Yaşasaydı bu gün 49 yaşını qeyd edəcəkdi Aygün Bəylər

Avqustun 22-si Azərbaycanın Əməkdar artisti Aygün Hümmətovanın (Bəylər) doğum günüdür.

Aygün Aydın qızı Hümmətova 22 avqust 1975-ci ildə Bakıda çoxuşaqlı ailədə anadan olub. Beş uşaqlı ailənin ilk övladı olan Aygünün anası işlədiyi üçün digər uşaqları hər gün Aygünə etibar edib işə gedirmiş. Aygün ailəsinin qayğılarına o qədər aludə olur ki, orta məktəb təhsilini belə düz-əməlli ala bilmir.

Aygün ilkin musiqi təhsilini Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının musiqi məktəbində nağara sinfi üzrə alır. 1988-ci ildə 13 yaşlı Aygün Azərbaycan Dövlət Uşaq Filarmoniyasına qəbul olunur. Professional səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir.

Ancaq atasının ciddi etirazı ilə qarşılaşan Aygün müğənni olmaq üçün evdən qaçmaq məcburiyyətində qalır. O, müsahibələrinin birində deyir:

«15 yaşımdan tək yaşayıram. Evə getmək olmazdı. Qorxumdan evdən qaçmışdım, çünki toyda oxuduğum üçün atam məni öldürəcəkdi. Rəfiqəm Elnarənin evində qalırdım. 15-16 yaşımdan tək ev tutub yaşadım. Anam 180 rubl maaş alırdı. Mən isə bir toydan 100 rubl qazandım. Gördüm ki, toylarda yaxşı gəlir var. Bibimin həyat yoldaşının dəstəyi ilə oxudum. Atama tez-tez deyirdi ki, qoy oxusun. Əmim isə məni öldürmək istəyirdi ki, niyə oxuyur?”.

1998-ci ildə Azərbaycan Milli Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygünün sənət taleyində yeni səhifə açılır. Görkəmli sənətkarlar – Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcə də Alim Qasımovdan muğamın incəliklərini öyrənir.

Professional səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışları, xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayır.

1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır.

1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Hümmətova Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov və Alim Qasımovdan muğamın incəliklərini öyrənir.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə «Əməkdar artist» fəxri adına layiq görülür.

2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında folk-muğam triosunun müşayiəti ilə çıxış edən Aygün Azərbaycan muğam məktəbini uğurla təmsil edərək festivalın qalibi olur.

2005-10-cu illər arası Aygün Hümmətova Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Niderland, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və s. kimi dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı olaraq solo konsertlərlə çıxışlar edir.

Bu zaman kəsiyində bir çox ölkələrin folk musiqisi ilə, eləcə də Şərq ölkələrinin muğam sənəti ilə yaxın ünsiyyət Aygünün musiqiyə baxışında müəyyən dəyişmələrə səbəb olur və müəllimi Elxan Müzəffərovla bununla bağlı fikirlərini bölüşür.

Böyük muğam bilicisi olan Elxan müəllim ona Niyazinin «Rast», Fikrət Əmirovun «Şur», «Kürd-Ovşarı», «Gülüstan», «Bayatı-Şiraz» simfonik muğamlarına müraciət etməyi tövsiyə edir.

Məhz bunun nəticəsi olaraq, Aygün «Humayun» muğamının üzərində simfonik-muğam yazmaq istəyi ilə 2010-cu ildə yaradıcılıq axtarışlarına başlayır. Amma anlayır ki, arzusuna yetmək üçün bəstəkarlıq peşəsi üzrə təhsil almalıdır.

Ona görə də 2012-ci ildə Aygün Hümmətova Bakı Musiqi Akademiyasının yeni açılan Simfonik dirijorluq və bəstəkarlıq fakültəsinə daxil olur.

2015-ci ildə solo konsert təşkil etmək üçün lazım olan məbləğə görə evini girov qoymuşdu. «Günəşli» neft yatağında baş verən yanğın hadisəsi ilə üst-üstə düşdüyünə görə konsert baş tutmamış, nəticədə Aygün Bəylər həmin məbləği itirmişdi.

O, xərçəngə tutulma səbəbini də məhz bu hadisə nəticəsində keçirdiyi stres ilə əlaqələndirirdi.

2022-ci ildə Aygün Bəylərə ölkə başçısı tərəfindən ev hədiyyə olunmuşdu.

Əməkdar artist Aygün Bəylər 6 yanvar 2024-cü ildə Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib. 8 yanvar tarixində isə Bakıda, Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Комментарии закрыты.