Ağa Məhəmməd Şah Qacar haqqında BİLMƏDİKLƏRİMİZ…

Ağa Məhəmməd Şah Qacardan tarixi məlumatlar çoxdur. Şişirtməsi də var, səhvi də var, qərəzlisi də var və nəhayət doğrusu da var. O, şahlıq taxtına əyləşər-əyləşməz, onun haqqında yazılanlar başlamışdır. Şah Qacar hakimiyyətə asanlıqla nail olmamışdır. O, elə ilk gənclik çağından mübariz bir insan olmuşdur.
Onun hakimiyyətə gəlmə dövrü Azərbaycan dövləti və Azərbaycan xalqı üçün çox ağır bir dövr olmuşdur. Səfəvilər dövləti çökdü, hakimiyyətdə olan Nadir Şah öldürüldü, böyük və bütöv Azərbaycan xanlıqlara bölündü. Bütün bu müsibətlərə dözməyən Ağa Məhəmməd Şah Qacar mübarizəyə girişdi və qələbə çaldı, Azərbaycan torpaqlarının bir qisminin rəhbəri oldu. Lakin bununla kifayətlənməyən Ağa Məhəmməd Şah Qacar Azərbaycan torpaqlarını bir bayraq altında birləşdirməyə qərar verdi.

Bütöv bir Azərbaycan dövləti yaratmaq ideyasına qarşı bir inamsızlıq, şəxsi iddalar və s. Qacarın yolunu kəsməyə çalışdı. 1797-ci ildə Qarabağ xanlığının paytaxtı olan Şuşa şəhərində Ağa Məhəmməd Şah Qacara bir işğalçı damğası vuruldu və o, qətlə yetirildi. Azərbaycanı bütöv görmək istəyən insanlara, ən əsası isə Azərbaycana bu ölümlə çox ağır bir zərbə vuruldu.
Həmin dövrdən günümüzə kimi milli ziyalılar bu faciəni unutmur, hər kəs bu məsələni özü bildiyi tərzdə işıqlandırır. Digər tərəfdən də Ağa Məhəmməd Şah Qacar kimi böyük bir rəhbərin işğalçı və düşmən kimi qələmə verilməsi bəzi “ziyalılarımızın” bağışlanılmaz bir qəbahətidir.

Ağa Məhəmməd Şah Qarabağı, onun Qacarlar tayfasını təmsil edir və Məhəmməd Həsən xan Qacarın oğul övladıdır. Azərbaycan tarixi ilə məşğul olmuş İsgəndər bəy Türkman Münşi, özünün “Tarixi alam aray-i Abbas” əsərində yazır: -“Qarabağın qədim sakinləri Qacarları və onlara doğma digər ellər-oymaqlar burada gözəl bağlar-bağçalar salmışdılar”. 

Tarixdən məlum olduğu kimi, ilk olaraq Səfəvilər dövləti inzibati-ərazi bölgüsünə görə üç bəylərbəyliyi özündə birləşdirirdi. Deyilənlərdən biri də mərkəzi-paytaxtı Gəncə şəhəri olmaqla Qarabağ idi.

Qarabağ bəylərbəyliyində əsas hökumət vəzifələri Qacar nəslindən olan əmrlər idi. XVI əsrin əvvəllərindən XVIII əsrin əvvəllərinə kimi-yəni 200 il müddətində Qarabağda irsi hakimlik Qacarlar tayfasının əlində olub. Bununla da demək olar ki, Ağa Məhəmməd Şah Qacar Qarabağa işğalçı kimi deyil, buranın sahibi, irsi hakim kimi gəlmişdi. Elə ona görə də o, Şuşanı darma-dağın etmədi. Xaliq Məhəmmədoğlunun dili ilə desək- “əsası Pənah Əli xan tərəfindən qoyulsa da, nə onun, nə də İbrahim Xəlil xanın Qarabağda hakimlik etmələrinə heç bir hüquqi əsas yox idi”. Həm də Ağa Məhəmməd Şah Qacarın Qarabağda hakim olmaq iddası yox idi. O, sadəcə bütöv Azərbaycanı bərpa etmək istəyirdi.

Məlum olduğu kimi 1751-ci ildə Məhəmməd Həsən xanın qoşunları Qarabağa yürüş etmişdir. Elə bir hərbi gücü olmayan Pənah Əli xan ona qarşı çıxır. Nadir şahın faciəli ölümündən sonra yaradılan Qarabağ xanlığı dörd ildən də az bir müddətdə onun gücünü tələb olunan səviyyəyə qaldırması mümkün deyildi.
Digər tərəfdən Məhəmməd Həsən xan bir aydan artıq Qarabağda olmasına baxmayaraq Qarabağ xanlığını özünə tabe eyləyə bilməyib. Təbii ki, Məhəmməd Həsən xan da, öz doğmalarını məhv etmək, buraları xarabazara çevirmək istəməyib. Ağa Məhəmməd Şah Qacar da heç şübhəsiz bu yolu tutub.
Bununla əlaqədar Ağa Məhəmməd Şah Qacar 1794-cü ildə Qarabağ xanı İbrahim Xəlil xandan oğlunu girov verməsini istəyib. Lakin İbrahim Xəlil xan bu tələbi yerinə yetirməyib. Növbəti təşəbbüsdə isə Qarabağa səkkiz minlik qoşun göndərilir. Ancaq gürcülərlə ittifaq bağlayan İbrahim Xəlil xan bu qoşunları Əsgəran qalası yaxınlığında məğlubiyyətə düçar edib.

Üçüncü yürüşdə Ağa Məhəmməd Şah Qacar 85 minlik qoşunla Qarabağa yürüşdə şəxsən iştirak etsə də, nəticə əldə edə bilməyib. Bu məqamda da gürcü çarı II İrakli, İrəvan xanı Məhəmməd xan və İbrahim Xəlil xan birləşərək şaha qarşı birgə mübarizə aparırlar.
Bütün bunlar azmış kimi M.P. Vaqif yardım üçün Rusiyadan xahiş edir. Birbaşa döyüşə atılmaq istəməyən Şah Qacar Şuşa şəhərini bütövlükdə 33 gün mühasirədə saxlayır. Burada uzun müddət qalmaq istəməyən Ağa Məhəmməd Şah Qacar Gürcüstana doğru hərəkətə keçir. Mühasirədən sağ-salamat qurtulan Qarabağ xanı gürcülərə köməyə başlayır. Bütün deyilənlərə baxmayaraq, 1795-ci ilin sentyabrında Ağa Məhəmməd Şah Qacarın qoşunları Tiflisə daxil olur, İbrahim Xəlil xanın müttəfiqindən intiqamını çıxır. Burada da II İraklinin təşəbbüsü ilə Qarabağlı döyüşçülər şaha təslim olmaqan imtina etdikləri üçün, Ağa Məhəmməd Şah Qacar kimliyinə əhəmiyyət vermədən 20 min döyüşçünü məhv edir.

Araşdırıcılara görə Ağa Məhəmməd Şah Qacar müharibə qanunlarını çox gözəl bilən bir sərkərdə olub. Elə bu da onun karına gəldiyindən 1781-ci ildə Cənubi Azərbaycanın bütün xanlıqlarını birləşdirə bilmişdir. Artıq 1783-cü ildə Astarabad, Mazandaran və Gilan, 1785-ci ildə Tehran, Qum, Kaşan və İsfahan, 1794-cü ildə isə İranın bütün bölgələri (əyalətləri) Ağa Məhəmməd Şah Qacarın hakimiyyəti altında idi.

Ağa Məhəmməd Şah Qacarın üstün cəhətlərindən biri də beynəlxalq vəziyyəti doğru-düzgün dərk etməsi idi. Bəlkə də, elə buna görə çar Rusiyasının Zaqafqaziyanı işğal etmə siyasəti onun diqqətindən yayınmamışdır.

1783-cü ildə Rusiyanın Krımı tutması, Gürcüstanın Rusiya tərkibinə keçirilməsi barədə Georgevskidə bağlanmış müqavilə, 1783-cü ilin noyabr ayında rus qoşunlarının Tiflisi tutması, 1795-ci ildə general Zubovun rəhbərliyi ilə rus qoşunlarının Dərbəndi, Bakını, Şirvanı ələ keçirməsi və s. hadisələr Ağa Məhəmməd Şah Qacarı Qarabağa və digər Azərbaycan ərazilərinə yürüş etməyə sövq etmişdi.

Bütün söylənilənlər Qarabağ xanlığında özünə sığınacaq tapmış ermənilərin də Qarabağı erməni xanlığı kimi Rusiyaya birləşdirmək şəraiti yaratmışdı. Lakin çox təəsüflər olsun ki, biz bu yanaşmaya da ciddi əhəmiyyət vermədik, ermənilərə qol-qanad açmaqda müqavimət göstərmədik.
Bunun özü də Ağa Məhəmməd Şah Qacarı çox qıcıqlandırırdı. Ona kömək etmək əvəzinə qoşunla qarşısına çıxırdıq.
Bütün bunları yaxşı dərk edən Ağa Məhəmməd Şah Qacar 1797-ci ildən 100 minlik ordu ilə növbəti dəfə Qarabağa yürüş etdi.
Artıq Qarabağ xanı da təklənmişdi, ona köməyə gələn yox idi. Odur ki, İbrahim Xəlil xan öz ailəsini götürərək Çar-Balakənə qaçmalı olur, Qarabağ xanlığının taleyini Tanrının ümidinə buraxır, mübarizədən əl çəkir. Bu isə onun kimliyini bir daha ortaya qoyması idi. Bu həm də İbrahim Xəlil xanın, İrəvan xanının və digərlərinin Ağa Məhəmməd Şah Qacara qarşı deyil, bütöv Azərbaycanın yenidən formalaşmasına qarşı olan bir mübarizə idi.
Başqa bir məqam isə bizcə öz qohumları tərəfindən öldürülən Nadir şah, sui-qəsd nəticəsində öldürülən Ağa Məhəmməd Şah Qacar kimi tarixi şəxsiyyətlərimizin aradan götürülməsi Azərbaycan torpaqlarının rus və fars cəlladlarının əlinə keçməsinə şərait yaratdı ki, onun altını bizlər indi də çəkməkdəyik.
Deyilən və deyilməyən tarixi dəlillər göstərir ki, Ağa Məhəmməd Şah Qacar öz torpaqları uğrunda çox düzgün yol seçmiş bir sərkərdə olmuşdur. Təəssüf hissi ilə qeyd edirik ki, bir çox zamanlarda olduğu bəzi nanəcib insanlarımızın məxsusi xisləti ucbatından vətən bütövlüyü dəfələrlə pozulmuş, onun çox cüzi bir parçası əlimizdə qalmışdır.
Ümid edək ki, Ağa Məhəmməd Şah Qacar kimi vətənpərvər bir sərkərdə, xalqı öz ətrafında cəm edəcək və tarixdə şərəfli xalqımıza gətirilmiş ləkələri yer üzündən silməklə, Səfəvilər səltənəti sərhədlərini yenidən bərpa edəcək, Azərbaycan türkünün şərəf və şöhrətini yenidən özünə qaytaracaqdır. Amin!…

Ziyadxan Nəbibəyli, Yazıçı-publisist 

Комментарии закрыты.