Azərbaycanla bağlı acı reallıq — “Bu, ölkəyə ciddi ziyan vurur”

“Əhalinin sayının getdikcə azalması çox pis tendensiyadır. Bəzi ölkələrdə, o cümlədən, Avropa İttifaqına daxil olan dövlətlərin əksəriyyətində, həmçinin qonşumuz Rusiyada əhali hər il azalır. Bu isə ölkə üçün ağır zərbədir. Bizdə də bu tendensiya müşahidə olunur”.  

İctimaimedia.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a fəlsəfə doktoru, sosioloq Mail Yaqub Azərbaycan əhalisinin azalması ilə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə uşaq sayının və doğumlarının azalması ölkəyə ciddi ziyan vura bilər:

“Əhalinin azalma səbəblərindən biri artan boşanmalardır. 2023-cü ilin statistikasında az qala yeni qurulan hər iki ailədən biri boşanıb. Boşanmalar çox olduğu təqdirdə uşaq sayı da azalır. Digər bir səbəb isə sosial problemlər üzündən ailələrin uşaq istəməməsidir. Bu iki amil sözügedən məsələyə çox ciddi zərbə vurur. Həmin səbəbləri aradan qaldırmaq lazımdır”. 

Sosioloq bildirir ki, ilk olaraq, boşanmaların sayını azaltmalıyıq:

“Bunun müxtəlif yolları var. Burada təkcə hüquqi proseslər yetərli deyil. Boşanmaq bu qədər asan olmamalıdır. Hər iki tərəf burada məsuliyyət daşımalıdır. Hüquqşünaslar isə həmin problemi aradan qaldırmaq üçün hüquqi prosedurları düşünüb təqdim etməlidirlər. Ciddi təbliğat aparılmalıdır”. 

Sosial təminatı əsas götürüb dünyaya uşaq gətirmək istəməyən ailələr üçün də bu təklif keçərlidir. Bəzən bu məsələ sosial durumla bağlı olmaya da bilər. Maddi durumu yaxşı olan insanlar da artıq bir və ya iki uşaqla kifayətlənirlər. Daha çoxuşaqlılığa üstünlük verən yoxdur. Bunu da nəzərə alıb, maarifləndirmə və təbliğat tədbirləri həyata keçirilməlidir. Mən bu yolun yetərli olmasına inanıram. Təbliğat və maarifləndirmə apararkən, say çox, forma isə yüksək səviyyədə olmalıdır.  Bunların hamısı əsasdır”. 

Комментарии закрыты.