Atası gitarasını sındırdı, küçədə balıq satdı — Yalçın Rzazadənin həyatından maraqlı faktlar

Yalçın Rzazadə 1946-cı ildə Lənkəranda ziyalı ailəsində anadan olub.

***

İstedadı hələ uşaq yaşlarından üzə çıxsa da, atasının sərt xasiyyəti onun müğənni olmaq arzusunun qarşısını kəsir. Anası atasının əksinə balaca Yalçına mahnılar oxumağı, rəsm çəkmək öyrədir. Yalçın anasının da dəstəyi ilə qonşuluqda yaşayan rus zabitin gitaraçı həyat yoldaşından gitara dərsləri almağa başlayır. Bir müddət sonra Yalçına gitara alınır. Amma atası onun müğənni olmasını istəmədiyi üçün gitarasını sındırır. Növbəti dəfə ona gitara alınsa da, bu dəfə də gitarasını atasının qəzəbindən xilas edə bilmir. Anası ona üçüncü gitaranı alır və atası görməsin deyə o gitaranı gizlədir.

Ailəsi kasıb olduğundan, uşaqlıq illəri müharibədən sonrakı illərə təsadüf etdiyindən, yemək, çörək qıtlığı onların ailəsindən də yan keçmir. Yay tətillərində məhəllədə futbol oynayan uşaqlara qoşula bilmir. Uşaqlar futbol oynayanda kiçik Yalçın yeşik mıxlayar, bunun əvəzində pomidor, xiyar götürüb evə gələrmiş.

***

Yalçın Rzazadə uşaqlıq illərini xatırlayarkən deyir:

“Balıqçılar dənizdən çıxanda qayığı çıxarmağa kömək edərdim, mənə balıq verərdilər. O balıqların bir neçəsini satar, bir-ikisini evə gətirərdim.”

1963-cü ildə atasından xəbərsiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olur. Dörd il sonra isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olur. 1979-cu ildə əməkdar artist, 1999-cu ildə xalq artisti adına layiq görülür.

***

Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsində rejissor assistenti kimi işə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın «Dan ulduzu» ansamblına dəvət olunur.

Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid «Durnalar» mahnısı oldu.

***

Dövrün ən məşhur müğənnilərindən birinə çevrilir. Dövrün ən böyük bəstəkarları ilə çalışır. “Dədə Qorqud”, “Gün keçdi”, “Qayınana”, “Bayquş qayıdanda”, “Baladadaşın ilk məhəbbəti” kimi filmlərin musiqisinə həyat verib.

***

O, “Od içində” filmində Əmir bəy rolunu ifa edib. Ancaq bu sənətkarın aktyor kimi ilk və son işi olub. Ondan sonra bir çox filmlərə dəvət alsa da, qastrollarının, konsertlərinin çox olması səbəbindən dəvətləri qəbul edə bilməyib.

Müğənni 20 yaşında ailə həyatı qurub. Bu evlilikdən üç oğlu dünyaya gəlib. Oğlu Mətin Rzazadə onun yolunu davam etdirir.

***

Yalçın Rzazadə də atası kimi oğlunun müğənni olmasına razılıq verməyib. Oğlu müsahibələrinin birində deyir:

“Yalçın müəllim bu sənətin çətinliklərini bilirdi və öz təcrübəsindən bunu görmüşdü. Görünür, məni qorumaq istəyirdi, bu səbəbdən də sənətə gəlməyimi arzulamırdı. Ona görə, atamdan gizlin musiqi məktəbinə daxil oldum. O, məni bir il öz sinfinə qəbul etmədi. Sonradan mənim bu sənətə can atmağımı, istedadımı görüb razılıq verdi, sinfinə qəbul etdi.”

Kommunist Partiyasına üzv olmayıb. Bu səbəbdən sovet dövründə onu bir neçə dəfə efirə buraxmayıblar.

***

Yalçın Rzazadənin kiçik qardaşı Rusiyada öldürülüb. Bu ağır xəbəri alan sənətkar 3 gün qapını bağlayıb, evdən çıxmayıb.

***

Kitablarla dost olub. Cek London, Fenimor Kuper kimi yazıçıları sevib. Cabir Novruzla dostluq edib. Yalçın Rzazadə həm də idmançı idi. O, karate üzrə iki dəfə çempion olub. İdman həyatı ilə bağlı “Oğlaq bürcü” adlı film çəkilib.

Azərbaycanda ilk motosiklet sürən adamlardan biri də Yalçın Rzazadədir. Qəza keçirib ayağını sındırandan sonra motosikletlə vidalaşıb.

***

Təbiətcə sərt olan sənətkar bir neçə dəfə əlbəyaxa davaya düşüb. Müsahibələrinin birində deyir:

“Bir dəfə də AzTV-yə konsertə gedirdim. Yağış yağmışdı, yol yaş idi. Avtomobilimin pəncərəsini açmışdım ki, şüşə tərləməsin. Bir bahalı maşında iki nəfər gəldi, yanımdan keçdi, suyu üstümə sıçratdılar. Mən yaxşı maşın sürürəm, hətta deyərdim, ustayam. Maşını sürdüm, arxalarınca. Gəldim, maşını onların avtomobilinin qabağına verib saxladım. Ona iradımı bildirdim, o, da əli ilə mənə “get burdan” dedi. Buna dözə bilməzdim, onun əllə elə davranışı mənə pis təsir etdi. Getdim üstünə, o da qapını açırdı ki, düşsün. Mən özümü yetirdim, qapını açdım, başını da qoydum qapının arasına, vurdum. Sürüşdü yerə düşdü.”

Maşın həvəskarı olub. Xarici ölkələrə gedəndə ordan oyuncaq maşınlar alar, kolleksiya toplayardı.

***

Son illər səhhətində ciddi problemlər yaranan Yalçın Rzazadə 2021-ci il fevralın 22-də vəfat edib.Kulis.az