Kəfənini çantasında gəzdirən xalq şairi Mirvarid Dilbazinin DOĞUM GÜNÜDÜR

Özünün yazdığı kimi, od üstündə doğulmuşdu. Ölümlər, sürgünlər, qadağalar, milli qırğınlar və milli əsarət görmüş nəslin nümayəndəsi idi Mirvarid Dilbazi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu günlərin sevinci, süqutunun kədəri, kəndlərinə qəfil erməni hücumları, Qırmızı ordunun işğalı, sinfi mübarizə adı altında həbslər, repressiya tufanı bu nəsildən də yan ötməmiş, onun zərif nümayəndəsi Mirvaridin yaddaşında dərin izlər buraxmışdı. Babası, dayıları Qazaxıstanda, Türkiyədə torpağa tapşırılmış, anası, nənəsi Bakıda dəfn olunmuşdu. Beləliklə, böyük bir ailənin üzvlərindən heç birinə mənsub olduqları Dilbazilər nəslinin doğma kəndində — Qazaxın Xanlıqlar (indiki Musaköy) kəndində öz ulu babalarının yatdıqları torpaqda uyumaq qismət olmadı.

Avqustun 19-u Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 112-ci ildönümü tamam olur.

Qazax rayonunun Xanlıqlar kəndində anadan olan Mədinə Paşa qızı Dilbazi atasını erkən itirdiyindən Daş Salahlıda babası Mustafa ağanın yanında böyüyüb. Əhatə olunduğu mühit onun şəxsiyyət kimi formalaşmasına böyük təsir göstərib. 1920-ci ildə Bakıda — darülmüəllimata daxil olan Mirvarid oranı bitirdikdən sonra Biləcəridəki onillik dəmir yolu məktəbində və digər məktəblərdə müəllim işləyib. Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Ədəbiyyat-ictimaiyyət fakültəsində təhsil almış bu gənc qız Quba partiya məktəbində müəllim işləyib, sonra isə Bakıda “Şərq qadını” jurnalında fəaliyyətə başlayıb. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları Fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi işləyib.

Mirvarid Dilbazinin “Qadınların hürriyyəti” adlı ilk şeiri 1927-ci, “Bizim səsimiz” adlı ilk kitabı 1934-cü ildə nəşr edilib. Şairin “İlk bahar”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Həyat lövhələri”, “Xatirələr aləmində”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi”, üç cilddə “Seçilmiş əsərləri”, “Qar çiçəkləri”, “Durnalar ötüşəndə”, uşaqlar üçün “Nağıllar”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Yaz gəlir”, “Lalənin ağacları”, “Abşeron bağlarında” və digər kitabları çapdan çıxıb.

Mirvarid Dilbazi ədəbi irsinə lirik, ictimai məzmunlu şeirlər, “Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə”, “Avey dağla söhbət” və digər poemaları, “Xocalı fəryadı”, “Məhsəti” pyesləri daxildir. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini dilimizə tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. Bəstəkarlarımız Mirvarid Dilbazinin sözlərinə mahnılar yazıblar. Ağabacı Rzayevanın onun “Çoban Qara”, “Evimizə gəlin gəlir”, “Anam yadıma düşdü”, “Laylay”, “Azərbaycan elləri” şeirlərinə yazdığı mahnılar bu gün də sevilə-sevilə dinlənilir.

Doğma Azərbaycanı qarış-qarış gəzmiş şair onun hər guşəsinin gözəlliyini dərindən duya-duya, mənəvi dünyasından keçirərək bədiiləşdirməyə nail olub. Təbiətən kəndə doğma hisslərlə bağlı olduğu üçün zəhmət adamlarının saf mənəviyyatını da ilhamla qələmə alıb. İkinci Dünya müharibəsi dövründə onun qəhrəmanı — sevgilisinin yolunu intizarla gözləyən gənc qız, körpə balasının taleyi üçün narahat ana, arxa cəbhədə çətinliyə qatlaşan mərd qadın olub. Daha çox lirik şair kimi tanınan və sevilən Mirvarid Dilbazinin lirik “mən”i sevən, səadətini saf, təmiz məhəbbətdə axtaran, etibar, sədaqət timsalı olan bir qadındır. Bu qəhrəman aşiqindən vəfasızlıq görəndə qürurunu itirmir, əyilmir. Mirvarid Dilbazinin poeziyasında analıq dünyasının rəngarəng məqamları dərin emosionallıqla verilib. Belə şeirlərdə həm ana və övlad duyğularının, həm də mehriban nənənin nəvaziş və qayğılarının bədii inikasına rast gəlinir. Ana olmağı əvəzsiz bir səadət bilən Mirvarid Dilbazi özü haqqında “Şair və ana — tale iki şahlıq tacını bəxş etmiş ona” yazıb. Eyni zamanda, “Kişi anası ol ana olanda”, — deyən şair gözəl insani keyfiyyətlərlə zəngin, təkcə valideynin deyil, xalqının da sabahında layiqli varis ola biləcək bir övlad böyütməyi, tərbiyə etməyi ən böyük analıq şərəfi sayıb.

Mirvarid Dilbazi Azərbaycanın ictimai-siyasi həyatında XX əsrin sonlarındakı tarixi hadisələri dərindən yaşayaraq səciyyəvi lirik lövhələri yaradıb. Bu dövrdə şairin lirik “mən”i müdrik, qayğılı el anasıdır. Vətənin, xalqın taleyi ən ağrılı enişləri ilə onun varlığından keçərək şeirə çevrilir. Yurd-yuvalarından didərgin düşmüş qaçqın və köçkünlərimizə həsr etdiyi “Ağla, kamanım, ağla”, “Qoymayın ağlayım məni”, 20 Yanvar faciəsi ilə bağlı yazdığı “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” və digər şeirləri bu mövzuda yazılmış çox gözəl poeziya nümunələridir.

Mirvarid xanımın babası Mustafa “37-nin” qurbanlarındandır. Qazaxıstanda sürgün həyatı yaşayıb, orada da dünyasını dəyişən babasının məzarının yeri bu günə qədər də məlum deyil. Şairin ulu babası Əbdürrəhman ağa Dilbazi Xanlıqlar kəndində doğulub, dövrünün ən mütərəqqi aydınlarından, ictimai xadimlərindən olub. 1803-cü ildə Sisianovun Gəncə xanı Cavad xanı qətlə yetirməsinə divan yazdığı üçün gözləri çıxarılıb. Qazaxın «alov qülləsi» adlanan yerində bir sal daş üstə oturub, gözləri kor gəlib-gedənləri dinləyib, Tiflisdə, Gəncədə, Qarabağda nələrin baş verdiyini soruşub, bədahətən şeirlər deyib.

Gallery

Mirvarid Dilbazi iki dəfə ailə həyatı qurub. Onun birinci həyat yoldaşının adı Rəşid olub. Rəşidlə Mirvari xanım əmiuşağı olublar. Rəşid bəy isə məşhur rəqqasə Əminə Dilbazinin qardaşı idi. Mirvarid xanımla həyat yoldaşının həm soyadı, həm də atalarının adı eyni olub — Dilbazi Rəşid Paşa oğlu, Dilbazi Mirvarid Paşa qızı. Ona görə də nikah zamanı hər kəs məətəl qalıb, deyiblər, bacı-qardaşla ailə qurur?

***

1942-ci ildə Mirvarid xanımın həyat yoldaşı müharibəyə yola düşüb. Hamilə olan şairə bacısı Yaqut xanımla İncə dərəsində birgə yaşayırmış. Bir gün o, bacısı ilə birgə Qazaxda yerləşən Hacı Mahmud ziyarətgahına getmək üçün qatarla yola düşüb. Onları Əminə Dilbazi yola salıb. Səməd Vurğunun qardaşı Mehdixan müəllim də Qazaxda katib idi. Tapşırıb ki, onları qarşılasınlar. Yolda Mirvarid xanımın sancısı tutub, əsgərlər onu ayrıca bir vaqona aparıblar. Təsadüfən maşında Tibb Universitetində oxuyan gənc bir qız olub. onun köməyilə Mirvarid xanımın qızı dünyaya gəlib. Gəncəyə çatanda təcili yardım maşını ilə şairi xəstəxanaya aparıblar.

Gallery

Mirvarid xanım ikinci dəfə əslən Qubadlıdan olan Həsi Abdullayevlə ailə qurub. Onun ikinci dəfə ailə qurması isə Səməd Vurğunun məsləhəti ilə olub. Səməd Vurğun şairi yanına çağırıb deyib ki, adına söz çıxaracaqlar, ərə get. Bundan başqa Mirvarid xanımın xalasının əri Əhməd Seyidov da ona ailə qurmağı məsləhət görüb. Şair ailə quranda artıq bir nəvəsi var idi.

***

Deyilənə görə, yumşaq olduğu qədər də zabitəli qadın olub. Ailədə ondan çəkiniblər. O həm də çox işgüzar insan olub. Yaxşı biş-düş qabiliyyəti var idi. Xüsusilə, qurutlu xəngəli yaxşı bişirib. Xəngəl üçün qurutu isə mütləq özü hazırlayıb eyvanında qurudurmuş.

Gallery


İçki içməyi sevməyib. Hətta qohumları belə məclislərdə ondan gizlin içiblər. Qızı Xatirə Dilbazi müsahibələrinin birində bu haqda deyir: Mən deyib-gülməyi, əylənməyi xoşlayıram. Bibim Əminə xanım da belə idi. Ona görə anam ona acıqlanırdı həmişə. Anamın yanında bərkdən gülmək, ucadan danışmaq, yüngül hərəkətlər etmək olmazdı. Bağa toplaşırdıq, kabab çəkirdik, bunu içkisiz necə yola verəsən? Keçib evdə gizlin içirdik…

***

Evində həmişə “Quran” olub. Mirvarid xanımın anası namaz qılan qadın olub. Özü də həmişə “Quran”ı orijinaldan oxuyub.
Mirvarid xanım şeirlərini də əski əlifbada yazıb, sonra makinaya köçürüb.

Gallery


Evi həmişə qonaq-qaralı olub. Amma gələnlərdən heç vaxt pay götürməyib. Deyib ki, məni çox istəyən bənövşə gətirsin. Bu haqda bir şeiri də var.

***

Elçibəy prezident olanda onunla görüşüb. Mirvarid xanımın Elçibəydən yeganə xahişi “Yazıçı” nəşriyyatının 2 milyon rubl borcunu bağışlaması olub.

***

Ömrünün son günlərində yatağından qalxa bilməyib. Zəlimxan Yaqub onun yanına gedib, evdəki sazla bir neçə saz havası ifa edib. İfanın sonunda otaqdakıların çöhrəsini diqqətlə süzən şair deyir: “Demişəm Xatirəyə, məni anamın yanında basdırın. Onsuz dura bilmirəm. Anamın laylasına möhtacam”.

Gallery

Müsahibələrinin birində qızı deyir ki, anam kəfənini alıb çantaya qoyub. Hər dəfə deyirdi ki, ölüb-eləsəm, özünüzü itirməyin. Heç nədən qorxmurdu. Camaat gedib qızıl-gümüş alanda o, köhnə qəbiristanlıqda özü üçün yer alıb. Vəsiyyət eləmişdi ki, məni Fəxri Xiyabanda yox, anamın yanında basdırın. Elə də elədik.

Ürəyində Qarabağ dərdi ilə 2001-ci il iyulun 12-də dünyadan köçən şair əbədi sənəti ilə qəlbimizdə dərin izlər qoyub.

Öz içindən yanan bir ocağam mən,

Yandıqca daha gur yanacağam mən!

— yazan Mirvarid Dilbazinin əsərləri hər zaman insanlara güc, inam verir, onları paklığa, ülvi duyğulara səsləyir.

Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar mədəniyyət işçisi, Xalq şairi fəxri adlarına layiq görülüb, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri və medallarla təltif edilib. Şairin dövlət səviyyəsində keçirilən 85 illik yubileyi mərasimində Ümummilli Lider Heydər Əliyev şəxsən iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.

Комментарии закрыты.