“Kəndə su çəkiləndə 5-10 manat versən, bu, 100 dəfə Həccə dəyər”
Qafqaz Müsəlmanları İdarəsi 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün qiymətləri müəyyən edib. Məlumata görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları (10 min manat) təşkil edir. Ziyarət vahid formada təşkil olunur və hava nəqliyyatı ilə həyata keçirilir.
Ziyarətin qiymətinin yüksək olması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Artıq sosial şəbəkələrdə insanlar arasında bununla bağlı geniş müzakirələr başlayıb.
İctimaimedia.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu bildirib ki, insanların çox böyük çətinliklərlə pul toplayıb, borca girib Həccə getməsi düzgün deyil:
“İmkanı olmayanların borca-xərcə girib Həcc ziyarətinə getməyi məcburi deyil. Hələ uzun illər əvvəl Mirzə Cəlil “Danabaş kəndinin əhvalatları” əsərində bu barədə yazıb. Məhəmmədhəsən əmi bütün var-yoxunu satıb bir eşşək aldı, onu da Xudayar bəy çırpışdırdı, o vaxt ucuz idi, Həccə eşşəklə gedirdilər. Axırda gedə bilmədi, məktubunu çapara verdi ki, bunu Həzrət Abbasa çatdır.
Bu gün də eyni vəziyyətdir, kimin 10 min manat pulu varsa, özü gedir, gedə bilməyənlər də gedənlərə məktublarını verirlər ki, Həzrət Abbasa çatdırsın. İndi deyirlər ki, bahadır, hamının imkanı çatmır. Çatmır, getməsinlər, nə olacaq?”
Onun sözlərinə görə, şəriətin tələb etdiyi bütün qaydalara tam riayət edilsə, Azərbaycandan Həccə göndərməyə bir nəfər belə tapılmaz:
“Mən dindar deyiləm, amma İslamda da deyilir ki, hər kəs imkan daxilində bu ziyarətə gedə bilər. Əgər evdə bir neçə aylıq azuqəsi varsa, borcu yoxdursa, pulları haram yolla qazanmayıbsa, Həccə gedə bilər. İnanın ki, bu maddələri kriteriya kimi qəbul etsələr, Azərbaycanda bir nəfər belə Həccə gedə bilməz. Çünki birinci şərt o pulun halal yolla qazanılmasıdır.
Görürsünüz ki, şəriətin buyurduğu kriteriyaları bu gün çox gündəmə gətirmirlər. Görün bu şəxs nə qədər qazanmalıdır ki, onun 10 minini Allahşükürün idarəsinə versin ki, onu Həccə aparsınlar.
Mənə elə gəlir ki, insan Həccə getməyib bir kasıb qonşusuna əl uzatsa, öz doğma kəndinə su çəkiləndə 5-10 manat versə, yaxşı oxuyan bir tələbənin təhsil haqqına kömək etsə, bu, 100 dəfə Həcc ziyarətinə dəyər. Bunu tək mən demirəm, dəfələrlə bu fikir səsləndirilib. Bu, həqiqətdir.
Hər bir halda, başqalarının işinə qarışa bilmərik, gedənlərə yaxşı yol, qalanlara can sağlığı!”
Комментарии закрыты.