Skripkaçı sonradan SSRİ-nin baş naziri necə oldu?
Onun gerçək adı Vyaçeslav olsa da, əsl soyadı Molotov olmayıb, Skryabin olub. Sonradan soyadına çevrilmiş təxəllüsünü isə inqilabi romantizm illərində götürüb – Ulyanov Lenin, Cuqaşvili Stalin olduğu kimi.
O, uzun yaşayıb, 96 il ömür sürüb. Vyatka quberniyasının ucqar Kukarka kəndindən başlayan ömür yolu Kremlə qədər uzanıb.
Çar Nikolayın vaxtında siyasətə atılan Skryabin Leninlə, Stalinlə, Xruşovla işləyib, Brejnevin, Andropovun, Çernenkonun hakimiyyəti zamanı isə təqaüddə olub, Nəhayət, ömrünün sonunda Mixail Qorbaçovun hakimiyyətini də görüb.
O, Stalinin 30 ildən artıq çəkən hakimiyyəti dönəmində, bu günkü terminlərlə desək, əvvəlcə baş nazir, sonra xarici işlər naziri, bir ara isə hər iki vəzifəni paralel tutub.
1886-cı ildə doğulmuş Molotov (Skryabin) 1906-cı ildən kommunist-bolşeviklər partiyasının üzvü olub, ancaq onu 1962-cı ildə partiyadan çıxarıblar. Uzun illər partiyaya bərpa olunmaq istəsə də, bu arzusuna ölümünə 2 il qalmış, 1984-cü ildə çatıb.
Molotov dövrünün mühüm partiya və dövlət xadimlərindən biri olub. O, hələ Leninin vaxtında partiyanın 5 saylı biletinin daşıyıcısı olub. Onun adı tarixə Molotov-Ribbentrop paktına (Avropanın SSRİ və Almaniya arasında bölünməsini və bu iki dövlətin bir-birinə hücum etməməsini nəzərdə tutan müqavilə) imza atanlardan biri kimi düşüb.
Bir də onun adı bu gün də dünyanın dörd bir tərəfində, əksər ölkələrində kustar üsulla hazırlanan yandırıcı silahla – “Molotov kokteyli” ilə tanıır. Bu yandırıcı silahı Molotov icad etməyib. Ancaq ona bu adı finlər qoyublar. 1939-1940-cı illərdə Finlandiyaya qarşı müharibə başlayan SSRİ paytaxt Helsinkini havadan bombalayıb və SSRİ beynəlxalq ictimaiyyətin tənqidinə məruz qalıb. Tənqidlərə cavab verən SSRİ xarici işlər naziri Molotov riyakarcasına belə bir bəyanat verib ki, “sovet hərbi təyyarələri Finlandiyanın paytaxtına bomba deyil, aclıqdan əziyyət çəkən əhali üçün humanitar yardım paketləri atırlar”.
Bundan sonra fin ordusunun rəhbərliyi göstəriş verib ki, ölkəyə soxulan sovet tankları “humanitar” yolla – “Molotov kokteyl”ləri ilə qarşılansın. O zamandan bəri tanklara, ZTR-lərə, digər hərbi texnikalara atılan yandırıcı şüşələr belə adlanır.
Vyaçeslav Molotov bütün siyasi karyerası boyunca İosif Stalinin tərəfində olub, onun ən yaxın 3 silahdaşından biri kimi yanından heç vaxt ayrılmayıb, onun xəttini dəstəkləyib. Leninin ölümündən sonra bu, daha aktiv şəkil olub və Stalinin Lev Trotskiyə qarşı mübarizəsində onun əlinin gücləndirənlərin başında Molotov gəlib.
Stalin Molotovun bu sədaqətini, yanından ayrılmayan kölgə olmasını yüksək qiymətləndirib. Bəzi bədii və publisistik ədəbiyyatlarda belə epizodlar var ki, Stalinlə ikili münasibətlərində ona sona qədər ərkyana şəkildə “Koba” deyə müraciət edən cəmi bir nəfər olub, o da Molotov imiş. Stalinin də ona əzizləmə mənasında qısaca “Veçe” deyirmiş.
Ancaq bu şəxslərin hər ikisinə düşmən olan Xruşov öz memuarında yazır ki, Stalin Molotovun öz yanında olmasından məmnun olsa da, bəzən onu alçaltmaqdan zövq alırmış. Hətta baş katib bir neçə dəfə Molotova “yadındadırmı, inqilabdan əvvəl Kazanda tacirlər üçün skripka çaldığın vaxtlar onlar səni yerə yıxıb ağzına xardal sürtmüşdülər”, – deyir, hamını güldürürmüş. Molotov isə pərt olsa da, Stalinin sözünün qabağından söz demirmiş. Molotov doğrudan da 1902-08-ci illərdə Kazanda peşə məktəbində oxuyarkən skripka çalmaqla başını dolandırıb.
Bu iki şəxsin sarsılmaz dostluğu barədə əfsanələr gəzsə də, reallıq başqa şeydən xəbər verir. Belə iddialar var ki, Stalin çox yox, bir il də artıq yaşasa, Molotov repressiya olunan adamların siyahısına düşəcəkmiş. Əslində repressiya maşını onun ailəsindən də öz qurbanını aparıb – Molotovun arvadı Polina Jemçujina 1949-cu ildə, balıq sənayesi naziri olduğu vaxt “dövlətə xəyanət” ittihamı ilə həbs olunub, sürgünə göndərilib. Onu bir də 1953-cü ildə, Stalinin ölümündən sonra azad ediblər. Beriya Molotovun arvadını həbsdən azad etməklə hakimiyyət uğrunda mübarizədə bu nüfuzlu dövlət xadiminin dəstəyini almaq istəyib, ancaq buna müyəssər olmayıb.
Çar dönəmində Molotov iki dəfə həbs həyatı yaşayıb. Birinci dəfə onu 1909-cu ildə inqilabi fəaliyyətinə görə həbs edib, Voloqdaya sürgün ediblər. O, 1911-ci ildə azad olunub və dərhal Sankt-Peterburq Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub.
1915-ci ildə onu yenidən həbs ediblər və üç illiyə Sibirə, İrkutsk quberniyasına sürgün ediblər. Ancaq Molotov 1916-cı ildə sürgün yerindən qaçıb.
Birinci dünya müharibəsi zamanı onu dəfələrlə orduya aparmaq istəyiblər, ancaq Skryabin hər dəfə bir bəhanə ilə hərbi xidmətdən yayınıb. O, Molotov təxəllüsünü 1915-ci ildən istifadə etməyə başlayıb, sonradan bu onun rəsmi sənədlərdəki soyadına çevrilib. Deyilənə görə, onun öz soyadını dəyişməsinin bir səbəbi də kəkov olması və öz soyadını (Skryabin) deyərkən kəkələməsi olub. Stalin ona bəzən Molotoşvili də deyirmiş.
1918-ci ildə Şimal vilayətinin xalq təsərrüfatı şurasının sədri, 1919-cu ildə partiyanın Povoljye vilayətində səlahiyyətli nümayəndəsi və Nijeqorod quberniya icraiyyə komitəsinin sədri vəzifələrində çalışan Molotov 1910-ci ildə partiyanın Donetsk quberniyası komitəsinin katibi, həmin ilin noyabrından 1921-ci ilə qədər isə Ukrayna KP MK-nın katibi vəzifələrində işləyib. Ancaq o, ukraynalı kommunistlərlə yola getməyib və onu mərkəzi komitəyə gətiriblər.
Daha sonra Molotovun siyasi karyerasında sürətli yüksəliş illəri olub. 1928-29-cu illərdə Moskva şəhər partiya komitəsinin birinci katibi olub. Daha sonra, 1930-cu ildə o, SSRİ Xalq Komissarları Sovetinin (baş nazir) sədri təyin edilib.
Repressiya illərində Molotov Kamenev və Zinovyev kimi partiya və dövlət xadimlərinin üzərində aparılan məhkəmənin açıq olmasına etiraz etsə də, repressiya tədbirləri ilə razılaşmasa da, sonradan kütləvi terrorun aktiv iştirakçısına çevrilib. Onun öz imzası ilə edama yolladığı partiya yoldaşları digər rəhbər şəxslərinkindən çox olub. Molotov 372 nəfərin ölümünə fitva verdiyi halda Kosiorda bu rəqəm 5 olub.
Ancaq o, “Spartak” futbol klubunun oyunçuları olan Starostin qardaşlarının Beriya tərəfindən şərlənib tutulmasına mane olub. Molotov baş nazir olaraq onların həbsinə dair orderə imza atmayıb.
Uzun illər SSRİ XKS-in sədri və xarici işlər naziri postunu tutan Molotov müharibə illərində baş nazir vəzifəsini Stalinə güzəştə getməli olub, 1949-cu ildə isə Stalin onu XİN başçısı vəzifəsindən də azad edib. 1952-ci ildə keçirilən 19-cu qurultayda Stalin onu və Mikoyanı kəskin şəkildə tənqid edib.
Stalinin ölümündən sonra o, yenidən xarici işlər naziri təyin edilib və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutub. Molotov Beriyanın həbsi, Malenkovun isə SSRİ NS-nin sədri vəzifəsindən götürülməsi məsələsində Xruşovu dəstəkləyib.
1956-cı ilin martında Tiflisdə keçirilən nümayişlərin şüarı Molotovun adının Xruşovun qara siyahısına başdan yazdırıb. Həmin nümayişlərin əsas şüarları belə olub: “Rədd olsun Xruşov” və “Molotov Sov. İKP-nin rəhbəri olsun”. Ordu nümayişi zorakılıqla dağıdıb. İyunun 1-də isə Molotov Yuqoslaviya siyasətinin yanlış olması bəhanəsi ilə XİN başçısı vəzifəsindən azad edilib, dövlət nəzarəti naziri təyin edilib.
1957-ci ildə Molotov, Kaqanoviç və Malenkov Xruşova qarşı birlışiblər, onu devirməyə çalışıblar, ancaq yeni-yeni yüksək vəzifə tutan kommunistlər onların qanlı keçmişini xatırladaraq bu “antipartiya qrupu”ni ifşa edib susdurublar. Bundan sonra Molotovu KP MK-nın Rəyasət Heyətindən və MK üzvlüyündən çıxarıblar və onun adının verildiyi şəhərlərin adlarını dəyişiblər.
Həmin il Molotovu SSRİ-nin Monqolustandakı səfiri postuna göndəriblər, daha sonra o, BMT-nin Atom energetikası üzrə Agentliyində sovet nümayəndəliyinin rəhbəri olub.
1962-ci ildə Xruşov “antipartiya qrupu”nu sona qədər təqib etməyi lazım bilib və onları Stalinin dövründə baş verən qanunsuzluqlarda ittiham edərək partiyadan çıxartdırıb. 1963-cü ildə Molotov təqaüdə göndərilib və 1986-cı ilə qədər bu statusda yaşayıb.
O, 1985-ci ildə müsahibə verərək 100 yaşına qədər yaşamaq fikrində olduğunu bildirib. Ömrünün sonunda maddi ehtiyac içində yaşasa da, Molotov dövlətdən maddi yardım istəməyib, 300 rublluq təqaüdü ilə dolanıb.
Комментарии закрыты.