4 aylıq oğlumu 3 saatdan sonra Qazaxda tapdım

İctimaimedia.az xəbər verir ki, “Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində «Həyat Hekayəsi» verilişinin növbəti buraxılışı hazırlanıb.

«Toyumdan 4-5 ay sonra erməni vəhşilikləri başladı» adlı veriliş Pəmbək mahalının Böyük Qarakilisə rayonunun Hallavar kənd sakini Kifayət İbrahimovanın həyat hekayəsinə həsr olunub.

Onun sözlərinə görə, 1986-cı ildə ali təhsil almaq üçün dayısı onu Daşkənd şəhərinə aparıb, qardaşı hərbi xidmətə gedəndən sonra doğma kəndə qayıdıb:

«Hallavara qayıdandan sonra 1987-ci ildə ailə qurmuşam. Toyumdan 4-5 ay sonra erməni faşistlərinin vəhşilikləri başladı. Ondan sonra kəndimizdə bizim millətimizi sıxışdırırdılar, istəyirdilər kənddən bizi çıxarsınlar. Bizim qonşu kəndlərdən basqın edirdilər, öldürürdülər, yandırırdılar. Gecəmiz, gündüzümüz yox idi.

1988-ci il noyabrın 27-dək acılı günlər davam edirdi. Bakıdan bizim üçün xüsusi helikopter ayırdılar. Bizim qonşu kənddən, Arçuddan, Qursalıdan, Saraldan ermənilər əhalini aldadıb qarət edib, soyub, qətlə yetiriblər».

Hallavar sakini deyib ki, Bakıda yaşayan ziyalılarımız kəndə helikopterlə adam göndərmişdilər:

«Noyabrın sonu idi, helikopterlər gəldi, yerə enmədi, qorxurdular ki, ermənilər nişan alar vurarlar. İndi o anları xatırlayıram, həqiqətən çox pis oluram. Körpə balalarımızı, analarımızı, nənələrimizi, xəstələrimizi bağlama kimi helikopterə atırdılar.

Baldızımın qucağından 4 ay yarımlıq oğlum Famili götürüb helikopterə atdılar. Mən isə minə bilmədim. Helikopter qalxdı, mən orada qaldım. Aradan üç saat keçdi, başqa helikopter gəldi. Məni ona mindirdilər və bizi Qazağa gətirib körpələr evində yerləşdirdilər.

Biz yeməkxanadan çıxanda yer tərpəndi. Ermənistanda 9 bal gücündə zəlzələ oldu. Elə bu anda mən bacımla Ağstafaya gəldik. İki-üç gündən sonra yoldaşım, kürəkənimiz, qayınatamın bacısı, baldızlarım maşınımızla gəldilər. Onlar gələndə danışdılar ki, kənd zəlzələdən batdı. Ermənilərin əli öz başlarına qarışdı və biz çıxıb gəldik».

Video burada:

https://youtu.be/t-lYJROETmE

Комментарии закрыты.