Səlcuqlu sultanı Toğrul bəy: Türk hökmdarının Bizans imperatoruna göndərdiyi məktub ilk dəfə üzə çıxarıldı

Azərbaycan tarixində və dünya tarixinin səhifələrində Oğuz tayfalarının bir qolu olan səlcuqlar mühüm yerlərdən birini tutur. Səlcuqların yaratdığı imperiyanın həm siyasi, həm iqtisadi, həm də mədəni tarixi bir çox tarixçilərin tədqiqat obyektidir və tədqiqatlar davam etməkdədir.

Azərbaycan və Şərq tarixində müstəsna rolu olmuş, böyük bir türk imperiyasını quran Toğrul bəy haqda yazını təqdim edir. Yazıda əsasən Toğrul bəyin iştirak etdiyi savaşlar, imperiyanı qurmaq üçün gördüyü işlərdən bəhs edilirik.

Səlcuqlar haqda mənbələr

Səlcuqlar tarix səhnəsinə çıxanda artıq Şərqdə tarixi salnamələr yazılırdı. Amma bu salnamələr əsasən müəyyən sülalələrə həsr edilirdi və ərəb-fars dillərində qələmə alınırdı. Amma bu əsərlər arasında səlcuqların mənşəyi və ilk fəaliyyətləri haqda olan əsərlər yoxdur.

Fransalı mütəfəkkir Monteskye “İran məktubları” (1711-ci il) əsərində yazırdı: «Dünyanın heç bir xalqı şöhrəti və əzəməti ilə «tatarlarla» yarışa bilməz… Onlar türk adlanıb Avropada, Asiyada və Afrikada nəhəng fatehliklər edib dünyanın üç qitəsində ağalıq edirlər… Bu müzəffər xalqın yalnız tarixçiləri çatmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yazsınlar… Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub, əbədi məğlubedilməzliyinə inanıb keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır».

Orta əsrlər dövrünün salnamələri olan «Sirat-əl-Məlik Toğrul bəy Səlcuqi», «Məliknamə», «Risala-i Məlikşahiyyə Səncərnamə», «Uyun-at-təvarix» dövrümüzə qədər gəlib çatmasa da, Səlcuqların erkən tarixini əks etdirən ən mühüm mənbələrin bəziləri saxlanılmışdır.
Mənbələr içərisində ən əhəmiyyətlisi əs-Sabi ailəsinə mənsub olan əsərlərdir. Bunlardan Hilal-ibn-Mühəssin-əs-Sabinin (970-1056) tərtib etdiyi «Tarix» xronikası 40 hissədən ibarət olmuş və bunların az bir hissəsi dövrümüzə qədər gəlib çatmışdır. Bu hissələr əsasən ƏbuYəla-Həmzə ibn Əl-Kalanisinin (1160) «Zeyl-Tarix-Dəməşq» əsərində öz əksini tapıb.

Toğrul bəy

Toğrul bəy Mikayıl bəyin oğludur və 987-ci ildə anadan olub. Ömrünün çoxunu müharibələrdə və yeni torpaqların tutulmasında keçirib. Çağrı bəyin ölümündən sonra hakimiyyətə onun qardaşı Toğrul bəy keçdi. Toğrul 1043-cü ildə dövlətin paytaxtını Nişapurdan Reyə köçürdü. Nişapurdan şərqdə olan torpaqları Çağrı bəyə tapşırdı. Qardaşı İbrahim Yınaloğluna Cürcan və Kuhistanın idarəçiliyini həvalə etdi. Herat, Busənc, Sistan və Qurlar ölkəsinin idarəçiliyini əmisioğlu Əbu Əli əl-Həsənə tapşırdı.

Toğrul bəy ədaləti, zəkası, cəsarəti və siyasi dünyagörüşü ilə Səlcuqlu dövlətinin ilk sultanı olub. O, 25 illik hakimiyyəti dövründə Səlcuqlu imperiyasının təməlini atıb və dövləti dünya səviyyəsinə qaldırıb. Toğrul bəy dini dövlətdən ayıraraq yeni Türk-İslam əsrinin təməlini qoyub. Bu işdə qardaşı Çağrı bəy və onun oğlanlarının rolunu da danmaq olmaz.

Səlcuqlular Yaxın Şərqi tutaraq xəlifəni də öz himayələri altına aldılar. Artıq türklər sünni məzhəbli İslam dünyasına ağalıq edirdilər. 11-ci əsrin ilk yarısında Orta Asiya və Yaxın Şərqdə böyük Səlcuq imperiyası yarandı.

İmperiyada danışıq dili türk, rəsmi dil fars, elm və təhsil dili isə ərəb dili idi. Monarxiya idarəetmə sistemi ilə idarə edilən dövlətin ərazisi 3 milyon 900 min kvadrat kilometr idi.

Sultan Toğrul bəyin başçılıq etdiyi səlcuq qoşunları XI əsrin ortalarında İrandan keçərək Azərbaycana daxil oldu. Toğrul bəy Azərbaycanı özünə tabe etdikdən sonra Ərməniyyə üzərinə hücum etdi, şəhər və kəndləri qarət edərək Reyə qayıtdı. Səlcuq qoşunları 1055-ci ilin yazında Bağdadı tutdular. 1063-cü ildə Bağdaddan paytaxt Reyə dönərkən xəstələnən Sultan Toğrul bəy 1063-cü il sentyabrın 4-də 70 yaşında vəfat etdi.

Qəznəvilərlə sülh və nəticələri

Səlcuqun yeganə sağ qalan oğlu Musa «Bəyqu» Yabqu titulunu daşıyırdı. Musa Yabqu, Məhəmməd Toğrul bəy və Davud (Çağrı bəy), Xorasanın divan rəisi Suriyaya məktub göndərib Sultana xidmət etmək arzusunda olduğunu bildirərək bunun müqabilində Nəsa və Mərv vilayətlərinin onlara verilməsini xahiş etdi, həmçinin Balkan dağından, Dehistandan, Xarəzm sərhədlərindən və Ceyhun çayı tərəfdən gələcək axınların qarşısını alacaqlarına, İraq və Xarəzm türkmənlərini qovacaqlarına söz verirdilər.

Narahatçılıq və Nəsa döyüşü

Səlcuqların Xorasana gəlişi böyük narahatlığa səbəb oldu. Səlcuqları Xorasana buraxmamaq üçün 17 min nəfərlik qüvvə çıxarıldı. Bu orduda Qəznəvi ordusunun filləri də vardı. 1038-ci il iyulun 19-da hər iki ordu arasında Nəsa yaxınlığında ağır döyüş baş verdi. Qəznəvi ordusu ağır məğlubiyyətə uğradı. Ölən və yaralananların sayı-hesabı yox idi.

Səlcuqların dirənişi

Nəsa döyüşü səlcuqlara maddi və mənəvi imkanlar yaratdı. Qəznəvi dövləti Dehistanı Çağrı bəyə, Nəvanı Toğrul bəyə, Fəvarəni Musa Yabquya verdi. Əvəzində isə adıçəkilənlər sultana tabe olmalı idilər. Lakin səlcuqlar sülhün şərtlərinə əməl etmədilər və sülh müqaviləsi bağlanarkən Qəznəvi elçilərinin gətirdikləri qiymətli hədiyyələri qəbul etməyərək ayaq altına atdılar. Səlcuqların bu qələbəsindən sonra bir çox oğuz elatları Suriyaya axışıb getdilər.

Türkmənlərin hücumu və Qəznəvi Sultanının hərəkətləri

Səlcuqlarla Qəznəvi dövləti arasında sülh bağlandıqdan sonra türkmənlər yenidən 15 min nəfərlik ordu yaradaraq 1036-cı ilin fevralında səlcuqların üzərinə yeridilər. Noyabr ayında səlcuqlar Qəznəvi dövlətinin yanına elçi göndərərək Mərv, Səraxs və Bavərdə şəhərlərini tələb etdilər. Qəznəvi hökmdarı elçilərə rədd cavabı verdi. Beləliklə, münasibətlər daha da kəskinləşdi. Məsud səlcuq axınlarının qarşısını almaq əvəzinə qüvvə əldə etmək üçün Hindistana getdi. Səlcuqların uğurlu döyüşlərindən xəbər tutan İraq oğuzları hərəkətə gəldilər. Onlar əvvəlcə Xorasan istiqamətindən Rey vilayətinə hücuma keçdilər. Vəziyyətin ağırlaşdığını görən Qəznəvi valisi Taş-Fəraş ona köməyə gələn Əbu Səhl Həmdəvi ilə oğuzlara qarşı döyüşə hazırlaşdı. Taş 3 min süvari dəstə və fillərlə oğuzların qarşısına çıxdı. Onun ordusuda xeyli kürd döyüşçüləri də var idi. Oğuzların süvari dəstəsi 5 min nəfər idi. Bu vuruşmada Rey valisi Taş məğlub oldu. Oğuzlar Əbu Səhl Həmdəvinin və reylilərin silahlı qüvvələrini darmadağın etdilər. Əbu Səhl bir bölük əsgərlə şəhərin ətrafında yerləşən Təbərək qalasına çəkildi, Sultan Məsud Əbu Səhlə kömək edə bilmədi. Bu böyük qələbədən sonra oğuzlar Azərbaycan üzərinə hücum etdilər. Bu hadisə Orta Asiya, İran və Əfqanıstanda qəznəvilərin əleyhinə çıxışların güclənməsinə səbəb oldu. Səlcuqların hərəkatına oğuzlar, qıpçaqlar və qarluqların böyük hissəsi qoşuldu. Ordu birləşmələri Amu-Dərya sahillərindən Xorasana doğru irəlilədilər. Hərəkata Musa, Toğrul və Çağrı bəy başçılıq edirdi. Müqavimət hərəkatının qarşısını almaq üçün Sultan Məsud 17 min nəfərlik silahlı qüvvə göndərdi və ağır məğlubiyyətə uğradı. Sultan Məsud səlcuq axınının qarşısını almaq üçün yenidən qüvvə toplamağa cəhd etdi. 1038-ci ildə Qəznəvi sərkərdəsi Sübati Xorasan ətrafında səlcuqlara qarşı yenidən döyüşə başladı. İyunun əvvəllərində Sultan Məsud 1039-cu ilin iyulunda Təlxab deyilən yerdə səlcuqlarla yenidən döyüşə girdi. Lakin onun bu cəhdi də uğursuzluqla nəticələndi, səlcuqlarla sülh bağlamağa məcbur oldu. Lakin əldə olunmuş sülh uzun sürmədi. Sultan Məsud yenidən hərbi hazırlıq görməyə, silahlı qüvvələrinin sayını artırmağa başladı.

Dəndənakan döyüşü

1040-cı ilin yanvarında Qəznəvi Sultanı Məsudun silahlı qüvələri Nişapur üzərinə hücum etdi və şəhəri ələ keçirdi. Həmin ilin aprel və may ayının əvvəllərinədək Tusa və Səraxsa qədər irəliləsə də, Qəznəvi qoşunları güclü qıtlıqla qarşılaşdılar. Mayın 23-də Dəndənəkan yaxınlığında hər iki ordu qarşılaşdı.

Şiddətli savaş üç gün davam etdi. Qəznəvi ordusu məğlubiyyətə uğradı. Sultan Məsud 100-ə qədər atlı ilə qaçıb canını qurtarsa da, Hindistana gedən yolda öz adamları tərəfindən öldürüldü. 1040-cı il mayın 24-də Səraxsla Mərv arasında Dəndənəkanda Qəznəvi sultanı Məsudun orduları üzərində çalınan qələbə səlcuqlar üçün İrana və İraqa yol açdı. Deyləm sülaləsi Buveyhilər və Kakuveylilər hakimiyyəti altında olan əyalətlər bir-birinin ardınca yeni dövlətə tabe edildi. Nişapur yeni dövlətin paytaxtı elan edildi.

Şimala köç

Dəndənəkan döyüşündən sonra Toğrul özünə qarşı üç böyük qüvvənin-Qəznəvilərin, Xarəzm və Qaraxanlıların birləşdiyini görüb öz tayfasını və köçlərini şimala, yəni şimal oğuzlarının torpaqlarına apardı. Volqa və Yayik çayları arasındakı torpaqlar hələ IX əsrdən kimaklarla birgə peçeneqləri buradan qovan oğuzlara məxsus idi. Kimakların və qıpçaqların müntəzəm təzyiqlərinə məruz qalan oğuzlar 1045-ci ildə güclü yardım aldılar. Böyük döyüş təcrübəsinə yiyələnmiş və yaxşı təşkilatlanmış səlcuqlar istedadlı sərkərdə Toğrulun başçılığı ilə oğuzlarla birləşməyə can atırdı. Oğuzları tapmağa ümid edən Toğrul qıpçaqlarla Yayikdə üz-üzə gəldi. İki dəfə qıpçaqlarla döyüşə girən oğuzlar öz torpaqlarını qorudular və Toğrula Volqa çayını keçməsinə imkan vermədilər. Volqa oğuzları arasında hərc-mərclik hökm sürürdü. Döyüşlərdə qalibiyyətlər qazanan qıpçaqlar tez-tez Volqanı keçib Dona qədər yürüş etdiyindən oğuzların bir hissəsi Dnepr çayına tərəf köç etdi. Lakin geri çəkilməyin mümkünsüzlüyünü anlayan Toğrul ətrafda gözəl otlaqların və onları qorumaq üçün kifayət qədər qüvvəsinin olduğunu görüb müqavimət göstərmək qərarına gəldi. Toğrul bir neçə döyüşdə Səlcuqların qüvvəsi ilə Volqanı keçən qıpçaqları məğlub etdikdən sonra oğuzlar onun ətrafında birləşərək Toğrulu öz xanları kimi tanıdılar. Toğrul 10 il ərzində (1045-1055) Volqa və Terek çaylarında məskunlaşmış xəzərlərin tör-töküntülərini, Kuban ətrafı peçeneqləri və Don alanlarını, Belaya Veji, Sudroş və Balin şəhərləri ilə birgə özünə tabe etdi.

Səlcuqların daha da güclənməsi

Bu zaman Sır Dərya yabqusunun dövləti qıpçaqlar tərəfindən tamamilə darma-dağın edildi, oğuzların bir hissəsi Manqışlaqdan keçərək Volqa çayına gəlib Toğrulun tayfa birliyini daha da qüvvətləndirdilər. Toğrul qıpçaqlara qarşı müqavimət təşkil etməyə müvəffəq oldu. Oğuz əyanlarının Volqa Bulqariyasının çoxları ilə qohumluq əlaqələri olmasından və eyni dinə itaət etməsindən istifadə edən Toğrul onlarla ittifaq bağladı. Öncə Toğrul hərbi istehkamların qurulması işinə başladı. Bulqarlar hərbi qalaların tikintisi üçün tikinti materlı-taxta göndərməyə başladılar. Oğuzlar hərbi-müdafiə istehkamlarının tikintisi ilə tanış idilər. Onlar Sır-Dəryada güclü qalalar tikmişdilər. Bu qalaların ətrafında dərin xəndəklər qazılır və asma körpülər qoyulurdu. Qalalarda gözətçi bürcləri vardı və orada oxatanlar və nizəatanlar dəstəsi yerləşdirilirdi. Səlcuqlar oğuzların döyüş taktikasını təkmilləşdirərək ordunu ağır döyüş ləvazimatı ilə yüklənmiş atlarla gücləndirdilər. 1040-cı ildə onlar Dəndənəkan döyüşündə fillərdən istifadə edərək hücumdan əvvəl qarşı tərəfdə dəhşət yaratmaq və düşməni pərən-pərən salmaq taktikasından yararlanmışdılar. Tarixçi Məkrisi qeyd edir ki, X əsrdə oğuz xanları Yayik çayında taxtadan düzəldilmiş qalalara və istehkamlara malk idilər. Qalalar və istehkamlar sistemli, mobil və yaxşı təşkil edilmiş vahid komandanlığa tabe olub, ordu ilə əlaqələrin düzgün təşkili nəticəsində Volqa düzlərində qıpçaq hücumlarının qarşısı alınmışdı. Toğrul bir neçə dəfə Volqanı keçməyə can atan qıpçaqları darmadağın etmişdi. Lakin bütün oğuzlar, o cümlədən Dneprətrafı oğuzlar Toğrulun hakimiyyətini tanımadılar və ona tabe olmadılar. Ancaq 1060-cı ildə rusların onların üzərinə güclü yürüşündən sonra şərqə qaçaraq Toğrulun qarşısında boyun əydilər. Həm qıpçaqlarla, həm də ruslarla eyni zamanda müharibə aparılmasının ağır olduğunu anlayan Toğrul Kiyevə səlcuq səfirliyi göndərərək sülh və ticarət müqaviləsi bağlamağı təklif etdi. Yaroslaviçlər bu təklifi qəbul edərək sülh və əməkdaşlıq müqaviləsi bağladılar. Bütün azad oğuzları öz hakimiyyəti altında birləşdirən Toğrul xaqan titulunu qəbul etdi.

İranın işğalı

XI əsrin 40-cı illərində Səlcuq qoşunları İranın sərhədlərinə yaxınlaşdı. Toğrul bəyin qoşunları 1049-cu ildə Kirmanı ələ keçirdi. 1050-cı ildə paytaxt İsfahana köçürüldü. Ölkə formal olaraq xəlifəyə tabe olsa da, əslində bütün hakimiyyət Toğrul bəyin əlində cəmləşdi. Belə bir vəziyyət şiələrin böyük narazılığına səbəb oldu. Şiə Buveyhilərin qarşısını ala bilməyən xəlifə Toğul bəyi Bağdada dəvət etdi. Toğrul bəy 1055-ci il yanvarın 17-də böyük təntənə ilə qarşılandı. Səlcuqların qarşısını ala bilməyəcəyini hiss edən şiə Buveyhilər şəhəri tərk etdilər. Beləliklə, 120 il davam edən Buveyhi dövləti aradan qaldırıldı. Toğrul bəy Abbasi xəlifəsini öz hakimiyyəti altına aldı. Bununla sünni islam dünyasının qorunmasını təmin etdi. Toğrul bəy xəlifəni qorumaq haqqında verdiyi sözü tutdu.

Xəlifənin azad edilməsi

Buidlər nəslindən olan bacarıqsız xəlifə əl-Qaim fars hakimi Əl-Malik tərəfindən göndərilən Bəsasirə əsir düşərkən Toğrul Xəlifəni azad etmək məqsədilə Bağdada yürüş təşkil etdi. Bu dəfə də tale onun üzünə güldü. Bağdad tezliklə tutuldu. Toğrul bəy Bağdadda olarkən müstəqillik arzusunda olan İbrahim Yınal baş qaldırsa da, Toğrul bəyin silahlı qüvvələri Rey şəhərində İbrahim Yınalın qoşunlarını darmadağın etdi. Toğrul bəyin Reydə olmasından xəbər tutan Buveyhi valisi Bağdada daxil oldu. Xəlifə tutularaq Bağdad şəhərinin yaxınlığındakı həbsxanaya salındı. Bu hadisədən xəbər tutan Toğrul bəy dərhal Bağdada qayıdaraq Buveyhi valisi Bəssasirin qüvvələrini məğlub edib Abbasi xəlifəsini hakimiyyət başına gətirdi. Buna qarşılıq olaraq 1058-ci ildə xəlifə Toğrulu mükafatlandırdı.Toğrulun çiyninə xələt ataraq onu təmtaraqlı taxta əyləşdirib «Şərqin və Qərbin hakimi» adlandırdı. Xəlifə Toğrulun qardaşı qızı, Alp Arslanın bacısı Xədicə xatunla evləndi. Toy Bağdadda böyük səs-küylə qeyd olundu.

Alp Arslanın hakimiyyətə gəlişi

Toğrul 1063-cü ildə təxminən 70 yaşında dünyasını dəyişəndə onun övladı olmadığı üçün taxta Alp Arslanın ögey qardaşı Əmir Süleyman keçdi. Lakin onun hakimiyyəti uzun sürmədi. Alp Aslan öz tərəfdarlarının köməyi ilə Reyə gələrək Əmir sultanı və onun yaxın köməkçisi olan Kutalmışın silahlı qüvvələrini məğlub edərək hakimiyyəti ələ aldı. 1064-cü il aprelin 27-də 36 yaşlı Alp Arslan sultan elan olundu. Onun hakimiyyəti dövründə Səlcuq dövləti qüdrətli bir dövlətə çevrildi…

Türk hökmdarının məktubu: «Allah bizi kəskinliyi kütləşməyən qılınc və sönməyən atəş etdi»

Böyük Səlcuq hökmdarı Toğrul bəyin Bizans imperatoru IX Konstantin Monomaxa göndərdiyi ərəbcə məktub ilk dəfə üzə çıxarıldı. Toğrul bəy məktubunda Bizans hökmdarına gözdağı verərkən, «Allah bizi qınından çıxarılmış, kəskinliyi kütləşməyən bir qılınc və sönməyən atəş etdi» deyir.

İctimaimedia.az «Haber Global»a istinadən xəbər verir.

Türk tarixi baxımından mühüm bir arxiv sənədi əldə olunub. Böyük Səlcuq hökmdarı Toğrul bəyin Bizans imperatoru IX Konstantin Monomaxa göndərdiyi ərəbcə məktub ilk dəfə üzə çıxarılıb. Məktubun nə vaxt və harada yazıldığı bilinmir. Lakin o, bir nüsxə olmaqla Berlin Əyalət Kitabxanasından çıxarılıb və ilk dəfə tərcümə edilib.

Üzə çıxarılan məktubda, Türk Hökmdarı Toğrul bəyin Bizans Hökmdarına gözdağı verdiyi diqqət çəkir. Onun müasir türkcəyə tərcüməsi isə belədir:

«Bu məktubumuz Rumun (Bizans) sahibi hökmdarınadır. Allah ömrünü uzatsın! Allah onu İslam səadəti, tam iman və Haqqın yardımı ilə nəsib etsin və ona yetkin əsgərlər nəsib etsin. Onu dəvət etdiyimiz və ona təqdim etdiyimiz bu şeydə özünün və xalqının salamatlığı, ölkəsinin və (sahib olduğu) nemətlərin qorunması, əsgərlərinin və məmləkətindəki xalqın səadəti üçün salamatlıq vardır. Bilsin ki, Uca Allah bizi İran hökmdarlarının (əkasirə) mülkünə yerləşdirdi və xilafət taxtını müdafiəyə vəkil etdi. Bizi qınından çəkilmiş, kəskinliyi kütləşməyən qılınc və sönməyən bir atəş etdi. Bizə böyük zəfərlər və müvəffəqiyyətlər bəxş etdi.

Bizim polad qolumuzu, hər yerə yayılan, ölümə meydan oxuyan, uca dağlarda və geniş dənizlərdə irəliləsələr belə (oraları) mürəffəh edən, qolları qüvvətli Türklər, Deyləmlilər və Kürdlərdən müxtəlif qəbilələrlə güclü etdi. Biz elçimizin qayıtmasını müəlliflərin adlarının qeyd edildiyi görülməkdədir. Uca Əmir Əbu Mansur Vəhsudan — Allah onları daim qorusun! — razılığını gözləyirik. O, fikrini söyləsin ki, (biz də) buna görə hərəkət edək; atlılarımızı ona doğru göndərək, Uca Allahın izni ilə!»

Комментарии закрыты.