Sosial şəbəkə DİLƏNÇİLƏRİ: Onlarla NƏ ETMƏLİ?

Sosial həyatımızın ayrılmaz hissəsinə çevrilən sosial şəbəkələr bir çox zərərli davranışlara yol açır. Bunun biri də sosial şəbəkə üzərindən edilən dələduzluq hadisələridir.

Maddiyata ehtiyacı olan şəxslərin sosial şəbəkədə kart hesablarını paylaşaraq yardım istəməsi artıq adi hal alıb. Düzdür, bu cürə yardımların ən qısa və asan yoldan edilməsi ürəkaçan olsa da, digər qism insanların fürsətdan istifadə edib dələduzluq əməlini törətməsi də qəlb bulandırandır.

Xəstə uşağa, sosial yardıma ehtiyacı olan ailələrə yığılan yardım kampaniyaları ilə yanaşı, ən çox «TikTok», «Instagram»da «rəhmli» və «heyvansevər» it-pişik səhifələrindən tutmuş, cavan və «sahibsiz» gənclərədək mədəni dilənənlər və ya dələduzluqla məşğul olanlara rast gəlinir. İnsanların cibinə girmək, yazıqlanmaq, mərhəmət hissini oğurlamaq demək olar ki, gözümüzün tam önündə, hamının xəbəri ola-ola baş verir.

Maraqlıdır, nə etməli? Necə etməli? Hardan başlamalı?

Buna dələduzluqmu deyək, ya sosial şəbəkə dilənçiliyi? Yox, ən yaxşısı, dilənçilik imicində dələduzluq halları.

Ölkəmizdə dilənçilik inzibati xətadır. İnzibati Xətalar Məcəlləsinin avaralıqla məşğulolma adlı 307-1-ci maddəsi mövcuddur. Bu işlə məşğul olan orqan Daxili İşlər Nazirliyidir. Dilənçiliklə məşğul olan şəxslərçün 20 manatdan 25 manata qədər cərimə müəyyən olunub. Dilənçiliklə məşğul olan şəxs öz yetkinlik yaşına çatmayan övladını bu işə cəlb edirsə, 10 manatdan 15 manata qədər cərimə tətbiq edilir. Əgər dilənən şəxs haqqında görülən tədbirlər kifayət etmirsə, şəxs barəsində 15 günədək inzibati həbs qərarı verilə bilər.

Məsələnin hüquqi tərəfi məhz küçə dilənçilərinə aiddir, bəs sosial şəbəkə dilənçiləri üçün hansı tədbirlər görülə bilər?

İctimaimedia.az xəbər verir ki, mövzu ilə bağlı Referans.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirir ki, biz rəqəmsal cəmiyyətdə, internet, sosial şəbəkələr reallığı olan məkanda yaşayırıq. Belə cəmiyyətdə yaşadığımıza görə bəzi fəaliyyət sahələri də virtuallaşır:

«İstər müsbət davranış tərzlərimiz, istərsə də neqativ davranış tərzlərimiz bəzən sosial şəbəkələr üzərindən realizə olunur. Əfsuslar olsun ki, bəzən əxlaqa zidd davranışlar da məhz virtual aləmə transfer olunur. Paylaşmaq mədəniyyəti, dəstək durmaq hər bir cəmiyyətin üstünlüyüdür. Qədimdən bu xüsusiyyətlər Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olub. Təəssüf ki, bəzən xeyriyyəçi insanların mərhəmət hissindən istifadə edirlər. Yəni real həyatda ələbaxımlılığa öyrəşən, dilənçiliyi peşələrinə çevirən insanlar bu işlərini sosial aləmə köçürüblər. Bununla bağlı qanunvericilikdə də boşluqlar var».

Sosioloq deyir ki, Türkiyə respublikasında internet, sosial şəbəkələr üzərindən pul yığan hesab kartları qeydiyyatdan keçirilir:

«Doğurdanmı xəstə və ya digər səbəbdən ehtiyacı olan adam varmı deyə kartların diaqnostik-sosial qiymətləndirilməsi aparılır. Bu dəqiqləşdirildikdən, həmin şəxsin dələduz olmadığı müəyyənləşdirildikdən sonra kart hesabı aktivləşdirilir və bundan sonra hesaba pul yardımı köçürmək mümkün olur. Kartlarla pul yığmaq ənənəsi o qədər sosial şəbəkəyə transfer oldu ki, artıq küçə dilənçiləri ilə yanaşı sosial şəbəkə dilənçiləri formalaşıb. Hesab edirəm ki, Türkiyə kimi Azərbaycanda da belə addımların atılmasına ehtiyac var. Hesab kartlarının hüquq-mühafizə orqanı səviyyəsində yoxlanışı aparılsa yaxşı olardı. Çünki sosial şəbəkələr artıq bizim həyat tərzimizə çevrilib».

Müsahib qeyd edir ki, bu mübarizə həm də ona görə lazımdır ki, xeyriyyəçilik, rəhmlilik kimi dəyərləri dələduzlar istifadə eləməsin:

«Əl tutmaq, dəstək durmaq kimi keyfiyyətlər həmişə lazım olacaq. Amma, bunu haqq edənə, doğurdan ehtiyacı olana vermək lazımdır. Əgər belə dilənçilər insanların mərhəmət hissini istismar edərsə, artıq bu hiss tükənə bilər. İnsanlar yardım etmək xüsusiyyətlərini yadırğaya bilərlər. Bu dəyərləri ülvi, müqəddəs, təmiz tutmaq lazımdır. Bu xalqımızı tanıdan mühüm keyfiyyətlərdən biridir. Azərbaycan cəmiyyəti insansevərliliyi, paylaşmaq, sosial dəstək mədəniyyəti ilə tanınıb».

Məsələ ilə bağlı deputat Fazil Mustafa da sözügedən problemin ciddi olduğunu deyib:

«Cəmiyyətin bu kimi hallardan xəbərdar olması ilk növbədə vacibdir. Çünki mərhəmət hissi ilə bu kateqoriyadan olan insanlara kimlərsə dəstək versə, sonradan bu addımın yalnış ünvana getdiyini görəndə çox peşimanlıq olur. İnsanlar həqiqətən ehtiyacı olan insanlara yaxşılıq etməkdən çəkinir. İnsan humanizmini artıq kiminləsə paylaşmaq istəmir. Əslində bu cür dolandırıcı zehniyyətə sahib olan insanların fəaliyyəti nəticəsində digər kateqoriyaya aid olan insanlar əziyyət çəkmiş olurlar. Bu baxımdan hesab edirəm ki, məsələyə daha ciddi yanaşmalıyıq».

Millət vəkili hesab edir ki, belə dələduzluqla məşğul olan, məqsədyönlü şəkildə bu cür addımlar atan şəxslərlə bağlı tədbirlər görülməlidir: «Əgər başqa şəxslər aldadılırsa, onların maraqlarına ziyan edirsə, buna mütləq ciddi şəkildə reaksiya verilməlidir».

Комментарии закрыты.