Helikopter pəri 8 kəlbəcərli uşağı doğradı — Şahidlər hadisədən nələri danışdı? — VİDEO

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi Kəlbəcərin ilk şəhidləri olan 8 uşağın başına gətirilən faciə ilə bağlı sənədli film hazırlayıb.

İctimaimedia.az xəbər verir ki, 2022 -ci ildə hazırlanan film 1989-cu il iyulun 14-də baş vermiş hadisəyə həsr olunmuş film “Gizli qalsın” adlanır.

Hadisədən bir müddət əvvəl 8 erməni təxribatçı Kəlbəcərin Ağdaban kəndinə basqın edib, onlar sakinlər tərəfindən tutulublar. Tərk-silah edilən terrorçular Kəlbəcər milisinə təhvil veriliblər.

Faciəni də həmin erməniləri Xankəndinə aparmaq üçün gələn hərbi helikopter törədib. Belə ki, 8 uşaq stadionda vertolyotun ətrafına toplaşaraq bu nəhəng nəqliyyat vasitəsinə baxmağa başlayıblar. Helikopter havaya qalxanda qəzaya uğrayıb, pəri uşaqları tikə-parça eləyib. Həmin faciənin şahidi olan hər bir kənd sakini deyir ki, uşaqları sanki ət maşını doğramışdı.

Helikopterin pilotları 366-cı motoatıcı alayın sərxoş hərbçiləri olublar.

Bu faciə sovet dövründə gizli saxlanılıb, hətta hadisə ilə bağlı müxtəlif qurumlara dayanmadan şikayət edən valideynlərdən birinə susması üçün təzyiq göstərilib.

1991-ci ildə Kəlbəcər Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə rayon mərkəzində həlak olan 8 uşağın xatirəsinə abidə qoyulub.

Uşaqların ailələri filmdə 30 il sonra şəhidlərinin qəbrini tapıb ziyarət ediblər. Onlar evlərinə də baş çəkiblər, həmin hadisədən danışıblar, Kəlbəcərli xatirələrini bölüşüblər.

Qeyd edək ki, faciə nəticəsində həlak olan uşaqların ən kiçiyinin 6, ən böyüyünün isə 14 yaşı olub: Məmmədov Sahib Sultan oğlu (10 yaşında), Salmanov Razim Tofiq oğlu (8 yaşında), Valehov Anar Qardaşxan oğlu (6 yaşında), İbişov Cahid Telman oğlu (10 yaşında), Əsgərov Səxavət Dəmir oğlu (14 yaşında), Əsgərov Natiq Məhəmməd oğlu (14 yaşında), Xəlilov Bəxtiyar Rəhim oğlu (11 yaşında) və Orucov Azər Zakir oğlu (7 yaşında).

Комментарии закрыты.