Hər damlası QIZILDAN QİYMƏTLİ — İSTİSU

30 ilə yaxın işğal altında qalan Kəlbəcər bu gün də Azərbaycanın ən dilbər guşələrindən biridir. Buradakı yeraltı və yerüstü sərvətlərimiz illərlə erməni vandalları tərəfindən istismar olunaraq talanıb. 44 günlük müharibə nəticəsində Azərbaycan öz sərvətlərini də düşmən əsarətindən azad edərək, onları əsl sahiblərinə qaytarıb.  Artıq işğal, müharibə dövrü geridə qalır. İndi bütün diqqətlər doğma Qarabağımızın yenidən qurulması işlərinə yönəlib. 

Vətən müharibəsində düşmən üzərində qazanılan tarixi qələbədən sonra məğlub edilən və beli sındırılan Ermənistan məcbur edildi ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonunu bir güllə atılmadan Azərbaycana qaytarsın. Rayon ərazisində qeyri-qanuni məskunlaşan ermənilər öz xislətlərinə uyğun olaraq növbəti rüsvayçılıq törətdilər, yalvararaq köçməyə vaxt istədilər, gedəndə isə evləri yandırdılar, ağacları doğradılar, apara bilmədiklərini isə məhv etdilər. Qeyd edək ki, Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Tarixi Qələbədən sonra Kəlbəcər rayonunun da bərpa və yeni inkişaf dövrü başlayıb.

Mübaliğəsiz demək olar ki, Kəlbəcər ana təbiətin canlı muzeyi, dağlar qoynunda bir incidir. Ermənistanla həmsərhəd olan Kəlbəcər yeraltı və yerüstü sərvətlərlə zəngindir. Bu ecazkar məkanda təxminən 70-dən artıq mineral yataqlar var və qeyd edək ki, dünyanın ən qiymətli mineralları bu rayonun ərazisindədir. Eyni zamanda Kəlbəcərdə 500-ə yaxın mineral su yatağı mövcuddur. İstisu vaxtilə Kəlbəcərin şöhrətini bütün dünyaya yayıb. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan, zirvəsi buludlardan su içən dağlar diyarı, gözəlliklər məskəni, yaşı min illəri ötüb keçən daş abidələri, mineral suları ilə məşhur olub.

Avstriyalı alim E.Züsün fikrincə, (Çexiyanın məşhur Karlovı Varı isti suları timsalında) təbiətdəki isti sular yerin daxilindəki maqmadan əmələ gəlir.

Qafqazda məlum olan isti suların geoloji quruluşu və hidrogeoloji şəraitinə aid faktiki materiallar göstərmişdir ki, təbii suların istiliyi heç də yerin daxili maqması ilə əlaqədar deyildir. Bu suların temperaturu onların əmələ gəlməsini təmin edən mürəkkəb geoloji tarixlə bağlıdır.

Qədim geoloji dövrlərdə — onlarla, yüz milyonlarla il bundan əvvəl Kiçik Qafqazın indiki əraziləri su altında olmuşlar.  Bu ərzilərdə paralel istiqamətdə uzanan, çox geniş ərazini tutan nəhəng Tetis okeanı yerləşirmiş. Geoloji eralar dəyişdikcə okeanın sahillərinin forması və dibi dəyişmiş, ora müxtəlif çöküntülər çökmüş, sualtı vulkan püskürmələri baş vermişdir. Yer qabığı müxtəlif istiqamətlərdə təzyiqlərə məruz qalmışdır ki, bu da vaxtaşırı bu və digər ərazilərdə pozulmaların (qırılmalar, tökülmələr, yerdəyişmələr) əmələ gəlməsinə səbəb olmuşdur. Bütün bu hadisələr Kəlbəcər rayonu ərazisini də əhatə etmişdir. Adətən belə vulkan püskürmələrindən sonra sakitlik dövrü olmuş, bu vaxt okeanın dibində əhəngdaşları — dəniz heyvanlarının qalıqları toplanmışdır. Sonra isə qum qarışıq tuflu qumların atılması baş vermişdir.

Üçüncü dövrdə okean geri çəkilmiş, dibi qalxaraq, yüksək zirvələri olan dağ sistemləri əmələ gəlmişdir. Boşluqlara qranit tipli maqma dolmuş və beləliklə əmələ gəlmiş süxurların Tərtər çayı boyunca İstisudan genişlənərək cənub-şərqə doğru Mıxtökən dağına qədər (Dəlidağ) uzanmışdır. Təsvir olunan bütün süxurlarda, o cümlədən də qranitlərdə dağəmələgəlmə hərəkətləri vaxtı çoxlu çatlar baş verir ki, oraya növbəti odlu-qaynar kütlə daxil olur və süxurların çoxu damar şəklində yayılan-diabazlar, partitlər, dasitlər, andezit-dasitlərin yaranmasına gətirib çıxarır. Göstərilən qırışıqlar üçüncü dövrə — pliosenə aid edilir. Bu maraqlı geoloji xüsusiyyət geniş bir sahədə, nəinki Kəlbəcər rayonunda, onun kənarlarında yerləşən Ermənistanda da yayılmışdır. Qırışıqların və pozulmaların belə istiqaməti, həmçinin damar formalı yayılmalar böyük dərinliklərdən mineral suların yer səthinə çıxması və onun sirkulyasiyası şəraiti ilə izah olunur.

Lava axınları qüvvətli çatlara və məsaməliliyə, qabarıqlığa malikdirlər. Ona görə də onlar yaxşı rütubət tutumludur və bu lava axınının içərisində mürəkkəb su ehtiyatı yaradır ki, onlar da gözəl bulaqları və xırda axınları qidalandırırlar. Məsamələr bərkləşmiş vulkan lavasından sürətlə qazların ayrılması nəticəsində əmələ gəlir.

Beləliklə, süxurların məsaməliyi vacib hidrogeoloji amil olmaqla, məsamələrin filtrasiya (süzülmə) qabiliyyəti süxurların xüsusiyyətindən, yayılma dərəcəsindən və eləcə də onların tutduğu həcmdən asılıdır. Tərtər çayı hövzəsində mineral çöküntüləri əmələ gətirən ən cavan mənbələr travertin adlanan çöküntülərdir.

Əhalinin sağlamlığının və onların istirahətinin təşkil edilməsi üçün Kəlbəcər rayonuna dünya şöhrəti qazandırmış 53 çıxımlı Bağırsaq, Yuxarı İstisu, Aşağı İstisu, Keşdək və s. kimi ümumi istismar ehtiyatları gündə 3 093 kubmetr olan termal və mineral su yataqları mövcuddur. Keçmiş Sovetlər dövründə «İstisu» sanatoriya kompleksində hər il keçmiş SSRİ-nin müxtəlif bölgələrindən mövsüm ərzində 50 min nəfərdən çox insan öz sağlamlıqlarını bərpa edirmişlər. «İstisu» sanatoriya kompleksinin tikintisi 1925-ci ildən sonra Azərbaycan hökumətinin diqqət mərkəzində olmuşdur. Hələ 1926-cı ildə Respublika Ali İqtisad Soveti İstisudakı su mənbələrində istirahət-müalicə tikintiləri aparılması barədə qərar qəbul etmişdir. Sonralar bu məsələ Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırovun şəxsi diqqət mərkəzində olmuşdur. 1928-ci ildə isə bu kompleksin ittifaq əhəmiyyəti nəzərə alınaraq, İstisu sanatoriyasının tikilməsi, bura yolların çəkilməsi haqqında sovetlərın qurultayında məsələ qaldırılmış, M.C. Bağırovun məruzəsində buna xeyli yer ayrılmışdır. Keçən əsrin 30-cu illərinin sonlarında M.C.Bağırovun özü İstisuda olmuş, tikintinin gedişi ilə yaxından maraqlanmışdır. «İstisu»da keçən əsrin 80-cı illərində sutkada 3 min litr mineral su doldurma zavodu tikilib istifadəyə verilmişdir. Ancaq o dövrdə çıxan suyun cəmı 10 faizindən istifadə edilirdi. Çox əfsuslar olsun ki, 3 aprel 1993-cü ildə Kəlbəcər rayonu Ermənistan qəsbkarları tərəfindən işğal olunandan sonra sanatoriya kompleksi darmadağın edilmişdir. 1997-ci ildən ermənilər xarici investorların maliyyə yardımı ilə Kəlbəcərin termal sularını öz brendləri kimi «Cermuk» suyu adı ilə Avropa ölkələrinə, o cümlədən ABŞ-a yüksək qiymətə satıb, milyonlarla valyuta qazanmışlar.

«İstisu» mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibi, karbon qazı, hidrokarbonat-xlorid-sulfat-natrium ionlarından tərkibinə və böyük ehtiyatlarına görə xüsusilə fərqlənir. «İstisu» dünya əhəmiyyətli müalicəvi mineral suyu bır çox xəstəliklərin dərmanıdır. Həzm sistemi, qaraciyər, öd kisəsi, həmçinin maddələr mübadiləsinin pozulmasından yaranan xəstəliklərin müalicəsində istifadə olunur. Sovetlər dövründə «İstisu» sanatoriyasında dəfələrlə istirahət edən və müalicə kursu keçən t.e.n, dos. Saday Zeynalov söyləyir ki, İstisuyun müalicəvi təsir qüvvəsi dünyada mövcud olan bir-çox müalicəvi suların təsir qüvvəsindən yüksəkdir. Qastritin, mədə yarasının, öd kisəsinin, qara ciyər iltihabi xstəliklərinin, oynaq xəstəliklərinin və s. müalicəsində Kəlbəcərin İstisuyu çox faydalıdır. Kimyəvi tərkibinə görə «İstisu» dünyada ən mühüm əhəmiyyətə malikdir. Bir litr suda minerallarin cəmi miqdarı 7 qrama çatır. «İstisu» sanatoriya kompleksi 12 bulağın əsasında fəaliyyət göstərmişdir. Bu bulaqlardan biri 8-10 metrədək hündürlükdə fəvvarə vurur. Yüksək radioaktivlk, böyük miqdarda karbon 2-oksidin miqdari, 60°C temperaturda olması, müxtəlif elementlərin mövcudluğu və s. bu suların balneoloji təsirini artırır. Belə tərkibli suya yer üzündə nadir hallarda rast gəlinir. Məşhur kimyaçı alim E.E. Karstenskiy vaxtı ilə Kəlbəcərin ərazisindəki termal və mineral suları tədqiq etdikdən sonra «İstisu»yun müalicəvi əhəmiyyətinin Karlovı Varıdan daha yüksək olmasını qeyd etmiş və bu suların dünya üçün əhəmiyyətli su olduğunu göstərmişdir. Bu sularla insanların həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. Karlovı Varı sularının müalicəsinin əsasını soyuq və isti bulaqlar (30-60oC) təşkil edir. Termal bulaqların kimyəvi tərkibi eynidir, amma xəstələr həkim məsləhəti ilə xəstəliklərindən asılı olaraq suyu müxtəlif temperaturlarda qəbul edirlər. İnsan bədəninin 70 faizi, beynin isə 80 faizi sudan ibarət olmasına görə, suyu içdiyimiz zaman bütün bədən təmizlənir. Həkimlərin əsas tövsiyələrinə görə içilən termal su mədəaltı vəzı, qaraciyər və s. kimi daxili orqanları təmizləyir, xolesterol və yağların konsentrasiyasını azaldır və hər şeydən əvvəl mexaniki olaraq orqanizmin bütün zərərli bakteriyalarını təmizləyir.

Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqay insanlara şəfa gətirən müalicə bulaqları haqqında deyib ki, Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbiətin gözəl hədiyyəsidir. Mütəxəssislərin hesablamalarına görə, İstisuda istilik 58,8 0C qədərdir və laborator analizlər göstərib ki, sudakı mineralların sayı 6,7 qrama çatır. Bir litr istisuyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi kimi xəstəliklərin müalicəsində istifadə edilir. Statistikaya görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür. İstisuda 12 bulaq var, ən böyük bulaq 8 metr hündürlükdən fəvvarə vurur. Suyun potensialına gəldikdə, 4 milyon lt illik potensialı var. Bu suları həm qablaşdırmaq, həm də sanatoriyada müəyyən məqsədlər üçün istifadə etmək olar. Keçmiş statistikaya nəzər salanda aydın olur ki, İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxıb. Həmin vaxt İstisuda olan sudolduran sexlər isə bunun cəmi 22 mln. litrindən istifadə edə bilib.

Hazırda İstisu yenidən qurulur, 34 hektar ərazidə salınması nəzərdə tutulan «İstisu» İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də nəzərdə tutulub. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq. Qarabağı və Şərqi Zəngəzuru demək olar ki, qarış-qarış gəzən dövlətimizin başçısı İlham Əliyev 2022-ci il iyunun 26-da Kəlbəcər rayonunda «İstisu» sanatoriyasının təməlqoyma mərasimində iştirak edib və İstisuda törədilən erməni vəhşiliyi haqqında bildirib ki, bu dağıntılar erməni faşizminin təzahürüdür. Onlar binalarımızı, məscidlərimizi, məktəblərimizi, şəhər və kəndlərimizi dağıdıblar. Bu sanatoriyanı da dağıdıblar. Amma bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq. Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünki İstisu sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvətidir. Bu gün biz — bu torpaqların sahibləri vaxtilə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik, o cümlədən Kəlbəcər rayonunda, İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Bu gün mən bu su zavodunun təməlini qoydum. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək. İstisu qəsəbəsində yeni mehmanxana inşa ediləcək və müalicə mərkəzi yaradılacaq. Çünki vaxtilə minlərlə insan gəlib burada dincəlib, öz sağlamlığını bərpa edib, bu gözəl təbiətdən zövq alıb.

Hər damlasında şəfa olan İstisu ən yaxın zamanlarda əsl cənnətə çevriləcək, insanlar burada dincələcək, müalicə alacaqlar. İstisu keçmiş şöhrətinə qovuşacaq, adı yenə dillərdə dolaşacaq.

İctimaimedia.az

Комментарии закрыты.