YURDUM MƏNİM — SURXAY SƏLİM YAZIR

Aran çölləri göyərmişdi. Torpaqdan bahar fəslinin qoxusu gəlirdi. Bu təravətli qoxunu gözlərimi açandan, ağlım kəsəndən, lap cocuğluğumdan sevə-sevə, min bir həvəslə sevincimin qanadlarında pərvazlana-pərvazlana dağları dolaşmışam. Ana qoxusu, torpaq qoxusu çox güclüdür, əvəzedilməzdir, müqəddəsdir.

Torpaq anamızın da anasıdır

 Atalar yerində deyib: — “Hər şey vədəyə baxır, vədə heç bir şeyə baxmaz”. Bu ildə vədə gəlib çatdı. Qışın soyuq nəfəsini isidə-isidə dağlara, düzlərə çökmüş qar örtüyünü, sırsıra bağlamış buz laylarını əridə-əridə gəldi. Özülə yer üzünə yaşıl ot cücərtiləri, novruz gülü, yasəmən, bənövşə gətirdi. Ağacların budaqları puçurlanıb qönçələndi.

Arandan boylanıb həsrət-həsrət dağlara yön çevirdim. Ürəyimə dolan xoş duyğuların ilğımına qarışıb həzin və üzüntülü səslər eşitdim. Ürəyimin bir hissəsinə sevinc, o biri hissəsinə kədər yükü dolmuşdu. Vətən üçün, dostlarım üçün burnumun ucu göynəyirdi. Xəyalım dağları, dərələri, gədikləri, zirvələri qarış-qarış gəzirdi. Şəlaləli dağ çaylarında keçib, durna gözlü bulaqların sərin suyundan içdi. Ürəyimin dərinliklərində əbədiyaşar dostlarımla görüşdü. Gül-çiçəyə bürünmüş yaşıl yaylaqları, qoynunda cüyür, dağ keçiləri, canavarlar, ayılar, tülkülər, dovşanlar, porsuqlar, kirpilər, dağ dələləri gizlədən oylaqları dolanıb Taxta düzə, Ceyran bulağına, Gəlin qayaya, Turş suya, Ayı çınqılına, Pəri çınqılına, Qonaq görməzə, Sarı yerə, Ala göllərə, Zalxa gölünə, Yarpızlıya, Çınqıllıya, Hasarlıya, Çal papağa baş vura-vura Dəlidağı, Sultan Heydər dağını, Keçəl dağı, Keyti dağını, Bağır xanı, Qoçdaşı, Çil gəzi, Ağca qızı seyr edə-edə İstisu kurortuna, oradan da boya-başa çatdığım Çıraq kəndinə gəlib, Tərtər çayın gurultu ilə axan, dərələrə ecazkar nəğmələr yayan axarına baxdım. O taylı, bu taylı güneyləri, laləli, nərgizli yamyaşıl quzeyləri heyran-heyran seyr etdim. Kəndimizin axar-baxarında dövrələnmiş Arxacqaya, Dəmirqaya, Dana uçan, Ağ novlar, Qaraquş novları, Arıxana qaya, Qoca qaya, Şiş qaya, Beş qardaş qayalar, Sərp qaya, Kirişdi qayaları, Kaha başı, Arxac qaya, Qalaca, Qızıl kaha, Qara qaya, Sarı qaya kimi qucağında qartallar böyüdən, xınalı kəkliklərin məskəni olan, göylərə baş vuran azman qayaları gördüm. Daşların göbəyindən süzülüb dərə boyu üzü aşağı şütüyərək, ağ yallı şəlalələr qoynunda, kəndimizin ayağında Tərtər çayına qovuşan Ağ bulağın bal dadlı sərin suyundan içdim.

 Həmin gecə xəyallar aləmində yurd həsrətindən qovrula-qovrula azacıq yuxuya getdim. Kəndimizi gördüm. Yer-yurd mənə tanış gəlsə də kəndimizdə evlər yox idi. Evlərin yerində sökülüb yandırılmış, ürəyə dağ çəkən evlərin hasarlarını, uçulub dağılmış divarlarını gördüm. Kəndimizdə uşaqların cingiltili səsləri eşidilmirdi. Böyüklərin gur səsli çığırtısı yoxa çıxmışdı. Mal-qaranın böyürtüsü, sürülərin mələşməsi, atların kişnərtisi eşidilmirdi.

Kəndimiz ölmüşdü. Kəndimizi tikə-tikə doğrayaraq işgəncə və əzab dolu qəddarlıqla öldürmüşdülər.

Ermənilər evimin çardağını, divarlarını, döşəmələrini söküb aparsalar da, bünövrə daşlarını torpaqdan qopara bilməmişdilər. Bünövrə daşlarının qəmli, sızıltılı pıçıltıları sanki mənə hardasız, deyib gileylənirdi. Doğulub boya-başa çatdığım, oğul-qız böyütdüyüm, fərəhli günlər keçirdiyim, dünyada mənim üçün dəbdəbəli saraylardan da baş olan doğmaca evimi qucaqlayıb bağrıma basdım, torpağını, daşını köksümə sıxdım. Vaxtı ilə tələbəlik illərində kəndimizə gələndə yazdığım seirlər yadıma düşdü.

         DAĞLARA

Lilparla su içdim buz bulaqlardan,

Mən qonaq gələndə ana dağlara.

Ovçuluq həvəsi keçdi başımdan,

Enəndə bir bölük sona dağlara.

        *****

Gözlərim yollarda, qulağın səsdə,

Apardı ağlımı bir boyu bəsdə.

Xınalı kəkliklər ötdü ahəstə,

Sindim daşa bəlkə qona dağlara.

        *****

Al-əlvan xalıydı baxdımsa hara,

Gəzdim quzeyləri ot yara-yara.

Oyub Surxay yazdım sal qayalara,

Heyran oldum dönə-dönə dağlara.

VAXTIDI

Arana yaz gəlib, hər yan göyərdi,

Dağlar yaşıl donun sərən vaxtıdı.

Xınalı kəkliklər verib səs-səsə,

Qızlar bənövşəni dərən vaxtıdı.

        *****

Əyyub qürbət eldə dözürəm hələ,

O qədər arsızam, yazıram hələ.

Vətənə dönməyə hazıram hələ,

Elatın dağlara gələn vaxtıdı.

         *****

Həzin-həzin yarpaqlanar meşələr,

Çiçək-çiçək pardaqlanar meşələr.

Nəğmə-nəğmə dodaqlanar meşələr,

Quşların oxuyub gələn vaxtıdı.

         *****

Surxayı götürüb getdi buludlar,

Murovun başından ötdü buludlar.

Əridi yox oldu, itdi buludlar,

Yarpız buz köynəyin dələn vaxtıdı.  

Hazırladı: Novruz Səlimov 

İctimaimedia.az

Комментарии закрыты.