Qulağı sırğalı «GƏDƏLƏR» və ya MƏNƏVİ DƏYƏRLƏRİMİZ

44 Günlik VƏTƏN MÜHARİBƏSİNDƏ xarici ölkələrdə gizlənən və yaxud gizlədilən «GƏDƏLƏRƏ» xitabən

Milli mənəvi dəyərlər hər bir xalqın və cəmiyyətin misilsiz xəzinəsidir. Bu xəzinənin qorunmasında hər bir azərbaycanlının, o cümlədən gənclərin üzərinə böyük məsuliyyət düşür. Bu bir məsuliyyət, həm də bir müqəddəs borcdur. Yətər ki bu məsuliyyəti dərk edek, milli-mənəvi dəyərlərimizi zərərli təsirlərdən qoruyaq.
Mənəvi dəyərlərimizin tərkib hissəsi olan ailə dəyərləri də hər zaman müqəddəs hesab olunub. Ancaq təəssüf ki, bu gün bu dəyərlər yavaş-yavaş yoxa çıxmaqdadır. “Niyə”, “nədən” – bu suallara cavab tapmaq bir qədər çətindir. Axı, bizə birdən-birə nə oldu?! Biz ki hər zaman cəmiyyət olaraq ailə dəyərlərimizlə öyünürdük. Bəziləri bu məsələdə xarici teleserialları, filmləri səbəb göstərir.Guya cəmiyyətimizdəki bəzilərini “yoldan çıxaran” həmin o teleseriallar imiş. Bu faktı da danmaq olmaz. Amma filmləri bəhanə edib, mənəvi dəyərlərimizi ayaq altına atmaq, dəyərlərimizi dəyərsizləşdirmək bəhanədən başqa bir şey deyil. Bu, “dərdimdən araq içirəm” bəhanəsinə oxşayır.
İndi ağsaqqal nəsiyyətinə, məsləhətinə qulaq asanların da sayı azalıb. Yəni ağsaqqal sözünə qulaq asmaq, ümumiyyətlə ağsaqqallara sayğısızlıq problemini yaşamaqdayıq. Bir cəmiyyətdəki maddiyyat mənəviyyatı üstələyəcək o yerdə mütləq dəyərlər də dəyərsizləşəcək. Bu gün bir biznesmenin fikri bir müdrik ağsaqqalın fikrindən daha “önəmli” olub. Yəni önəmlilər önəmsizləşib, daha doğrusu önəmsizləşdirmişik.
Ən dəhşətlisi odur ki böyüklərimizin, ağsaqqallarımızın müzakirə və həll edəcəyi məsələləri, o cümlədən ailə problemlərini televiziyalar, daha doğrusu telekanallarda qulağı sırğalı kişi müğənnilərimiz “həll edir”. Hələ ailənin başçısına – evin kişisinə məsləhət də verirlər: “Arvadın sənə dörd dəfə yox, üç dəfə xəyanət edib, burda nə var ki? Dördüncü xəyanətdə arvadını boşayarsan, hələ tələsmə” Təəssüf ki, bütün bunlar zəngin mənəvi dəyərlərə malik Azərbaycanda baş verir…
Çalışağın dəyərlərimizi qoruyaq…
Xalq, millət, cəmiyyət dəyərləri ilə dəyərli olur…

Hazırladı: Novruz Səlimov

Комментарии закрыты.