“Qarabağ – mədəniyyətimizin beşiyi”: KƏLBƏCƏR Tarix-Diyarşünaslıq MUZEYİ

Ərazi baxımından Azərbaycanın ən böyük rayonu olan Kəlbəcər həm də unikallığı və zəngin təbiəti ilə də fərqlənir. Qartallar diyarı olan bu məkan hər tərəfdən başı buludlara çatan əzəmətli dağlarla əhatə olunub. Rayonun ərazisində olan müalicəvi sular, göz yaşı kimi duru bulaqlar min bir dərdin dərmanıdır.

Kəlbəcəri açıq hava altında muzeyə bənzədirlər. Təəssüflər olsun ki, erməni xəyanətinin, işğalçılıq siyasətinin ağır zərbələrini almış yurd yerlərimizdən biri də bu rayon olmuşdur. 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan bütün ərazilərini azad etdi. Ağdam, Laçın kimi Kəlbəcər də bir güllə atılmadan düşmən tapdağından xilas edildi. Ötən 30 illik işğal dövründə rayonun təbiəti ilə yanaşı, infrastrukturuna da ciddi zərbə vurulub. Binalar dağıdılıb, yararsız hala salınıb. Tamamilə məhv edilən dövlət əhəmiyyətli yerlərdən biri də Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyidir. Xatırladaq ki, muzey 1982-ci ilin sentyabr ayında yaradılıb. 1984-cü il may ayının 18-də Beynəlxalq Muzeylər Günündə Kəlbəcər muzeyinin təntənəli şəkildə açılışı olub.

İşğal edilmiş ərazilərdəki muzeylər arasında yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan muzeyin yaradılmasının olduqca maraqlı tarixi var. Belə ki, 1975-ci ildə AMEA-da Azərbaycan geoloqlarının qurultayı zamanı Kəlbəcər məktəblərinin şagird və müəllimləri tərəfindən hazırlanan sərgi alimlərin böyük marağına səbəb olur. Akademik Həsən Əliyev çıxış edərək, Kəlbəcərdə tarix-diyarşünaslıq muzeyinin yaradılmasının vacibliyini vurğulayır. Qurultay iştirakçıları tərəfindən yüksək qiymətləndirilən bu təklif ölkə rəhbəri Heydər Əliyev tərəfindən də bəyənilir və muzeyin tikilməsinə qərar verilir.

Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi 1979-cu ildə Kəlbəcər şəhəri, Molla Vəli Vidadi küçəsində daş mozaika ilə bəzədilmiş binada fəaliyyətə başlayır. Həyəti 900 kvadratmetr olan muzeyin binası 1 dəhlizdən, 3 kabinet və 9 nümayiş salonundan ibarət olub. Muzeyin fondunda 30 mindən çox eksponat saxlanılırdı. Divarlarına 350 rəng çalarından ibarət daşlar həkk edilmişdi. Muzey bu dağ süxurları ilə bəzədildiyinə, həyətindəki qədim qaya təsvirlərinin düzümünə görə geologiya-arxitektura muzeyi də adlandırılmışdı. Muzeyin həyətində isə rayonun müxtəlif ərazilərindən gətirilmiş qoç, keçi, maral, at, üzəri qədim naxışlarla bəzədilmiş sandıq və daşdan yonulmuş digər fiqurlar da qoyulmuşdu. Açıq hava altında fəaliyyət göstərən muzeyin həyətində nadir ağac və bitki nümunələri də mövcud olmuşdur. 150 milyon il yaşı olan Tərtərçay qumluğunda aşkar edilmiş daşlaşmış ilbiz nümunələri, ibtidai icma quruluşu dövrünə aid olan oxlar, bıçaqlar, baltalar, dəmir rizə ucluqları və sair eksponatlar onu daha da fərqləndirirdi.

Kəlbəcər muzeyini o vaxtlar həm də, səs muzeyi adlandırıblar. Çünki burada 300-dən artıq insanın səsi, söylədiyi dastanlar, saz havaları qorunub saxlanılırdı. Məsələn, Aşıq Şəmşirin ifasında çoxlu sayda saz havaları, Aşıq Alının İran səfəri, kəlbəcərli Aşıq Əhlimanın və Aşıq Sabirin səs yazıları muzeyin fondunda mühafizə edilirdi. Eyni zamanda muzey eksponatlarının zəngin və rəngarəng olmasında sadə Kəlbəcər camaatının da böyük rolu olmuşdur. Onlar ata-babalarından, nənələrindən yadigar qalan əşyaları muzeyin fonduna hədiyyə etmişdilər. Rayon əhalisi muzeyə eksponat toplanmasında xüsusi həvəslə iştirak edərək qısa müddət ərzində 47 min nadir əşya toplamışlar. Eksponatların arasında qiymətli əşyalar da olub. Müxtəlif ölkələrdən gəlmiş alimlər muzeyə baxanda öz heyranlıqlarını gizlətmir, eksponatlara valeh olurdular. Məsələn, atın Günəş tanrısına qurban verilməsini əks etdirən barelyefə Amerika alimləri o zaman 50 min ABŞ dolları təklif etmişdilər. Hətta 80-ci illərin sonlarında Moskvada dünya geoloqlarının 27-ci konqresi keçirilərkən 67 ölkənin 162 alimi adı dillər əzbəri olmuş muzeyi görmək üçün Kəlbəcərə gəlmişdilər. O zaman SSRİ Elmlər Akademiyasının müxbir üzvü A.A.Marakuşov muzeyin xatirə kitabına yazmışdı: «…Bu, dünyada etnoqrafiyaya həsr olunmuş nadir və əvəzedilməz muzeydir».

1986-cı ildə 147 yaşında vəfat etmiş kəlbəcərli Güləndamın toxuduğu 100-dən artıq gəbə və kilim, 493 nəqqaşlıq, 2 rafika, 44 heykəltaraşlıq, 175 tətbiqi incəsənət əsəri, 136 arxeoloji əşya, 214 məişət və etnoqrafik əşya, 1832 fotoşəkil, 264 sənəd eksponatı olub.

Muzeyin binası 1992-ci ildə Kəlbəcər rayonunun işğalı zamanı erməni silahlı dəstələri tərəfindən dağıdılmış, otuz mindən çox eksponat isə Ermənistana daşınmışdır. İşğalından sonra muzey Bakı şəhərində, məhdud çərçivədə 42 kvadratmetr sahəsi olan otaqda təşkil edilmişdir. Hazırda muzeydə 6300-ə yaxın qiymətli eksponat qorunub saxlanılır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun düşmən üzərində qazandığı şanlı qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizə olduğu kimi, Kəlbəcərə də həyat yenidən qayıdır. Böyük Qayıdış planına uyğun olaraq yurd yerlərimiz yenidən tikilib qurularaq sakinlərin ixtiyarına verilir. Yaxın zamanlarda Kəlbəcərə də köç karvanları yola düşəcək. Burada da həyat öz axarına düşəcək, canlanma yaranacaq. Kəlbəcərdə də tarix, mədəniyyət abidələrimiz, muzeylərimiz yenidən bərpa olunacaq.

Комментарии закрыты.