Vətən müharibəsində ən ağır döyüşlərdən biri… — Hərbi ekspert
Azərbaycan Ordusu Qubadlı rayonunda Ermənistan silahlı qüvvələrinin xeyli sayda silah-sursat və hərbi texnikasını ələ keçirib.
İctimaimedia.az xəbər verir ki, bu sözləri Report-a hərbi ekspert Azər Bayramov deyib.
O bildirib ki, İkinci Qarabağ müharibəsində ordumuz əsasən Araz çayı boyunca hərəkət edərək İranla sərhədimizi bərpa edib:
«Bundan sonra qarşıdakı hədəf Qubadlının işğaldan azad olunması idi. Düşmən 27 il ərzində burada möhkəmlənmişdi. Rayon ərazisində strateji əhəmiyyətə malik bir neçə yüksəklik var idi. Bu yüksəkliklərdən biri də Qartız dağıdır. Yüksəklik azad edildikdən sonra Qubadlı şəhərinin azad olunması istiqamətində əməliyyatlar başladıldı. İkinci Qarabağ Müharibəsində ən ağır döyüşlərdən biri də Yazı düzü istiqamətində olub. Düşmənin buradakı qüvvələrinə ciddi zərbələr endirilib».
Hərbi ekspertin sözlərinə görə, Qubadlı işğaldan azad olunduqdan sonra Laçın yolunun azad olunması istiqamətində hərəkətə keçilib. O bildirib ki, bundan sonra Şuşanın işğaldan azad olunması istiqamətində addımlar atılmağa başlayıb.
Qeyd edək ki, Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı rayonunu işğalçılardan azad edərək Azərbaycanın üçrəngli bayrağını həmin ərazilərdə dalğalandırıb.
Həmin vaxt Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini xəbər verib.
Комментарии закрыты.