“HÖKUMƏTİN İQTİSADİ KOMANDASI SİNİFDƏ QALIB…” — «Onlar anlamalıdırlar ki…”

Azərbaycanda hökumətin apardığı vergi-gömrük siyasətinin heç də ölkənin qeyri-neft sektorunun xeyrinə işləmədiyi dəfələrlə müstəqil iqtisadçılar və sahibkarlar tərəfindən səsləndirilsə də, bu şikayətlərə məhəl qoyan yoxdur. Əksinə, vergi və gömrük yükü artırılmaqda davam edir…

İqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə paylaşımında hökuməti yürütdüyü iqtisadi siyasətə görə tənqid edib: “Hökumətin iqtisadi komandasının iqtisadiyyat haqqında təsəvvürləri kökündən yanlışdır, iqtisadi aktivlikdən danışmaqdansa, bunu təşviq etməkdənsə vergi-gömrük yığımlarını artırmağa çalışırlar.

Görün Mikayıl Cabbarov nə deyir: “Vergi daxilolmalarının davamlı artımı vətəndaşların rifahına mühüm töhfələr verir”.

Əsl sol-solçu yanaşmasıdır, olsun, amma vətəndaş yığılan vergilərə nəzarət edə bilirmi, bunun mexanizmləri varmı – yoxdur.

Amma İqtisadiyyat naziri vergi daxilolmalarının artması ilə nə vaxt öyünməlidir?! Bəli, iqtisadiyyatın böyüməsi, iqtisadi aktivliyin artması, yeni müəssisələrin, iş yerlərinin yaranması hesabına vergilərdən çox daxilolmalar olsa, əlavə dəyər yaranması ilə bu baş versə öyünə bilər. Amma Azərbaycan iqtisadiyyatı 2023-cü ildə ÜDM-in artım tempinə görə MDB-də sonuncu yeri tutub, iqtisadi böyümə yoxdur. Yaxşı, vergi daxilolmaları nəyin hesabına davamlı artır?! Bəli, vətəndaşın, biznesin vergi yükünün artması hesabına! Yaxşı, biznesin vergi yükü artırsa, biznes daha çox vergi ödəyirsə nə baş verir?! Bəli, biznes yeni yatırımlar edə, yeni iş yerləri yarada bilmir. Bu zaman vergi daxilolmalarının davamlı artmasından vətəndaş ziyan görür, ya bu rifaha töhfə verir?! 

İqtisadiyyatdan azacıq başı çıxan adam deyə bilər ki, bu, rifahın artmasına zərbə vurur. Hə, birdən Mikayıl müəllim çıxıb deyər ki, bu, vergilərin “ağardılmasına” görə baş verir – deməsin, ayıb olur, adam illərdir bu sahəyə rəhbərlik edir, “ağartma” 1 il olar, 2 il olar, 3-cü il proses bitib normal sistem bərqərar olmalıdır, İqtisadiyyat naziri məhz buna çalışmalıdır.

Bazar iqtisadiyyatına inanan nazir-məmur anlamalıdır ki, vətəndaş nə qədər çox vergi ödəyirsə, bir o qədər çox özünün digər xərclərini azaldır, xərclərini azaldırsa, deməli iqtisadi aktivlik də azalır – nəsə almır, haranısa tikmir. Bu qədər sadədir məsələ.

Hökumətin iqtisadi komandası sinifdə qalıb, onlar anlamalıdırlar ki, əvvəl iqtisadi aktivliyi artırırsan, bundan sonra orqanik, təbii olaraq vergi daxilolmaları da artır. Hökumət isə səhv yolla gedir, vergi-gömrük yükünü artırır, iqtisadi aktivliyi zəiflədir – bir müddət sonra vergi daxilolmaları da azalacaq…”

Комментарии закрыты.