“Yuxularımda görürdüm, gizlin göz yaşı tökürdüm”-Kəlbəcərin 110 yaşlı sakini-FOTO
“30 ildən sonra iyul ayında doğma Kəlbəcərimə getdim. ARB kanalı sağ olsun mənim bu istəyimi reallaşdırdı. Nəvəm Aqil Uluxanlı da jurnalistdir, yaşıma və səhhətimə görə hamı kimi o da çox narahat idi. Amma getməyə bilməzdim! Elə bildim ki, Həcc ziyarətinə gedib gəlmişəm. Elə gözəl yollarla Kəlbəcərə yollandıq ki. Siz bir bilsəniz ki, o vaxt biz Kəlbəcərdən necə ayaqyalın, başıaçıq çıxmışdıq. Ermənilər bütün evlərimizi, yurd-yuvamızı dağıdıb. Təbiəti məhv edib, nadir heyvan növlərinin orada yaşaması üçün böyük təhlükə yaratmışdılar. Üstəlik də Kəlbəcərdən çıxanda evləri yandırmışdılar. Əsas odur ki, həsrətimiz sona çatdı. Eybi yoxdur, ölkə başçısımız, Ali Baş Komandanımız bütün işğaldan azad olunmuş ərazilər kimi Kəlbəcərimizi də yenidən bərpa etdirəcək. Allah ordumuzu qorusun, şəhidlərimizə rəhmət etsin”
İctimaimedia.az xəbər verir ki, bunu Moderator.az-a özəl açıqlamasında Kəlbəcərin ən yaşlı sakinlərindən biri olan 110 yaşlı Xeyransa Baxşəliyeva deyib. O daha sonra əlavə edib.
“İyul ayı olsa da yağış yağırdı. Sanki göylər də bizim ora gəlişimizə ağlayırdı. Əzizlərimizin məzarını ziyarət etdik, ruhlarına fatihə oxuduq. Düşmən ki, düşmən! Nəinki dirilərdən, ölülərdən də qisa alıb. Bir bilsəniz məzarları nə günə qoyublar (kövrəlir). Həyatım bütünlüklə Kəlbəcərlə bağlı olub. Orada doğulub ailə həyatı qurmuşam, 3 övlad, 10 nəvə, 18 nəticə və 3 kötücə sahibiyəm. Bu 30 ildə Kəlbəcərimi ancaq yuxularda görürdüm. Göz yaşı tökürdüm. Yuxularımda Kəlbəcərlə, məhəlləmizlə yaşayırdım. Ümid edirdim və Allaha yalvarırdım ki, oranı görmədən dünyadan köçməyim. Hələ də elə bilirəm ki, yuxudayam. Çox zəhmətkeş insan olmuşam. Həyət-bacada hər şeyi özüm edirdim, ağac əkirdim. Allah hamıya doğma torpağını görməyi nəsib etsin” deyə 110 yaşlı Kəlbəcər sakini Xeyransa Baxşəliyeva deyib.
25.11.2023
Комментарии закрыты.