Məktəblərlə bağlı DƏHŞƏTLİ STATİSTİKA: Ciddi problemlərə səbəb ola bilər

Yeni tədris ilində paytaxt məktəblərində yarım milyondan çox şagird təhsil alacaq. Dəqiq sayla desək, 513 698 şagirdin Bakıda təhsil alacağı gözlənilir. Belə olan halda, düşünülür ki, bir sinifdə azı 30-40 nəfər olacaq. 

Bu rəqəmlər, ümumiyyətlə isə Bakıda yarım milyondan çox şagirdin təhsil almasına paytaxt məktəblərinin yetərincə potensialı varmı? Həmin say təhsilin keyfiyyətinə necə təsir edəcək? 

İctimaimedia.az xəbər verir ki, təhsil eksperti Cahid İmanlı bu məsələni “Yeni Sabah”a şərh edib: 

“Qanunvericiliyə görə, hər bir şəxsin təhsil almaq hüququ vardır. Hər bir şagird özünə yaxın ərazidə yerləşən məktəbdə təhsil ala bilər. Amma o halda ki, buna məktəbin də infrastrukturu-maddi — texniki bazası, tədris otaqları və s. imkan versin. Sovet dövründə tikilən məktəblərin bir çoxunda sinif otaqlarının sahəsi xeyli genişdir. Belə sinif otaqlarında fənn kabineti də təşkil edilirdi, bir neçə şkaf-mebellər olurdu, əlavə pedaqoji prosesi dəstəkləyən resurslar da yerləşdirilirdi. Sinif otağının geniş olması şagirdlərin sağlamlığı,onların təhlükəsizliyi baxımından da vacib amillərdən biri sayılır. Lakin təssüf hissi ilə demək istəyirəm ki, Bakı şəhəri və ətraf qəsəbələrin bir çoxunda şagird sıxlığına görə ciddi problemlər yaşanır. Bəzən məktəblərdə iç-içə yerləşən sinif otaqlarına belə rast gəlinir. Yaxşı halda məktəbin koridorundan, bufetindən və ya digər bir hissəsindən kəsərək yeni sinif otaqları düzəldilir. Ən pisi də odur ki, geniş sinifləri «ağzı dolana qədər» şagirdlə doldururlar. Partalar arasındakı məsafələr, partanın lövhə ilə arasındakı məsafə nəzərdə tutulan normativlərdən qat-qat az olur. Belə olan halda, şübhəsiz ki, tədrisin keyfiyyəti də itir”. 

Ekspert bildirib ki, hansısa məktəbdə şagirdlərin kəmiyyətinin artması qətiyyən keyfiyyətə təsir etməməlidir: 

“Məsələnin həlli üçün strateji planlaşma lazımdır. Məsələn, hansısa şəhərcik salınırsa, hətta ilk bina tikilməmişdən əvvəl ilk olaarq uşaq bağçası, məktəb tikilməlidir. Hazırda biz bu prosesi işğaldan azad edilən ərazilərimizdəki tikinti-quruculuq işlərində müşahidə edirik. Ümumiyyətlə, aidiyyatı qurumlar məsələnin həllinin bir çox alternativ yollarını tapmalı və həll etməyə çalışmalıdırlar”.