BU GÜN ONUN 100 YAŞI TAMAM OLUR: Üzeyir bəyin istedadlı davamçısı — SÜLEYMAN ƏLƏSGƏROV

Böyük Üzeyir bəyin istedadlı davamçılarından olmuş unudulmaz bəstəkarımız Süleyman Ələsgərov xalq məhəbbəti qazanan sənətkarlardandır. O, sənəti və insani keyfiyyətləri ilə hələ sağlığında böyük nüfuz və hörmət qazanmışdır.

 Görkəmli bəstəkar, qayğıkeş pedaqoq, Üzeyir Hacıbəyli adına Respublika Dövlət Mükafatı laureatı, xalq artisti, professor Süleyman Əyyub oğlu Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada dünyaya göz açmışdı. Bu bənzərsiz diyarın ecazkar təbiəti, çal-çağırlı günləri gələcək bəstəkarın istedadını üzə çıxarmışdı. İlk təhsilini Şuşada alan gənc Süleyman Musiqi Texnikumunun tar sinfini bitirdikdən sonra Bakıya, Üzeyir Hacıbəylinin yanına gəlmiş və 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil omuşdu. Burada Ü.Hacıbəylidən və B.Zeydmandan dərs alan S.Ələsgərov bəstəkarlığın sirlərinə yiyələnmişdi. O, 1941—1944-cü illərdə Üzeyir bəyin sinfində Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmiş və 1942-ci ildə isə Şirzad Əliyevin sözlərinə özünün “Gözlə məni” mahnısını yazmışdı. İlk qələm təcrübəsi çox uğurlu alınmışdır. Bu müvəffəqiyyətdən sonra Üzeyir bəyin xeyir-duası ilə Süleyman Ələsgərov bəstəkarlıq aləminə qədəm qoymuşdu. Gənc sənətkar 1943-cü ildə Ü.Hacıbəylinin zəmanəti ilə Bəstəkarlar İttifaqına qəbul olunmuşdu.

1944-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya respublikaları xalqlarının musiqi ongünlüyündə S.Ələsgərovun “Gözlə məni” mahnısı da səslənmişdir. 1945-ci ildə “Məhəbbət gülü” adlı birinci musiqili komediyasını yazan bəstəkar dalbadal 11 operetta yaratmışdır. “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Hardasan ay subaylıq”, “Olmadı elə, oldu belə”, “Həmişəxanım”, “Gurultulu məhəbbət”, “Hərənin öz ulduzu”, “Subaylarınızdan görəsiniz” və s. əsərlər bu gün də xalqımızın sevə-sevə baxdığı musiqili komediyalardır.

S.Ələsgərov 1961-ci ildə N.Nərimanovun “Bahadur və Sona” dramı əsasında eyniadlı ilk operasını (libretto Əfrasiyab Bədəlbəylinin, şeirlər Şıxəli Qurbanovundur), yazmış, sonralar isə C.Cabbarlının eyniadlı pyesinə “Solğun çiçəklər” adlı ikinci operasını bəstələmişdir.

Süleyman Ələsgərov musiqinin müxtəlif janrlarında maraqlı əsərlər yaratmışdır. “Bayram müqəddiməsi”, “Vətən və gənclik” simfoniyaları, “Bayatı-Şiraz” simfonik muğamı, yeddi simfonik poema, suitalar, konsertlər, tar ilə xalq çalğı alətləri orkestri üçün üç konsert, violonçel, fortepiano və simfonik orkestr üçün “İkili” konsert, kamança və simli alətlər üçün “Tarantello”, kanon üçün “Daimi hərəkət”, simli orkestr üçün “Pyes” və başqa musiqi əsərləri S.Ələsgərovun nə qədər məhsuldar bəstəkar olduğunu bariz şəkildə göstərir.

Xalq musiqisindən, muğamlardan qida və ilham alan istedadlı bəstəkar həm də gözəl mahnılar, romanslar, kamera-vokal, instrumental və sözsüz mahnılar müəllifidir. Nizami Gəncəvinin qəzəlinə “Sərvi xuramanım mənim”, Füzulinin sözlərinə “Vətənimdir” romansları ünlü müğənnilərimizin repertuarlarının bəzəyi olmuşdur.

Süleyman Ələsgərov yaradıclığı həm lirik, həm də oynaq mahnılarla zəngindir. Qəlbi Şuşa, Qarabağ həsrəti ilə döyünən bəstəkar bu füsunkar diyara gözəl mahnılar həsr etmişdir. Vətənpərvərlik mahnıları da S.Ələsgərovun fəaliyyətində önəmli yerlərdən birini tutur. XX əsrin 80-ci illərinin sonlarından başlayaraq bəstəkar bu janrda xeyli əsər yazmışdır. Süleyman müəllim deyirdi ki, xalqımızın belə ağır, çətin günündə biz sənətkarlar tariximizi, başımıza gələn faciələri öz əsərlərimizdə elə təsvir etməliyik ki, şahid kimi gələcək nəslə yadigar qalsın.

Ürəyi Vətən arzusu ilə çırpınan bəstəkarın hərbi-vətənpərvərlik mövzusunda “Yürüş mahnısı”, “Gənclik marşı”, “Əsgər marşı”, “Bu torpağa bağlıyıq”, “Hardasan igid oğlan”, “Biz qələbə çalmalıyıq”, “Bura Vətəndir”, “Güllələnən abidələr”, “Azərbaycan polisi”, “Bakı—Ankara” kimi əsərləri öz aktuallığı ilə diqqəti cəlb edərək, mübarizə əzmi yaradır. “Sazım Borçalıda, sözüm Göyçədə”, “Gözəldir”, “Bu dünyanın qara daşı göyərir”, “Qəhrəman”, “Laylay”, “İstanbulum”, “Üç yaylaq çiçək”, “Eyləmişəm”, “Ya Rəbb” və s.mahnılar, eləcə də “Ömür qala” vokal əsəri, “Ey gül” mahnı-romansı və başqa əsərlər də böyük maraqla dinlənilir.
Süleyman Ələsgərov üslubu çox tez seçilir, lirizmi, melodikliyi, rəngarəngliyi, qəlbəyatımlığı ilə dinləyicini ovsunlayır. Bəstəkar yaradıcılığında kiçik yaşlı balaları da unutmamışdır. “Balaca Əyyubun mahnı və rəqsləri” əsəri buna misaldır.

Süleyman Ələsgərov sevimli müəllimi, böyük ustadı Üzeyir bəy Hacıbəylinin xatirəsini həmişə uca tutmuş, Üzeyir bəy ənənələrinin fəal davamçısı olmuşdur. O, trio üçün “Düşüncə” pyesini, S.Vurğunun Üzeyir bəyin xatirəsinə yazdığı şeirə “Eşq olsun sənətkara” balladasını bəstələmişdir.

Süleyman Ələsgərov 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra əvvəlcə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru, xalq çalğı alətləri orkestrinin dirijoru, sonra Musiqili Komediya Teatrının direktoru, baş dirijoru işləmişdir. 1956-cı ildən isə Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, xalq çalğı alətləri kafedrasının professoru olmuşdur.

Süleyman Ələsgərov görkəmli bəstəkar, əvəzsiz sənətkar olmaqla yanaşı, həm də bənzərsiz insan idi.

S.Ələsgərov Üzeyir bəy Hacıbəylinin vurğunu idi. Üzeyir bəyin bütün gözəl cəhətlərini özündə cəmləşdirmişdi. Xeyirxahlıqda, alicənablıqda, millətini sevməkdə Üzeyir bəyə bənzəyirdi. Hamıya kömək etməyi özünə borc bilirdi.

Xalqımızın sevimli oğlu, mehriban, qayğıkeş, böyük bəstəkarımız Süleyman Ələsgərovun əziz xatirəsi qəlbimizdə yaşayır. Həmişə onun özünəməxsus yeri görünəcək.

Комментарии закрыты.