KƏLBƏCƏR: MİLLİ QƏHRƏMANLARIMIZ

Səfərov Sərdar Mədət oğlu 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda doğulub. 1977-ci ildə orta məktəbi bitirib və kolxozda işləyib. 1979-cu ildə hərbi xidmətə gedib. Hərbi xidməti Ermənistan və    Gürcüstan resbublikalarında keçirib. O, 1981-ci ildə ordudan tərxis olunur. 1982-ci ildə Bakı Avtomobil Zavoduna işə düzəlir. Bir müddət burada çalışır. Daxili işlər orqanlarında işləmək arzusu onu Tula vilayətinə aparır. O, Zaoks rayonunda 3 il Daxili İşlər Şöbəsinin mühafizə bölməsində polis kimi xidmət edir.

Təhsilini davam etdirmək üçün xidmət etdiyi şöbədən keçmiş SSRİ DİN-in Kaunas Xüsusi Polis Məktəbinə göndərilir. 1987-ci ildə təhsilini başa vurub, köhnə iş yerinə qayıdır. Nümunəvi polis işçisi olduğu nəzərə alınaraq, sahə müvəkkili vəzifəsinə təyin edilir. Gecə-gündüz qəlbi Vətənlə idi. Elə buna görə də Azərbaycana qayıdır. 1991-ci ildən Qusar rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili kimi xidmətə başlayır.

1991-ci il sentyabrın 25-də erməni terrorçuları Əsgəran rayonunun ərazisində “QAZ-53” markalı sərnişin avtobusuna hücum edirlər. Köməyə gələn istintaq qrupunun tərkibində baş leytenant S.Səfərov da var idi. Onun istintaq qrupununda müstəntiq işləməsi barədə təzəcə sərəncam verilmişdi. Hadisə yerindən qayıdan istintaq qrupunun üzvləri Xankəndi yaxınlığındakı “Ağa körpüsü”ndə erməni yaraqlılarının təcavüzünə məruz qalırlar. Səfərov Sərdar Mədət oğlu yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olur.

S.Səfərov Kəlbəcər rayonunda dəfn edilmişdir.

Azərbaycan Resbublikasının Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə mayor Səfərov Sərdar Mədət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Adına Kəlbəcər şəhərində küçə olub.

  Şükürov Şahlar Əvəz oğlu

Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Universiteti ) daxil olur. 1972-ci ildə təhsilini bitirdikdən sonra hərbi xidmətə çağrılır. Ordu sıralarından tərxis olunduqdan sonra Bakıdakı islah-əmək müəssisələrinin birində işləyir. Sonra fəaliyyətini Ucar rayon Daxili İşlər Şöbəsində davam etdirir.

1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirir. 1987-ci ildə Zərdab rayon DİŞ-də əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilir. Polis mayoru rütbəsinədək yüksəlir. O, tez-tez qaynar nöqtələrdə olur, erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak edirdi. 1990-cı il iyul ayının 11-də hərbi qulluqçuların müşayəti ilə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisindən keçərkən, düşmənin qəfil hücumu ilə rastlaşdı. O, bu qeyri-bərabər döyüşdə son nəfəsinəcən döyüşür və qəhrəmancasına həlak olur.

Ailəlidir. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilmişdir.

Zərdab rayonunda adına küçə var. Rayondakı məktəblərin birinə onun adı verilmişdir.

Комментарии закрыты.