HƏBİB KREMLİN QƏZƏBİNƏ GƏLİB — Məşhur idmançıya qarşı görünməmiş təzyiqlər nə ilə bağlıdır?

Son günlər Rusiyada keçmiş UFC çempionu, dünyanın ən tanınmış və titullu idmançılarından biri olan Həbib Nurməhəmmədova qarşı ciddi kampaniya aparıldığı müşahidə olunur. Kreml təbliğatçıları başda olmaqla, Rusiya KİV-lərində idmançı Rusiyaya qarşı etibarsızlıqda, müxtəlif qanun pozuntularında, hətta terroru dəstəkləməkdə ittiham olunur. Həmçinin, Kremlə yaxın media Nurməhəmmədovun vergi orqanlarına çoxmilyonluq borcları barədə xəbərlər yaymağa başlayıb.

“Proyekt” kanalının yazdığına görə, Ukraynadakı müharibəni dəstəkləməkdən imtina etdikdən sonra Rusiya hakimiyyəti Həbib Nurməhəmmədova qarşı kampaniyaya başlayıb. Qeyd olunur ki, Həbib Nurməhəmmədov Ukraynada müharibə başlayan ilk vaxtlardan Rusiya Prezident Administrasiyasının işğala dəstək tələblərinə məhəl qoymayıb. Bundan sonra hakimiyyət “teleqram” kanalları vasitəsilə ona hücum etməyə başlayıb və onun Rusiyaya qayıtması üçün çətinliklər yaradıb.

“Proyekt” öz mənbələrinə istinadla yazır ki, hətta şəxsən Prezident Administrasiyasının rəhbəri Anton Vayno və onun birinci müavini Sergey Kiriyenko eyni xahişlərlə ABŞ-də yaşayan Nurməhəmmədova zəng ediblər. Bununla belə, idmançı heç vaxt açıq şəkildə müharibənin lehinə danışmayıb və faktiki olaraq, onların xahişlərini rədd edib.

Kremlin narazılığına xüsusən də Nurməhəmmədovun bu il iyunun əvvəlində ABŞ-nin keçmiş prezidenti Donald Trampla söhbəti səbəb olub. İnternetdə yayımlanan həmin söhbətdə döyüşçü Trampdan Fələstin Muxtariyyəti ərazisində davam edən müharibəni dayandırmağı xahiş edib. Daha sonra Tramp idmançı ilə Ukraynadakı müharibədən də danışdıqlarını bildirib və qeyd edib ki, Həbibin xahişi həm də bu müharibənin dayandırılması ilə bağlı olub. Bütün bunlar isə təbii ki, Kremlin xoşuna gələ bilməzdi.

Bundan az sonra Kreml yönümlü bloqerlər və “teleqram” kanalları Nurməhəmmədovu daha da kəskin tənqid etməyə başlayıblar. Bu hücumların rəsmi səbəbi kimi iyunun 23-də Dağıstanda baş vermiş terror aktı göstərilir. Belə ki, həmin terror hücumunda iştirak edənlər arasında əvvəllər Nurməhəmmədova məxsus döyüş klubunda məşq etmiş Hacımurad Kagirov da olub. Lakin müstəqil mənbələr bunun bəhanə olduğunu qeyd edirlər və bildirirlər ki, idmançının bu terrorçularla heç bir əlaqəsi olmayıb.

Ancaq hər necə olsa, artıq Həbibin Rusiyadakı mülkiyyətinə əl qoyulmağa başladığlı bildirilir. Məlumatlara görə, onun Mahaçqaladakı ata evi də daxil olmaqla, bir sıra mülklərinə, eləcə də bank hesablarına və digər aktivlərinə həbs qoyulub. Göründüyü kimi, Kreml Ukraynada başlatdığı haqsız, işğalçı müharibəsini dəstəkləməyən, bu cinayətə bulaşmaq istəməyən hər kəsi, Rusiya qarşısında xidmətlərinə rəğmən, əfv etmək fikrində deyil.. “AzPolitika.info”

Комментарии закрыты.