Şəhadətin mübarək, Kəlbəcərin DƏYƏRLİ OĞLU: Deyirdi ki, “Qızlarım deyir, ata nə zaman gələcəksən?»- VİDEO

«Həmişə deyirdi ki, «mən burada qisasımızı ermənilərdən istədiyim kimi ala bilmirəm. Müharibənin başlamasını və özünün orada iştirak etməsini arzulayırdı». Bunu 33 yaşlı şəhid Şəhriyar Abdullayevin qardaşı Tural Abdullayev deyib.

Onun sözlərinə görə, qardaşı hərbi xidmətini başa vurduqdan sonra atası onun polis orqanlarında işə düzəlməsini istəyib. Ş.Abdullayev sənədlərini verdikdən sonra polis orqanlarına işə qəbul olunsa da, son anda fikrindən daşınıb: «Atamdan xəbərsiz sənədlərini götürüb Xüsusi Təyinatlı Qüvvələrə qəbul üçün verdi. XTQ-yə qəbul oldu və 2012-ci ildən orada gizir kimi çalışmağa başladı».

T.Abdullayev qeyd edib ki, qardaşı Ş.Abdullayev 2016-cı ilin Aprel döyüşlərində də fəal iştirak edib. Bu döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə general-leytenant Hikmət Mirzəyev tərəfindən medal və diplomla təltif edilib.

Qardaşının II Qarabağ müharibəsinin başlanıldığı ilk gündən döyüş bölgəsinin qaynar nöqtələrində vuruşduğunu deyən T.Abdullayev qeyd edib ki, o, Murov yüksəkliyinin, Füzulinin, Hadrutun ermənilərdən geri alınmasında çox fəal iştirak edib. Hadrut alındıqdan sonra buradakı yüksəkliklərdə aparılan döyüşlərdə qəhrəmancasına həlak olub: «Döyüş yoldaşları deyirdilər ki, oktyabrın 9-10-da 50-dən çox ermənini məhv edib. Oktyabrın 13-də isə ermənilərin atdığı snayper nəticəsində başından yaralanaraq şəhid olub».

Şəhriyarla birlikdə xidmət edən hərbçilər onu dəyərli dost, yoldaş kimi xatırlayır: “Biz Şəhriyarla 7 il bir yerdə xidmətdə olmuşuq. Ailəsinə, övladlarına bağlı hərbçi idi və hərbçi adına layiq insan idi. Onun bu mərdliyi, cəsarəti, onu ən uca zirvə olan şəhadətə yüksəltdi. Müharibə zamanı imkan yarananda ailəsi ilə danışmağa çalışardı. Gələndən sonra gözləri dolardı. Nə olduğunu soruşardıq, heç nə deməzdi. Kənardan soruşanda deyirdi ki, “Qızlarım deyir, ata nə zaman gələcəksən? Gələndə mənə, bunu al, onu al”. Dəyərli insan idi”.

* * *

Abdullayev Şəhriyar Kamil oğlu 02 mart 1987-ci ildə  anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 1994-cü ildə Tərtər şəhəri Cəmilli kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 1998-ci ildən 73 saylı tam orta məktəbində təhsilini davam etdirib. 2005-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib.
Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
2007-ci ildə Ağcəbədi rayonunun N saylı hərbi hissəsindədə hərbi xidmətini başa vuran Şəhriyar Abdullayev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2013-cü il tarixindən etibarən Xüsusi Təyinatlı Qüvvələr sırasına daxil olub.
    2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Şəhriyar döyüşdə yaxından iştirak edib.
     Azərbaycan Ordusunun kiçik giziri olan Şəhriyar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.
     13 oktyabr 2020-ci il tarixdə Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi. 2 qızı yadigar qaldı. 13 oktyabr 2020-ci ildə Daşkəsən rayonu Şəhidlər Xiyabanında dəfn edilib. 15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixində «Cəbrayılın azad olunmasına görə», 29 dekabr 2020-ci il tarixində «Kəlbəcərin azad olunmasına görə», 30 dekabr 2020-ci il tarixində «Hərbi xidmətlərə görə» və 24 iyun 2021-ci il tarixində «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.

Комментарии закрыты.