KƏLBƏCƏRİN ƏNVƏR RZA UCALIĞI: «Cənnəti gözümlə görüb gedirəm»- səsinin əks olunduğu video

Kəlbəcər Azərbaycan ədəbi-mədəni mühitinə böyük imzalar, şəxsiyyətlər qazandırıb. Belə imzalardan biri də mərhum şair, alim və tərcüməçi, filologiya elmləri namizədi Ənvər Rza idi.

DAĞLARA

Ayağında bir balaca yer verə,
Başmaq olam, dolaq olam dağlara.
Ya da çəkib sinəsində cücərdə,
Palıd olam, qovaq olam dağlara.

Yaddaşımı xatirələr kötəklər,
Yaddaşımda pöhrələnər kötüklər.
Qayıdanda yol verməyə gədiklər,
Bir bəxtəvər dustaq olam dağlara.

Çaşqın dövran əməlini azdımı?
Daş kitaba qanla tarix yazdımı?
Kövrəltmərəm, özcə dərdi azdımı,
Bir yandan da mən dağ olam dağlara?!

Dağlar oğlu, dağa qoyma yağını!
Aldatdılar, uzaq sandıq yaxını.
Əritmişəm ürəyimin yağını –
Ay batanda çıraq olam dağlara.

Könül, eylə duyduğunu saf-çürük.
Bu dağlardan ayrı keçən ömür- yük.
Bir yer versin balasına ömürlük,
İstəmirəm qonaq olam dağlara.

GEDİRƏM

Dincəldim o ki var, gəzdim o ki var;
Cənnəti gözümlə görüb gedirəm.
Nigaran qalmışdım öz ilhamımdan,
Köksümü şeirlə hörüb gedirəm.

Qızların gözündən ocaq,od istə,
Kirpiklər nə əcəb yanmır od üstə?!
Qaraxal lələnin yaşıl ot üstə
Qanlı köynəyini sərib gedirəm.

Çapdım ilhamımı mən at yerinə,
Min köhlən yerinə, min at yerinə.
Həsrət qollarımı qanad yerinə
Zirvədən zirvəyə gərib gedirəm.

Bulaqlar ağzımı balla yaxadı,
Daşların ürəyi necə yuxadı.
Vüsalım hicranla əlbəyaxadı,
Qərib gəlməmişəm, qərib gedirəm.

Çayların yaxası məxmər səməni,
Nazladım, oxşadım çölü, çəməni.
Dağlar xəbər tutsa, buraxmaz məni,
Dağları yuxuya verib gedirəm.

TƏZADLI SƏHNƏLƏR

Dağın yaxasını buraxmazdı çən,
Küləyə gücü çatmır.
Meşələr sultanı xallı pələngin
Tələyə gücü çatmır.

Adam var mənzili qoltuq dibində,
Amalı cibində, əhdi cibində.
Cirtdanın yanında nəhəng divin də
Kələyə gücü çatmir.

Gündə yüz təhlükə duyur dağ kəli,
Səma səksəkəli, yer səksəkəli.
Əyilib fikirdən dünyanin beli,
Şələyə gücü çatmir.

Kərəmin yolunda qar yığın-yığın,
Əsilisi uzaqda, əcəli yaxin.
Ərzurum dağında vəfasızlığın
Lələyə gücü çatmır.

Həyat bol yaradıb bu təzadları—
Batib öz balında boğulub arı.
Pəhlivan kimiydi bu qaxac qarı,
Ələyə gücü çatmır.

Anada dözümə, səbirə bir bax ha!
Büküb körpəsini bərk-bərk qundağa.
Burnunu qaşımaq istəyir çağa,
Bələyə gücü çatmır

Bu səhnə dəhşətli bir səhnədir ki!
Bir harın küçədə gəzir şah təki.
Hərdən kefsizləyir, nədi, nədi ki,
Fələyə gücü çatmır.

NƏ YAXŞI GÖRÜŞDÜK…

Kəndin hər nemətdən yenə var payı –
Qayanın kəkotu, dağın qar payı…
Uzanıb yatdığım çəmən çarpayı,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Xəyalım buludtək burdan ötəndir,
Soruş: “Saçındaki bu dən nədəndir?”
Yanmayıb qəlbimi yandıran təndir,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Hər yan cənnət olar, qəşəng baxsalar,
Bağban can yandırsa, qəşəng bağ salar.
Ay qəşəng həyətlər, qəşəng baxçalar,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Bu da “yehərləyib” mindiyim boz daş…
Kövrəlmə, ürəyim, tab gətir, tablaş.
Ömrümün ləzzəti a köhnə dam-daş,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Vurğundur bu yala, yamaca Ənvər;
Meyl edər yarpıza, umaca Ənvər!
Ay quzu otaran balaca Ənvər,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!

GƏLMİŞƏM

Dağlar elsiz, çöl tütəksiz, çəmən lal,
Mən bu dərdi oxlamağa gəlmişəm.
Yaza nə var, yaylaqların payızda,
Vəfasını yoxlamağa gəlmişəm.

Susuz yurdum, tək məcmahı, tək simim,
Şair kimi sözlə hörüb köksünü.
Gözlə çəkib bu dağların əksini,
Ürəyimdə saxlamağa gəlmişəm.

Göy təpələr sarı örpək bürünür,
Duman, çiskin ayağına sürünür.
Ata yurdu, qardaş yeri görünür,
Bir doyunca ağlamağa gəlmişəm.

Naxış olub biçinçinin hər vəri,
Qızıl payız ilhamımın sərvəri.
Xəzan vaxtı bahar bilin Ənvəri,
Dağ çayıyam, çağlamağa gəlmişəm.

BİR BAX

Tez ol, şan-şan eylə ox, nəştər ilə
Bəlkə yatan bəxtim oyana, bir bax.
Həsrət məqamında ox! Nəştər ilə
Deşib ürəyimi oyana bir bax!

Təbib davasıyla yaramı gözlər.
Süzülüb dikildi yaramı gözlər?
Min yol təzələsə yaramı gözlər,
Demərəm: Ay zalım, oyana bir bax.

Ənvəri eyləmə hədəf düşmənə,
Gen gəzib gözümdən, uzaq düş mənə.
Dönsəm ilqarımdan asi düş mənə
Deyim dərdli-dərdli: oy, ona bir bax.

***

Uşaq idim, ay qonşu,
Şıltaq idim, ay qonşu!
Bağçadakı gülünün
İlkini mən dərərdim,
Qapındakı qoyunu,
Quzunu hürküdərdim.
Dalımca söyərdin də,
Tutanda döyərdin də.
“Uşaqları oddur, od”
Deyib yazıq atamdan,
Anamdan da əyərdin,
Kölgəm görünən kimi
“Vurulasan” – deyərdin.
Uşaq idim, ay qonşu!
Yox kədərim, yox dərdim,
Dəcəlliyi sevərdim.
Elə sözlər danışıb,
Elə işlər görmüşəm!
İnək sağdığın yerdə
Papağımı tullayıb,
Südünü tökdürmüşəm.
Acığından,
Hirsindən
Dodağını yemisən,
Sözün elə bu olub:
“Vurulasan!” – demisən..
O günlərin üstünü
Duman alıb hardasa,
O günlər muncuq kimi
Düşüb qalıb hardasa.
Qonşu, qonşu, qulaq as,
Sözün yetib yerinə,
“Vurulasan” – deyərdin,
Vurulmuşam barmağı
Məndən üzük istəyən
Qızlarından birinə!
Ənvər Rza

Комментарии закрыты.