KƏLBƏCƏRİN FƏXRİ: Alim ömrünün işığı — FOTOLAR

526

Nədənsə onu görkəmcə Kəlbəcərin əzəmətli dağlarına bənzədirəm. Əslində heç bilmirdim kəlbəcərli olmağını, orada doğulmağını. Yaxın vaxtlarda  bunu öyrənəndə bir daha yəqin etdim ki, insan elə doğulduğu yurdun özünə bənzəyərmiş. Yurd havasının, suyunun saflığı mənəviyyatına hopub. Təbiətindəki məğrurluğu, vətən, el-oba sevgisini də o yerlərdən əxz edib sənətşünas Nizami Alıyev. Ömrünün 40 ilə yaxın bir dövrünü Naxçıvanda yaşayan alim Naxçıvan təbiətini qarış-qarış gəzib, buradakı tarixi abidələri, memarlıq incilərini, Naxçıvanda yaşayıb yaratmış bir çox sənət adamlarının həyat və yaradıcılığını tədqiq edib.

Onunla görüşüb müsahibə almaq üçün Naxçıvan Rəssamlar Birliyinə gedəndə giriş qapısı ilə üz-üzə olan otağında yazı-pozu ilə məşğul idi. Salamlaşdıq. İş masasının üzərindəki “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan çoxcildliyi”, “Bəhruz bəy Kəngərli taleyi”, “Gəmiqaya qayaüstü rəsmləri” və digər qalın-qalın tədqiqat kitablarının hər birində alim ömrünün işığı, alın təri var.  

1958-ci ildə Kəlbəcər rayonunda anadan olan Nizami Alıyev bir müddət sonra ailəsi ilə İstisu qəsəbəsinə köçüb. Orta məktəbi burada bitirib. 1977-1979-cu illərdə hərbi xidmətdə olub. 1979-1981-ci illərdə Bakı şəhər  Rəssamlıq məktəbinin Daş üzərində oyma ixtisasında, 1981-1986-cı illərdə isə indiki Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Bədii qrafika fakültəsində təhsil alıb. 1986-cı ildə təyinatla NDU-ya (o zamankı Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutuna)  müəllim göndərilib. 

2005-ci ilə qədər bu ali təhsil ocağında çalışıb. Həmin ildən 2013-cü ilədək AMEA Naxçıvan Bölməsində İncəsənət Dil və Ədəbiyyat İnstitutunda Təsviri və Dekorativ tətbiqi sənətlər şöbəsində şöbə müdiri olan Nizami Alıyev 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2012-ci ildən Naxçıvan Rəssamlar Birliyinin və Naxçıvan Memarlar Birliyinin üzvüdür.  Bir çox respublika və beynəlxalq əhəmiyyətli  simpozium və elmi praktik konfranslarda, festivallarda iştirak edib. 120-dən artıq elmi və ensiklopedik məqalənin, ali məktəblər üçün 10 tədris proqramının, 6 kitabın müəllif və həmmüəllifi, Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının   dosenti, Naxçıvan Rəssamlar Birliyinin baş fond mühafizidir.

Rəssamlıq sahəsi ilə həyat yolunuz necə kəsişdi?

Uşaqlıqdan olan həvəs idi rəssamlıq məndə. Heç yadımdan çıxmaz, o vaxtı  məşhur İstisu Ümumittifaq əhəmiyyətli kurort idi. Orda il ərzində rəsmi şəkildə  50  minə yaxın, qeyri-rəsmi şəkildə isə hardasa 150-200 minə yaxın insan istirahət edib müalicə alırdı. Biz yerli camaat əsasən qış aylarında müalicə alırdıq. Qış vaxtı qəsəbə ilə suyun gözü arasında hardasa 5 km məsafə vardı. O yolu getdikcə mən əlimə bir çubuq alar, qarın üzərində  müxtəlif heyvan fiqurları, təsvirlər çəkərdim. Kim görürdüsə, deyirdilər,  buradan Nizami keçib. Böyük qardaşım da gildən müxtəlif fiqurlar hazırlayırdı. O, işini qurtaran kimi ləvazimatlarını əlimə alıb nələrsə düzəldirdim. Beləcə həvəs yarandı, orta məktəbdə divar qəzetində, sonra isə  hərbi xidmətdə böyük işlərim oldu. Hərbi xidmətdən qayıdandan sonra   rəssamlıq təhsili aldım. 

1986-cı ildə təhsilini bitirib Naxçıvana gələn Nizami Alıyev burada çalışmaqdan, yaşamaqdan heç vaxt peşman olmadı. Çünki ana tərəfi Naxçıvandan idi. Buna görə də Naxçıvan doğma bir yer idi onun üçün.  

O vaxtadək Naxçıvanda olmasam da, yaxın qohumlarımın burada yaşadığına görə, Naxçıvan haqqında məlumatım var idi. Naxçıvana gəldiyim gün tələbə yoldaşım Xalq rəssamı Seyfəddin Qurbanovla Siyaqut kəndinə, Kərki kəndinə, Sirab gölünə getdim, Möminə xatun türbəsini gördüm. Əlimi o abidəyə vuranda düşündüm ki, ən böyük arzularımdan birini reallaşdırdım. 

Və ilk əmək fəaliyyətinizə NDU-da başladınız. 

O zaman Universitetin rektoru İsgəndər Cəfərov idi. İsgəndər müəllimin təklifi ilə bir il sonra,  1987-ci ildə  bu ali təhsil ocağında Təsviri İncəsənət müəllimliyi (əvvəlki adı ilə Rəsm, Rəsmxət və Əmək müəllimliyi) ixtisasını açdıq. 2007-ci ildə isə Naxçıvan Müəllimlər İnstitutunda bu ixtisasın əsasını qoyduq. Və mən özümü xoşbəxt hiss edirəm ki, hər iki ali təhsil ocağında  bu ixtisasların açılmasında xidmətlərim olub. Hətta iki il təkbaşıma bu ixtisaslarda dərs demişəm. 

O dövrdən bu vaxta nələr dəyişib? Ümumiyyətlə, həmin ali təhsil ocaqlarında bu ixtisasın açılması Naxçıvan rəssamlıq sənətinə necə töhfə verdi?  

Birinci növbədə Naxçıvanda güclü rəssamlıq mühiti yarandı. Çox istedadlı, tanınmış rəssamlar yetişdi. Naxçıvanda Gəmiqaya qayaüstü rəsmlərindən üzü bəri böyük mədəniyyətlər yaranıb, Boyalı qablar mədəniyyəti, Kür-Araz mədəniyyəti, Əcəmi memarlıq məktəbi olub. Azərbaycanın ilk professional rəssamı Bəhruz bəy Kəngərli Naxçıvanda rəssamlıq sənətinin əsasını qoyub. Belə zəngin rəssamlıq ənənələrinə malik bir şəhərdə bu mühit formalaşmalı idi. Bu da özünü tez bir zamanda büruzə verdi. Artıq  bu gün Naxçıvan rəssamlıq məktəbi dünyada tanınır. 2012-ci ildən  Naxçıvanda “Naxçıvan Bəşəriyyətin beşiyidir” adlı beynəlxalq rəsm festivalları keçirilir və bu həm Naxçıvanın tanıdılması, təbliği, həm də Naxçıvana gələn dünya rəssamlarının Naxçıvanı tanımasında əhəmiyyətlidir. Bu gün artıq Naxçıvan Rəssamlar Birliyinin 60-dan çox üzvü var. NDU-da “Təsviri incəsənət müəllimliyi”, “Rəngkarlıq”, “Memarlıq” ixtisaslarında gənclər təhsil alır. Növbəti tədris ilində  “Dizayn” ixtisasının da açılması nəzərdə tutulub.

Nizami Alıyev özünü xoşbəxt insanlardan hesab edir ki, sənət taleyi məhz Naxçıvanla bağlı olub. Naxçıvanın təbiəti, sirli-soraqlı yerləri, abidələri bir sənətşünas kimi onu həmişə özünə cəlb edib. Bu minvalla çox yerləri gəzib, çox abidələrdə tədqiqat aparıb. Naxçıvanda olan 1200-dən artıq abidənin qeydə alınıb “Naxçıvan Abidələri Ensiklopediyası”na salınmasında,  “Naxçıvanın   Duzdağının qədim duz mədənləri”, “Naxçıvanın tarixi I cild”,  “Bəhruz bəy Kəngərli taleyi”, “Naxçıvan Rəssamlarının Ensiklopediyası”, “Gəmiqaya qayaüstü rəsmləri”, “Naxçıvan hamamları” kitablarının ərsəyə gəlməsində onun da böyük xidmətləri olub.

2006-2013-cü illərdə Duzdağda intensiv şəkildə tədqiqatlar aparmısınız. Dünyanın ən qədim duz mədənində apardığınız bu tədqiqatlar Naxçıvan elminə, tarixinə nə verdi?

Duzdağda apardığımız tədqiqatların əsas məqsədi duz mədənlərində erkən istismar izlərini aşkar etmək, duzun çıxarılmasını müəyyən etmək idi.  Araşdırmalar zamanı Duzdağda  Eneolit və Erkən Tunc, Dəmir dövrünə, orta əsrlərə aid müxtəlif daş alətlər, keramika məlumatları aşkar olundu. Müəyyən etdik ki, mədənin istismarı e.ə V minilliyin II yarısından başlayıb. Oradakı duz layları, qalereyalar, duz bulağı, şəlalələr, həqiqətən, möcüzədir. Və tanrı bu möcüzəni, bu sərvəti Naxçıvan torpağına bəxş edib. Biz tədqiqatçılar da, təbii ki, bunları ətraflı tədqiq edib tariximizi işığa çıxarmalıydıq. Duzdağın qədim duz mədənlərinin öyrənilməsində Fransa Beynəlxalq Araşdırma Mərkəzinin tədqiqatçıları ilə birlikdə Duzdağ və Süst  mədənləri ətrafında geniş tədqiqatlar nəticəsində 2012-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin imzaladığı “Naxçıvan: İlkin şəhər və Duzdağ” mövzusunda Beynəlxalq simpoziumun keçirilməsi haqqında sərəncamın icrası ilə bağlı belə bir kitab “Naxçıvan Duzdağının qədim duz mədənləri” ərsəyə gəldi. Kitabda Naxçıvanda e.ə V minillikdən başlayaraq duz çıxarıldığı, mədənçiliyin inkişaf etdirildiyi ətraflı işıqlanıb. 

Bundan başqa Vayxır kəndi yaxınlığındakı Quylu dağ, Sirab kəndi yaxınlığındakı Daşqala mağarasında da tədqiqat işlərimiz olub. Ötən yay  Daşqala mağarasında 1 metrə yaxın apardığımız qazıntı nəticəsində xeyli materiallar aşkarladıq. Deməli, burada yaşayış olub. Daşqala mağarasındakı tədqiqatlar bu il də davam edəcək. Deyilənə görə, mağaranın uzunluğu 15 km-dir. Biz o yolu dəqiqləşdirmək və orada qazıntı işlərini davam etdirib bilmək istəyirik ki, burada qədim insanlar yaşayıb, ya yox. Mağaranın çoxlu giriş-çıxışı var. Gələcəkdə bu abidədə aparacağımız tədqiqatlar  tək  Daşqala üçün deyil, eyni zamanda bəşəriyyət tarixi üçün çox böyük  nəticələr verəcək.

Hələ tələbə vaxtlarından Kəlbəcərdəki qayaüstü rəsmlərin tədqiqatı ilə məşğul  olan Nizami Alıyevin qəlbində, ruhunda qayaüstü rəsmlərə qarşı böyük sevgi və maraq  yaşayır. Bu maraq və sevgi onu Naxçıvana gəldiyi ilk illərdən Gəmiqaya qayaüstü rəsmlərinin tədqiqinə cəlb edib. 

Muxtar respublikada Gəmiqaya abidələrinin tədqiqində də sizin böyük xidmətləriniz var. «Gəmiqaya” ekspedisiya qrupunun rəhbəri, “Gəmiqaya qayaüstü rəsmləri” kitabının müəllifi kimi bu barədə nə deyə bilərsiniz?

1968-ci ildən elmə məlum olan Gəmiqaya qayaüstü rəsmləri Azərbaycanın ən çox qayaüstü rəsmləri olan yerlərindən biridir. Naxçıvana gəldiyim ilk illərdən 1987-ci ildən Gəmiqayanın tədqiqində fəaliyyətim olub. Gəmiqayada bir çox əraziləri Aşağı baca, Yuxarı göllər və Qız gəlin çuxurunu ilk dəfə biz tədqiq etmişik. O ərazilərdə apardığımız tədqiqatlar zamanı çox qədim təsvirlərə rast gəldik.

Düzdür, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2001-ci il 26 aprel tarixli sərəncamına uyğun olaraq Gəmiqayaya müxtəlif illərdə böyük ekspedisiyalar təşkil olunmuşdu. Hətta qədim sivilizasiyanın izləri xarici tədqiqatçıları da bura cəlb etmişdi. Lakin Gəmiqayadakı rəsmlər hələ də tam şəkildə araşdırılmamışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən Gəmiqayadakı qayaüstü rəsmlərin mühafizə vəziyyətini gücləndirmək və rəsmlərin qeydiyyatını dəqiqləşdirmək məqsədilə  2016-cı ildə  “Gəmiqaya  ekspedisiyası” yaradıldı. Ekspedisiya qrupu 136 hektar ərazidə olub 2040 daş üzərində 7422 təsvir qeydə aldı. Gəmiqayadakı  qayaüstü təsvirlər qədim insanlardan qalma ən qiymətli mədəniyyət sərvətidir. 2013-cü ildə orada yaradılan muzey də bu sərvəti qoruyub təbliğ etməklə yanaşı, həm də o zirvələrdə bir həyat, mədəni mühit yaradıb.

Gəmiqayanın hər qarışını, hər daşını, hər rəsmini əlinin içi kimi bilir  Nizami müəllim. Bu da təsadüfi deyil,  çünki bu daşların lal dilini anlamaq üçün dəfələrlə o ucqar zirvəyə yol alıb. Qapıcığın ətəklərində qədim insanın həyat tərzini özündə yaşadan o daşlara dönə-dönə baxıb. Bəzən olub ki, yayın qızmar avqust ayında orada tədqiqat aparan zaman qar da yağıb.  Lakin sənət sevgisi onun əl-ayağını soyutmayıb. Uzun illərin axtarış və tədqiqatları bəhrəsini də verib. Nəticədə, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin layihə rəhbərliyi ilə 2020-ci ildə “Gəmiqaya Qayaüstü Rəsmləri” kitabı üç dildə nəşr olunub. Həmin il elə “Gəmiqaya” Tarix- Bədii Qoruğunun Muzeyində təqdimatı keçirilən kitaba 2021-ci ildə Mədəniyyət sahəsi üzrə Naxçıvan Muxtar Respublika mükafatı verilib. Ötən il, həmçinin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi dünyada bu kitabın onlayn təqdimatını keçirdi. Yaxın vaxtlarda İngiltərədə də nəşr olunacaq bu ensiklopedik kitab Gəmiqayaya gedə bilməyən tədqiqatçılara da  o zirvələri, oradakı qədim insanın həyat tərzini öyrənməyi  daha da əlçatan edir.

Bir sənətşünas kimi Naxçıvan rəssamlarının taleyinə də biganə qalmamısınız. Tək abidələrin, qayaüstü rəsmlərin deyil, eyni zamanda  Naxçıvanda yaşayıb yaratmış sənət adamlarının da həyat və fəaliyyətlərinin araşdırılmasında böyük əməyiniz, xidmətləriniz var. Bu baxımdan sənətşünas Ziyadxan Əliyevlə birgə ərsəyə gətirdiyiniz “Bəhruz bəy Kəngərli  taleyi” monoqrafiyasının adını çəkə bilərik.

2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin dəstəyi ilə  nəşr olunan bu kitab Bəhruz bəy Kəngərliyə həsr olunmuş bir ensiklopediyadır. Dövlətimiz də bu rəssama böyük dəyər verib. 2000-ci ildə Rəssamlar Birliyinin sərgi salonuna onun adı verilib. 110, 120 illik yubileyləri keçirilib. 2002-ci ildə Bəhruz Kəngərli Muzeyinin açılışı olub. Azərbaycanda ilk dəfə bir şəxsin adına verilən bu muzeyin açılışında  Ümummilli Lider Heydər Əliyev Bəhruz Kəngərli irsinə, yaradıcılığına yenidən baxılmasının labüd olduğunu söylədi.  Bundan sonra biz bu sahədə tədqiqatlara başladıq. Cəmi 30 il yaşayıb 7 il yaradıcılıqla məşğul olan  rəssamın 2000-ə qədər əsəri olub.  Biz bu kitabda onun 500-dən artıq əsəri haqqında məlumat vermişik. Bəhruz Kəngərli haqqında, onun əsərləri ilə bağlı bilinməyən çox məqamlar var. Bu səbəbdən tədqiqat işləri hələ də davam edir. 

Bu gün bir sənətşünas kimi sizi düşündürən əsas məsələlər nədir?

Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda Sənətşünaslıq üzrə  magistr təhsili var. Bu ixtisasda təhsil alan ümidverici  gənclər çoxdur. Lakin, çox təəssüf ki, duyumu olub bu sahəyə biganə yanaşan tələbələr də var. Deyə bilərəm ki, rəssamlardan Ülviyyə  Həmzəyeva, Həbibə Allahverdiyeva, Cavid İsmayılov, Fizzə Quliyeva və başqaları Naxçıvan mədəniyyətinin, incəsənətinin, tarixinin gələcək tədqiqatçılarıdır. Naxçıvanın o qədər öyrəniləsi, haqqında yazılası abidələri var ki… Adi hamamları olsun. Doğrudur, tarixçilər yazırlar bu barədə. Çox zaman biz ona elə memarlıq abidəsi kimi baxırıq. Hamamın isitmə sistemi, havalandırma, işıqlandırma sistemi, kanalizasiya sistemi var. Bir hamamın üzərində neçə dənə günbəz var, yəni bunlar hamısı tikintinin elmi həllidir.  Naxçıvanın su dəyirmanları, hamamları, çoxlu sənət sahələri ilə bağlı tədqiqatlar aparılmalı, yeni kitablar yazılmalıdır.

Onu bu sahəyə gətirən rəssamlıq sevgisi olub. Lakin daha çox sənətşünas kimi tanınıb. Bununla yanaşı həm də Ebru sənəti ilə məşğuldur. Azərbaycanda ilk dəfə Naxçıvan Dövlət Universitetində qədim xalq sənətlərimizdən biri olan Ebru sənətinin tədrisi də məhz Nizami Alıyevin adı ilə bağlıdır. Bu ali təhsil ocağında rəhbəri olduğu “Təsviri sənət studiyası”nın xətti  ilə özünün və 11 nəfər studiya üzvlərinin Azərbaycanda ilk dəfə olaraq  Amerika Birləşmiş Ştatlarında sərgilərini təşkil edib. Onun Ebru əsərləri, eyni zamanda ABŞ-da Qadınlar Klubunda, Ford Xatirə Kitabxanasında, Beynəlxalq Araşdırmalar Təhsil Mərkəzində və digər yerlərdə nümayiş etdirilib.

Hər dəfə onunla görüşüb müsahibə alan zaman üzündə gizli bir arzu, gizli bir həsrət sezirdim. Sən demə, Kəlbəcər arzusu, həsrəti imiş bu… Yurdunu görmədiyi bu illər ərzində kim bilir, xəyalən neçə dəfə ora pərvazlanmışdı,  neçə dəfə yuxularında gedib gəzmişdi  İstisuyu.

Ömrünüzün 40 ilə yaxın bir dövrü Naxçıvanda keçib. Amma Kəlbəcərdə doğulmusunuz. Deyirlər, insan doğulduğu yerin bir qarış torpağına dönməlidir. Nizami müəllim üçün də bu belədir?-dedikdə qeyri-ixtiyari olaraq çöhrəsində həsrət dolu bir təbəssüm yarandı, gözləri işıqlandı bir anlıq.

Təbii ki, elədir. Kəlbəcər mənim üçün hər şeydir. 18 yaşımdan çıxmışam ordan, amma heç vaxt xəyalımdan çıxmayıb. 1992-ci ilin avqust ayında sonuncu yay tətilini İstisuda keçirmişəm. 1993-cü ilə qədər gediş-gəlişim olub Kəlbəcərə. Ailəmiz 1993-cü ilin aprel ayında Kəlbəcərdən çıxıb. Atamın məzarı oradadır.

Həmişə yuxularımda İstisuyu, o təbiəti görürəm. Bizim kəndimiz Qalaçanlıdır. Hər daşı, qayası, bitkisi belə yadımdadır. Bilirəm ki, hansı abidə hardadır. Kəlbəcərdə də beş min illik qayaüstü rəsmlər var. Və mən 1985-1992-ci illərdə orada aparılan tədqiqatlarda iştirak etmişəm. Gələcəkdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının üzvü, Tarix Elmləri doktoru  professor  Qüdrət İsmayılzadə ilə birgə Gəmiqaya Qayaüstü Rəsmlərinin davamı kimi Kəlbəcərdəki o qayaüstü rəsmləri də qeydiyyata alıb bir kitab ərsəyə gətirmək fikrindəyəm.

2020-ci ilin 25 noyabr tarixi hər bir azərbaycanlı, xüsusən kəlbəcərlilər  üçün unudulmaz bir gün idi. Düşünürük ki, Kəlbəcər erməni faşizmindən azad olunduğu gün Kəlbəcərdə doğulan bir insan üçün tamam başqa bir sevinc, hiss  idi.

Noybarın 16-sı doğulmuşam. Kəlbəcərin azad olunması mənim üçün ən gözəl ad günü hədiyyəsi olmuşdu. Kəlbəcər bir cənnətdir. Suları, havası dərmandır, nə yaxşı o sərvətlərimiz yenidən bizə qaytarıldı. Bu gün orda quruculuq işləri aparılır. Azərbaycan əsgəri orda xidmət edir.

Artıq işğaldan azad olunmuş ərazilərimizə avtobus marşrutları ilə səfərlər təşkil olunur. Günün birində ata yurduna getmək, doğulub böyüdüyüm yeri görmək arzusundayam. Yəqin ki, yazda ata yurdumla görüşəcəyik… 

2018-ci ildə 60 illik yubileyi qeyd olunan sənətşünas Nizami Alıyev bütün elmi potensialını Naxçıvana həsr edib. Saçlarına bu yolda dən düşüb. Alim ömrünü ziyasından Nuh yurdunun hər daşına, abidəsinə, incəsənətinə işıq düşüb. İşıqlı insanların ömrü və əməlləri isə daim  var olacaq bir xəzinədir.

Türkanə Əmoyeva
                                                                  

Комментарии закрыты.