“Konsertdən sonra səhnəyə gül gətirən erməni məni bıçaqla vurmaq istəyirdi”- VİDEO

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində «Həyat Hekayəsi» verilişinin növbəti buraxılışı hazırlanıb.

İctimaimedia.az xəbər verir ki, «Məni ermənilər mahnı yarışlarına qoymadılar» adlı veriliş Pəmbək mahalının Böyük Qarakilsə rayonunun Hallavar kənd sakini Səmayə İsmayılovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, məktəb illərində müxtəlif oyunlar oynadığını, səhnədə mahnı oxuduğunu, ailədə saz səsi ilə böyüdüyünü deyib:

«Mən özümü dərk edəndən rəqslə, mahnı oxumaqla, idmanla məşğul olmağı, yarışlara getməyi xoşlamışam. Çox gözəl uşaqlığım keçib. Uşaqlığımın hər dəqiqəsi mənim üçün çox dəyərli olub. Yaxşı səsə malik olsam da, ermənilər mahnı yarışlarına qoymur, bizə təsir edirdilər. Azərbaycanlıların ən öndə gedən insanlarını məhv etmək üçün hər vasitəyə əl atıblar».

1970-ci ildə Bakıda Pedaqoji Texnikumda, Azərbaycan Dövlət İncəsənət Universitetində oxuduğunu, 1977-ci ildə İrəvan Dövlət Azərbaycan Teatrına dəvət aldığını deyən Hallavar sakini Kalinino rayonunun Şahnazar kəndində konsert zamanı təhlükəli anlar yaşadığını xatırladıb, həmçinin başqa hadisələrdən söz açıb:

«1988-ci il martın 18-də İrəvanda qapımıza plakat yapışdırdılar ki, sizin bayramınızı qana döndərəcəyik. Nəinki mənim, orada nə qədər azərbaycanlı var idi, hamısına yapışdırmışdılar. Həmin gün uşaqları götürüb Naxçıvanı keçdik. Oradan Meğriyə, Zəngilana gəlməli idik. Uşaqları yataq yerinin altında gizlətdik.

Avqust ayında uşaqları Bakıda qoyub məcburən yenidən İrəvana qayıtdıq. Hər gün bizim həyətə benzin dolu butulka atırdılar. Biz hər dəqiqə ölümlə üz-üzə idik. Çox dəhşətli anlar yaşadım. Oktyabrın 6-da Qazaxa gəldik. Hər postda avtobusu dayandıranda varımızdan yox olurduq. Bakıya gələndə xəbər gəldi ki, İrəvanda evimizi yandırıblar».

Комментарии закрыты.