolu konfet və xırda pul olan sini ilə bəy qarşılayırdı. O həmin konfeti, pulu gəlinin başından tökürdü, uşaqlar yığırdı. 
Evin girəcəyində yerə qırmızı süfrə açır, üzərinə bir neçə yuxa çörək sərirdilər. Gəlin onu qolunun üstünə yığa-yığa keçirdi. Qapının ağzında isə qayınana əlində bir kasa bal dururdu. Gəlinin əlini bala batırırdılar, sonra gəlin qayınanasına, qayınana isə gəlinə bir qaşıq bal yedizdirirdi ki, şirinlik olsun. 
Bu da bir adət idi ki, qayınata gəlirdi, qızıl, hansısa bahalı hədiyyə verdikdən, yaxud qoyun, inək verəcəyinə boyun olduqdan sonra gəlin otururdu. Oturanda gəlinin qucağına oğlan uşağı qoyulurdu… 
Toyu «padşah» idarə edirdi, hər kəs onun «əmri»ni yerinə yetirməli idi. Aşıq Talış, Salman, Sədr, Bədəl, Sarı, Xaliqverdi, Xudat, Qardaşxan, Mehdi kimi yaxşı zurna, saz aşıqlarımız var idi…
Toyda «Kərəm gözəlləməsi»nə, «Məşədi İbadın mahnısı»na (Uzundərə), «Süleymani»yə, «Yanıq Kərəmi»yə oynayardılar. Adətən, qız-gəlin toyda çox rəqs etməzdi. Qadınlar həyat yoldaşları ilə birgə oynayardılar. Əgər kişini rəqsə oynamağa çağırırdılarsa və onun həyat yoldaşı oynamırdısa, «padşah» onu 5 manat cərimələyirdi… 
Bəy oxşananda aşıqlar girirdi meydana çalıb, oxuyurdular… Adət idi, qızın yengəsi əvvəlcədən 50-100 dənə pay hazırlayırdı, bir sellofanın içərisinə şokolad, konfet, qoz-fındıq, mer-meyvə, corab və dəsmal qoyur, ağzını qırmızı lentlə bağlayırdı. Bəy tərifi deyiləndən sonra o payları hər kəs pulla alırdı. Bəy, «sağdış» və «soldış» da özləri üçün hazırlanmış köynəkləri pulla alırdılar. Bu pulların hamısı yengəyə çatırdı. 
Sonra gecə saat 2-yə, 3-ə qədər aşıqlar dastan deyirdilər…

Kəlbəcərdə, Sınıqkilsədə toy-büsat belə qurulur, bir neçə gün sürən toylar əsl el şənliyinə çevrilirdi… 
Lakin düz bir qərinə əvvəl,  1993-cü ilin məşum 2 aprelində bu coşqulu, şən-şaqraq günlərinə son qoyulmuş, Kəlbəcər eli yurdundan didərgin düşmüşdü. 
Əli xınalı gəlinlərimiz xonçaları açılmadan, cehizlərinin qırmızı lentləri belə kəsilmədən məcburi köçkünlük adlanan bir həyatın ağır sınaqlarına qatlanmağa məcbur olmuşdular. Bütün fotolarımız, bəy-gəlinlərin gülümsəyən əkslərinin həkk olunduğu toy şəkillərimizin də hamısı Kəlbəcərdə, Sınıqkilsədə qalmışdı… Ötən onilliklər ərzində yalnız acılı-şirinli xatirələrimiz olmuşdu yurdumuzdan bizə qalan sınıq, kövrək nişanələr…
Biz məcburi köçkünlük illərində elçi də getmişdik, nişan da qoymuşduq, toy edib qız köçürmüş, oğul da evləndirmişdik, amma bu məclislərin heç birində ürəkdən gülə, sevinə bilməmişdik… 
Ta ki, 2020-ci ilin müjdəli son baharına, 27 sentyabr tarixinin kəlbəcərlilərin diriliş, 25 noyabr tarixinin isə Kəlbəcərin qurtuluş gününə çevrilməsinə qədər… 
İndi təksə noyabrın 25-i deyil, bütün günlərimiz Kəlbəcər təntənəsində, coşqusunda keçir…
Tezliklə cənnətməkan yurdumuza dönəcək, yayda gül ətirli yaylaqlarına köçəcək, zümrüd donlu meşələri qızılı rəngli libasa bürünəndə də toy-büsatımızı quracaq, çalıb-çağıracağıq… 

Yasəmən QƏNAƏTQIZI

Комментарии закрыты.