Ermənistanın Tərtərdə törətdiyi terrordan dörd il ötür

Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunda terror törətməsindən dörd il ötür.

2020-ci il oktyabrın 15-də, saat 13 radələrində düşmən Tərtər şəhər qəbiristanlığını qəsdən ağır artilleriyadan intensiv atəşə tutub.

Bununla bağlı Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub ki, həmin vaxt dəfn mərasimində iştirak edən şəhər sakinləri — 1989-cu il təvəllüdlü Pərviz Novruz oğlu Orucov, 1962-ci il təvəllüdlü Vasif Bahadur oğlu Rüstəmov və 1988-ci il təvəllüdlü Şakir Xasay oğlu Zamanov həlak olub, Fizuli Əli oğlu Məmmədov, İsgəndər Yelmar oğlu Əmirov, Elsevər Vəli oğlu Allahverdiyev, Nofəl Yelmar oğlu Əmirov və Rəfael Qəzənfər oğlu Qəzənfərli isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralılardan 1967-ci il təvəllüdlü İsgəndər Yelmar oğlu Əmirov bir neçə saat sonra dünyasını dəyişib.

Məlumatda Ermənistan silahlı qüvvələrinin oktyabrın 10-u saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini törətməkdə davam etməsi bir daha vurğulanıb.

Комментарии закрыты.