Kəlbəcər məktəbində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı qonaqlar da iştirak edib. Təhsil Nazirliyinin 30-cu ildönümlə bağlı tədbirlər planına uyğun olaraq keçirilən yığıncaq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Həqiqət Məmişova tədbiri giriş sözü ilə açaraq bildirib ki,Xocalı soyqırımı XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən, ən qəddar terror aktlarından biridir. Qeyd edib ki, 1992-ci ilin 26 fevral tarixində Xocalıda baş vermiş qırğın erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. Həqiqət Məmişova faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edildiyini vurğulayıb. Tərbiyə işləri üzrə direktor müavini Sənəm Quliyeva çıxış edərək bildirib ki, XX əsrin sonunda törədilmiş bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanır.

Məktəbin tarix müəllimi Tünzalə Əzimova çıxış edərək bildirib ki,200 il ərzində Azərbaycan xalqı mütəmadi olaraq erməni şovinistlərinin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar öz tarixi torpaqlarından qovulub, qaçqın və məcburi köçkün düşüb, bunlar ermənilər tərəfindən törədilən kütləvi qətllərlə müşayiət olunub.

Tədris işləri üzrə direktor müavini Bəxtiyar Zamanov Xocalı sakinlərinə verilən işgəncələrdən söz açaraq bildirib ki, “Öldürülmüş azərbaycanlı uşaqların meyitləri yarılıb, onların ürəkləri yerindən çıxarılıb. Meyitlər parçalara doğranılıb.Valideyinlərin gözü önündə uşaqları güllələyiblər. Sabunçu MKS 12 saylı kitabxanasının müdiri Vəsilə Məmmədova tədbirdə çıxış edərək bildirib ki,ötən 30 il ərzində Xocalı soyqırımı haqqında çoxsaylı materiallar, kitablar, elmi işlər, analitik şərhlər yazılıb, filmlər lentə alınıb, həmin kənddən sağ çıxa bilmiş insanlardan müsahibələr alındığını bildirib.Uşaqlara Xocalı soyqırımı haqqında kitabları oxumağı tövsiyə edib. Məktəbdə Xocalı qurbanlarına həsr olunmuş anım guşəsi qarşısında şagirdlər şeirlər söyləyiblər. Məktəbin kollektivi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşündə iştirak ediblər.

Şahin Səlimli

Комментарии закрыты.