Azərbaycan xüsusi təyinatlıları: – Düşmənə qorxu saçan güc — VİDEO

II Qarabağ müharibəsi ölkəmizin parlaq qələbəsi ilə başa çatdı. Bu müharibəni dünya hərb tarixində dönüş olaraq da dəyərləndirirlər. Müharibədə əsas fərqlənən isə Pilotsuz Uçuş Aparatları (PUA) və Xüsusi Təyinatlı Qüvvələrin rolu qeyd edilir.

Xüsusi Təyinatlı Qüvvələr arasında birini isə fərqləndirmək lazımdır – “Yaşma”. Müharibə gedişində, həm də müharibədən sonra “Yaşma”nın erməniləri qorxuya salması, onların kabusuna çevrilməsi ilə bağlı həm yerli, həm də xarici mediada müxtəlif fikirlər, yazılar dərc olundu. Bəs ermənilərin bu qədər qorxduğu “Yaşma” nədir?

Yaranma tarixi və komandanlıq

İlk onu qeyd edək ki, xüsusi təyinatlılar dünyanın ən intizamlı, vəzifə yerinə yetirə bilən və çətin hərbi qüvvəsi hesab edilir. Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələr qrupu 1999-cu ildə Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində yaradılıb. Nazirliyin tabeliyində olan və qərargahın nəzdində fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək 6 ay ərzində təşkil olunmuş kurslarda dözümlülük və cəsarət tələb edir. Bu kursu uğurla bitirən hərbçilər isə “Qırmızı Beret” sertifikatını əldə edir.

Müdafiə Nazirliyinin tabeliyinə xüsusi bölmələr fəaliyyət göstərir. Onların fəaliyyət istiqamətləri və adları belədir:

  • Müdafiə Nazirliyi tabeliyində olan elit xüsusi təyinatlılar (Turan, Yarasa, Kobra və s.)
  • Hərbi-dəniz qüvvələrinin Dəniz Əməliyyatları Dəstəsi (NavySEALs)
  • Daxili Qoşunların hərbi hissələr üzrə xüsusi təyinatlıları (Pələng, Vaşaq, Kobra, Bəbir, Gürzə, Qartal və s.)
  • Daxili İşlər Nazirliyi Xüsusi təyinatlı polis dəstələri (Aslanlar)
  • Milli Ordu Kəşfiyyat-Diversiya Dəstələri (hərbi hissə üzərinə)
  • Dövlət Təhlükəsizlik Xidməti “Qartal” xüsusi təyinatlıları
  • Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi mühafizə bölükləri

Bu dəstələrdən biri Sumqayıtda Yaşma qəsəbəsində ərazinin adına uyğun olaraq “Yaşma” adlandırılır. Yüksək səviyyədə xüsusi hazırlıq keçən bu qüvvələr hər cür hava şəraitinə uyğunlaşsın deyə müxtəlif ölkələrdə təlim keçirlər.

Hərbi eskpert Şair Ramaldanov xüsusi təyinatlı hərbi birləşmələrin döyüş fəaliyyəti ilə bağlı bu nüansları vurğuladı: “Azərbaycan Ordusunda xüsusi təyinatlılara böyük yer ayrılır. Xüsusi Təyinatlı Qüvvələr olduqca xüsusi tapşırıqlar yerinə yetirmək üçün yaradılıb. Düşmənin arxasında, bəzən 100 km dərinlikdə özünəməxsus tapşırıqları yerinə yetirən qüvvələrdir. Xüsusi təyinatlıların sayı tapşırıqdan asılı olaraq 6, 8 və 10 nəfər ola bilər. Xüsusi təyinatlılar bütün növ atıcı silahlardan istifadə edə bilən, fiziki cəhətdən olduqca güclü, yüksək tələblərə cavab verən, iradəli, daha dərin hərbi sirlərə yiyələnən, əlbəyaxa döyüşlərdə ustalıqla vəziyyətdən çıxa bilən, gecə və pis hava şəraitində istiqaməti və gediləcək məntəqəni dəqiq bilən hərbi qüvvələrdir. Bir sözlə, onlar hərtərəfli inkişaf etmiş hərbçilərdir. Xüsusi Təyinatlı Qüvvələrin döyüş yeri əsasən meşəlik, dağlıq ərazilərdir. O ərazilərdə istifadə ediləcək yollar məhduddur. Belə ərazilərin bitki örtüyü imkan verir ki, hərbi birləşmələr irəliləyərək, düşmənin arxasına keçib, qarşıya qoyulan tapşırıqları yerinə yetirsin”.

Xüsusi təyinatlılar necə seçilir?

Xüsusi bilik, bacarıq, istedad və dözümün tələb olunduğu “Yaşma”ya hər hərbçi seçilə bilmir. Azərbaycanın ən güclü qoşun növü sayılan bu quruma daxil olmaq üçün 6 aylıq kursdan keçmək lazımdır. “Yaşma” son texnologiya ilə təchiz olunmuş, hər növ silahdan istifadəni yüksək şəkildə mənimsəmiş, iqlim şəraiti fərq etmədən döyüş tapşırığını bitirmədən geri dönməyən hərbçilərdən ibarətdir. Bu qoşun növü boş yerə Azərbaycanda ən güclü qoşun növü sayılmır. Bəzən onları “adsız qəhrəmanlar” da adlandırırlar. Bəzi məlumatlara görə, bu növ üçün müraciət edən 500 nəfərdən ən yaxşı halda 30-40 nəfər təlimlərdən keçir və seçilir. Onlara ekstrimal şəraitdə təlimlər keçilir, hər cür hava şəraitində qərar verməyi, hərəkət etməyi və hazırlıqlı olmaq öyrədilir. Hətta müxtəlif heyvanların ətini yemək də namizədlərə tapşırılır. Müharibə şəraitində günlərlə çöldə, yaxud şəraitsiz yerlərdə olan hərbçilərin qidalanması üçün bu vacib hesab edilir.

Xüsusi təyinatlılarla bağlı digər maraqlı məqam onların işində dil biliyinin tələb olunmasıdır. Təlimlər zamanı onlara xarici dil bilikləri də aşılanır. Məlumatlara görə, bu qoşun növündə 4-5 xarici dil biliyi tələb edilir.

Xüsusi Təyinatlı Qüvvələrlə bağlı çoxlarının yanıldığı bir məsələ də var. Çoxları düşünür ki, xüsusilə bu qoşun növündə hərbçilərin boyunun uzun olması vacib amildir, amma əslində bu, belə deyil. Ümumiyyətlə boy hər zaman əsas rol oynamır. Vacib olan yuxarıda da qeyd etdiyimiz kimi dil biliyi və fiziki göstəricilər, 6 aylıq kursun nəticəsidir.

Xüsusi Təyinatlılarda hazırlıq kursları əsasən fərqli ölkələrdə həyata keçirilir. Bunda əsas məqsəd hərbçinin hər cür hava şəraitinə uyğunlaşması və həmin şəraitdə vəziyyətdən çıxmağa öyrənməsidir. Təlimlər üçün əsasən Skandinaviya ölkələrinə üstünlük verilir. Kurslarda silahların istifadə qaydasını, müxtəlif bombaların hazırlanması öyrədilir. Həmçinin təlimlər zamanı namizədlər müxtəlif dərəcəli ağrılara dözməli olurlar. Bu hazırlıq kursları zamanı ölüm halları da ola bilər. Bu təlimlər o qədər ağır olur ki, hərbçi namizədlərin zədələnməsi normal hal kimi qarşılanır.

Təlimlər müxtəlif hava şəraitində, həmçinin müxtəlif relyefə malik ərazilərdə keçirilir. Qış aylarında xüsusi xizək kursu keçirilir. Həmçinin soyuq havada müxtəlif maneələrə baxmayaraq vəziyyətdən çıxmaq, daha dəqiqi desək həyatda qalmaq tələb edilir. Qarlı dağlara, sıldırım qayalara çıxmaq da əsas vəzifələrdən biri hesab edilir. Amma təbii ki, iş sadəcə qış aylarındakı təlimlərlə bitmir. Onlara xüsusi hava təlimləri, quru, səhra, dəniz təlimləri, meşədə döyüş hazırlığı keçirilir. Hava təlimlərində vertolyotda desantlaşma, paraşut atlayışları, müxtəlif növ təyyarələrlə uçuşlar, hava kəşfiyyatı həyata keçirilir.

Xüsusi Təyinatlı Qüvvələrə seçim könüllülük prinsipi ilə aparılır. Namizədlər könüllü şəkildə müraciət etdikdən sonra onlar barədə məlumatlar nəzərə alınır. Şəxsin kimliyi, haradan olması, ona qədərki həyat və fəaliyyəti, hətta ailəsinin necə olması da nəzərə alınan amillərdəndir. Bu səbəblə namizədlərdən tərcümeyi-hal tələb edilir. Bundan sonra onlar arasında sorğu aparılır və müəyyən kriteyalara uyğun olanlar seçilir. Məlum olduğu kimi seçim zamanı əsas fiziki göstəricilər və istedad nəzərə alınır. Namizədlərin müəyyən qədər idmanla məşğul olması onların seçilmək və kurslardan keçmək ehtimalını artırır. Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müəyyən döyüş istiqamətində hazırlanmış xüsusi birliklər olur. Həmin birliklər müəyyən edilən döyüş istiqamətində bir növ ixtisaslaşır və daha peşəkar fəaliyyət göstərirlər.

Xarici ölkələrin xüsusi təyinatlıları 

Hər bir ölkənin özünəməxsus Xüsusi Təyinatlı Qüvvələri var. Təbii ki, bəzi ölkələr bu baxımdan fərqlənirlər. Həmin ölkələrin bu xüsusi birliyi fəaliyyətinə və prinsipinə görə digərlərindən fərqlənir.

Çinin Xüsusi Təyinatlı Qüvvələri dünyanın ən güclü hərbi birləşməsi hesab edilir. Bəzi məlumatlara görə, onlara 5 illik gizli təlimlər keçirlər. Xüsusi təyinatlı qüvvələrə seçilmək üçün hər şəxs bir neçə il ölkənin polis xidmətində işləməlidir.

İngiltərədə isə ən gizli hərbi qüvvələr Krallıq Donanmasının Xüsusi Dəniz Qüvvələri hesab edilir. Onların məşhur şüarı da var: “Güclə deyil, hiyləgərliklə”.

Xüsusi hərbi qrupu fərqlənən ölkələrdən biri də Pakistandır. Ölkənin Xüsusi Xidmət Qrupu terrorizmə qarşı mübarizə üçün yaradılıb. Bu qrupun üzvləri 25 həftəlik olduqca çətin kurslardan və təlimlərdən keçməlidir. Təlimlər əsasən əlbəyaxa döyüş və hava döyüşü əsasında keçirilir. Məlumata görə, bu qüvvələr üçün müraciət edən şəxslərin sadəcə 5 faizi təlimləri uğurla tamamlaya bilib.

Digər fərqlənən xüsusi hərbi qüvvələrdən biri də ABŞ-a məxsus “Delta Force”dir. Bu hərbi birləşmə əsasən terrorla mübarizədə fəaliyyət göstərir. Bu birləşmənin fəaliyyəti daha gizli saxlanılır. Bu qüvvələrlə bağlı rəsmi sənəd və ya görüntülərin ələ keçirilməsi və yayılması demək olar ki mümkünsüzdür. Bu birləşmənin ən böyük uğuru isə Səddam Hüseynin ələ keçirilməsi olub.

Xüsusi Təyinatlı Qüvvələrin Vətən müharibəsindəki qəhrəmanlıqları

Biz xüsusi təyinatlıların güclü və belə demək mümkündürsə, əfsanəvi fəaliyyətinə yaxın keçmişdə şahidlik etdik. Vətən müharibəsində bu hərbi birləşmələrin keçdiyi döyüş yolu, qəhrəmanlıqları dillər əzbəri oldu. Təbii ki, bütün dünyada olduğu kimi onların müharibə dövründəki fəaliyyəti və qəhrəmanlıqları bizə tam məlum olmadı. Amma düşmənin həm müharibə zamanı, həm də müharibədən sonra “Ermənistan silahlılarının kabusu” adlandırdığı bu qüvvələrin hansı yolu keçdiyini az da olsa, təxmin etmək olur. Ən azından Ermənistanın Baş Naziri Nikol Paşinyan müharibənin bitməsindən cəmi bir neçə gün sonra böyük məğlubiyyət haqqında belə ifadə işlətdi:

“Azərbaycan döyüşləri PUA texnikaları və XTQ vasitəsilə qazandı”.

Bəs onların bu günə qədərki inkişafları necə olub? Bu sualın da cavabı hərbi ekspertdədir:

“Azərbaycanda xüsusi hərbi birləşmələr hər zaman nəzarət altında olublar. Onların çox güclü bazası olub, onların arasından seçilən nümayəndələr dünyanın müxtəlif ölkələrindən olan xüsusi hərbi qüvvələrdən təlimlər alıb, onlarla birlikdə hazırlıq kursu keçiblər. Bununla da onlar bu sahədə dünyanın ən yaxşı təcrübələrini Azərbaycanda təbliğ ediblər.

Məlumdur ki, xüsusi təyinatlılarla bağlı Azərbaycanda informasiya məhduddur, amma ölkəmizin bu sahə üzrə mütəxəssisləri artıq beynəlxalq yarışlarda iştirak edirlər. Onlar dünya ölkələri arasında artıq nüfuz qazanıblar”.

Şair Ramaldanov da bildirir ki, xüsusi təyinatlıların Vətən müharibəsindəki işi ölçüyəgəlməz və bənzərsizdir. Xüsusilə də Şuşanın azad edilməsində:

“Vətən müharibəsi zamanı da XüsusiTəyinatlı Qüvvələrin işi haqlı olaraq fərqləndirilir. Onlar düşmənin çoxsaylı hədəflərini məhv edib, qəhrəmənlıq və ustalıqla tapşırıqları yerinə yetirirdilər. Şuşa şəhəri də məhz XTQ-in ustalığının simvoluna çevrildi. Şuşanın bu cür azad edilməsi və onların orda göstərdikləri cəsarət Azərbaycan xüsusi təyinatlılarını dünyaya tanıtdırdı. Onların müharibə zamanı fəaliyyəti və xüsusilə də Şuşada apardıqları əməliyyatlar, döyüş üsulları dünyanın müxtəlif ölkələrində geniş öyrənilir. Məhz XTQ göstərdi ki, müasir dövrdə orduda həm intellektual-texniki vasitələrin, həm də xüsusi birləşmələr kimi universal keyfiyyətlərə sahib olan hərbçilərin rolu artır. Düşünürəm ki, bu müharibədən sonra da ölkəmizdə xüsusi birləşmələrə diqqət göstəriləcək. Onlar bu müharibədə qazandıqlrı təcrübə sayəsində fərqlənən Xüsusi Təyinatlı Qüvvələrin arasında yer alacaqlar”.

Комментарии закрыты.