ELM ALƏMİNİN ŞAHI: “Zamanın anası belə oğul yetirməyib”
Dünyanın qədim elm və mədəniyyət mərkəzlərindən olan Bağdadda bir qəbirin üstündə belə bir yazı var: “Dinin və xalqın köməyi, elm aləminin şahı. Zamanın anası belə oğul yetirməyib”.
Bu qəbir Azərbaycanın görkəmli oğlu, filosof, astronom, riyaziyyatçı və böyük elm sahələrinin ensiklopedik bilicisi Məhəmməd İbn Həsən Nəsirəddin Tusiyə məxsusdur. Tusinin vəfatından 700 ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, o, bu gün də bizim müasirimizdir.
Məhəmməd Nəsirəddin Tusi 1201-ci il fevral ayının 17-də Azərbaycanın qədim şəhəri Həmədanda dünyaya gəlib.
Məhəmməd İbn Həsən ilk təhsilini atasından alır. Daha sonra o, İbn Sina və Bəhmənyarın davamçıları ilə əlaqə yaradıb və təhsilinin mükəmməlliyini başa çatdırır.
Tusinin zəkasından xəbər tutan Kuhistan başçısı Nəsirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və xahiş edir ki, əxlaq barədə bir kitab yazsın. Tusi 34 yaşında olarkən ona dünya şöhrəti gətirən “Əxlaqi Nasir” əsərini tamamlayır.
Əsər hökmdarın xoşuna gəlmir və Tusi Əlamut qalasına sürgün edilir. O, bu sürgündə 12 il dözülməz şəraitdə yaşayır. Buna baxmayaraq sürgündə ikən “Şərhül-İşarət” əsərini yazır.
1253-cü ildə Çingiz xanın nəvəsi Hülakü xan Ələmut qalasını tutur. Tusini və digər alimləri məhbusluqdan azad edir. Hülakü xan öz dövlətinə mərkəz olaraq ilk dəfə Marağanı, sonra Təbrizi seçir. Ölkənin idarə olunmasında Hülakü xana Tusi dəyərli məsləhətlər verir. Məhz belə bir vaxtda ölkənin mərkəzi yuxarıda qeyd etdiyimiz kimi 1260-cı ildən Azərbaycan ərazisində olur.
İsti münasibətdən istifadə edən Tusi Marağa ərazisində rəsədxana tikilməsinin faydalı olacağını xana bildirir və bu rəsədxananın tikilməsinə icazə verməyi — kömək göstərməyi ondan xahiş edir. Tusi Hülakü xana bildirir ki, ölkənin daxili həyatı bir çox hallarda xarici mühitdə baş verən hadisələrdən asılı olur. O, bildirirdi ki, kiçik şeyləri və hadisələri nəzərə almamaq bir çox hallarda fəlakətə gətirir. Məsələn, qığılcım çox kiçikdir, ancaq o, partlayışa, odlu silahların atəşinə səbəb olur. Damcı çox kiçikdir, birləşib yağış və sellər yaradır. Bu sellər kəndləri və şəhərləri su altında qoyur.
Nəhayət, tikintisi 1258-ci ildə başlayan rəsədxana 1259-cu ildə Tusinin başçılığı ilə Marağada açılır. Tusinin köməyi ilə Şərq ölkələrindən — Hələb, Bağdad, Dəməşq və Misirdən kitablar gətirilir. Rəsədxana ərazisində zəngin bir kitabxana yaradılır. Bəzi mənbələrə görə, bu kitabxanada 400000 əlyazması olub, həmin dövrdə kitab nəşr etmə olmadığından elmi fikirlər əlyazma şəklində saxlanılırdı. Bu əlyazmalar indi də Leypsiq, London, Leninqrad, Moskva, İsveçrə və bir sıra ölkələrin yazı muzeylərində saxlanılır. Azərbaycan əlyazmaları fondunda Tusinin “Zic Elxani”, “Təhriri Öqlidis” və başqa əsərlərindən nümunələr qorunur.
Əldən-ələ gəzən “Əxlaqi Nasiri” əsəri ilə yanaşı, Tusinin elmi əsərləri də bu gün elmi ictimaiyyətin köməyinə gəlir. Tusinin “Zic Elxani” əsərində hələ XIII əsrdə 256 şəhərin coğrafi koordinatları verilir. Təsadüfi deyildir ki, dünya səyahətçisi Kolumbun müəllimi Toskanellinin bu cədvəldən istifadə etməsi barədə qeydlər elm tarixində əks etdirilib. Səyyahlar bu cədvəldən istifadə etməklə Amerika qitəsini daha asanlıqla kəşf ediblər.
“Zic Elxani” əsərində təqvimlər, Ay və Günəşin tutulması, tutulma vaxtı, tutulmanın əhatə etdiyi ərazilər verilib. Burada ulduzların ekliptik koordinatları, presesiya hadisəsi əsaslandırılır. Bir faktı qeyd edək ki, Pekin və Səmərqənd rəsədxanalarında fəaliyyət göstərən alimlər, hətta Nikolay Kopernik də Tusinin müəyyən etdiyi presesiyanın qiymətindən istifadə ediblər. Tusinin “Təhriri Öqlidis” əsəri əsasən həndəsəyə aiddir. Onun riyaziyyata aid “Şəklül-Qita”, “Hesablama məcmusu” adlı əsərləri dünya riyaziyyat aləminin diqqətindən kənarda qalmamışdır. Belə ki, 1963-cü ildə Moskvada nəşr olunmuş “Tarixi riyazi tədqiqatlar” əsərinin XV buraxılışında N.Tusinin “Hesablama məcmusu” əsərindən bir hissə — XI bölmənin tərcüməsi verilib.
Tusinin “Təhrir əl-Məcəsti” və “Təfkireyi Nəsiriyyə” əsərləri planetlərin hərəkətinə həsr edilib.
Tusi təbiətdə maddənin və hərəkətin saxlanılmasına dair ilk fikir söyləyənlərdəndir. O, 1274-cü ilin iyun ayının 25-də 73 yaşında vəfat edib.
Azərbaycanda Tusi həmişə diqqət mərkəzində saxlanılır, elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Onun haqqında 30-a qədər kitab yazılıb. 14 sanballı əsərin müəllifi Tusinin əcdadları indi Naxçıvanda-Ordubadda yaşayırlar. Şamaxı ərazisində Pirquluda inşa edilmiş Astrofizika rəsədxanası Tusinin adını daşıyır.
Tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynayıb. 1594-cü ildə Romada, sonra isə latın dilinə tərcümədə çap olunan “Evklid”, “Başlanğıcın təsviri” əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görüb.
Alimin beş kitabdan ibarət yazdığı “Bütöv dördtərəfli haqqında risalə”də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilib. Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcədən kökalma metodu və Binom düsturu daha çox tanınır.
Bundan başqa alimin tarix, mineralogiya, fizika, tibb, iqtisadiyyat, coğrafiya, musiqi və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətəlayiqdir. Bunların arasında “Bağdadın tarixi”, “İşığın əks olunması və sınması haqda risalə”, “Evklid optikası”, “Göy qurşağının öyrənilməsinə dair risalə”, “Qiymətli daşlar haqqında kitab”, “Tibb qanunları”, “Dövlət maliyyəsi haqqında risalə”, “Xoşbəxt günlərin seçilməsi” (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər. Onun əsərləri dünyanın müxtəlif nöqtələrinə səpələnib. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.
Комментарии закрыты.