AŞIQ ŞƏMŞİRLƏ SANDIQ SÜLEYMANIN ƏHVALATI

DƏDƏ ŞƏMŞIRIN RUHUNA EHTIRAMLA

Ulu Dədəmiz Dədə Qorquddan üzübəri çox ustadlar gəldi bu dünyamıza. Elə ustadlar ki, hər biri ayrıca bir dünyadı. Qurbani, Sarı Aşıq, Xəstə Qasım və neçə-neçə adı bəlli saz və söz xiridarları. Sonuncu zirvə isə ustadlar ustadı Aşıq Ələsgərdi! O Ələsgər ki, bütün zamanların sənət zirvəsidi. Əlbəttə, Dədə Ələsgər də aşıq Alı kimi ustaddan kamillik dərsini çox mükəmməl almışdı. O dövrün kamil ustadlarından biri də sənətin qaynar qazanında bişmiş olan ustad Ağdabanlı Qurbandı. Dövrünün çox dəyərli saz və söz adamı olan şair Qurban ocağının bir halal övladıdı Şəmşir Qurbanoğlu.
“Ustad oğlu şəyird olmaz”- demiş atalar. 1893-cü ildə dünyaya gələn Şəmşir daddığı ilk ana südündən sonra sazdan və sözdən qidalandı. O sazdankı onların öz ocağında onu Aşıq Ələsgər dilləndirib və bu da Şəmşir ömrünün formalaşması üçün əvəzsiz rol oynadı. Əlbəttə, Şəmşirin qabiliyyəti, zirəkliyi, qeyri-adi istedadı onun qolundan tutdu və büdrəməyə qoymadı.

XIX- əsrdən başlayan Kəlbəcər ədəbi mühiti elə Şəmşirlə bərabər boy atmağa və çiçəklənməyə başladı.
Evdə, el-obada nə qədər saz-söz adamı olsa da, bir ustad yanında dərs almaq lazım idi.
Bir müddət Goranboylu Sarı Aşıqdan da sənət dərsi alan aşıq Şəmşir daha da yetkinləşdi və sənət aləminə müstəqil qədəm basdı. Az bir zaman içində doğma Kəlbəcərdə, Göyçədə və sazın dəyərini bilən hər bölgədə Aşıq Şəmşirin adı eşidilməyə başladı.
Bütün bunlar bir yana, Aşıq Şəmşirin öz şöhrət taxtında əyləşməsində Azərbaycanın və bütün Türk dünyasının böyük şairi Səməd Vurğunla görüşü səbəb olmuşdur. Və bu görüşdən sonra saza biganəliyə son qoyuldu. Öz kökünə, keçmişinə xor baxanlara bir dərs oldu.
Doğrudan-doğruya Dədə Ələsgərdən sonra gələn sənət aləmində tək Aşıq Şəmşir o zirvələrdə ucalmışdır. 1955-ci ildə Səməd Vurğun İstisuya gələrkən Şəmşir sözünün və sazının istiliyini də gördü. Uşaqlıqdan saza bağlı olan şair Şəmşirə və onun sazına könül bağladı. Aşıq Şəmşir də onu öz sazıyla, öz sözüylə qarşıladı:

Elimin, günümün böyük şairi,
Gətirib dağlara şəfa, xoş gəldin.
Yolunu gözlədik biz intizarla,
Eyləyib əhdinə vəfa xoş gəldin.

Böyük ustad Səməd Vurğunla görüşü aşıq Şəmşirin şöhrətini ellərə yaydı. Dədə Şəmşir də bundan arxayınlaşmadı. Müqəddəs aşıq sənətinin ən dərin dəryalarına baş vurdu və ordan da ləl-gövhər dolu yüklə döndü. O, təkcə ustad aşıq kimi məclislər yola salıb öz ruzisini qazanmağa çalışmadı. Onun özü bir dastan ömrü yaşadı. Hər cəhətdən bir örnək oldu ellərə. Və üzü Dədə yolunda boyu göründü. Dədələşdi Aşıq Şəmşir.
Klassik aşıq şeirinin bütün janrlarında çox böyük uğur qazandı. Yüzlərlə qoşma, gəraylı, divani, təcnis, müxəmməs və başqa şeirləri dillər əzbəri oldu. Hələ bu harasıdı? Belə bir ulu söz də var: şəyirdini mənə göstər, sənin necə aşıq və ya ustad olduğunu deyim. Əslində, Aşıq Şəmşir elə xoşbəxt ustadıydı ki, onun zamanında əlinə saz alan hər kəs özünü Dədə Şəmşirin çırağı (şəyirdi) hesab eləyirdi. Təkcə aşıq Sakit Köçərinin adını çəksək bu suala cavab vermiş olarıq. Bu o aşıq Sakit Köçəridi ki, Dədə Şəmşirin işıq üzü görməyən 115 şeirini yığıb bir kitab şəklində onun 115 illiyi ilə əlaqədar cəmiyyətə təqdim edib.
Şəyirdi ustadlaşan ustada, “ustadlar ustadı” demiş atalar. Bu cəhətdən də Dədə Şəmşir əsl ustadlar ustadı idi.

Dədə Şəmşirin bir cəhəti də əvəzolunmazdı. Onun yaratdığı hər sözün milli sərvət olmasından savayı o, həm də min illərdən bəri elin yaddaşında mürgü döyən çox-çox xəzinələri üzə çıxarıb. Eldən aldığı zəngin xəzinələri yenidən öz orijinallığı ilə elə qaytarıb və bununla da bir daha öz böyüklüyünü göstərib. Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və onun çox mahir danışanı olub.
Dədə Şəmşir Borçalıdan olan ustad aşıqlardan Dədə Əmrahla, Hüseyn Saraclıyla, aşıq Kamandar Əfəndiyevlə çox bağlı olmuş və onlara çox böyük dəyər vermişdi. Onların hər üçü ilə gah Kəlbəcərin “İstisu” sanatoriyasındakı evində, gah da Bakıda dönə-dönə görüşmüşüdür. O Aşıq Əmrahı zamanın ən böyük saz ustadı adlandırmışdı.
Özü dastan olan, dastanlar yaradan Şəmşir dastanlaşıb. Onun haqqında dastanlar yaradılır. O qədər əzəmətli, o qədər böyükdü ki, Şəmşir adı dillərdə dastan çevrilib.
Bu il böyük ustadın dünyaya gəlməsinin 125-ci ili tamam olur. XX- əsrin ən böyük ustad ozanı olan Dədə Şəmşirin adı və ustad sənətkarlığı heç vaxt unudulmayacaq. Adı innən sonra neçə-neçə yüzilliklərdə anılacaq Dədə Şəmşirin.

Ruhu şad olsun!

****

Bir gün yaz axşamı Dədə Şəmşir gəlib Dəmirçi Süleymana qızı Çimnaz xanım üçün bir cehiz sandığı düzəltməyi sifariş edir. El arasında Dəmirçi Süleymana Sandıq Süleyman da deyirlərmiş. Keçmişdə gəlin köçən qızlarımızın cehizində mütləq sandıq olarmış. Süleyman Dədə Şəmşiri çox istəyirmiş. Şirin söhbətinin, şeiriyyatının vurğunuymuş. Sandıq Süleyman özü qəsdən sandığı gecikdirir ki, Dədə Şəmşiri tərpətsin, buna bir şeir yazsın və bu da onunla birliktə tarixə düşsün. Sandıq Süleyman bilirdi ki, Dədə Şəmşir ona bir şeir yazsa bu da ona bir cavab yazacaq. O da aşıqların dilinə düşəcək və yayılacaq. Sandıq Süleyman deyirmiş:
-Mənə başqa nə lazımdır ki? Hətta pulsuz da o kişiyə sandıq bağışlaya bilərdim.
Xülasə, Sandıq Süleyman sandığı gecikdirir. Bu münvalla payız gəlir, qış yaxınlaşır, toyun vaxtına lap az qalır. Ta neynəsin, hövsələsi çatmır. Sandıq Süleymanın yanına gəlir və deyir:

-Süleyman, mən sandığı istəmirəm, toya az qalıb, onsuzda innən belə başlasan da çatmayacaq. Al sənə bir şeir yazmışam, qulaq as.
Görək Dədə Şəmşir nə yazır? Aşıq Şəmşirlə Dəmirçi Süleymanın deyişməsini sizlərə təqdim edirik.

Aşıq Şəmşir:

Vədələşdik həftə keçdi ay oldu,
Ay usta düzəlib ili sandığın.
Qış adladı payız oldu, yaz oldu,
Bir yaşı tamamdı, bəli, sandığın.

Dəmirçi Süleyman:

Bağışla sən məni, ay Dədə Şəmşir,
Mövsüm çatır, peçlər əyir sandığı.
Pəncərə dəmiri bir yana dursun,
Manqallar hesabda döyür sandığı.

Aşıq Şəmşir:

Uçunmaram, yarpaq kimi əsmərəm,
Sənətkaram, sənətkardan küsmərəm,
Sən elə bilmə ki, qurban kəsmərəm,
Çatsa əlimizə əli sandığın.

Dəmirçi Süleyman:

Doğrudur, sevdamız əzəl düz gəldi,
Zar-zəyliyin qışı bir az tez gəldi,
Gəldiklərdə boran əsdi, buz gəldi,
Oğulsansa vaxt tap qayır sandığı.

Aşıq Şəmşir:

Mən səni bilmirəm dostum, günahkar,
Bilirəm evində iki ilan var,
Birisi can deyir, birsi zəhrimar,
Olub işi ləngiməli sandığın.

Dəmirçi Süleyman:

Aşıq Şəmşir söhbətindən doymaram,
Çox həsrətdə qalmağına qıymaram,
Bu il keçdi gələn ilə qoymaram,
Çatar əlinizə, əli sandığın.

Aşıq Şəmşir:

Yaxşı olsun, gözəl olsun düzəyi,
Qaynaqlansın haşyasının özəyi,
Cəlb eləsin onun bəri-bəzəyi,
Gül açsın gül kimi, güllü sandığın.

Dəmirçi Süleyman:

Elə bil sandığın aldı, qumaşdı,
Astarı taxtadı, üzü zər-qaşdı,
Dünya bazarında hər şeydən başdı,
Mələklər əlində yuyur sandığı.

Aşıq Şəmşir:

Sənətkarın işinə bax, işinə,
Yayın işin qoyub zarın qışına,
Məni salıb canavarın dişinə,
Salacaq dillərə, dili sandığın.

Dəmirçi Süleyman:

Mən oldum piyada, söz oldu atlı,
Sandıq bəhanədir, bir zarafatdı,
Şadam ki, kəlamım ustada çatdı,
Dayım çulğalasın xeyir sandığı.

Aşıq Şəmşir:

Şəmşir səni bil unutmaz, Süleyman!
Dostunu unutmaz kamil bir insan,
Sel aparıb çaylaq olub Ağdaban,
Hələlik bağlıdır yolu sandığın.

Dəmirçi Süleyman:

Sizin dağlar bizim dağlardan başdırsa,
Dözər Süleymanın bağrı daşdırsa,
Ağdabanın yolu çınqıl-daşdırsa,
Gətirər ceyranla, cüyür sandığı.

Təqdim edən:
Güllü Eldar Tomarlı

Комментарии закрыты.