Bakı erməni-bolşevik işğalından necə azad edildi?: Azərbaycan hərb tarixinin zəfəri — VİDEO

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı və ətraf rayonlar erməni bolşeviklərinin işğalı altında idi.

Bu səbəbdən milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşmişdi. Lakin müstəqil Azərbaycan Bakısız başsız bədənə bənzəyirdi. Məhz buna görə də Cümhuriyyət qurucularının qarşısında duran əsas hədəf və məqsəd Bakını işğaldan azad etmək idi.

Osmanlı imperiyasının da göndərdiyi 12 minlik qoşunla birləşən Azərbaycan Korpusu sıra ilə işğal altında olan əraziləri – Göyçay, Kürdəmir, Şamaxı, Ağsunu erməni daşnaklardan təmizləyib və sıra Bakıya çatıb. Düz 106 il bundan əvvəl – 1918-ci il 15 sentyabr tarixində Bakı işğaldan azad edilib.

Tarixçi Firdovsiyyə Əhmədova bildirib ki, Bakının azad olunması beynəlxalq məsələyə çevrilmişdi. Qafqaz İslam Ordusunun Nuru Paşanın komandanlığı altında Azərbaycan hərbi hissələri ilə birlikdə Bakını azad etməsi təkcə bu şəhərin Azərbaycanın paytaxtı olması demək deyildi, çünki bundan sonra məhz Qafqaz İslam Ordusu yenə də strateji əhəmiyyətli əməliyyatlar həyata keçirməli oldu.

F.Əhmədovanın sözlərinə görə, Rusiya Almaniya ilə Bakı məsələsi ilə bağlı məxfi saziş imzalamışdı ki, Bakı neftinin 1/4-nin Almaniyaya verilməsi müqabilində Osmanlı qoşunlarının irəliləməsinin qarşısını Almaniya almalı idi.

“Bir əsr ərzində Azərbaycan əsgəri hərbi mükəlləfiyyətdən uzaq idi. Yəni bundan uzaq olan, əlində silah olmayan Azərbaycan oğlu, kişisi savaşa-savaşa Azərbaycan Ordusunu yaradırdı və bu azad olunma prosesində Azərbaycanın hər yerindən könüllülərin, Türkiyənin hər bölgəsindən olan şəhidlərin qanı axıdılıb. Bu, bir qardaşlıq rəmzidir, Azərbaycan-Türkiyə hərb tarixinin şərəf səhifəsidir”, – tarixçi bildirib.

Комментарии закрыты.