Məhəmməd NƏRİMANOĞLU: Zimistana dönən bahar

Məni qınamayın, elə çaşmışam ki, sözlərimin baş-ayaq olduğunun, fikirlərimin dolaşıq kələfə döndüyünün fərqinə vara bilmirəm. Öyrəşmişdim, daha doğrusu, O, məni öyrətmişdi ki, yazını sonuncu abzastına qədər fikrində ilmələyənədək qələmi kağıza pənah gətirmə, yoxsa dolaşarsan…

İndi bax, eləcə dolaşmışam, eşitdiyim bir qara xəbər qara buluda dönüb gözlərimə hopub… Qapqara bir yazı üzərində düşünürəm. Düşünməyə gücüm çatmır. Heç belə olmamışdım. Ən ağır mövzuları qələmə alanda «Əlifba müəllimim» qədər borclu olduğum ilk redaktorumun ustad kəlmələri məni həvəsə gətirirdi…

Xatirimdədir, redaksiyaya işə dəvət alanda və elə ilk yazını əllərim titrəyə-titrəyə Ona təqdim edəndə mehribn çöhrəsi ilə məni elə qarşıladı ki, sanki illərdir yanında dərs keçmişdim. Qəzetçiliyin, jurnalistliyin çətin, ağır, məsuliyyətli, lakin şərəfli peşə olduğunu mənə anladırdı, əlbəttə, təkcə mənə yox…

Kəlbəcərsizliyimizin ağrı-acıları ilə daha çox üzələşən ilk redaktorumun şəxsiyyətini ifadə edəcək söz tapmır, ya da belə bir ağır yazılan yazını yazacağımı ağlıma gətirmədiyimdən, daim qüdrətinə güvəndiyim Söz xəzinəsinin açarını itirmişəm.

Ondan zəng gözləyirdim

Ötən ayın – mayın əvvəlləri idi. «Azərbaycan» nəşriyyatında görüşdük. «Kəlbəcər harayı» qəzetinin xüsusi buraxılışını («Ulu öndər»i) çap etdirirdi. Sözarası Sücaətin şeirlərini topladığını və çap etdirmək fikrində olduğunu bildirdi və «sənin, maşallah, həm də fəxr edirəm ki, respublika mətbuatında dostların çoxdur, kitabı nəşr etdirsək, Sücaətin ruhu qarşısında borcumuzu qismən də olsa, ödəmiş olarıq»,-dedi.

Gəncəyə qayıdan kimi mənə zəng vurdu və dönə-dönə tapşırdı: «Bir macal tap, buralara da gəl, qalxaq Murova, nə mənim, nə də sənin 50 illiyində dağları ziyarət edə bilmədik».

Heç indiyə kimi məni Gəncəyə dəvət eləməmişdi. Söz vermişdim ki, mütləq gələcəyəm, amma gedə bilmədim.

2004-cü il idi. Bir gün şair dostum Akif Səməd çalışdığım «Vətən səsi» qəzetinin redaksiyasına gəlib məni qınadı ki, «ayə, 45 yaşım tamam oldu, amma məni bir abzas yazı ilə təbrik eləmədin. Heç olmasa, bir nekroloq həcmində yazı yaz,- deyib getdi.

Aradan bircə gün keçmişdi, təbriki gözləmədi Akif Səməd. Təbrik əvəzinə, «Təbriki özləmədi vaxtımı varıydı Akif Səmədin?» bir ağı yazmalı oldum.

Yox, nə yaxşı ki, hər ikimiz bir-birimizin keçirə bilmədiyimiz «50 illik» yubileylərlə bağlı ürək sözlərimizi «Kəlbəcər harayı»na çıxara bildik.

Zəng gəldi

Amma, O deyildi. Onun haqqında idi. Telefonun o başındakı hüzn, kədər dolu, titrəyişli nəfəs məni çaşdırdı. Təlaş və həyacanla Onun adını çəkdim:
-Zimistan müəllim?!.
Telefon açan, mənə dağdan ağır bir xəbəri də çatdıran bu dəfə o deyildi.
-Zimistan müəllim…
O, sözünün ardını gətirə bilmədi. Qəhər onu boğdu. Düzü, ağlıma tamam başqa fikir gəldi. Hər dəfə oğlu Turalın vəziyyətini soruşanda, həsrətni boğa bilmir, sadəcə, «şükür»lə kifayətlənirdi.

Dörd il öncə, 50 illik yubileyi münasibətilə qələmə aldığım «İlk redaktoruma Əlifba müəllimim qədər borcluyam» yazımı oxuyub, mənə təşəkkürünü bildirmiş, -«mən sevinirəm ki, səni mətbuata gətirdim, çünki istedadına bələd idim»,-demişdi. Bu yüksək fikirlər məni müəllim qarşısında dərsini bilməyən bir şagirdə çevirəndə, özünəməxsus tərzdə «Sən «Yenilik» qəzetinin yetirməsisən, bu, bizim üçün fəxrdir»,-deyəndə məni həm kövrəltmiş, həm də ürəkləndirmişdi.

Haşiyə və ya sözə qüvvət

Neçə illərdir ki, ünsiyyət tapdığım «Vətən səsi» qəzetinin əməkdaşları – baş redaktor Rafiq Fərəcov, redaktor müavini Nəsib Qaramanlı, müxbirlər İsa Musayev, Bilal Ənsər, Kəmalə Zeynalova, Tahir Ağamirzə də Zimistan müəllimi mənim təqdimatımda tanımışdılar. Bakıya, bizim yanımıza sonuncu səfərində qələm dostum və iş yoldaşım İsa Musayev onunla şəxsən tanış olduqda bir daha mənə – «sən xoşbəxtsən ki, belə bir şəxsiyyətdən qəzetçilik və jurnalistlik peşəsini öyrənisən»,-söylədi və əlavə etdi: «Zimistan müəllim, mən sizi Kəlbəcərin ensklopediyası hesab etdiyim «Kəlbəcər – Azərbaycanın qala qapısı» kitabından qiyabi tanıyırdım. Zəhmətinizin bəhrəsi olan Məhəmməd Nərimanoğlu bu gün də mətbuatda qazandığı uğurlara görə sizə minnətdardır. Bu nailiyyətlər təkcə Məhəmmədin deyil, həm də sizinkidir. Siz Azərbaycan mətbuatına peşəkar yazar, yurda, el-obaya, Vətənə bağlı vətəndaş, yurddaş yetirmisiniz».

Ömürnamədən sətirlər

Həsənov Zimistan Hüseyn oğlu 28 mart 1954-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuş, 1976-cı ildə Bakı dövlət Universitetini bitirmiş, 1976-83-cü illərdə Kəlbəcərdə çıxan «Yenilik» qəzetində korrektor, ədəbi işçi, şöbə müdiri, redaktor müavini olmuşdur. 1983-87-ci illərdə Kəlbəcər RPK-da təlimatçı, 1987-ci il may ayının 7-də Azərbaycan KP MK-nın bürosu tərəfindən «Yenilik» qəzetinin redaktoru təyin edilmişdir.

1993-cü ildən «Kəlbəcər harayı» qəzetinin baş redaktoru vəzifəsində çalışmış Zimistan Həsənov respublika mətbuatında və rayon qəzetində dərc olunmuş çoxsaylı və həm də dəst-xətti ilə seçilən bədii-publisistik yazların müəllifidir.

Keçmiş SSRİ və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. Bir neçə ədəbi-bədii, və publisistik nəşrin redaktoru və naşiri olan Zimistan Həsənov 2001-ci ildə nəşr edilmiş «Kəlbəcər – Azərbaycanın qala qapısı» kitabının həmmüəllifi kimi də tanınmışdır. Bir oğlu, üç qızı var.

70+50=12 illik həsrət

Kəlbəcərsiz keçən hər günümüz bir yaşanmamış ömrə bərabərdir. 1993-cü ildən doğma yuvasından perik düşmüş quşlar kimi, özümüzə isti yuva qura bilməyib, qəriblik ağrıları ilə baş-başa qalmışıq. 70 il ərzində kəlbəcrlilərin ictimai-sosial həyatının aynasına çevrilmiş «Yenilik» qəzetinin kollektivi də Kəlbəcrin işğalından sonra bir-birini itirdi. Heç doğma qəzetimizin 70 illiyinin necə gəlib çatmasından xəbrimiz yox idi. Məhz o ağır günlrd qəzeti yaşatmaq, Kəlbəcrin və kəlbcrlilərin harayını cəmiyyətə çatdırmaqdan müqəddəs bir iş olmadığını yaxşı bilən Zimistan müəllim «Yenilik»də «Kəlbəcər harayı»nı çəkdi. O vaxtdan ötən 16 il ərzində on altı min dəfə kəlbcərlilərin dərd-sərini dinlədi və qəlbinin çırpıntıları, qələminin gücü ilə yazdı, quruca bir təsəlliyyə möhtacların ümid ocağına çevrildi və çoxları bilmədi ki, özünün dərd-səri başından aşır.

…Kəlbəcərin zirvəsi sayılan Dəlidağın ətəklərində yerləşən Başlıbel Azərbaycana barmaqla göstərilən neçə-neçə ziyalı yetişdirib. Müqəddəsliyi qədər də intellektual baxımdan ən inkişaf etmiş Başlıbel Kəlbəcərin işğal günlərində də seçildi. Kəndin yetirmələri düz 113 gün düşmənə baş əymədilər. Gecələr kəndə baş çəkən, gündüzlər yağıya qan udduran igid başlıbellilər mağara və kahalarda yaşamağı qaçqın- köçkünlükdən üstün bildilər və son nəfəslərinə, son nəfərədək döyüşdülər. Ona görə də «Portda»da gecələr qazılan məzarlara qoşa-qoşa gömüldülər, ağlaşma-şivənsiz, səssiz-səmirsiz.

Bəli, o günlər Zimistan müəllimin yaddaşına və qısadan-qısa ömrünə qənim kəsildi. Atası, ağzı Quran kəlməli, kəndin sayılıb-seçilən ağsaqqallarından biri, yurddan çıxmayan Hüseyn əmi düşmən güləsinə tuş gəlsə də, anası Şamama xala yağı əsiri oldu. Əsirlikdən qurtardıqdan sonra isə yurdda qalanların dərd-sərini yumaq kimi sinəsinə düyünlədi…

2004-cü ildə «Yenilik» qəzetinin 70, Zimistan müəllimin isə 50 yaşı tamam oldu. «Vətən səsi» qəzetində «70 yaşlı «Yenilik» qəzetinin 12 illik «Kəlbəcər harayı» başlıqlı bir məqalə ilə ilk redaktorumu və doğma, lakin aralı düşdüyüm kollektivimi bu münasibətlə təbrik edəndə də qəlbimdən qara qanlar axdı. Nədənsə, həmişə məndən müxtəlif janrlı yazılar gözləyirdi. Bəlkə də bir şagird kimi əlimdən tutub mənə məqalə yazmağı öyrədən, qəzetçiliyin sirlərini açan müəllimim bundan sevinirdi. Sevinxli günlərimiz perik düşdüyündən, daim fikirli, qayğılı görünürdü.

O, sadəcə, jurnalist deyildi

Toy-nişanların ağsaqqalı kimi də özünü sevdirmişdi. Kəlbəcər şairlərinin, xüsusən Dədə Şəmşir, Bəhmən Vətənoğlu, Sücaət, Qəmkeş, Ənvər Rza, Əli Qurban Dastançı, Şamil Əsgər, Mirsəyyaf Zamanlı, Dəmirçi Abbas kimi ustadlarımızın sinədəftəri idi. Bu təbliğ mənəvi tərbiyənin, Kəlbəcərə bağlılığın bariz nümunəsi idi. Nitqi, diksiyası, səsi dağ çaylarına bənzəyirdi; gahdan coşub-daşar, gahdan da Tərtərin, Tutqunun həzin nəğməsinə dönərdi.

İndi bir ansamblın da musiqisi kədər notlarına köklnib. Natiqin, Bahadurun tarı, İlqarın, Nurəddinin qarmonu, Sadiqin kamançası, Ədalətin sazı, Şəfanın, Kürdoğlunun, Hacı Məhəmmədin, Ziyadxan müəllimin, Baloğlanın, sadalaya bilmədiyim daha neçə-neçə bal  nəfəsli müğənnilrimizin səsi, zənguləsi batıb…

Zimistan müəllim respublikada ən gənc yaşlarından redaktor olan jurnalist idi. 32 yaşında Azərbaycan KP MK-nın o zamankı katibi, bu gün isə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 1987-ci il iyunun 1-də onun barəsində söylədiyi fikirlər belə idi: «Biz sənə məsul bir vəzifə həvalə edirik, çünki çox cavansan, 32 yaşda rayon qəzetinin redaktorluğu böyük etimaddır, bunu heç vaxt yaddan çıxarma…».

Heç nə yaddan çıxmadı, amma…

Zimistan müəllim yaddan çıxarıldı. Beş il Kəlbəcərin mühasirə, 16 il isə qaçqınçılıq-köçkünçülük ilərind hansı maddi-mənəvi çətinliklərlə qəzet çıxarmağın nə demək olduğunu o müdhiş günləri yaşamayanlar bilmzlər.

Kəlbəcərin işğal günlərində rayon tamamilə boşalsa da, O, kollektivi başına yığıb iş yerini tərk etmir və ümid dolu nəzərlərini Bakıdan gözlənilən xəbrlərə dikmişdi. Məhz ona görə də hətta redaksiyanın qapılarını bağlamadı.

Zimistan müəllim 70 yaşlı qəzetin 50 yaşlı redaktoru olanda düşünürdüm ki, nəhayət, onun çəkdiyi əzab-əziyyət, keçdiyi yaradıcılıq yolu, bir sözlə, Vətənə və xalqa xidməti əlaqədar təşkilatlar, heç olmasa, Azərbaycan Jurnalistlər Birliyi tərəfindən qiymətləndiriləcək. Min təəssüf ki, illərdən bəri hər ikimizin apardığı araşdırmaları kitaba çevirəndə də yada düşmədi. «Səbirli ol»,-dedi. Səbrimizi uzadıb, ömrümüzü qısaltmağımızın fərqinə varmırıq. Bir də o zaman başımızı qaldırırıq ki, «olan-olub, keçən-keçib»…

Dəlidağda qalam qaldı

Dəlidağın başını almış qara buluddan bu dəfə nə yağış yağacaq, nə dolu. Qəhər yağacaq, qəm-qüssə, kədər, dərd-ələm əlnəcək elsiz qalan yurdlarımızın üstünə vallah!

Belə ölümmü olardı?!

Bəs biz Sücaətimizin şeir sovqatını ellərə yayacaqdıq?! Bu nə insafsız ölüm idi haqladı səni, müəllim?! İndi Turalını necə ovundurum?! Sənin gizlicə çəkdiyin ürək ağrılarını unutdurmağa və ovundurmağa çalışmış ömür-gün yoldaşınız Miyasət xanım məni qınamayacaq ki, bu nə yazıdı?! Mən sizdən ağızdolusu dnışdığım kimi yaza bilmirəm: qələmimi sındırmısan, gözlərimdən leysanı selləndirmisən, qədrimi qəlbiləndirmisən, müəllim!.


Qəhərindən qədrincə dadıbmış,
Baharına yazılıbmış zimistan.
İndi bizə bu göz dağı məzarın,
Gözyaşıyla qazılbmış, Zimistan!

Kədər səni əyməsə də yıxdı ki,
İldırımlar kürəyinə çaxdı ki.
Eynim yaşı sinən üstə axdı ki,
Yazılanlar pozulubmuş, Zimistan!

Məhəmmədə arxa-dayaq sən oldun,
Şər işlərdən kənar gəzdin, gen oldun.
Gedəndə də bu dünyadan şən oldun,
Yozumlarım yozulubmuş, Zimistan!

Bir qəhər də məni yamanca boğur. Bilmirəm ki, nədəndir, hamının, hər kəsin dərd-sərinə şərik çıxan qələm adamları haqqında niyə sağlığında qısqanclıqla, xəsisliklə söz açılır? Elə qəhərindən qədərincə dadan, ömrünün bahar fəslinə zimistan yazlmış, qələm müəllimim Zimistan kimi…

Bu da olsun sonluq, qoya bilmədiyim yazımın proloqu. Qoy Kifayət Umudqızı, Qənifə xanım Səmədova, Amil Novruz, Malik Zeynalov, Qəhrəman Nağıyev, Vidadi Məmmədov, Musa Əziz, Köçəri Orucoğlu, Oqtay Salahov yazsın bu yazını. Yaza bilsələr, biləcəyəm ki, bu «Yenilik» qəzetinin hər sətrində onların qəlb döyüntülər qalıb.
Qoy, Kəlbəcərin ən intellektual kəndinin,  Başlıbelin əli qələmli professoru Əli Mirzəyev… Yox, Əli müəəlim də dünyasını dəyişib artıq…

Qəddini düz saxla, Dədidağ kimi, Tural! Sən Zimistan müəllim kimi atanın tək oğlusan!
Şiraslan qardaş, Zimistan müəllim kimi arxa-dayaq itirsən də, itirdiklərinin sayı-hesabı yoxdur. Yoxluğuna tablaşa bilsən də, bu dərdi də al çiyinlərinə, yön tut Murova, Dəlidağa! Kəlbəcərdən nigaran ruhların məkanına…. 

Комментарии закрыты.