Vladimirlə Volodimirin savaşı: «Ну что, сынок, помогли тебе твои ляхи?»

Nə var canda?
Yatarız təzə çəməndə.
Rusun adı hər keçəndə
Gözlərimə qan görünür.
H. N. Atsız


Biz uzun bir savaşın şahidləriyik. Bu hələ başlanğıcdır.

Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başa çatıb. Danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil. Kremlin sözçüsü Peskov Ukrayna və Rusiya tərəflərinin danışıqlar prosesi ilə bağlı heç bir məlumatı açıqlamayacağını vurğulayıb: “Rusiya və Ukrayna nümayəndə heyəti danışıqlarla bağlı tələb və mövqelərini açıqlamayacaq. Danışıqlar qapalı davam edəcək”. Məlum olan təkcə odur ki, Moskva və Kiyev nümayəndə heyətləri arasında Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqların ikinci raundu razılaşdırılıb.


“RİA Novosti”-nin verdiyi məlumata görə bu görüş Belarusun Qomel vilayətində keçirilib, təxminən beş saat davam edib.


Rusiya nümayəndə heyətinin üzvü Vladimir Medinski bildirb ki, bu müddət ərzində iştirakçılar bütün gündəliyi ətraflı şəkildə nəzərdən keçiriblər. Onun sözlərinə görə, ortaq mövqelər proqnozlaşdırılıb və mümkün olan məqamlar tapılıb.


Eyni zamanda Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr komitəsinin sədri Leonid Slutskidə görüşlə bağlı fikirlər səsləndirib.


«Rusiya Federasiyası və Ukraynanın nümayəndə heyətləri irəliləyiş əldə edilə biləcək mühüm bəndləri tapdılar. Ukrayna nümayəndə heyəti dinləməyə və aktual məsələlərin ətraflı müzakirəsində iştirak etməyə hazır idi», — deyə Belarusda keçirilən görüşdə iştirak edən Rusiya nümayəndəsi heyətinin üzvü vurğulayıb.


Öz növbəsində, Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, tərəflər spesifik həll yollarının təsvir olunduğu prioritet mövzuları müəyyən ediblər.


Görüşün razılaşdırılmış detalları barədə heç nə açıqlanmayıb. Amma siyasi və hərbi arenada baş verənləri analiz etsək razılaşmanın hələ uzaqda olduğunu qeyd etməliyik.


Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında Fransa tərəfinin istəyi ilə baş tutan və 1 saatdan çox davam edən telefon danışığı zamanı V. Putin Ukraynada vəziyyətin stabilləşməsi şərtlərini açıqlayıb:

— Krım üzərində Rusiyanın suverenliyinin tanınması
— Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası
— Ukraynanın neytral statusunun təmin edilməsi.


Elə həmin gün Ukrayna Prezidenti Volodimir Zelenski isə ölkəsinin Avropa Birliyinə üzvülüyü ilə bağlı müraciəti imzalayıb.
O, bu məlumatı və fotoları «Twitter» hesabında paylaşıb.

Qeyd edək ki, bir çox siyasi ekspertlər bu addımın müharibəni daha da alovlandıracağını deyirlər.


Aydın olan hələ də mövqelərin dəyişməz olaraq qaldığını görürük. Qərb və xüsusən də ABŞ — ın da bu savaşın uzanmasına çalışdığı görünməkdədir. Çünki bu savaşda ABŞ-ın hədəfləri çox gizli olsa da görünəndir.

Birincisi, ABŞ-ın əsas məqsədi Avropada və NATO daxilində mərkəzdənqaçma meyillərinin qarşısını almaq, təhdid altında saxlamaq və bu süni birliyə süni nəfəs verməkdir.


İkincisi, Çin-Rusiya tərəfdaşlığını pozmaqdır. Bildirdiyim kimi 2014-cü il dekabr ayına ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Rusiya öz xəzinə öhdəliyindəki 22 milyard dolları satıb. Bu da Amerika dollarına aid bütün fondların 20 % deməkdir. Çin də bu kağızlardan can qurtarmaq niyyətiylə həcmi 6.1 mlrd. dollar azaldıb. Hazırda Çinin bu “yaşıl kağıza” olan təlabatı 1.2443 trilyon dollara düşüb. 2013-cü ilin III rübündə bu rəqəm 3.66 trilyon dollar olmuşdu. Əgər Rusiya və Çin yaxınlaşması baş tutarsa, hər iki ölkə öz xəzinə öhdəliklərindən paylarının cəmi 40-50%-ni çəksələr, ABŞ defolt vəziyyətinə düşə bilər. Amma asan bir üsulla SWIFT kodunu bağlayaraq, Rusiyanın bu addımını neytrallaşdırdı. Əslində bu sistem yaranışda siyasətə qoşulmamağı bəyan edib və bu, onun təməl prinsipidir. Bu addım dünyada bir anormallığın və qanunsuzluğun hökm sürdüyünün göstəricisi sayılmalıdır. Maliyyə və bank sistemini siyasi alətə çevirmək imtiyazını heç bir dövlət ABŞ-a verməyib.

Çünki hələ də Çin ABŞ-ı ayaqda tutan ən böyük maliyyə dövləti olaraq qalır. Dollar hegemoniyasının sona çatdığını artıq Amerikada anlayırlar. Rusiya-Çin yaxınlaşmasının qarşısını almaq üçün qoca Bayden rus axmaqlığından məharətlə istifadə edərək, «ayını tələyə sala bildi».


Üçüncüsü, Avropaya baha başa gələn ABŞ-ın qaz konsentratını almaq məcburiyyəti yaranmaqdadır. Şimal axınından zorla Almaniyanı imtinaya sövq etməyin daha bir səbəbi də budur. Çünki ABŞ yaxşı bilir ki, Cənub Qaz xəttiylə Avropanı təmin etmək mümkün deyil. ABŞ bu addımla bir çox dövləti enerji asılılığına salacağını hədəfləyir.

Dördüncüsü, Ukraynanın və Ukrayna xalqının təcavüzə məruz qalması onu çox da narahat etmir. Dediyi və elan etdiyi «humanitar vədlər» hələ də söz olaraq qalmaqdadır. Əks halda cəmi 4 gün ərzində Ukraynaya məxsus 1240-dan artıq hərbi obyektə zərbə vurulmazdı və Çernobl, Kiyev, Dnepr SES-lər işğal edilməzdi. Müharibənin maksimum dərinləşməsi və uzanması ABŞ-ın marağının əsasını təşkil edir. Buna Krımın, Luqanskın və Donbasın işğalında Avropanın səssizliyi rəvac verdi. 30 il boyunca Qarabağın işğalına dəstək olan Qərbin Ukraynaya, sizcə canımı yanır?!


Beşincisi isə, Ukraynada hakimiyyətin «rəngli» və ya «alabəzək» olması, bu ölkəyə quru və saxta millətçilikdən qeyri heç nə vermədi. Yüksək dərəcəli vergilər, kommunal xərclər, rüşvətxorluq və korrupsiyaya madam Avropa «DUR!» demədi. Perespektivli bir ölkəni geridə qalmış bir ölkəyə çevirməyə nail oldular. Ukraynaya gəlmiş bir ərəb investor «Vesti Los Andjelse» nəşrinə verdiyi açıqlamada bildirmişdi: «Zimbabvedə biznes layihələrini reallaşdırmaq Ukraynadan daha əlverişlidi». Yaranmış böhran Avropa üçün Ukraynanı ucuz işçi bazarına çevirmişdi. Yəni Qərbi yalnız öz maraqları düşündürür. «Polşa, Rumıniya və Macarıstan revanşistləri də Ukrayna dövlətinin zəifliyi, həm də Ukraynada baş verən tarixə yenidən baxmaq cəhdləri ilə oynayırlar. Bu cəhdlər Zakarpatiyanın, Bukovinanın və Qərbi Ukraynanın Ukraynanın tərkibində qalmasının qanuniliyini şübhə altına almaqdan başqa heç bir effekt vermir, təbii ki, bu, vətəndaşlarımıza pasportlar vermiş Polşa, Rumıniya və Macarıstanın əlinə keçir, eyni zamanda onların payına düşür”, — «Украинские новости»yə bu sözləri «Xalqın xidmətçisi» blokundan olan deputat Maksim Bujanski demişdi. Bu gün Avropa ölkələrindən bolluca vədlər verilir. Faktiki olaraq reallaşan heç nə yoxdur. Deyək ki, Ukrayna konfliktə cəlb olunduğu üçün NATO standartlarına uyğun deyil, bəs Avropa Birliyi, niyə Zelenskinin yazdığı «ərizələri» oxumur?


Vladimir Volodimirə qarşı. Hər ikisi slavyan adına kimlərinsə sifarişini yerinə yetirir?

Hər bir Sovet adamı Rus və Sovet imperiyasının xislətini yaxşı bilir. Azərbaycan xalqı bunu hər kəsdən daha yaxşı bilir. Rus imperiyası ilk dəfə bu qanlı caynağını 12 iyul 2020-ci ildə bizə uzatdı. Bu gün hələ də xainərin, mənşəyində ermənilik olanların və kolon nökərlərinin anlamayacağı bir şəkildə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev cavab taktikasını işləyib hazırladı və tərəflərini müəyyənləşdirdi. Baş Qərargah rəisi olmayan bir orduyla döyüşə girdi və bu dəfə də Qalib çıxdı. İlk dəfə olaraq rus silahı və agenturası ifşa olundu. Amma V. Zelinski isə mövcud siyasi reallığı unudaraq, «qəbul olunmayacaq dualara, Amin» dedi. Bu gün milyonluq şəhərləri, yaşayış məntəqələrini və milyonlarca əhalini bir siyasi oyunun qurbanına çevirdi. Əlbəttə ki, bizlər eyni ağrıları yaşadığımıza görə, Rusiyada hökmran olan Moskalların xislətinə görə, dünyanın altıda birini xalqlar həbsxanasına çevirən bir siyasi əxlaqsızlığa görə və qonşulara da daim təhdid, pislik ixracına görə, ən azı şərə qarşı döyüşdüklərinə görə Ukraynanı dəstəkləyirik. Qana susamış imperialistlər bir ölkəni udmaq üçün, bölüşmək üçün məqam gözləyirlər. Hər kəs Ukraynanın yanında olmağa borcludur. Tanrı Ukraynanı və onun xalqını qorusun. Ən azı bu siyasi dəllalların qorxunc oyunlarından qorusun. Slava Ukraini!..


…Taras Bulba»da cavabsız bir sual var: «Ну что, сынок, помогли тебе твои ляхи?»(lexlər, lehlər, yəni polşalılar).


Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb ki, Ukraynanın Müdafiə Nazirliyindən “Reç Pospolit”-ə bildirilib ki, Kiyev Polşanın Müdafiə Nazirliyindən pulsuz hərbi-texniki yardımla bağlı təkliflər alıb. Ukraynanın müdafiə naziri Aleksey Reznikov qəzetə müsahibəsində Polşanın ölkəsinə etdiyi güclü siyasi dəstəyi də vurğulayıb: “Ukrayna ilə Polşa arasında humanitar yardıma dair uzun tarixi əlaqə var. Ancaq indiyədək Polşadan heç bir hərbi yardım almamışıq”. Növbəti cavab isə Co dayıdan gəldi. Onun sözçüsü deyib: «ABŞ prezidenti Co Bayden Rusiya ilə döyüşmək üçün ABŞ qoşunlarını Ukraynaya göndərməyəcək». Bunu bazar ertəsi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki Vaşinqtonun hansı senarilər əsasında güc tətbiq edə biləcəyi, bu vəziyyətdə “qırmızı xətlərin” nədən ibarət olduğu sualına cavab olaraq bildirib. Alyansın (NATO) Baş katibi Yens Stoltenberq bildirib ki, «NATO nüvə qüvvələrinin hazırlıq səviyyəsini qaldırmağı planlaşdırmır”. O, hazırda buna ehtiyac olmadığını vurğulayıb.

Ümid edirəm ki, ən son yenə bu sual səslənəcək: «Ну что, сынок, помогли тебе твои ляхи?» (Ну що, синку, допомогли тобi твоi ляхи?)

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Комментарии закрыты.