Kəlbəcər İSTİSUYU sovet dövründə kimin ciddi səyləri ilə TİKİLDİ?..

Bu gün işğaldan azad olunmuş digər bölgələrimiz kimi dağlar gözəli, cənnətməkan  Kəlbəcərdə də tikinti-quruculuq işlərinə start verilib. Digər rayonlarımızla müqayisədə sərt dağlıq relyefi və iqlimi ilə seçilən bu ərazidə hər hansı tikinti işi aparmaq, layihə icra etmək həddindən artıq böyük zəhmət, eneji, vəsait tələb edir. Hələ texnika və texnologiyanın inkişaf etdiyi, Azərbaycanın geniş iqtisadi-maliyyə imkanlarına malik olduğu indiki zamanda… Bəs görəsən, 1950-ci illərdə, hələ nəinki dağ kəndlərinə, arandakı bir sıra rayon mərkəzlərinə belə, elektrik və radio xəttlərinin yenicə çəkildiyi, adi texniki qurğuların, yük avtomobillərinin, buldozerlərin və s. qıt olduğu bir dövrdə Kəlbəcər kimi dəniz səviyyəsindən 2000-3000 metr yüksəklikdə yerləşən bir ərazidə hər hansı bir obyektin tikintisi necə başa gəlirdi?.. 

Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, 1958-1961-ci illərdə  Azərbaycan Həmkarlar İttifaqları Şurasının(AHİŞ) sədri kimi çalışmış  Kamran Hüseynov özünün “Bir ömrün salnaməsi” kitabının “AHİŞ, may 1958” başlıqlı bölməsində Kəlbəcərdəki məşhur İstisu mineral bulağı ətrafında 1920-ci illərdə bəsit bir şəkildə tikilmiş, lakin sonradan, xüsusən İkinci Cahan savaşı illərində nəzarətsiz qalaraq uçulub-dağılmış sanatoriyadakı bərpa və yeni tikinti işlərinin özünün təşəbbüs və səyləri ilə sürətləndirilməsindən, ümumiyyətlə, respublikada Naftalan, Şuşa, Masallı və s. bölgələrdə kurort-sanatoriyaların tikilməsindən,  fəhlələr üçün istirahət və müalicə şəraitinin yaradılmasından və s. bəhs edir.  

Aktuallığını nəzərə alaraq sözügedən kitabdan parçanı İctimaimedia.az Moderator.az-a istinadən oxucularının nəzərinə çatdırır:

“Nəhayət, Azərbaycan Həmkarlar İttifaqları Şurasına(AHİŞ) sədr gəldim. Hər şeyə fikir verir, nədən və necə işə başlayacağımı götür-qoy edirdim.  Çox fikirləşmədən qərara gəldim ki,  Azərbaycanın səhiyyə- sağlamlıq ocaqlarından, sanatoriyalardan, istirahət evlərindən başlayım… 

Hələ Sumqayıtda işləyən zaman biz Daşkəsənlə, Gürcüstanın Rustavi şəhəri ilə yarışırdıq. Bir dəfə yarış dostlarımızın yanından qayıdanda yol yoldaşlarıma dedim ki, siz mənsiz qayıdın,- bu İstisu haqqında nə qədər danışsalar da, iclaslarda ondan nə qədər söz salsalar da, o hələ yerindən tərpənmir, — gərək gedib onu görəm. Oraları qaydaya salıb abadlaşdıran yoxdur. İstisuyu görmək istəyirəm… 

Yevlaxdan İstisuya gedəcəkdim. Yevlaxdan o yana isə heç yeri tanımırdım. Gecə xəbər ala-ala, Tərtərdən, Mardakertdən(Ağdərə-S.L.) çox çətin, xaraba yollarla səhərə yaxın İstisuya gəlib çıxdım…

İstisuda nə görsəm, yaxşıdır. Bir neçə təşkilatdan 5-6 adam gəlib ki, guya İstisuyu tikib quracaqlar. Nə elektrik enerjisi var, nə də yolları… Xırda təşkilatlar biri-birindən inşaat materiallarını oğurlamaqla məşğuldurlar…

İki gün İstisuda qaldım. Araşdırdım, bu cür mühüm əhəmiyyətə malik müalicə ocağını tikib, abadlaşdırıb xalqın istifadəsinə vermək üçün nə etmək lazım olduğunu öyrəndim. Sonra həmin təşkilatlardan soruşdum ki, elektrik enerjisini haradan gətirəcəksiniz? Dedilər, guya Tərtər çayı üzərində xırda bir hidrostansiya tikiləcək, onun enerjisindən istifadə edəcəyik. Mingəçevir təcrübəmdən o dəqiqə başa düşdüm ki, bu, baş tutan iş deyil, tamam uydurma bir ümiddir… 

Bu fikirlərlə gəlib çıxdım Kəlbəcər rayon mərkəzinə. Rayon partiya komitəsinin birinci katibi Səfər Verdiyev idi. Heç bir göstərişsiz-filansız İstisuya dair hazırladığım təklifləri onlara oxudum. Çox sevindilər ki, deyəsən, bu işə ciddi yanaşan adam tapılıb. Dedim ki, çalışacağam ki, bu iş başlı-başına qalmasın və sizə bir köməyim dəysin. Kəlbəcərdən birbaşa Mingəçevirə gəldim. Rüstəm Aslanov Mingəçevirdə trest müdiri idi. Onu vaxtilə mən irəli çəkmişdim. İndisə ondan xahişim vardı. İstisuyu biz tikməliyik. Bura dünya əhəmiyyətli müalicə ocağıdır, xarabaya çevrilib. Bunu ya gərək sən tikəsən, ya da biz. Amma sən Kəlbəcərə bizdən 300 km yaxınsan. Rüstəm razılaşmadı ki, Kamran müəllim Kəlbəcərdə — dağın başında tikinti aparmaq mümkün deyil. Mənsə dedim ki, razı olacaqsan. Həm İstisuyu, həm də Naftalanı sənun trestin tikməlidir. Xülasə, birtəhər onun razılığını aldım… 

Mərkəzi Komitəyə yazdığım məktuba Rüstəm Aslanov da qol çəkdi. Xoşbəxtlikdən bir vaxtlar mənim yanımda işləmiş, indisə Gürcüstan “Kəndsənayetikinti” trestinin rəisi olan Səfərov da burada idi. Ondan xahiş etdim ki, vertolyotla Ağdamdan Kəlbəcər İstisuyuna dağlarla elektrik xəttinin çəkilişini öz üzərinə götürsün. Səfərovu dilə tutmaq heç lazım olmadı- o məmnuniyyətlə mənim təklifimlə razılaşdı… 

Sumqayıta qayıdandan sonra fikirləşdim ki, axı mən kiməm? Məni Kəlbəcərə kim göndərmişdi? Bu təklifin altından imza atmağa ixtiyarım varmı? Amma bir fikrim qəti idi ki, bu məsələni başlı-başına buraxa bilmərəm. Özüm də Mərkəzi Komitənin üzvüyəm. Məktuba Mərkəzi Komitənin üzvü kimi qol çəkib yolladım Mərkəzi Komitəyə… 

“Bu minvalla İstisu sanatoriyasının tikintisini sürətləndirmək məsələsi Mərkəzi Komitənin müzakirəsinə çıxarıldı…” 

O vaxt respublikanın 1-ci katibi olan İmam Mustafayev də bu cür təşəbbüsləri alqışlayan adamdı. Məktub ona çatan kimi hiss edib ki, bunu yazan şəxs Kəlbəcərdə olub, vəziyyəti öyrənib, tiknti, yol, elektrik xətti çəkilməsi məsələlərinin həlli yollarını öyrənəndən sonra məktubu hazırlayıb…Bu minvalla İstisu sanatoriyasının tikintisini sürətləndirmək məsələsi Mərkəzi Komitənin müzakirəsinə çıxarıldı. Təklif böyük rəğbətlə qarşılandı… …

Bir il keçəndən sonra AHİŞ-ə sədr gəldim. Yazdığım təklifin icrasını dəstələyib öz əlimə aldım. Birinci il işə başlamaqdan ötrü təşkilat və müəssisələrdən 36 milyon manat pul topladım… 

Rəhmətlik İslam Həsənzadə sakit təbiətli, azdanışan adam idi. Mühəndisliyinə isə söz ola bilməzdi. İstisuyun inşasını ona tapşırdılar. Ona dedim: 

-İslam qardaş, sən işə başla, vəsaitdən ötrü narahat olma, mən sənə kömək edəcəyəm… 

İslam Həsənzadə dağın başında bir baza yaratdı. 4-5 obyekti, o cümlədən baş binanı- vanna otaqlarını, suyun çəkilməsini baş plana saldı… 

İstisu sanatoriyası tikilə-tikilə İslam Həsənzadəni Naftalana apardım. O da Rüstəm Aslanova- Mingəçevirə tabe idi…

Naftalan məsələsi qaldırılanda Moskvadan Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının sədri V.Qrişin və Bakıdan Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovla gəldilər ki, işlə yerində tanış olsunlar. Baxdılar, gördülər ki, doğrudan da mən burada böyük iş aparıram.  Moskvadan gələn qonaq  ölkə rəhbəri ilə oradan düz Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdilər. Görülən işlər onların çox xoşuna gəldi…    

Deyəsən, elə mənim iş proqramımla tanış olandan sonra V.Qrişinin ürəyində məni Moskvaya aparmaq istəyi baş qaldırmışdı… 

Nə isə… Eyni vaxtda İstisuda, Naftalanda, Şuşada, Masallıda, Lənkəranda iş gedirdi. AHİŞ-də məsələ qaldırdım ki, 10 il mənə dəyməsinlər və bu işləri tamamlamağa imkan versinlər. Həmin 10 il ərzində Gürcüstandakı sanatoriya-istirahət ocaqlarını ötüb-keçməsək də, onlara lap yaxınlaşacağımıza söz verdim. Çünki Azərbaycanın təbii müalicə imkanları genişdir. Kəlbəcər İstisuyu Karlovı-Varı səviyyəsində bir təbii müalicə, istirahət ocağıdır. Oynaq ağrılarını sağaldan yeganə neft mənbəyi də Naftalandadır. Masallıda, Lənkəranda da kükürdlü sular axır. Şuşanın elə təkcə havası dərmana bərabdərdir. Hələ Göygöl… Bu yerlərin hamısı dünya səviyyəli kurorta çevrilməyə layiq idi. Şəki-Zaqatala zonası da öz növbəsini gözləyirdi. Bu işləri mən görəcəkdim… 

Başqa bir planım da vardı: Xəzərin ətrafında müalicə ocaqları yaratmaq… Eyni zamanda fikirləşirdim ki, müəssisələrdən vəsait toplayıb onların öz qüvvəsindən istifadə etməklə həmin kurortlarda müəsisələr üçün sanatoriyalar tikəcəyik…    Bir tərəfdən də iri müəssisələr üçün gecə prorofilaktoriyaları tikdirməyə başlammışdım. Məsələn, müalicəyə müəyyən qədər ehtiyacı olan fəhlələr gündüzlər işləyir, axşam da gedib prorofilaktoriyada dincəlir, işdən ayrılmadan müalicə olunurdular. Bu üsulu Sovet İttifaqında ilk dəfə Bakıda biz tətbiq etdik. Bizdən sonra bütün ölkə başladı bu qaydadan istifadə etməyə. Gecə profilaktoriya sanatoriyalarının faydası böyük idi: fəhlə vaxtında dincələndə işi də böyük qüvvə ilə girişir, əmək məhsuldarlığı artırdı.. 

Xatırlatma: 1993-cü ildə Rusiyanın dəstəyi ilə Kəlbəcər rayonu düşmənlərimiz tərəfindən işğal ediləndən sonra 29 il ərzində xarabazara çevrilən İstisu sanatoriyasının təməli Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin iyulunda qoyulub… 

Комментарии закрыты.