Dünyanın “yeni Çini” bu ölkə olacaq – Biz hara gedirik?

Dünyanın son 80 illik dövrünü götürsək (İkinci Dünya müharibəsindən sonra), ilk 30-40 ilində Qərb ölkələri (ABŞ və Qərbi Avropa) intibah dövrünü yaşadılar: iqtisadi və sosial üstünlükləri, vətəndaşalar üçün təmin edilən siyasi və iqtisadi azadlıqlar sonda Qərbin üstünlüyünü elə bir həddə çatdırdı ki, sovet-kommunist ideologiyası, ardınca da sistemi çökdü, SSRİ və orbitində olan ölkələr rəqabətə davam gətirə bilmədi. Sovet rejimlərinin çökməsinin bir çox səbəbi vardı, amma ən başlıcası insan ruhuna, düşüncəsinə və hədəflərinə zidd quruluş olmaları idi – bəli, insan övladı bəşər tarixində həmişə bərabər deyil, yaxşı yaşamaq üçün çalışıb, bu yolu keçib.

Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, sovet sistemi bunu inkar etdi, bərabərlik prinsipinin ən iyrənc formasını tətbiq edib, insanın təməl, tarixi düşüncələrinin əlehinə getdi:

“SSRİ və sovet sisteminin çökməsinə ən çox məntiqsiz iqtisadi model səbəb oldu – Sovetlər hər yerdə “over-regulation”, yəni aşırı tənzimləmə və özəl mülkiyyətdən imtinaya getdilər, nəticədə iqtisadi rəqabəti, sosial rifah yarışını uduzdular.

1945-ci ildən sonra Yalta-Potsdam anlaşmaları işə düşdü və 1975-ci il Helsinki şəhərində bu proses yekunlaşdı. Cəmi 15 il sonra SSRİ, ardınca da dünyada bütün sovet sistemi çökdü. Amma Qəbrin intibahına səbəb olan da məhz SSRİ-nin ucuz təbii resursları və Qərb dövlətlərində olan iqtisadi-siyasi azadlıqlar idi. Doğrudur, bu haqq və hüquqlar asan qazanılmadı, cəmiyyət, vətəndaşlar mübarizə apardılar və SSRİ “nağılı” da (yəni, sosial haqların, guya, ən yüksək səviyyədə olması) Qərb elitasını daha çox demokratiya və iqtisadi azadlıqları təmin etməyə məcbur etdi.

SSRİ-nin ucuz resursları Qərbi Avropanı və ABŞ-ı iqtisadi yüksəlişə keşirdi, “American Dream” bir pastulata, hədəfə, məqsədə çevrildi və ən əsası, bütün Qərb dünyasında işlək ideologiya kimi tanındı, SSRİ hekayəsini rəqabətdə uddu”.

Ekspertin sözlərinə görə, 1991-ci ildən sonra Qərb (ABŞ-AB) ən böyük hədəfinə çatdı – SSRİ və orbitində olan dövlətlərdə sistem dağıldı, xəritələr dəyişdi, ən böyük, Qərbi həmişə yaxşı siyasi və iqtisadi formada saxlayan “sparring partner” yox oldu:

“Elə o zamandan da Qərb formadan düşdü, “məşq etməyə” dünyada başqa supergüc qalmadı, artıq bütün problemlərini həll etdiyini düşündü, primitivləşməyə başladı. Amma ən təhlükəlisi odur ki, iqtisadiyyatda və bəzi siyasi məsələlərdə “over-regulation” yoluna girdi. İqtisadiyyatda rəqabət gücünü Çinə uduzmağa başladılar, çünki aşırı tənzimləmə Qərb şirkətlərinə artıq yük və xərclər gətirdi. Eyni dövrdə “Çin modeli”, elə həmin Qərbin birbaşa iştirakı və yardımı ilə dövrəyə girdi. Çində yeni heç nə icad etmədilər – 20-ci əsrdə Amerikanı güclü edən AZAD bazar və AZAD iqtisadiyyat sistemini tədbiq edib aşırı tənzimləmədən imtina etdilər. Nəticədə son 30 ildə Çin çox gücləndi, əsl kapitalizmə keçid etdi, sərbəst bazar qaydaları ilə daha rahat qanunlar tədbiq etməyə, biznesə güc və dəstək olmağa başladılar. 2008-ci ildən sonra isə Qərbin “dişsiz” və hətta düşüncəsiz siyasəti ilə Rusiyanı Çinin qucağına itələdilər, 1945-2000-ci illərdə Qərbin “yanacaqdoldurma məntəqəsi” olan SSRİ indi Çinin güclənməsi üçün əsas xammal bazasına çevrildi. Bu günlərdə bu məsələ Qərb mətbuatında çox müzakirə olunur, amma gecikiblər, bu haqda 7-8 il qabaq məqalələr yazır, xarici konfranslarda danışırdıq. ABŞ və AB ölkələri o qədər aşırı tənzimləmə qanunları qəbul etdilər ki, öz əlləri ilə biznesi boğdular – hələ ABŞ daha yaxşı durumdadır, çünki bəzi ştatlarda azad bazar hələ də öndədir. Amma AB ölkələri öz ayaqlarına “güllə” vurmaqdadırlar, rəqabəti uduzurlar”.

N.Cəfərli hazırda Çinin də iqtisadi olaraq tükəndiyini vurğulayıb:

“Amma onlar daha ağıllı tərpənirlər, “ixraca yönəlik iqtisadi böyümə” modelindən “daxili istehlakı artıraraq böyümə” modelinə keçirlər. Qərbdən fərqli olaraq bu yolla böyüyə bilərlər – 1,5 mlrd. nəfərlik böyük bazarları var və keçmişdə Çin bu yollar gedib, hətta öz ticarət gəmilərini məhv edərək, daxilə qapanaraq özünü qoruyub və böyüyüb.

Mənə elə gəlir ki, yaxın 30 ildə dünyanın “yeni Çini” Hindistan olacaq, eyni “Çin modelini” tədbiq etməyə başlayıblar, investorlar və transmilli korparasiyalar Hindistana stavka edirlər. Bunu yaxın gələcəkdə daha aydın görəcəyik, amma Hindistan da bir müddət sonra “daxili istehlak hesabına böyümə” modelinə keçəcək, onun yerini Afrika qitəsi tutacaq – bütün ölkələr eyni “oyun qaydaları” ilə bağlı razılığa gələ bilsələr, “növbəti Çin” Afrika qitəsi olacaq.

Amma bütün bunlardan başqa dünya yeni bir “Yalta-Podstam-Helsinki”yə hazırlaşır, yeni “oyun qaydaları” gəlir-gələcək, bu oyunda ölkələrə deyil də, təklif etdikləri ideyalara fikir vermək lazımdır. ABŞ və Qərb öz yoluna dönməli, azad iqtisadiyyat, azad bazar, azad fikirlər, azad düşüncə — bir sözlə, Qərbi cəlbedici və rifah halı yüksək olan məmləkətlərə çevirən keçmiş yoluna geri dönməlidir. İndi Qərb elitalarının bir çoxu düşüncə olaraq “kommunist-bolşevik-sovet” yanaşmasına, “xəstəliyinə” tutulub. Əsasən də iqtisadiyyatda “etatizm”, aşırı tənzimləmə, sərt qaydalar – bütün bunlar sovetizmdir, bu yoldan çəkinməlidirlər.

Bu gün ABŞ-da seçki rəqabəti şəxslər arasında getmir, yol-iz arasında gedir, bir tərəf Qərbi Qərb edən yola dönməyi, digər tərəf isə “sovetləşməyi” təklif edir. İş o yerə çatdı ki, Kamala Harris hətta ABŞ-da ərzaq qiymətlərinin DÖVLƏT tərəfindən təyin edilməsini belə təklif etdi – 10-15 il qabaq belə təklif səsləndirmək mümkün deyildi.

5 noyabrda tək ABŞ üçün deyil, bütün dünya üçün hansı yolla gedəcəyimiz müəyyənləşəcək, amma insan övladı enində-sonunda mütləq onu rifaha, azadlıqlara gətirib-çıxaran yola, keçdiyi yola geri dönəcək”.

Комментарии закрыты.