“Böyüyəndə düşmənin dərsini verəcəyəm” — 18 yaşlı şəhidin hekayəsi

Orada, lap yaxında uca dağlar sıralanıb. Cəbrayılın dağlarıdır o dağlar. Zaur uşaq olanda o dağlardan sərin meh əsirdi. O dağların mehi Zaurun körpə qəlbini riqqətə gətirirdi… 

Zaur hər gün dağlara sarı boylanırdı. Tez-tez atasındam soruşurdu: «Biz niyə o dağlara gedə bilmirik?» 

Cavab həmişə eyni olurdu: «O torpaqlar işğal olunub. Dağlarda indi yağı düşmən var».  Sayt yaratmaq

Bu sözləri eşidəndə Zaurun əsəbləri tarıma çəkilirdi. O, yumruğunu düyünləyib belə deyirdi: «Böyüyəndə düşmənin dərsini verəcəm. Biz o dağlara gedəcəyik…» 

İkinci Qarabağ Müharibəsinin qəhrəmanlarından olan Zaur Əsədzadə 2002-ci ildə Beyləqan rayonunda anadan olub. 2008-2019-cu illərdə Beyləqan şəhər Təbiət və Humanitar fənlər təmayüllü liseydə təhsil alıb. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb. 

Hərbi xidmətdə olarkən vətən müharibəsi başlayıb. Zaur Əsədzadə döyüşlərdə böyük şücaət göstərərək silahdaşlarının böyük rəğbətini qazanıb. Düşmənin canlı qüvvəsinin məhv edilməsində fəal rol oynayıb. O, ötən il oktyabrın 9-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhadətə ucalıb. 

Şəhidimiz böyük izdiham və ehtiramla doğma Beyləqanda torpağa tapşırılıb.

Zaur Əsədzadə şəhadətindən sonra «Vətən uğrunda» və »Suqovuşanın azad olunmasına görə » medalları ilə təltif edilib. 

Vəzifə borcunu böyük şərəflə yerinə yetirən qəhrəmanımızla həm ailəsi, həm bütün azərbaycan xalqı fəxr edir.

Zaurun atası deyir ki, müharibədə iki oğlum iştirak edib. Zaur şəhadətə ucalıb. Düzdü, bu valideyn üçün böyük itkidi. Amma bizim yeganə təsəllimiz övladımızın, Vətən, Qarabağ, haqq uğrunda şəhid olmasıdır.  

…Yenə Cəbrayıl dağlarından sərin meh əsir. Amma artıq o dağlar əsir deyil. Çünki Cəbrayıl azaddır. Vətən torpaqları Zaur kimi igidlərimizin sayəsində azadlığa qovuşub. İndi uşaqlar o dağların döşündə bitən çiçəklərdən dərib Zaurun məzarının üstünə düzürlər… 

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır. 

Комментарии закрыты.