Bir gecəyə saçları ağaran Xalq artisti Yaşar Nurinin doğum günüdür

Bu gün unudulmaz sənətkarın anadan olmasından 73 il ötür.

1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gələn sənətkar özünəməxsus milli koloriti ilə seçilən, lirik, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, hamının sevimlisi idi. Aktyorun atası Azərbaycan kino və teatr tarixində çoxsaylı rolların mahir ifaçısı olub. Hər birimizin sevə-sevə izlədiyi “Yeddi oğul istərəm”, “Ulduz”, “Uşaqlığın son gecəsi”, “Sehrli xalat” və s. filmlərdə rol alan Məmmədsadıq Nuriyevin aktyorluq istedadı, sözsüz ki, övladı Yaşar Nuriyə sirayət edib və hər iki sənətkar kino və teatr tarixində unudulmaz rolların mahir ifaçısına çevrilib.

Yaşar Nuri hələ kiçik yaşlarında ikən səhnədə rol alıb. İlk dəfə on bir yaşı olarkən “Toy kimindir?” tamaşasında Tapdıq rolu ilə səhnədə rol alan unudulmaz aktyorumuz Yaşar Nuri televiziyada “Yelkən” verilişinin aparıcısı olub, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişlərində iştirak edib. Onun yaradıcılıq arealı bununla məhdudlaşmır. Dəyərli sənətkarımız müxtəlif dram dərnəklərində iştirak edib, görkəmli kino və teatr xadimlərimizdən dərs alıb.

Aktyor teatr səhnəsində çoxsaylı obrazların mahir ifaçısı olub. Sevilən sənətkarımızın Azərbaycan teatr səhnəsində “Övlad” komediyasında Silva, “Bağlardan gələn səs” dramında Pərviz, “Ölülər” əsərində Məşədi Oruc, “Od gəlini” dramında Altunbay, “Büllur sarayda” pyesində Bayandur, “Bizim qəribə taleyimiz” pyesində Davud, “Bəşərin komediyası və yaxud Don Juan” əsərində Sqanarel, “Dəli yığıncağı” faciəsində Sərsəm Salman, “Fəryad” əsərində Rəhman, “Mesenat” əsərində Ağamusa Nağıyev, “Sevil” əsərində Əbdüləli bəy, “Qanlı Nigar” pyesində Abdi, “Gülüstanda qətl” pyesində Şahməmməd İsmiyeviç, “Afət” əsərində Xandəmir və s. rolları ona geniş tamaşaçı rəğbəti qazandırıb.

Yaşar Nuri, eyni zamanda, hamı tərəfindən sevilərək izlənilən televiziya tamaşalarında da yadda qalan obrazların görkəmli ifaçısıdır. Çoxlarımız Yaşar Nurinin baş rol ifaçısı olduğu tamaşaları sevə-sevə izləyirik. Yaşar Nuri Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Qonşu qonşu olsa”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Yarımştat”, “Ac həriflər”, “Göz həkimi”, “Yaşıl eynəkli adam”, “Səni axtarıram” trilogiyasında və bir çox teletamaşalarda bənzərsiz rolların mahir ifaçısına çevrilib. Bir çoxunun yaddaşında Yaşar Nuri “tamada Surxayzadə”, “Gülərin Həsənağası”, “Gülnarın Elçini”, “çəkməçi Dadaşov”, “ac həriflərin Həsən dayısı”, “fotoqraf Əli bəy” və digər obrazlarda qalıb. Bu da aktyorun istənilən obrazı yaddaqalan və unudulmaz canlandırmasından irəli gəlir.

O, həm kino, həm də teatr sahəsində xidmət göstərməklə yanaşı, teatrda “Subaylarınızdan görəsiniz” tamaşasına quruluş verib, kinoda isə “Spasibo” filmini çəkib.

Yaşar tələbə vaxtı artıq populyar idi. Ətrafında qızlar pərvanə kimi dolanırdı. Yaşar isə qızların heç birinə fikir vermirmiş. Anasının sözünü qulağında sırğa edibmiş: “Sənə qızı özüm tapacam”. Elə də olub. Qız da kim ola? Konservatoriyada təhsil alan Rəhimə adlı uzaq qohum. Yaşar Nuri qızın izinə düşür, bir-iki gün arxasınca gedir, axırda bezib qızın yolunu kəsir və ona deyir:

— Bilirsən, nə var? Vaxt yoxdur ssenari qurmağa, bütün günü səhnədə ssenari ilə oynayıram. Evlənirik. Vəssalam.
Yaşar Nuriyə hansı qız “yox” deyə bilərdi ki? Evlənən kimi Dram Teatrına işə dəvət olunur. Peşəkar səhnədə ilk rolu da vampir obrazı olur.

***

Ona ən çox məşhurluq gətirən televiziya tamaşası “Səni axtarıram” olub. Firəngiz Mütəllimova ilə bir yerdə oynayıblar və deyilənə görə, bundan sonra aralarında sevgi münasibəti yaranıb.

Qızı müsahibəsində atasının Firəngiz xanımla münasibətinə bu cür reaksiya verib:

“Əgər onların arasında məhəbbət olubsa, yaxud atamın Firəngiz xanıma qarşı hisləri olubsa, bu gözəldir”.
Aktyorun həyat yoldaşı Rəhimə xanım isə deyir: “Firəngizlə olan söhbətlər yalan idi. Ola bilərdi ki, Yaşar Firəngizi sevsin. Mən hiss edirdim ki, Yaşar ona meyil edir. «Səni axtarıram» tamaşası çəkiləndə də bir çox məsələlərdə dərinə getmirdim. İndinin özündə də sizə o vaxtlar keçirdiyim hissin adını açıqlaya bilmirəm. Amma qadınam da, müəyyən mənada Yaşarın Firəngizə olan hisslərini duyurdum. Bir-iki dəfə özünə bu haqda deyəndə, Yaşar dedi ki, biz dostuq. Mən də ona demişdim, bəxtin onda gətirib ki, sən ona qarşı biganə deyilsən, amma o sənə qarşı biganədir. Bəlkə də, Firəngizin Yaşara qarşı güclü məhəbbəti olsaydı, evlənərdilər. Amma Firəngiz mənə, dost olduğu insana qarşı heç vaxt elə hərəkət etməzdi. Həm də həmin dövrdə onun da öz daxili aləmi, şəxsi həyatı vardı. Sadəcə olaraq o tamaşadakı rolları ifa edəndən sonra qarşı tərəfdən birinin sevməməsi mümkünsüz idi. Onlar elə ifa edirdilər ki, buna inanmamaq olmurdu. Amma mən Firəngizdən arxayın idim. Başqa qadınlarla bağlı nəsə eşidəndə də mənə toxunmurdu. Yaşarın sənətkarlığı qarşısında qadın söhbətləri mənim üçün cılız məsələlər idi”.

Firəngiz xanım bir dəfə Yaşarın xanımına demişdi ki, iki qızın var, ver birini mən saxlayım. Çox qəribədir, Yaşarın yoldaşı bundan sonra da evliliklərində problem yaratmamışdı.

***

Ən böyük arzusu kuklaların əhatəsində Məşədi İbad obrazını oynamaq olub. Bu tamaşa Kukla teatrında hazırlanır. Əgər səhhəti imkan versəydi, həmin tamaşa festivallarda yüksək uğur qazana bilərdi. Amma təəssüf ki, cəmi üç dəfə Kukla Teatrının səhnəsində çıxış edə bilir. Elə sonuncu tamaşada qızı Ülviyyə dilxor olur. Tamaşa başa çatandan sonra anası ona deyir ki, get, atanla görüş. O, isə yox, getmirəm, mənə elə gəlir ki, bu atamın son çıxışıdır, deyir və ağlayır. Ertəsi gün isə Yaşar Nurinin anidən vəziyyəti pisləşir. Ülviyyə Yaşarın ölümündən üç gün əvvəl də atasına nəsə olacağını hiss etmişdi. Atasının ölümünə son iki gün qalanda o, xəstəxanaya getmir. Dünyasını dəyişəndən sonra isə heç vaxt məzarını ziyarət etmir. Deyir, mən gedib onu daş altında görmək istəmirəm.

***

20 Yanvar hadisələrində Yaşar Nuri çox sarsılır. Bir gecənin içərisində onun saçının bir hissəsi arxa tərəfdən ağarır.

Yeyib-içən biri idi, məclis adamıydı. Bəzən bu içki məsələsi ona problem yaradırdı. Çəkilişlərə gec gedirdi, ona görə çəkiliş dayandırılırdı və s. Bir dəfə dövlət televiziyasında yeni il şənliklərində Şaxta baba rolunda olarkən içkili vəziyyətdə idi, çəkilişdə problem yaratmışdı, lakin onu sevdikləri üçün bu məsələnin üstü tez də örtülmüşdü. Bir ara şayiə yayılmışdı ki, Yaşar Nuri tez ölmək üçün içkiyə aludə olub. Bu şayiəni aktyorun qızı rədd etmişdi.

***

Türkiyədə xəstəxanada yatanda xəstəxananın işçiləri deyirmişlər ki, bir Nazarbayev burda yatanda belə böyük izdiham yaşanmışdı, bir də Yaşar Nuri. Türkiyədən müalicədən qayıdandan sonra üzərindəki sistem şunurlarını qoparıb birbaşa aeroportdan teatra gedib.

Sonuncu yayılan ölüm xəbəri düz çıxdı. 2012-ci ilin noyabrında böyük aktyor dünyasını dəyişir. Ölümü ağlına gətirməsə belə ölümündən üç gün əvvəl qızlarına deyir: Mən öləndən sonra siz neyləyəcəksiniz?

Комментарии закрыты.