Oğlunun dəfnində gəlinini təbrik edən Xalq şairi Xəlil Rza Ulutürkün doğum günüdür

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, filosof və mütəfəkkir şair Xəlil Rza Ulutürk milli-demokratik hərəkatımızın yorulmaz mücahidlərindən idi. O, Azərbaycan ədəbiyyatında türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından olub. Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq poeziyada şəxsiyyətini, şəxsiyyətində isə poeziyasındakı amallarını gerçəkləşdirmiş şairlərdəndir.

Azərbaycanın görkəmli şairi Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olub. Ona babası Xəlil öz adını verib. Xəlil qayğı və nəvazişlə böyüyüb. Yeddi yaşı olanda 2 nömrəli Salyan rayon orta məktəbində təhsil almağa başlayıb. Məktəb illəri Xəlilin bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, romantik yaradıcılıq meydanına çıxması üçün bir hazırlıq dövrü olub. Şifahi xalq ədəbiyyatını, klassik və müasir yazıçıların əsərlərini mütaliə etməsi istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyadıb. Xəlil Rza hələ gənc yaşlarından onu həyəcanlandıran, düşündürən hadisələri bəzən poetik dillə ifadə etməyə çalışıb.

Xəlil Rzanın ilk mətbu şeiri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açıb. Universitetdə ədəbiyyatşünas alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, istərsə də Azərbaycan Yazıçılar Birliyində Xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü” məşğələlərində fəal iştirak edən Xəlil Rzanın şair kimi yetişməsinə ciddi təsir göstərib.

1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalında ədəbi işçi kimi başlayıb, mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib.

1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilir. 1957-ci ildə onun ilk şeirlər toplusu -“Bahar gəlir” kitabı nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarına göndərir. Xəlil Rza institutda rus ədəbiyyatının görkəmli nümayəndəsi Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə də yaxından tanış olub.

1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1984-cü ildə şairin “Ömürdən uzun küçələr” kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” adlı toplusu cəmiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, bu fikir hakim dairələrin etirazına səbəb olub. İstedadlı şair Xəlil Rza 1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona “Əməkdar incəsənət xadimi” adı verilir.

Ötən əsrin 80-ci illərinin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın hər yerindən eşidilir. Xəlil Rza 1990-cı il yanvarın 26-da SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilərək Moskvaya – Lefortovo həbsxanasına göndərilib. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da azadlıq uğrunda mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair, odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi”ni, 200-dən çox şeir, poema və məktubunu qələmə alır.

Milli azadlıq hərəkatı vaxtı Xəlil Rza təkcə rus millətçiləri ilə deyil, rus sözləri ilə də mübarizə aparırdı. O, soyadlardakı “ov” sonluğunu tələffüz etmirdi. Misal üçün, Sabir Əhmədov yox, Sabir Əhməd, İsa Hüseynov yox, İsa Hüseyn… Onun təsiri ilə bəzi qələm adamları indi də belə danışır və bəzən lap ifrata varıb rus yazıçıların özünü “ov”suz təqdim edirlər: Anton Çex, İvan Turgen və s.

***

Rus sözləri ilə mücadilənin daha bir variantı: Xəlil Rza Azərbaycan dilində qarşılığı olan rus sözlərini işlədənləri cərimələyirdi. Və toplanan pul şairlərin yeyib-içmək məclislərində xərclənirdi.

***

Şairin cənginə keçən sözlərdən biri də “Metro” olub. Düşünüb-daşınıb onun qarşılığını tapıbmış, amma işlətmirmiş. Bir gün söhbət əsnasında üzə çıxır. Harasa tələsən gənc yazarlar üzünü Xəlil bəyə tutub soruşur:

— Ustad, nəylə gedəcəyik? Taksiyləmi?

Xəlil Rza:

— Xeyir! Lağımla!

***

Xəlil Rzanın arxiv səliqəsi və gündəliyi dillərdə dastandır. O, demək olar ki, hər şeyi qeyd edirdi. Bir gün həmyerlisi Əlisəmid Kür ondan borc almağa gedir. Fikirləşir, 100 manat desəm, verməz, 50 deyim. Və o cür də edir. Xəlil Rza bir topa onluq çıxarıb üstündən beş dənə sayır, stolun üstünə qoyur və dəftərinə nəsə qeyd edir. Əlisəmid onun cibində pulun çox olduğunu görüb deyir:

— Xəlil müəllim, əslində mənə yüz lazım idi, dedim birdən olmaz, ona görə əlli dedim. İmkandırsa, beşini də qoy üstünə.

Xəlil Rza:

— Olmaz!

Əlisəmid:

— Niyə?

Xəlil Rza:

— Gündəliyə 50 yazdım! Dəftəri qaralaya bilmərəm.

***

Gənc bir şair Xəlil Rzaya yaxınlaşıb əlini uzadır və amiranə səslə deyir:

— Təvəkkül Yanar!

Xəlil Rza onun əlini sıxaraq gülümsünür:

— Xəlil Rza söndürər.

***

Hansısa görüşdə emosional vəziyyətdə şeir oxuyan Xəlil Rza gözlənilmədən vəcdə gələrək, köynəyinin yaxasını cırır. Görüşdən sonra tədbiri təşkil edənlər deyirlər, şair, tələsmə, sənə köynək alıb gətirək. Xəlil Rza diplomatını açır, içindən təzə köynək çıxarıb deyir:

— Narahat olmayın, özümdə ehtiyat var.

***

60-cı illərdə Azərbaycan Yazıçılar İttifaqında bütün vəzifələri tutan titullu yazıçılar haqda Xəlil Rza bu ifadəni işlədirdi: “İribuynuzlu feodallar” Onun məşhur ifadələrindən biri də “Boşqab dibi yalayanlar” idi. “Maygülü” ifadəsindən də tez-tez istifadə edirdi.

***

Xəlil Rza Gəncədə yaşayıb işləyən füzulişünas-alim Sabir Əliyevlə Bakıda gəzirmiş. Tanışlardan kimi görürsə, Sabir müəllimi uzun-uzadı təqdim edir. Bir dəfə, iki dəfə, beş dəfə… Axırı bezib deyir:

— Sabir, səni tanıtmaqdan yoruldum, sən canın məşhurlaş, canım qurtarsın!

***

1990-cı ildə Xəlil Rzaya dövlət ev verir. Xəlil Rza deyir:

— Mənə evi sovet KQB-si verdi… Qorxusundan!

***

Ondan soruşurlar:

— Niyə çoxunu qəhrəman, xalqın böyük oğlu kimi təqdim edirsən?

Cavab:

— Həyatda o qədər alçaq adamlara rast gəlmişəm ki, azacıq seçilənlərə qəhrəman kimi baxıram.

***

Xəlil Rza bir neçə tanınmış şairlə Qarabağdan qaçqın düşmüş Pedaqoji Universitetin Şuşa filialına — tələbələrin görüşünə gedir. Ağır vəziyyətdə oxuyan tələbələr peşə məktəbinin uçuq-sökük binasına sığınmış universitet üçün aidiyyatı yerlərdən kitab və mebel alınması işində şairlərdən kömək istəyirlər. Hamı söz verir ki, bu problemin həllində onlara yardım edəcək, bircə Xəlil Rzadan səs çıxmır. Tələbələrsə ondan cavab gözləyirlər. Şair axırda dilə gəlir:

— Söz vermirəm. Birdən, bacarmaram, yanınızda yalançı çıxaram.

***

Yəqin indi gənclərin çoxu bilmir ki, Xəlil Rzanın “Davam edir 37” şeiri 90-cı illərin əvvəllərində bir telekanalın görə bilmədiyi işi görmüşdü. Bu şeiri əlyazmada əl-əl gəzdirir, yüz minlərlə adam əzbər bilirdi.

***

Xəlil Rza şəhid olan oğlu Təbrizin dəfnində çıxış edərək deyir:

— Mən şəhid olmuş oğlum Təbrizin yastıq yoldaşı Sevinc xanımı təbrik edirəm! Onun Təbrizi vətənin müqəddəs torpağı uğrunda can verdi. Onun ölümü pak və müqəddəs ölümdür. Eşq olsun belə ölümə!

***

Xəlil Rzanın oğlu Təbrizin dünyaya gəlişi münasibəti ilə yazdığı şeiri diqqətlə oxuyanda onun şəhid olacağını sezmək mümkündür. Bu, bir mistika olsa gərək.

1991-ci il mayın 6-da şair “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülüb. Bir ildən sonra ona “Xalq şairi” fəxri adı verilib. İstiqlaliyyəti uğrunda mübarizə aparan Azərbaycanı körpə ikən beşiyində boğmağa uzanan əlləri kəsmək üçün onu müdafiəyə qalxan və bu müqəddəs amal uğrunda ölümün şəhidlik zirvəsini fəth edən igidlərdən biri də məhz Milli istiqlal şairi Xəlil Rza Ulutürkün oğlu Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylidir. Qəhrəmanlıq bir neçə anın, saniyənin işi deyil, qəhrəmanlıq fərdin, şəxsiyyətin iliyində, qanında, sümüyündədir.

Vətənini, millətini canından artıq sevən, “Biz Türküstan elləriyiz, qeyrət, qüdrət selləriyik” deyən Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Xəlil Rza Fəxri Xiyabanda dəfn olunanda bir nəfər qaranəfəs özünü çatdırıb qışqırır:

— Əl saxlayın! Onu burda dəfn eləməyin! Xəlil Rza şəhid olub! Onun yeri Şəhidlər Xiyabanıdır.

Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə Xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edilib.