DAGLILAR KİMDİR?: XIZI-BƏRMƏK MAHALININ ƏRAZISI, ƏHALISININ MƏNŞƏYI,DILLƏRI VƏ DINLƏRI HAQQINDA
Azərbaycanın Xızı-Bərmək mahalı Şərq tərəfdən Xəzər dənizi, cənubdan Bakı kəndləri və Sumqayıt çayı ilə, şimaldan Gilgilçayla, qərbdən Şamaxı mahalı ilə hüdudlanmışdır. Buranın gözəl iqlimi, Dubrar, Yarımca, Yəhərcə, Ərəblər, Zarat yaylaqları, Qasımxan, Yeddibulaq, Novruzbulaq, Soyuqbulaq və Xızı çeşməsi kimi sərin və şirin bulaqları, məşhur müalicəvi istisuyu, Xilmili, Nabur və Qalaaltı mineral suları, Sumqayıt çay, Ata çay, Ətəh çay, Gil-Gil çay kimi çayları əzəmətli Dubrar, Saraku, Boy Bəyim, Baş Bərmək dağları, çoxsahəli meşələri, məhsuldar çölləri, meyvəli bağları, zəngin nefti, qazı və digər yeraltı sərvətləri vardır. Başbərmək dağında olan Xızirzində piri göstərir ki, hələ eramızdan əvvəl də bu yerlər əcdadımızın məskəni olmuşdur. Bu yerlərin zəngin flora və faunasından aydın olur ki, burada içməli suyun bolluğu, ərazinin dağlıq və meşəlik olması, onun dəniz kənarında yerləşməsi qədim zamanlardan yaşayış üçün əlverişli şərait yaratmışdır. Babalarımız meşədə olan meyvələri yemiş, vəhşi heyvanları ovlamış və balıq tutub qidalanmışlar. Bu ərazidə arxeoloji qazıntılar aparılsa daha geniş və dəqiq mədəniyyət abidələri aşkara çıxar və əcdadlarımızın həyat tərzini işıqlandırar.
Bir sıra tədqiqatlara görə İran dilli tayfalar er. əvvəl I minilliyin əvvələrində İran ərazisinə gəlmişlər. Bunlardan bir tayfası indiki Bərməkilərin əcdadları idi. Onların bir hissəsi indiki Beş-barmaq dağının Xızır-Zində piri yerləşən qayanın həndəvərində yerləşmişdilər. Bərməkilər tayfasının adından “Başbərmək” dağı adlanmışdır. Yunan coğrafiyaşünası Strabon Xəzərin cənubi qərbində yaşayan İran dilli tayfanı Pars adlandırır1. Bu irandillilərin Sumqayıta qədər ərazidə olmasını və onların Abşeronda yaşamalarını nəzərə alsaq Strobonun yazdığı Pars tayfasına Bərməkiləri də aid etməliyik. Bu Bərməkilərin ilk gəlişləri olmuşdur.
XVIII əsrdə yaşamış Fransız Şərqşünası Degin alan sözünü alin, yəni dağlı sözündən sayır və deyir ki, onların nəsli Altay dağlarından gəlmişdir.
“Dərbəndnamə” müəllifinin yazdığına görə Babı-Alan (Alan qapıları) Alğan səddindədir, yəni Gil-gil çay səddində. V əsrdə yaşamış Yunan tarixçisi Prokopi Alanları Masaget nəslindən hesab edir2. Cahangir Zeynal oğlu yazır ki, Masagetlər ağhun türkləri deməkdir. (Masacit, abtilit, alan, Xəzər hərqan türklər adlanırlar)
Bəzi tarixçilər Baş Bərmək dağı ətəyində türk dilli Saklar və Hunların yerləşməsindən danışırlar. Son tədqiqatlar göstərmişdir ki, Azərbaycanda türkmənşəli tayfalar məskən salmış və əhalisinin aparıcı hissəsini türklər təşkil etmişlər. Türklərin Azərbaycanda məskunlaşması eradan əvvəl III minillikdən başlamışdır. Sonra gələn türk tayfaları çox qədimlərdə bu ərazidə yaşayan yerli türklərə qovuşmuşlar. Dağlı tayfa adıdır, onlar Türk dilli olub və Bərməkilərlə bu yerlərdə məskunlaşmışlar. S.Ə.Nəsvəri, V.V.Bartolu, V.Minorski, B.V.Miller Azərbaycan xalqının mənşəyini farslardan dönmə kimi yanlış fikrini söyləmişlər. Onlar Azərbaycanlıların türkləşməsini oğuzların XI əsrdə gəlməsilə əlaqələndirirlər. Azərbaycan türklərinin Xalq kimi formalaşmasını isə XIV əsrdən hesab edirlər. Bu fikirlər türk tarixinə saxta münasibətdir. Xızı-Bərmək mahalında olan Ata çay, Sumqayıt çay sözləri türk dilindədir. Bu özü də sübut edir ki, həmin çayların ətrafında məskunlaşanlar türklər olmuşlar.
Dağlı (Alin) və Bərmək tayfaları ortadakı ziddiyyətlərlə yanaşı xeyirxahlıq, namus, qeyrət, tayfa ənənələrini qoruyan və nəsildən-nəslə keçən yazılmamış qayda-qanunlar əsasında idarə olunurdu. Taxta körpü ətrafında qazıntı işləri aparılarkən cınqıl karxanasından küp qəbirlərə bənzər, dibi enli, ağızları isə dar quyu qəbirlər tapılmışdır. Qəbirlərdən oturmuş vəziyyətdə olan insan skeletləri, rəngli gil qablar da tapılıb. Qozağacı taxtasında şum içərisindən tapılmış daş çapacaq göstərir ki, neolit dövründə babalarımız daş alətlərdən istifadə etmişlər. Yeni daş dövrünə aid əşyaların tapılması sübut edir ki, Xızı mahalı da ilk insan məskənlərindən biri olmuşdur. Xələnc kəndinin qəbrstanlığı yanında, Altı-Ağac yolu genişləndirilərkən çapılan qayada aşkar edilmiş daşla hörülmüş üstü qapalı qəbirlər ulu əcdadlarımızın məkanı və mədfanı olmasını açıq göstərir. Qızılburun kəndi yaxınlığında Xəzər dənizi sahilinə yaxın yerdə, qədim yaşayış məskənində kəşfiyyat xarakterli arxeoloji axtarışlar zamanı maddi mədəniyyət nümunələri tapılmışdır. Burada daş qutu qəbri aşkar edilmişdir. Həmin yerdə çoxlu saxsı qablar da tapılmışdır. Daş qutu qəbirləri er. əvvəl I minilliyin əvvəllərindən eramızın VI əsrlərinə aid etmək olar.
Tarixi mənbələrdə yazıldığı kimi Bərmək tayfasının er. əvvəl Əfqanıstandan gəlib İrana gedərkən, az miqdarı Baş Bərmək dağı ətrafında məskunlaşmışdır.
XIX əsr rus şərqşünası N.V.Xanıkov yazıb ki, X əsrin ortalarında Ərəb coğrafiyaşünası İstdxri “İqlimlər kitabında” qeyd edib ki, Xuzistanda Ərəb və Pars dilləri ilə yanaşı Xuzi dili də var idi7. Belə nəticəyə gəlmək olar ki, Xuzi dili Xızılıların danışdığı qədim dil olmuşdur. Xuzi dili Pars dili olmasa da, həmin dil qrupuna aiddir. Çox qədimdən türklərin məskəni olan Xızı mahalının əhalisinin tərkibi Xuzi dilli bərməkilər və türk dilli dağlılardan ibarət idi. Bərməkilər üçüncü dəfə Bağdaddan gəldiyinə görə onlar ərəb dilini də yaxşı bilirdilər. Xuzi dilli bərməkilər və türk dilli dağlılar ölkədə baş vermiş bütün siyasi hadisələrdə, iqtisadi və mənəvi mədəniyyətin formalaşmasında fəal iştirak etmiş azərbaycanlılardır. Onlar ölkəmizin ən qədim sakinlərindən olub, Azərbaycan xalqının formalaşmasında mühüm rol oynamışlar. Xızı-Bərmək mahalında olan coğrafi adlar Bərmək və Dağlı tayfalarının tarixini özündə əks etdirən qiymətli mənbələrdir. Yer adlarının yaranması, mənşə və mənası, onların qrammatik quruluşu, düzgün yazılışı və tələffüzü tarix, coğrafiya və dilçiliyin tədqiqi nəticəsində aydınlaşdırıldıqda müəyyən tarixi məsələlər həll oluna bilər. Bu mənada coğrafi adlar xalqın dünəni ilə bu günü arasında bir körpüdür. Xızı-Bərmək mahalında toponimlər Türk, Fars, az miqdarda Ərəb dillərinə mənsubdur. İctimai-siyasi hadisələrlə əlaqədar yaranan adlar bir başa tarixi mənbə rolunu oynayır. Yer və kənd adlarının öyrənilməsi həmçinin xalq təsərrüfatı üçün də böyük əhəmiyyətə malikdir. Xızı-Bərmək mahalının 80 km-dən çox ərazisini Şərqdə Xəzər dənizi qoruyur. Xəzər hidronimi Türk dilli Xəzər(-lər) etnik birliyinin adından əmələ gəlmişdir. Xəzərlər Şimali Qafqazda dəniz sahillərinin qədim sakinlərindəndir. Tarixçi Q.Qeybullayevin fikrincə, Xəzər Kas etnonimi və Türkcə “Ər” sonluğundan əmələ gəlmişdir. Tarixçilərin yazdığına görə Xəzər dənizi müxtəlif dövrlərdə 60-dək ad daşımışdır. Bu isə, şübhəsiz ki, Xəzər dənizinin coğrafi və strateji mövqeyindən irəli gəlmişdir.
Tarixçi Cahangir Zeynaloğlu yazıb ki, Buğlar adı ilə məşhur olub vaxtilə Don və Volqa nəhirləri arasında hakimiyyət sürən türklərə ərəblər xəzərlər demişlər. Dənizə də bunların adlarına uyğun “Bəhri Xəzər” adı verilmişdir. Ruslar Xəzərləri “Xazar” adlandırırdılar. Abşeron yarımadasının Şimali Qərbində yaşayan Xızı-Bərmək dağlıları (Sumqayıt çaya qədər olan sahədə) bu yerin ən qədim sakinlərindəndir. “Abşeron” toponominin yaranması, onun etimologiyası haqqında elm aləmində hələ də yekdil fikir yoxdur. “Abşeron” “ab” — su və ”şoran” — duzlu sözlərinin cəmidir. Yəni duzlu su — şor su deməkdir. Bu fikri qəbul etsək, “Abşeron” sözünü hələ eramızdan əvvəl Pars dillilərin, o cümlədən bərməkilərin gəlməsilə əlaqələndirməliyik.
Rus tarixçisi N.Zeydlist və coğrafiyaşünas K.Qan “Abşeron” sözünün “Abşirin” sözündən əmələ gəlməsini söyləyirlər. Bu da yarımadada şirin suların olması ilə əlaqələndirilir. Bəzi tarixçilər «Abşeron» sözünü oğuz tayfası Afşarlarla da eyniləşdirirlər. Bizə görə bu səhvdir. Çünki, Azərbaycanın bir çox yerlərində əfşarlar yaşamışlar, lakin heç yerdə bu uğrama olmamışdır.
Saraku dağının və yaşıl meşənin qoynunda yerləşən qədim tarixə malik Xızı kəndi Bakı şəhərindən 100 kilometr aralı, Şimalı Qərbdədir. Sərin suyu, qaynar bulağı, təmiz havası ilə məşhur olan Xızı kəndinin adı, Xızı sözü “Xiz” sözündən alınmışdır. Bu söz ərazisinin yaşıl təbiəti və Xızr-zində piri ilə əlaqədardır. Abasquluağa Bakıxanov “Gülüstani-İrəm” əsərində yazır: Quranda adı çəkilən Məcülbəül Bəhreyin (iki dəniz qovşağı) Musa və Xızır pəyğəmbərlərin səxrəsi (qayası) də Bərmək mahalındadır. Adına və əlamətinə görə bu qaya Xızır-zindədir. Dağ xalq tərəfindən Xıdır-zində şəklində tələffüz olunur.
Dağın adının tərkibində “Zində” sözü dağlı dilində “sağ”, “diri” mənasını verir. Xızır peyğəmbər yaşıl paltarda yaşayır, havada, suda, quruda böyük sürətlə hərəkət edir, səhralarda fəlakətə uğrayanların dadına çatır, lakin özü gözə görünmür. Şərq folklor və ədəbiyyatında Xızır İlyas peyğəmbərlə eyniləşdirilib. Xızır-İlyas kimi məşhurlaşmışdır. Dahi şairimiz Nizami Gəncəvi Xızır və İlyası bir-birindən fərqləndirir. İlyası dənizə batanların hamısı, Xızrı isə əbədiyyətin rəmzi kimi göstərir12. Türklər “Xızılı” sözünü sürətli mənasında da işlədirlər. Bu söz Xızır peyğəmbərin sürətlə hərəkət etməsilə də uyğun gəlir. Xızır-zində piri haqqında Xızı, Siyəzən, Giləzi, Sədan, Zarat və Findiqanda əhali arasında çoxlu rəvayətlər vardır. Mənim yazdığım həqiqətən olan əhvalatdır. 1995-ci ildə televizor verilişində jurnalistin dediyini qeyd edirəm. Curnalist Bakıdan maşınla Xızır-Zində pirinə gəlir ki, oradan veriliş hazırlasın. Pirə ikiyüz metr qalmış maşının mühərriki sönür. Videokameranı işə salmaq istəyərkən, o da işləmir. Jurnalist geri dönməyə məcbur olur. Deyilənə görə pir insanların xeyir niyyətlərini yerinə yetirir. Bir çoxlarına övlad bəxş edib, onları valideyn edir, şikəstlərə sağlamlıq verir, xəstələrə şəfa verir. Xızır-zində pirinə sitayiş etmək, qurban kəsmək, nəzir aparmaq əhali arasında geniş yayılmışdır. Müqəddəs pir insanların yaxşı arzularını yerinə yetirir. Belə bir rəvayət var ki, Xızır-zində dağında üç qardaş var idi. Qardaşlar susamışdılar, onlar kiçik qardaşı su üçün göndərdilər. Kiçik qardaş qayıtmadı. Sonra ortancıl qardaş su üçün gedib, o da gəlmədi. Onlar ikisi də dənizdə daşa dönüblər. İndi ədəbiyyatda onlara Xəzər dənizində iki qardaş daşları deyilir. Xalq içərisində rəvayətə görə, kiçik qardaşın adı Xızır İlyas — suyun sahibidir. Ortancıl qardaşın adı Xızır Nəbi — küləyin sahibidir. Böyük qardaşın adı Xızır-zində — torpağın sahibidir. İnsanlar köməyə onları çağırır ki, çətinlikdən xilas olsunlar. Xızır-İlyas və Xizar-Nəbi dənizin içərisində qayalar kimi sahildən görünürlər.
XVII əsr Almaniyasındakı xırda feodal dövlətlərindən birinin — Qolştiniya hersoqluğunun sarayında çalışan filosof-səyyah Adam Oleari 1636-cı ildə qırx dəvə, otuz araba, səksən adamdan ibarət böyük bir karvanla Şabrandan Şamaxıya gedərkən yol üstü “Barmax” — Baş Bərmək dağı haqqında bizim üçün çox maraqlı olan məlumatları verir. Adam Oleari yazırdı ki, 1636-cı il dekabrın 24-də Şabrandan Barmax adlı hündür dağa doğru 3 mil gedib, dağın altındakı açıq qapılı binaya girdik. Bu karvansara idi və çox köhnə idi. Burada Dərbənddən bizimlə gələnlər geri qayıtmaq istəyirdilər. Biz onlara dedik ki, piyada gedib və yükləri onlara tapşıracağıq. Bunu eşidən dərbəndlilər bizimlə getməyə razı oldular. Biz 25 dekabrda yeni il bayramını orada qeyd etdik. Bərmək dağı dənizə yaxındır. O, uzaqdan və yaxından dairəvi görünür. Dağdakı qayalar digər dağlardan yüksəkdir.
Dağın yuxarısına yol sağ tərəfdən idi. Nabələd olduğumuzdan bu yolla çox çətinliklə yuxarı dırmaşdıq. Yuxarıda hava soyuq idi. Köhnə dağılmış divarlardan görünürdü ki, burada əzəmətli bina olub və bina möhkəm müdafiə xarakterində idi. Hündür Birmaq qayasının qurtaracağında 50 kv. sacenlik hamar yer var. Buranı qalın divarlar və dörd bürc qorumaqdadır. Bu yerin ortasında daşdan hörülmüş dərin bir quyu, onun yaxınlığında isə böyük dəyirmi daşlarla örtülmüş iki qəbir var idi. Şimal tərəfdən qayanın lap yaxınlığında iri, yonuq özül daşlarından divar var idi. Bu xüsusi istehkam olaraq tikilmişdi. Buradan pillələr ilə qayanın zirvəsinə çıxmaq olurdu. Orada da yeni daşlardan yonulmuş taclı bir bina var idi. Bura sığınacaq idi. Divarın bir hissəsi böyük bütöv qaya daşlarından idi. Dağ Xəzər dənizindən iki muşket gülləsi məsafədədir. Deyilənlərə görə bu qalanı Makedoniyalı İsgəndər tikdirmiş və Teymur isə uçurmuşdur.
1796-cı ildə səyyah F.F.Simonoviç yazır ki, dünyanın çox yerindən Xızır-zində dağına gəlmiş səyyahlardan fransızlar, almanlar, ruslar, farslar, isveçlər, polyaklar, hindlər, yahudilər və başqaları adlarını burada xatirə kimi yazmışlar. Hündürlüyü 4-5 m olan divar və qala vardır.
1925-ci ildə prof. E.A.Paxomov, prof. V.M.Zummer və Azərbaycan Dövlət Universitetinin tələbəsi A.K.Ələkbərov Baş Bərmək dağında olublar. Onlar yazırlar ki, Baş Bərmək dağı dənizdən 2 km., Zarat stansiyasından 5 km. aralıdır. Dağdan dənizə qədər qədim sədd qalıqları vardır. Biz dərə ilə yuxarı çıxdıq. Ortada bişmiş kərpiçdən tikilmiş quyu var idi. Sıldırım qayanın yanındakı qəbirlərdə başdaşında hicri tarixi ilə 1152, 1189, 1197 və 1212-ci illər yazılmışdır. Meydana çoxlu qaya parçaları atılmışdır. Bunlardan birində qurban kəsilirdi. Dağda olan karvansaranı Qmelin xatırlayır. Kempfer və Lerxdə bu barədə yazmışlar. XIX əsrin ortalarında Azərbaycanda olmuş İ.Berezin də bundan xəbər verir. Bu, 40-cı illərdə rusların qarovul binasıdır (bu binadan sonralar rus qornizonu istifadə edib). Adam Oleari vaxtında 1636-cı ildə dağda adam yaşamayıb. Kempfer vaxtında isə (1683-cü ildə) dağda piri qoruyanlar yaşayıblar. Lerxin (1738-ci ildə) və Qenveyanın (1747-ci ildə) yazılarında qısa da olsa Kempferi təkrar edirlər.2 Babalarımızdan bizə qalan qalalar və istehkamların uçuqları, kənd yerləri, sıldırım qayalar üstündə orman meşələr və düzənliklər hələ də tam öyrənilməmiş halda qalmışdır. Əsrlərin sınağından çıxmış bu tarixi abidələr əcdadımızın keşmə-keşli keçmişindən xəbər verir. Bu məkanlar igid babalarımızın doğma vətəni olmuşdur. Xızı-Bərmək mahalında dağların, bulaqların, qalaların, kəndlərin və çayların adlarının mənası vardır. Dubrar dağının mənası Dağlı dilində Du “iki”, birar “qardaş” deməkdir. Dağın üstü qoşa yüksəklikdən ibarət olduğundan belə adlanıb. Dubrar dağının hündürlüyü 2205 metrdir. Boybəyim dağının adı türkcədir. “Boy” soy deməkdir. “Bəyim” isə bir Türk tayfasının adıdır. İndidə yerli əhali dağa Boybəyim, düz yerə isə Ciğatay deyirlər. Ciğatay bir Türk tayfasıdır. Çingiz xanın böyük oğlunun adı da Ciğatay idi. Saraku dağının adı məhsuldarlığa yararlı olması ilə əlaqədardır. Dağda bol su və əkin zəmiləri olub.
Mahalın qədim kəndlərindən olan Sədan haqqında “Tarixi əl Bab” kitabında yazılıb ki, Şabran yaxınlığında Sədun şəhəri var. Fələki Şirvani Şirvan şah III Məniçöhrün (1126-1160-cı illər) tikdirdiyi Sədun şəhərini şerlərində tərifləyir. Şərqşünas Xanıkov da göstərir ki, Sədun Şabran şəhəri yaxınlığındadır. V.F.Minorski yazır ki, Arran hökmdarı III Məniçöhr Şirvana hərəkət edərkən Sədun kəndinə gəldi. Fələki Şirvan şahın Sədun şəhərini tikməsi münasibəti ilə şer yazmışdır. Sədun Bərmək mahalındadır29. Fələkinin dediyinə görə III Məniçöhr Girdiman və Sədun şəhərlərini tikdirmişdir: Qoy mən kafir olum, əgər dünya padişahlarından biri Haçansa Girdiman və Səduna bənzər şəhərlər tikmişsə30. Sədan kəndi Sədani Bakuyi adından alınmışdır. İskəndərnamə adlı bir kitabda farsca yazılıb ki, İskəndər Bakıya gəlir. O, əsrin qəhrəmanlarından sayılan Bakılı Sədan şəhəri bəzəyib əyanlar və əhali ilə onu qarşılayır.31 Şirvan şah III Məniçöhr tikdirdiyi şəhəri həmin yerdə doğulmuş hörmətli şəxsiyyət olan Sadan Bakuya ithaf edibdir. Hazırda Sadan Xəzər dənizi və Ata çayı yaxınlığında, Siyəzən şəhərininin yanındadır. Sadan Bakuyi ilk Bakıda yaşayan dağlı olmuşdur. Xızı Bərmək mahalının qədim şəhərlərindən biri də Şərvandır. Bəzi tarixçilər bu şəhəri Şabran və Şamaxı ilə qarışdırırlar. Tarixçilərdən S.Aşurbəyli və M.Şərifli bunların ayrı-ayrı şəhər olduqlarını, Şərvan şəhərinin mövcud olmasını yazırlar. Onlar Şərvan şəhərinin Çarxı tərəfdə olmasını iddia edirlər. Tarixçi N.M.Vəlixanlı Şərvan şəhərinin yerinin Gil-Gilçay yaxınlığında olmasını yazır.32 Bizə görə bu fikir həqiqətə uyğundur. Gil-Gilçay və Qızılburun ətrafında tapılmış mədəniyyət qalıqarı şəhərin Siyəzən yaxınlığında olmasını söyləmək üçün bizə əsas verir. Əl Müqəddəsi yazır: “Şərvan düzənlikdə böyük şəhərdir. Binaları daşdandır. Bazar meydanında isə Cəmə məscidi vardır. Şəhərin içərisindən çay keçir… Qalasız yerdir və sərhəddədir. Bu yerləri gəzmiş Əl Həməvi yazır ki, “Şabranla Şərvan arasında təqribən 20 fərsəxdir. Onu Ənuşiravan (531-579) tikdirib və öz adı ilə adlandırıb, sonradan onun adının bir hissəsi Ənu sözü düşmüşdü. Oradan bir çox alimlər çıxmışdır”. Qeyd etməliyəm ki, burada məsafə çox uzun verilib. Məsudi (X əsr) Azərbaycan şəhərlərinin arasında Şabaran şəhərinin adını çəkir. IX əsr müəllifi İbn Xordatbeh Sasanilərin Qafqazda möhkəmləndirdikləri yerləri sırasında Bab Ənuşiravan qalasını xatırlayır. Tarixçi N.Vəlixanlının “Ərəb xilafəti və Azərbaycan” adlı əsərində Azərbaycan VIII-IX əsrin I yarısında təsvir etdiyi xəritədə Şərvanın Bacarvan şəhərinə yaxın olması verilir. Şabran şəhəri isə Xursan vilayətində göstərilir. Bu xəritə elmi cəhətcə düz tərtib edilmişdir. Xəritədən görünür ki, Şərvan və Bacarvan şəhərləri Xızı-Bərmək mahalında mövcud olublar. Şərvan şəhəri ən qədim şəhərlərdən biridir. Strabonun Albaniyada 26 tayfanın yaşamasını söyləməsi və bunlardan türkmənşəlilərdən biri Şərvan tayfasının olduğu müəyyənləşir. Şəhərin adı orada yaşayan tayfanın adı ilə əlaqədardır. Xızı-Bərmək dağlılarının yaşadığı Şərvan şəhərinin orta əsrlərdə sənətkarlıq və ticarətlə məşhur olub, Şirvan yolu kənarında olduğundan bəhs edən yazılar şəhər əhalisinin Bakı, Şamaxı, Şabran və Dərbəndlə əlaqələr saxlaması haqqında fikir söyləməyə bizə əsas verir. Dağlı tacirləri Şərvan-Qərəh-Altıağac yolu ilə Şamaxıya, Şərvan-Xızır-Zində yolu ilə Bakıya, Şərvan-Şabran-Niyazabad yolu ilə Dərbəndə gedirdilər. Xızı-Bərməkin qədim kəndlərindən olan Xanagah fars dilində “dərviş malikanəsı” mənasındadır36 (Xanqah -dərvişlərin, rindlərin səma (musiqi məclisləri) üçün toplandıqları yer). Dərvişlərin Xirqə yırtıb vəcdə gəlməkləri əsasən belə yerlərdə olardı. Bəzi tarixçilərin dediyinə görə, Xanagah evlər yeri — kənd deməkdir. Xanagah silah saxlanan yer və ya xanın gəldiyi yer kimi də deyilir. Azərbaycanın çox yerlərində Xanagah kəndi vardır. Biz isə Xızı-Bərmək mahalındakı Xanagah kəndindən danışırıq. Adam Oleari yazır ki, 1636-cı ilin dekabrın 26-da Xızır-Zində dağından 5 mil gəlib (hər mil 7,5 km olub, 38 km deməkdir). Xanagah kəndinə çatdıq. Xanagah çılpaq dağların qoynunda yerləşmişdi. Onun suyu bulanlıq idi. Xanagahın əhalisi çox qonaqpərvərdir. Onlar 80 nəfər şəxsi qonaq etdilər. O, yazır ki, Şamaxıdan Niyazabada qayıdarkən dağların arası ilə 7 mil gəlib (45 km). 1637-ci il aprelin 1-də Koxanə kəndinə çatdıq. Bura böyük kənd idi.37 Səyyahın dediyi Koxani kəndini əhali sonralar Noxuni adlandırmışdır. Koxani sözü türk dillərində Kovxa, “kəndxuda”, “kəndin böyüyü” və “ni” şəkilçisindən ibarətdir. Koxani, yəni “Kovxanın yaşadığı yer”. Bu kəndin əhalisi artaraq, nəsillər üzrə yeni kəndlər salmışdır: Əmbizlər, Gilənava, Hacılar və başqaları. Təzə tikilərkən kənd statusu almadıqlarına görə bunlara “Noxani” deyirlər ki, buda no “yeni”, xani“evlər”, yəni “yeni evlər” deyirdilər. Sonradan isə Noxani bu kəndlərin yerləşdiyi sahəyə deyildi. Əmbizlər kəndi kəndin üstəndəki Əmbiz dağının adı ilə əlaqədardır. İki qoşa təpə döş formasında görünür. Gilənava kəndinin adının mənası dağlı dilində “damcılayan su” deməkdir. Hacılar kəndinin ilk sakini Məkkə ziyarətində olan şəxs olub. Qasımkənd adından bilirik ki, kəndin əsasını Qasım tayfası qoymuşdur. Türk alimi Nurer Uğurlu “Tarix” adlı əsərində yazıb ki, Qasım xanlığı Oka çayı boyunda yaranmış Türk dövlətidir. Toxtamış xanın nəvəsi ulu Məhəmmədin oğlu Qasım Qızıl Orda xanlığı dağılarkən öz dövlətini yaratdı. Bu xanlıq 1445-ci ildə yaranmış, 1681-ci ildə Ruslar tərəfindən dağıdılmışdır.38 Xızı-Bərmək mahalındakı Qasımkənd həmin xanlıqla əlaqədardır. Azərbaycanın bəzi yerlərində də Qasımkənd vardır. Gərmiyan kəndini Gərmiunda adlandırmışlar. Farslar çox kəndin adında “an” sözü əvəzinə “un” sözü işlədiblər. Gərmiyanlı adlı türk tayfası vardır. Türkmən oymağından olan Gərmiyanlılar Yağubbəyin başçılığı ilə 1299-cu ildə Mərmərə və Egey dənizi aralığı ərazisində dövlət yaratmışlar. Dövlətin paytaxtı Kutahya şəhəri idi. 1429-cu ildə Gərmiyan bəyliyi Osmanlı dövlətilə birləşir.39 Gərmiyan kəndinin adı onlarla əlaqədardır. Yerdəyişmə nəticəsində hər bir tayfa etnik və dil cəhətdən özünə qohum olan etnosların yanında məskən salırdı. Əlixanlı kəndi haqqında tarix əsərlərdə Alğonlu kimi məlumat verilir. Abbasqulu ağa Bakıxanov yazır ki, Gil-Gil çay səddi Əlixanlı (ehtimala görə, əslən Alğonlu olmuş) kəndinin üst tərəfindən keçərək Çırax qalasına bitişir.40 Bundan göründüyü kimi Əlixanlı qədim Bərmək kəndlərindən olub, sərhəd kəndi kimi Xızı-Bərmək mahalının tarixində mühüm rol oynamışdır. Bahal kəndinin adının mənası “Bahal” işıq, gözəl, zəriflik, yəni, işıqlı yer, gözəl yer deməkdir. Bu kənd haqqında ilk məlumatı Adam Oleari vermişdir41. Səyyah Yan Streys 1667-ci ilin sentyabrın 6-da Baş Bərmək dağından keçib Bahal kəndinə çatdığını qeyd edir və göstərir ki, kənd dərədə yerləşir, çox məhsuldar torpağı var. Burada yüksək keyfiyyətli düyü və arpa əkilir. Arpa unundan bal və yağ qatıb ləzzətli qoğal bişirib onları da qonaq ediblər42. Gəhdi kəndinin mənası “sulanmayan yer” deməkdir. “Gəh” yer, “di” kənd, yəni “kənd yeri” deməkdir. Bu kənd sonralar bir neçə kəndə bölünmüşdür. Bunlardan Qululu, Çarqışlaq, Sacian, Şərgəh yaranmışdır. Gəhdi həmin kəndlərin ümumi yer adı kimi işlənilib. Çarqışlaq dağlı dilində çahar “dörd” və qışlaq sözlərindən ibarətdir. Yəni “dörd qışlaq”. “Sacı” yuxa, “an” isə məkan bildirir. Yəni “yuxa bişirən yer”. Şərgəh kəndinin adının mənası şəhər və gah “yer” deməkdir. Qululu kəndinin adından bilinir ki, bu kəndin ilk sakini Qulu olmuşdur. Əngəlan kəndinin adı Alin tayfasının adı ilə əlaqədardır. Alin tayfası er. əv. Altay dağlarından Xızır-Zində ətrafına gəlib məskunlaşan türk dilli dağlılardır. Əng “baş”, “üz”, “çənə” deməkdir. Bu “baş” sözü isə Alin “dağlı” sözü ilə əlaqədar işlədilir. Dağlılar iki dilli Azərbaycan türkləri olmuşlar. Tədricən Xuzi dilini yadırğamış və ana, türk dilini saxlamışlar. Həmyə kəndinin adının mənası, orada “müqəddəs seyidlər yaşadığı məkan” deməkdir. Toponimçi Q.Qeybullayev deyir ki, bu ərəbcə olmaqla “himayə olunan” deməkdir. Təkəli-Qızılbaş tayfalarından birinin adı belədir. Təkəlilərin əcdadı Cənubi Azərbaycanda və Kiçik Asiyada köçəri həyat sürürdülər. Şah İsmayılın ordusunda döyüşən təkəlilər Şirvanın işğalından sonra bir hissəsi Xızı-Bərməkdə qaldılar. Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynanyan, Şah Abbasın yürütdüyü siyasətdən narazı qalan Qızılbaş tayfalarından ən üsyankarı təkəlilər I Şah Abbas (1587-1629) tərəfindən 1596-cı ildə təzyiqə məruz qalmışlar.43 Siyəzən kəndinin adı dağlı dilində siya “qara”, zan “mənbə”, “bulaq” sözlərindən ibarətdir və qədimdən oradakı neft bulaqlarının adı kimi yaranmışdır. Bəzi tarixçilər Siyəzənə “qara qazma”, “qara torpaq”, “qara su” demişlər. Zarat isə “əkin yeri” mənasındadır. Xələnc sözü ərəb dilində taxtadan hazırlanmış qablara deyilir. Burada taxtadan kasa, tabaq və b. əşyalar düzəldiblər. Xələnc sözü lüğətlərdə qabqacaq hazırlanan bütün ağac növlərinə aid edilir. Orta əsr ərəb müəlliflərinin (Əbu Hənifə) verdiyi “xələnc” sözünün bu izahı daha ağlabatandır. “Xələnc” — müxtəlif rəngli, miləmil taxtalardan hazırlanmış hər cür qaba deyilir.44 Deməli, Xələncdə məşhur ustalar yaşayıblar. Kürdkənd adından göründüyü kimi Kürd tayfasından olmuşdur. X əsrdə Şəddadilərin hakimiyyəti dövründə Kürd tayfası Azərbaycanın bir çox yerlərinə yayılmışdır. Ehtimal ki, bir neçə ailə də Xızı-Bərmək mahalına gəlmiş və burada məskunlaşmışlar. Ərəblər kəndinin adı isə Xilafat vaxtında Ərəb tayfasının Xızı-Bərmək mahalında məskunlaşması ilə əlaqədardır. Xızı-Bərmək mahalında Ərəblər kəndinin qocaları ərəb dilində danışırdılar. Kürd və Ərəb tayfaları yerli əhaliyə qovuşub-qarışmış və onların dillərini qəbul etmişlər. Xızırzində kəndinin adı Xızır-Zində pirinin adı ilə bağlıdır. Bu kənd pirin yaxınlığındadır. Dərgiyarlı kəndi otlaq yerlərinin qapısı deməkdir. Dağlı dilində dər “qapı”, giyah “ot”, “ələf” deməkdir. Adının sonunu təşkil edən “li” şəkilçi olmaqla məkan bildirir. Bu da kənd əhalisinin maldarlıqla məşğul olmasını göstərir. Dəlləklər kəndinin adı isə peşəyə görə verilmişdir. Gəmşər kəndinin adı şar “qəsəbə”, kəm “kiçik” sözlərindən ibarətdir. Tix kəndinin adı, kəndin qarşısından axan çayın adı ilə əlaqədardır. Keş kəndinin adı, hərfi mənada “geniş vadi” deməkdir. Böyük Teymur Orta Asiyada Keş nahiyəsində doğulmuşdur. 1395-ci ildə Teymur Şirvanşah İbrahimlə Şabran şəhərində görüşürlər. İbrahim vassalığı qəbul edir. Teymur öz həmyerlilərindən nəzarətçi dəstəsi qoyur. Ola bilər ki, həmin şəxslərin məskunlaşdığı yer Keş adlanıb. Yarımca — “kiçik kənd” deməkdir. Keçmişdə bir kənddən çıxmış bir qrup ailə kənar yerdə məskunlaşdıqda Yarımca adlanırdı. Güneyqışlaq Güney yerdə yerləşən qışlaq mənasındadır. Pənbə sözü pambıq deməkdir. Çərməməzar — ağməzar, yəni ağ qəbir mənasındadır. Keçmişdə qəbirləri ağ şirə torpaqla ağardırdılar (şirə ağartmaq üçün işlədilən torpaqdır). Çuxrazəmi dərədə (Çuxurda) olan əkin sahəsi deməkdir. Nardaran sözünü belə izah etmək olar. Nər — iki hörgüclü erkək dəvə, “dar” saxlanılan və “an” məkan bildirən şəkilçi. Yəni dəvə saxlanılan yer deməkdir. Bəzən buranı Nar “od”, dar “saxlanılan”, an “yer”, yəni “odsaxlanılan yer” adlandırırdılar. Ola bilər bu da həmin yerdə yanar qazların olması ilə əlaqədardır. Eyni adlı yer Abşeronda, Şamaxıda (kənd adı), Qobustanda (dağ adı) vardır. Kolanı kəndinin adı “Kola”, yəni mal, mətəh hazırlanan yer və ya işğal olunmuş ana vətənə bağlı yer kimi də işlənilir. Kolanı adlı türk dilli tayfa və Qarabağda mahal da var. Gülah kəndinin adı: Gülah — ənənəvi baş geyim növü, əsasən qalın parçadan tikilir və naxışlarla bəzədilirdi; hündür üçbücaq formalı, dairəvi içlikli olur. Gülahı adətən dərviş və seyidlər qoyurdular. Burada sənətkarlar və seyidlər yaşayırdılar. Xirək kəndinin adının mənası “Xirə” sözündən yaranıb. Bu bulanlıq, tutğun, heyran yer deməkdir. Pirabad Şixlər kəndinin adı müqəddəsdir. Səfəvi şeyxlərindən Şah İsmayılın atası Şeyx Heydər Şirvanşah Fərrux Yasarla birləşmiş Ağqoyunlu Sultan Yaqubun qoşunları arasında 9 iyul 1488-ci ildə Təbərsaran hüdudunda şiddətli müharibə oldu və bu döyüşdə Şeyx Heydər öldürüldü. Dağlı mürşüdlərinin iştirakı ilə Şeyx Heydərin nəşini gizli surətdə gətirib Pirabad şixlərdə dəfn etmişlər. Şah İsmayıl 1510-cu ildə ikinci dəfə Şirvana gəldiyi zaman Xızı-Bərmək mahalına gəlib, atasının qəbrini axtarıb tapmışdır. O, atasının qəbri üstündə türbə binası tikdirib məqbərəni müqəddəs yer elan etmişdir. Ətraf kəndlərin əhalisi Şeyx Heydərin qəbrini pir edib, onu ziyarət edirlər. Şeyx Heydərin qəbri indi də Pirabad Şixlər kəndindədir.
F.F.Simonoviçin Xızı-Bərmək kəndləri ilə əlaqədar tərtib etdiyi siyahıda bir çox kəndlərin adları yoxdur. Bunların bəziləri Şabran vilayətinə və bəziləri isə Şamaxı vilayətinə tabe edildiyindən siyahıdan kənarda qalmışdır. Xızı-Bərmək mahalının böyük kəndlərindən biri Dağ Quşçudur. Quşçu qədim Türk tayfasının adıdır. Quşçu adında Cənubi Azərbaycanda, Şamaxı, Daşkəsən rayonunda da kənd vardır.
XIX əsrin 40-cı illərində Azərbaycanı gəzmiş Rus alim-səyyahı İ.Berezin yazır ki, Giləzi düzündə Acıbulaq kəndinin uçuqlarını gördüm. Kəndin quyusunun suyu şor olduğundan belə adlanmışdır. Çay kənarında yerləşən bu kənd çayın suyu quruduğundan əhalisi köçmüş və kənd dağılmışdır.50 Xəllə Xanagahdan köçmüş xəllilər əvvəlcə Giləzi düzünə dəhnənin yaxınlığına köçüb kənd salmışlar, sonradan oradanda Xələ köçmüşlər. Muğanlı kəndi Muğanla tayfasının adını əks etdirir. Tayfa isə Muğ tayfası ilə bağlıdır. Er. əv. V əsrdə yaşamış Heredotun yazdığına görə Midiyalılardan bir tayfa Muğ adlanırdı. Kəndlərin bəzisi, o cümlədən Zöhrabkənd, Qasım kənd, Baxşılı, Bəyəhmədyurdu, Qululu, Dam Qulu, Hacılar və başqaları bu kəndlərin əsasını qoymuş şəxslərin adlarını əks etdirir. Qarabulaq kəndinin adı orada olan bulaqla əlaqədar olmuşdur. Nabur kəndinin adı həmin adda olan tayfa ilə əlaqədardır. Nabur türk dilli tayfadır. Türk dilli tayfalar hələ er. əvvəl və Sasanilərin hakimiyyəti dövründə Azərbaycana gəlmişlər. Zərgərli kəndinin adı, tayfa adından götürülmüşdür. Hazırda Savalan dağının C.Ş. ətəklərində yaşayan Zərgərli adında Azərbaycan tayfası vardı.51 Zər “qızıl”, “gər” usta, “li” şəkilçidir. Yəni qızıl ustaları deməkdir. Bu türk dilli tayfanı Şah İsmayıl Xətai 1510-cu ildə atası Şeyx Heydərin məqbərəsi ətrafına Savalan dağından gətirib yerləşdirmişdir. Xızı kəndinin əhalisi maldarlıqla məşğul olduğundan qışda Şix-Xızı və Sayad-Xızı qışlaqlarına köçürdülər. Əhalinin çoxalması ilə əlaqədar olaraq Şix-Xızıdan Dizəvərə köçmüşlər. Dizəvər qədim qalanın adıdır. Qalanı IX əsrdə ərəblər dağıtmışlar. Tarixçi Qiyasəddin Qeybullayevin dediyinə görə, qalanın adı isə fars dilində dizə “qala” və var “yer” sözlərindən ibarətdir. Bu ad Naxçıvanda Didəvar və Qazax rayonunda Didəvan qala adları ilə mənaca eynidir. Dizəvər dağlı dilində “yuxarı kənd” deməkdir. “Di” kənd “zəvər” ərəbcə zirvə deməkdir. Sayad — Xızıdan isə Upaya (obaya) köçüb orada kənd salmışlar. Cabir Novruz “Sənsən mənim eşqim, son məhəbbətim …” adlı şerində yazır: Kiçik bir kəndində gəldim dünyaya, İlk gözümə dəyən şiş dağlar oldu. Orda könül verdim bulağa, çaya, Məskənim yaylaqlar, qışlaqlar oldu. Sevimli şairimiz Cabir Novruz anadan olduğu Upa kəndini belə təsvir edir:52 Turaclar, kəkliklər uçarlar yenə, Uzanar səmaya qollarım mənim. Buradan başlandı yer kürəsinə, Bütün kainata yollarım mənim. Soğlacan kəndinin adının mənası, qədim türkcə “soğla” küçə, “can” məkan deməkdir. Yəni küçə yeri deməkdir. Xızı-Bərmək mahalında qədim kəndlərdən birinin adı Findiqandır. Findiqan sözünün lüğəti mənası qonaqsaxlayanlar, “findi” qonaq və “an” yer, məkan deməkdir, qonaqpərvərlər deməkdir. Arxeoloq E.A.Paxomov tapılmış tikinti materiallarından və digər maddi mədəniyyət abidələrinə əsaslanaraq deyir ki, Yuxarı Findiqan Sasanilər dövründə tikilmişdir. Xızanşahlıq dövründə Findiqan yol kənarı kənd kimi mühüm rol oynamışdır. Orada bir bina özülü, kərpiclə tikilmiş mavzoley XIII əsrə aiddir.53 Yuxarı Findiqan orta əsrlərdə də böyük yaşayış məskəni olmuşdur. Oradan tapılan orta əsr mədəniyyət qalıqları: gil bardaq, digər qab-qacaq, şüşə qalıqları, alibastrdan ornamentlərlə bəzədilmiş bina qalıqları göstərir ki, Findiqan kəndi bərkimiş çökük üzərində tikilmişdir. Könüşə kəndinin adının lüğəti mənası dağlı dilində “məşədibi” deməkdir. Biləsən farsca “Biləsin” deməkdir. Bu da digər yerin arxasında məskunlaşmış kənd deməkdir. Kimçi kəndinin adı dağlı dilində “kəm” az, “ça” şəkilçidir. Yəni kiçik yer. Kəmşər kəndinin adı “kəm” kəm-az deməkdir, “şər” (şəhər) — qəsəbə. Yəni kiçik qəsəbə. Dabağun dağlı dilində “bağlaraqədər” deməkdir. “Da” qədər “bağın” bağlar deməkdir. Ərisguş lüğəti mənası gəlin qulağı deməkdir. “Güş” qulaq, “Ərus” gəlin deməkdir. Vərdəh kəndinin adı Vərd “gül” ağac” çiçəyi, “dəh” yer, yəni “Gül-çiçək yeri” deməkdir. Qərəh kəndinin adı, ərəbcə olmaqla “kənd” mənasındadır. Xəndək kəndinin adı çökük yer deməkdir. Ələz kəndinin adı “Ərəz” “gəlmə”, yəni “gəlmələr” deməkdir. Ələz kəndinin əhalisi əsasən türk dillidir. Daşlıçalağan kəndinin adı: dağlı dilində “Çala” kiçik quyu, “an” məkandır. Yəni “Daşlıquyu” deməkdir. Dəlilər kəndinin adı igid sözündən, dəliqanlı sözündən alınmışdır. Eynibulaq kəndinin adı: “Eyn” ərəbcə göz deməkdir. Yəni “Gözlü bulaq” deməkdir. Saraki kəndinin adı: Saraku dağının adı ilə əlaqədardır. Quleydar kəndinin adı: dağlı dilində “quley” yaxşı, “dar” ağac, yəni “Yaxşı ağaclıq” olan yer deməkdir. Məşrif kəndinin adı: Məşrif titul bildirir. Atabəylər dövründən mövcuddur. Görünür kəndin ilk sakinləri vəzifəli şəxslər olublar. Xəl kəndinin adı ərəbcə “oba” deməkdir. Çarxana kəndinin adı dağlı dilində “Çahar” dörd, “xana” ev deməkdir. Yəni “Dörd ev” kimi işlənilir. Gilgilçay kəndi çayın adı ilə əlaqədardır. Mənası “Gilli çay” deməkdir. Həqiqətəndə suyu bulanıq olur. Qaragöz kəndinin adı, yəni qara gözlülər məkanı deməkdir. Qaragözlülər əsasən İranın Həmədan ətəyində yaşayan Türk dilli tayfadır. Səlcuqilərin dövründə Ön Asiyaya gəlmələri ehtimal olunur. Qaragözlülərin adı mənbələrdə XVI əsrdən çəkilir. XVIII əsrdə İran və Azərbaycanın ictimai, siyasi həyatında fəal iştirak etmişlər.54 Qaragözlülər əsasən, maldarlıqla məşğul olurlar. Qaragöz kəndinin adı Qaragözlülərlə bağlıdır. Qayaaltı kəndi qayanın alt tərəfində olduğundan belə adlanır. Çistikuluç kəndinin adı rusca “təmiz su” mənasında deyilir. Ağdərə kəndi, torpağının ağımtıl rəngə çalması və dərədə yerləşməsilə belə adlanıb. Xişqədar kəndinin adı dağlı dilində Xişq “quru”, dar “ağac” deməkdir. Yəni “Quruağac” deməkdir. Əhali qurumuş ağacları kəsib, orada məskunlaşdığından belə adlanıb. Tudar kəndinin adı “Du” iki, “dar” ağac deməkdir. Yəni iki ağac deməkdir. Tağay kəndinin adı “Tağ” sözündən alınmışdır. “Tağ” memarlıqda divarlarda pəncərə və qapı yerlərinin, yaxud iki dayaq arasındakı boşluğunun üstünü örtmək üçün əyri xətli örtük konstruksiyası, “ay” isə şəkilçidir və məkan bildirir. Kənd “Tağay” görünüşündə məskunlaşmışdır. Şurabad kəndinin adı Şura vaxtı abad olan deməkdir. Hazırda kənd sakinləri buranı Nəcəfabad adlandırırlar. Çar imperiyası etibarsız ünsürlər saydığı malakanları Azərbaycana köçürür, bununla həm də özlərinə yerlərdə dayaq yaradırdı. 1834-cü illərdə Xızı-Bərmək mahalında köçürmə yolu ilə Altı-Ağac və Hilimili malakan kəndləri yarandı. Altı-Ağac sözünün mənası — Şirvanşahlar hakimiyyəti illərində Şamaxıdan Şabrana, Niyazabada, Dərbəndə, eləcə də digər qonşu ölkələrə dəvə karvanı, at və öküz arabası ilə gedərkən Altı-Ağacdan keçirdilər. Buradakı karvansarada yolçular dincəlirdilər. Keçmişdə “ağac” sözü məsafə (bir ağac 7 km-dir) mənasında işlənilirdi. Oradan Şamaxıya qədər olan məsafə altı ağacdır, yəni 42 km-dir. Beləliklə, Xızı-Bərmək mahalında iki rus kəndi yaranmışdı. 1900-cu ildə Dərbənd-Biləcəri dəmiryol xəttinin çəkilib başa çatması ilə əlaqədar olaraq Xızı-Bərmək mahalında yeni stansiyalar (qatar dayanacaqları) yarandı. Əhali Xızı-Bərmək dağlarından daimi yaşamaq üçün stansiyalara köçdülər. Bunlardan Gil-Gil çay, Qızıl Burun, Giləzi, Stalçay, Yaşma, Nasoslu (indiki Hacı Zeynalabdin qəsəbəsi) kəndləri yarandı. Giləzi düzənlik adıdır “Gil” torpaq, “üzü” üstü deməkdir. Giltorpaq kimi işlənilib. Stalçay “Suyu az olan çay” mənasındadır. Nasoslu — Şollar suyunu Bakıya nəql etmək üçün qoyulmuş nasosla əlaqədardır. Bu qəsəbə indi Sumqayıt şəhəri ilə birləşməkdədir. Qızılburun kəndinin mənası: xına rəngli dağın burun şəklində dənizə tərəf çıxması ilə əlaqədar yerli əhali tərəfindən belə adlanmışdır. Q.Qeybullayev qeyd edir ki, Yaşma Türk dilində yayda quruyan su mənbəyi mənasındadır. Təzəkənd — burada yaşayanlar əsasən Sayad-Xızı qışlağından gələnlər tərəfindən bina olunmuşdur.Damqulu kəndinin adının mənası: “Dam” tor, Qulu isə addır. Yəni Qulununtoru deməkdir. Adından görünür ki, kəndin ilk sakini Qulu tor atıb dənizdən balıq tutmaqla məşğul olub. Sonrakı illərdə burada balıq vətəgəsi də var idi. Damqulu karvansarasının ətrafında Upa kəndindən gələnlər məskunlaşmışlar. Kəndin uçuq evləri 1946-cı ilə kimi qalmışdı (bura Yuxarı Damqulu deyirdilər). Oranın sakinlərinin dəniz kənarında saldıqları bağda 1950-ci illərdə yüksək növlü ağ şanı, qara şanı, sarıgilə və kişmiş üzümləri var idi. Kəndin sakinləri Giləzi stansiyasından 3 km. cənubi-şərqdə yeni Damqulu kəndini bina etdilər. 1953-cü ildə Damqulu əhalisi Giləzi kəndinə köçüb məskunlaşmışdı. Maldarlıq təsərrüfatının meydana çıxması ilə əlaqədar soyuq aylarda mal-qara qışlaqda saxlanılır və otarılır. Sayad-Xızı qışlağına köçənlər Xızı kəndinin yuxarı yol hissəsində (Kələrah, yəni “Böyük yol” tərəfdə) məhəllə salmışdılar. Bunu xatırlayan sevimli şairimiz Mikayıl Müşfiq yazırdı:55 El içində bizə deyərlər Sayadlı. Tərlan ovçusuyam, ruhum qanadlı. İlham pərisinin açdığı dadlı Dillərdən küsərəm, səndən küsmərəm. Şair Sayad sözünü ovçu mənasınıda söyləmişdir. XIX əsrin ortalarında Xızı-Bərmək torpağını gəzən Avropa alimi səyyah V.M.Minorski yazır ki, Sayad kəndi çay nahiyəsində idi. Onun bu sözləri Sayad kəndinin Altı-Ağac-Bakı yolu üstündə olmasından da xəbər verir. Xızı-Bərmək mahalında əhalinin artması nəticəsində yeni kəndlər yarandı. Xızı kəndindən gələnlər Qariban — yəni “Qəriblər” kəndini yaratmışlar. Tarixçi alim Paxomov E.A. verdiyi məlumatlara görə Qarban kəndinin Cənubundakı dağda Xızı qalası olmuşdur. Qarbanda əhali artımı ilə əlaqədar əhalinin bir hissəsi oradan Qərs, Qızıl Qəzmə və Yarımca yaylağına köçüb kənd salmışlar. İstəkli şairimiz Mikayıl Müşfiq yazırda ki58: Yaylaq, Yarımca yaylaq, Hər tərəf çəmən, bulaq, Xızıdan az otayda, Əriməz qarı yayda. Qərs sözü “Qər” dib deməkdir. Kənd dağın dibində məskunlaşıb. Münbit torpağı və bol syu olduğundan orada yaşayanlar yaxşı məhsul alırdılar. Qərs maldarlıq və arıçılıq üçün əlverişli yerdir. Qızılqəzmə kəndinin adından göründüyü kimi payız vaxtı orada olan ağacların yarpaqları qızarıb, qızıl rəngini xatırlayır. Qəzmə koma, ev deməkdir. Yəni qızıl koma. Müxtəlif tarixi dövrlərdə tərtib olunan siyahılarda göstərildiyi kimi, siyasi-tarixi səbəblərdən yeni kəndlər yaranıb, bəzi kəndlər isə sıradan çıxıb və ya siyasi-inzibati cəhətdən birləşiblər. Bütün bunlar çətinlik yaratsa da çalışmışıq ki, bu məsələlərə aydınlıq gətirib izah edək. Sevimli şairimiz Cabir Novruz yazıçı Seyfəddin Dağlıya həsr etdiyi “Unudulmuş kənd” şerində yazır59: Dağlar arasında, çaylar yanında Bir qərib kənd durur, tənha, kimsəsiz. Təkcə quşlar uçur asimanında, Təkcə həmdəmidir qaya, dərə, düz. Kənd var yalqızdır, kənd var təkdir, Kim tapıb onları kəşf edəcəkdir? Mən bu şeri oxuyub, həmin itib-batan kəndlərin adını tapıb üzə çıxarmağı özümə borc hesab etdim. Əhali arasında belə rəvayət vardır ki, Xızı-Bərmək mahalında 72 kənd mövcud olub. Bu 72 rəqəmini tapıb izah edilməsini vacib bilib araşdırma apardım və 1946-cı ildə mahalda 110 kəndin olduğunu müəyyənləşdirdim.
XI-XIII əsrlərdə Oğuz və Monqol tayfalarının Qafqaza gəlişi bu yerlərdə də öz təsirini göstərmişdir. Xızı-Bərmək mahalında yaşayan türkdillilər Orta Asiyadan Anadoluya və oradan Xızı-Bərmək mahalına gəlmişlər. Türkdillilərin bir hissəsi də hələ eradan əvvəl Şimaldan Dərbəndi keçib gələn türk tayfalarındandırlar. Sonra gələn türklər isə yeni yerli türklərə qaynayıb-qarışmışlar. Orta əsrlərdə Xızı-Bərmək mahalında etnik zəmini türk dilində danışan etnoslar təşkil etmişdir. Bu etnik tərkibə yeni türk tayfaları əlavə olundu. Xızı-Bərmək mahalında bir dilli vahid etnik qrup yox idi. Bura gəlmiş Xuzi dillilərin müəyyən qismi iki dildə danışan azəri türkləri idi. Xızı-Bərmək mahalında türk və iran dilli etnoslar türk dilli tayfaların üstünlüyü şəraitində Azərbaycan türkcəsində danışırlar. Dilçi professor Əbülfəz Rəcəbov “Dil, şüur, cəmiyyət, tarix” əsərində yazır ki, azlıq təşkil edən etnik qrupun nümayəndələri çoxluq təşkil edən qrupun dilini öyrənir. Belə azlıq təşkil edən etnik qrupun dili bir müddət ailədə ünsiyyət vasitəsi kimi işlənilir. Xuzi dilli Bərməkilər yerli türk dilli dağlılarla birləşib, azərbaycanlı kimi təşəkkül tapmışlar. Bu dil dəyişikliyi təkamül yolla baş vermişdir. Dillərin dəyişməsi heç də yerli əhalinin sıxışdırılması demək deyildir. Buna görə də müasir dağlılar öz ölkəsinin qədim nəsillərindəndir. XIX əsrin II yarısında Xızı-Bərmək dağlarından Bakıya köçənlər şəhərin qərbində 350 m yüksək olan dağlıq hissəsində məskunlaşdılar. Dağlı məhəlləsinin relyefi amfiteatrı xatırladır. Həmin yeri içərişəhərlilər və çəmbərəkəndlilər “Dağlı məhəlləsi” adlandırdılar. Köhnə bakılılar yaxşı bilirlər ki, Dağlı məhəlləsi indiki Nərimanov prospekti və Əzizbəyov prospekti arasındakı ərazinin adıdır. Belə ki, dağlı məhəlləsi Çəmbərə kəndi və Həmşəri palanı arasındakı ərazidədir. 1956-cı ildə Xızı rayonunun ləğv edilməsi nəticəsində kəndlərdə əhalinin yaşayış şəraiti daha da ağırlaşdı. Əhali baba yurdundan köçüb dolanacaq üçün Sumqayıt və Bakıya gəlməyə məcbur oldu. Beləliklə əhali kütləvi formada kəndlərdən gəldiyindən Bakıda da mənzil məsələsi çətinləşmişdi. 1959-cu ildən kənddən köçənlər Bakının Yasamal deyilən yerində yaşayış mənzilləri tikməyə başladılar. O zamankı Respublika rəhbəri Vəli Axundov inzibati orqanlara tapşırdı ki, əhalinin mənzil tikintisinə mane olmasınlar. Bu da Respublikada fərdi mənzil tikintisini sürətləndirdi. Həmin dövrdə dövlət tərəfindən Musabəyov qəsəbəsi salınır və Yasamalda yüksək mərtəbəli yaşayış binaları ucaldılırdı. Bu, fərdi mənzil tikintisinə kömək etdi. Az vaxt ərzində Yasamalda ikinci Dağlı məhəlləsi yarandı. İlk vaxtlar məhəllədə xeyli kommunal çətinliklər var idi. Həmin çətinliklər tədricən aradan qaldırıldı. Hazırkı dövrdə dağlılar əsasən Bakıda, Sumqayıtda, H.Z.Tağıyev qəsəbəsində, Xızı-Siyəzən rayonlarında yaşayırlar. Onların Bakı kəndlərində və digər rayonlarda məhəlləsi və tayfaları vardır. Hər şeydən əvvəl onlar qədimdən indiyədək özlərinin özünəməxsusluqlarını qoruyub saxlamışlar və əcdadlarının gözəl adətlərini təkmilləşdirmişlər. Bunların araşdırılıb, üzə çıxarılması indiki dövr üçün də tarixilik baxımından çox əhəmiyyətlidir. Bu məhəllələr qohumluq və yerliçilik prinsipinə əsaslanır. Hər məhəllənin ağsaqqalı vardır. Onlar hörmətə malikdirlər. Məhəllələr xeyr-şərdə yekdilliklə iştirak edib, təəsübkeşliklə məsələlərə münasibət bəsləyirlər. Bakının kəndlərindən Əhmədlidə Dağlı məhəlləsi, Hövsanda Dağlı məhəlləsi, Türkanda Dağlı məhəlləsi, Zirədə Dağlı məhəlləsi, Binəqədidə Dağlı məhəlləsi, Sarayda Dağlı məhəlləsi, Masazırda Dağlı məhəlləsi, Çoratda, Güzdəkdə, Qobuda, Biləcəridə, Xırdalanda, Binədə, Suraxanıda, Ramanada, Əmircanda, Sabunçuda, Balaxanıda, Maştağada, Mərdəkanda, Şağanda, Buzovnada, Zabratda, Bilgəhdə, Nardaranda, Novxanıda, Xocahəsəndə, Qaradağda, Lökbatanda və Bakının digər kəndlərində dağlı məhəllələri var. Qubada dağlıların bəylik tayfası — Məmmədbəyovlar yaşayırlar. Xaçmazda, Dəvəçidə, Çarxıda da dağlılar vardır. Dağlıların türk dilli olan bəylik tayfası daha çox yayılmışdır. Tiflisin Şeytanbazarı məhəlləsində Xızının bəylik tayfasından olanlar məskən salmışlar. Təxmini hesablamaya görə, Xızı-Bərmək dağlılarının miqdarı yarım milyon nəfərə yaxındır. Hələ çar müstəmləkəsi illərində nəşr olunan “Molla Nəsrəddin” jurnalında Hövsandakı dağlı məhəlləsi haqqında məlumat verilirdi.61 Xızı-Bərmək dağlılarının dinindən danışarkən deməliyik ki, Bərməkilərin əcdadları atəşpərəstlər olmuşlar. Bu dinin başçısı Zərdüştə görə Xeyr və Şər Allahları bir-birilə mübarizə aparır, axırda Xeyr Allahı qələbə çalır. Siyəzəndə qədimdə təbii qazların alovlanması onları özünə cəlb etmişdir. Dağlı tayfasının əcdadları isə Şəmşirpərəst olub, qılıncı müqəddəs sayanlar və Günəşi yeganə allah hesab edənlər idilər. Onlar Günəş çıxandan batana qədər işləyir və ona sitayiş edirdilər. Onlara görə dünyanın mərkəzi Günəş idi. Bu yerlərdə xristianlığın yayılmasına da təşəbbüs göstərilib. Apostol Yelişə Yerusəlimdən gəlib Baş Bərməklə Dərbənd arasında olan massaketləri xristianlığa çağırırdı. Xızı-Bərmək dağlıları onu rədd edib, Xristianlığı qəbul etməmişlər. Xızı-Bərmək mahalının Ərəblər tərəfindən işğalından sonra yerli əhali İslam dinini qəbul etmişdir. Xızı-Bərmək dağlıları İslam dinini qəbul etmiş müsəlmandırlar.
Təqdim etdi: Arzu Bəybalaqızı
Комментарии закрыты.