«PUTİNDƏN SONRA ƏRDOĞAN BAKIYA GƏLƏ, YAXUD…» — «Bu zəngin əhəmiyyəti böyükdür»

«Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 17-də azərbaycanlı həmkarı İlham Əliyevə telefon zənginin əhəmiyyəti böyükdür».

İctimaimedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində Ərdoğan-Əliyev müzakirələrini şərh edərkən deyib. 

«Bu telefon zəngi Prezident Ərdoğanın Türkiyədə baş vermiş meşə yanğınlarının qarşısının alınması üçün Azərbaycanın lazımi dəstəyi göstərməyə hazır olmasının yüksək qiymətləndirilməsi ilə bağlı olsa da, iki liderin indiki mərhələdə söhbətinin siyasi mənası da var», — o, əlavə edib:

«Birincisi, Rəcəb Tayyib Ərdoğanın bir müddət əvvəl İsraili hədələyərkən “biz Liviyaya, Qarabağa daxil olduğumiz kimi…” ifadəsi Azərbaycanın siyasi dairələrində və cəmiyyətin bir kəsimində müəyyən narahatlıq yaratmışdı və bu açıqlamadan müttəfiqliyə kölgə salmaq istəyənlər istifadə etməyə çalışdılar. Bu anlaşmazlığı ortadan qaldırmağa ehtiyac var idi. Türklər demişkən, telefon danışığı anlaşmazlığı tatlıya bağladı. Dövlət başçıları telefon danışığında Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını, bir-birini daim dəstəklədiklərini qeyd ediblər.

İkincisi, Rusiya üçün indiki ağır vəziyyətdə, Ukrayna qoşunlarının Rusiya ərazilərinin bir hissəssini nəzarətə götürdüyü məqamda Kreml sahibi Vladimir Putinin Azərbaycana səfərə gəlmək istəməsi Ankarada suallar yaratmamış deyil. Elə bizim özümüz də “Putin bu ərəfədə Bakıya niyə gəlir” sualı üzərində baş sındırırıq. Bu səbəbdən də Ankara-Bakı ittifaqının digərlərindən üstün olduğunu göstərməyə ehtiyac var idi. Ərdoğanla Əliyevin telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparması buna sübutdur».

Təhlilçi hesab edir ki, Putinin Bakıya gəlişindən sonra Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan da paytaxtımıza gəlməsi və ya tərsinə Azərbaycan Prezidenti qardaş ölkəyə səfərə getməsi mümkündür. «AzPoltika.info»

Комментарии закрыты.